THE BAKU REVIEW

Külək gülü romanı haqda söhbət

Külək gülü romanı haqda söhbət

 

Oktyabr ayında təşkil edilmiş X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Orxan Əyyubun Külək gülü romanının təqdimatı keçirilib. Bu tədbirdə yazıçı Rəşad Səfərin romanın müəllifi ilə söhbətini sizə təqdim edirik.

 

R.S.: Xoş gördük hamınızı. Bu gün Orxan Əyyubun bu il nəşr edilmiş Külək gülü romanı haqqında danışmaq üçün toplaşmışıq. Həm kitab oxuculara təqdim olunacaq, həm də müəllifin öz düşüncələri ilə tanış olacağıq. Orxan Əyyub ikimininci illərdə tanınan imza idi, sonra bir müddət gözdən itdi və 2024-cü ildə yenidən qarşılaşdıq. Orxan, sən uzun müddətdir ədəbiyyatla məşğulsan, amma hazırda bizim gördüyümüz bu roman ilk nəşr olunmuş kitabındır. Bilirəm ki, Külək gülü'nə qədər başqa romanlar da yazmısan, amma dərc etməmisən. İstəyirəm, Külək gülü'nə qədərki yazı fəaliyyətin və bu romanın yazılma prosesi haqında danışasan.

O.Ə.: On səkkiz yaşından, hətta daha əvvəl yazmağa başlamışam ilk romanımı. Məğlub şəhərin portreti adlanan bu romanı 2003-2005-ci illərdə yazmışam. Romanın parçaları Alatoran jurnalında və digər yerlərdə çap olunub. Ondan sonra növbəti romana başladım, amma onu davam etdirə, daha doğrusu, bitirə bilmədim. Bundan sonra, çox uzun vaxt keçdi, bu müddətdə yeni romanlara başlayırdım, eksperimentlər aparırdım.

R.S.: Söhbət hansı dövrlərdən gedir?

O.Ə.: 2005-2015-ci illər. Bu dövrlər həyatımın eksperimentlər dövrüdür. Hətta tammetrajlı bədii film belə çəkmişəm həmin dövrdə, sənədli fotoqrafiya ilə məşğul olmuşam. Roman daxilində, müxtəlif təhkiyə üsulları, ədəbi üsulları eksperimentdən keçirirdim və 2017-ci ildə növbəti romana başladım. Əmin idim ki, romanı necə yazacağımı tapmışam. O romanın adı da başqa idi, mövzusu da, amma sonradan müəyyən personajlar və hadisələr oradan Külək gülü'nə keçdi. Romanın beş bölümündən, ümumi həcmin təxminən beşdə birindən sonra başa düşdüm ki, mənim istədiyim və can atdığım mətn bu deyil. Dayandım və bir ilə yaxın müddət ərzində Külək gülü'nün planını qurdum, strukturunu düşündüm, personajlar və onların bir-biri ilə münasibətlərini hazırladım. 2019-cu ildə bu romana başlayanda əlbəttə onun beş il çəkəcəyini bilmirdim. Bu yol, etiraf edim ki, gözlədiyimdən uzun oldu.

R.S.: Külək gülü'nü təxminən beş-altı ay əvvəl oxudum. Çoxlu mövzular var romanda, necə oxumağından, oxucunun yanaşmasından asılı olaraq fərqli yanaşmalar olacaq. Bir romanın mövzusunu izah etmək çətin olur adətən. Amma, yenə də, sən bir müəllif kimi kitabın mövzusu haqqında nə deyərdin? Külək gülü nədən bəhs edir?

O.Ə.: Əlbəttə, mən də formal olaraq kitabın süjetini səsləndirə bilərəm: Fərhad qətldə ittiham olunan və yoxa çıxmış dostu və müəllimi Nizamini axtarır, Külək gülü isə axtarış romanıdır. Bu ən rahat cavabdır. Bunu deyib başqa heç nə əlavə etməsəm, bir yandan tam cavab vermiş olacam, digər yandan Fərhadın axtarışı qədər Fərhadın ayrıldığı həyat yoldaşı Şirinlə münasibəti, Fərhadın atası, məşhur Sovet yazıçısı Cahangir bəyin həyatı, Fərhadın atası ilə münasibətləri var. Bunlar romanın özəyini təşkil edən mövzulardır. Yaxud Cahangir bəylə Nizami arasındakı qarşıdurmanın Fərhadın həyata baxışlarını formalaşdırması var. Düşünürəm ki, bütün bunları da nəzərə almaq lazımdır. Eyni zamanda, Külək gülü'ndə Azərbaycanın ən yeni tarixi bizim yaşadığımız yox, alternativ tarixdir və Cahangir bəyin bu tarixdəki rolu var. Bir yandan bu alternativ tarix mənə xeyli geniş oyun sahəsi və azadlıq verir, digər yandan onun vacib funksiyası var: Cahangir bəyi, onun ziddiyyətlərini, Fərhadın atası haqda baxışlarını tarixi proseslərin fövqündə anlaya bilmək. Bütün bunlar Külək gülü'nə münasibətdə, sənin dediyin kimi, fərqli yanaşmalar tələb edir. Bu romanın ən əvvəldən başlayıb sona qədər davam edən əsas süjet xətti olsa da, xeyli yan mövzular ki, onlar da romanın, təhkiyənin daxilində mühüm yer tuturlar. Yaxud Fərhadın alınmayan yazıçılıq karyerası var, Bakının tarixi, axtarış vaxtı qarşılaşdığı personajlar, çox ilhamlandığım Minbir gecə nağılları'nın, Bağdad bazarlarının qələbəliyindəki kimi fərqli personajların hekayələrini oxuyuruq. Bu hekayələr də vacibdir, iç-içə keçərək onların əmələ gətirdikləri tor, yeni münasibətlər, oyandırdıqları şübhələr, gətirdikləri ehtimallar vacibdir. Ümumiyyətlə, mənim romana baxışım, mənim iddiam total olmaqdır. Roman mənim üçün öz mahiyyətində həyatın bütün qarışıqlığını və dərinliyini, rəngarəngliyini əhatə etməlidir. Odur ki, bütün bu çoxqatlılıq, çoxtərəfli münasibətlər içində birini, yaxud ikisini seçib, digərlərini kənara qoyduqda, düşünürəm ki, Külək gülü'nün bütün mahiyyətinə varmaq alınmayacaq.

R.S.: Bəzən bir romanı oxuyub bitirəndən dərhal sonra hadisələrin, süjetin təsiri sənə ya olduğundan böyük göstərir romanı, ya da zəif. Bir romanın həqiqi keyfiyyətini üzərindən vaxt keçəndən sonra hiss etmək olur. Mən romanı yarım il əvvəl oxumuşam, hadisələr, adlar artıq unudulur. Amma kitabla bağlı bir hava qalıb – yuxulu gerçəklik. Sanki doxsanıncı illərin, hətta ikimininci illərin Bakısında, Bakının yarıqaranlıq küçələrində, yağışlı havalarında yuxulu gəzirsən, yaxud yarıyuxulu. Bizim kabus yuxuların oxşar bir süjeti var: hansısa labirintdən, hərəkət və ya hərəkətsizlik vəziyyətindən çıxmaq istəyirik, amma çıxa bilmirik. Son vaxtlar buna daha biri əlavə olunub. Çağdaş dövrdə telefonlarla o qədər güclü bağlılığımız yaranıb ki, kabuslarda da qaçış yolu axtaranda telefonu götürüb kiməsə zəng etmək istəyirsən, kömək istəyirsən, amma nömrəsini tapmırsan, ya da nömrələri görsən də, oxuya bilmirsən, basa bilmirsən. Bu kitab oxuduqca məndə o təssürat yaranırdı. Sanki alaqalanlıq küçədə, labirintdə kimdənsə qaçırsan, telefonda zəng etmək üçün nömrə axtarırsan, amma tapa bilmirsən. Sənin kitabında yuxu, yuxu-gerçəklik effekti necə işləyir? Təbii ki, bunu şüurlu şəkildə etmisən, amma özünü romanın yuxu, yoxsa gerçəklik hissəsinə daha yaxın hiss edirsən?

O.Ə.: Məni, yoxsa kitabı nəzərdə tutursan?

R.S.: Kitabdakı müəllifi.

O.Ə.: Fikirləşirəm ki, yazıçı baxışımın mərkəzində duran şey həyata, hadisələrə, insanlara, fikirlərə eyni qədər uzaqda durmaqdır. Bu mənim prinsipial baxışımdır: tərəf tutmamaq, neytral olmaq. Ancaq buna nail olduqda yazıçı, məsafədən baxmağı bacardıqda, könüllü şəkildə müşahidəçi olmaqla məhdudlaşdırdıqda özünü, əşyaların gerçək mahiyyətinə vara bilər. Bu, əlbəttə, romanımdakı yuxu və gerçəklik münasibətində də eyni cür işləyir. Yuxu, yuxuların təbiəti, bizim dünyamızla əlaqəsi məni çox düşündürür. Yuxu haqda fikirlərimizin, gəldiyimiz nəticələrin tam olmadığına inanıram. Biz bu haqda çox az şey bilirik. Məncə, hisslərimizə daha çox arxalanmalıyıq. Yuxu çox böyük bir kontinentdir və biz hələ onu kəşf etməmişik. Nə vaxtsa bunu bacaracağımıza da çox inanmıram. Romanda da bunu yaratmağa çalışmışam. Bizim anlaşılan, qanunlarına bələd olduğunu düşündüyümüz həyatımız da yuxu kimi qeyri-real fenomenlə toqquşduqda bütün təbiətinin üzə çıxa biləcəyinə inanıram. Sənin dediyin kimi, yuxulu gerçəklik, məncə, yuxudan çox, bizim bu dünyadakı, gerçək sandığımız həyatımıza aiddir, onun yuxudan daha az dumanlı və az irrasional olduğunu düşünmürəm. Buna şüurlu şəkildə nail olmağa çalışmışam ki, oxucunun içindən bu şübhə roman boyu, hətta onu bitirdikdə belə, getməsin: oxuduqlarım nə qədər yuxudur, nə qədər gerçəkdir, yaxud kimin yuxusudur və ya kimin gözündən görürük hər şeyi? Yuxunun da əgər qəbul etsək ki, öz reallığı var, yuxuda itə bildiyimiz kimi, oxucu romanda da itə bilməlidir. Bu, bayaq dediyim kimi, mənim total olmaq cəhdimdir, mürəkkəb, şaxəli, çoxqatlı roman həm də reallıq haqda, onun təbiəti və sərhədləri haqda bizi düşündürməli və şübhəyə salmalıdır. Biz nə qədər yuxuda gördüklərimizin həyat olub-olmadığının dilemmasını yaşayırıq, yaxud həyatın bəzi anlarında yuxuda olduğumuz haqda böyük şübhələrimiz yaranır və çox uzun olmasa da, həyatımızda anlar olur ki, reallığı itiririk. Külək gülü'nün də bu boz zonalara gedib-gəlməsinə çalışmışam.

R.S.: Fərhadın romanda bir fikri var: "Həqiqət axtarışına çıxmış insan sonda güzgüdəki çirkin və qorxunc özüylə qarşılaşmaqdan qorxmamalıdır". Sonda bu fikri ağır sayır və onu unutmaq istəyir. Mən romandakı konteksti kənara qoyuram. Bunu oxuyanda məni yazıçının, xüsusən bir roman müəllifinin romandakı həqiqət axtarışı düşündürdü. Çünki romanın hekayədən bir böyük fərqi var. Juan Gabriel Vasquez'in bu haqda bir essesi var. Hekayə ilə roman arasında fərqin həqiqət anının üzə çıxması olduğunu yazır. Hekayədə müəllif həqiqəti əvvəlcədən bilərək başlayır, ona görə hekayədə bir aydınlanma nöqtəsi var. Romanda isə müəllif həqiqət axtarışı ilə başlayır, amma sən bunun hansı həqiqət olduğunu bilmirsən. Sonda əldə qalan o olur ki, tək həqiqət yoxdur və çoxlu həqiqətlər var. Fərhadın dediyi kimi, sonda müəllif özünün də bütün çirkin və qorxunc personajlarının cəmi olduğunu görür. Sənin bir müəllif kimi, nə qədər mücərrəd anlayış olsa da, həqiqət haqqında, roman və həqiqət haqında fikirlərini bilmək istərdim. Həqiqət nədir bu romanda, nəyi axtarmısan, necə olub bu axtarış? Və sonda o güzgüdəki qorxunc və çirkin obrazınla qarşılaşmısanmı?

O.Ə.: Təəssüf ki, hər səhər onunla qarşılaşıram və gün boyu onu unutmağa çalışıram. Sənin kimi düşünürəm mən də, roman axtarışdır və o məni həm də bununla cəlb edir. Roman yazıçıya çox böyük oyun sahəsi təqdim edir. Sən öz həqiqətlərini, eləcə də başqalarının həqiqətlərini  sınaqdan keçirirsən, həqiqətləri toqquşdurursan, yoxlayırsan. Mən ümumiyyətlə insanın həyatdakı ən vacib məqsədinin məna axtarışı olduğunu düşünürəm. Biz məna axtarmaq üçün yaşayırıq, həyata məna verməyə çalışırıq ömür boyu. Çünki həyat dərk etməyə çalışdıqda bizə mənasız və absurd görünür. Biz bu absurdu ancaq həyata məna verərək dəf edə bilirik. Roman da, təbii ki, bu axtarışın bənzəridir və eynisidir hətta, fikirləşirəm. Külək gülü'nü planlayarkən əlbəttə mənim qarşımda duran, toxunmaq istədiyim mövzular, yaxud həqiqətlər var idi. Sonra roman boyu onlara toxunduqca, onlarla dərin təmasda baxışımın dəyişdiyini də görürdüm. Bir yandan da həqiqət dumanlı və yarıqanlıq vadidir, sən oraya daxil olursan və onunla təmasda olursan, amma geri qayıtdığında sona qədər gəldiyin düşüncələrə və keçirdiyin hisslərə arxayın ola bilmirsən. Bu mənə onu düşünməyə əsas verir ki, biz həqiqətdən yox, həqiqətlərdən danışa bilərik. Bizim bütün həyatımız məna axtarışında, amma namüəyyənliyin içində keçir. Bu, əlbəttə, o demək deyil ki, yazıçı kimi roman boyu gəldiyin bütün nəticələr sonsuz dumanlı və qeyri-dəqiq olacaq. Bir etiraf edim: romana başlamadan mənim Cahangir bəyə münasibətim romanı bitirdiyimdəki münasibətdən fərqli idi. Bu yol boyu mən onu anlamamaqdan və qınamağa yaxın fikirlərdən onu anlamağa, addımlarının və baxışlarının motivasiyasını başa düşməyə gəlib çıxmışam. Yazıçının romanda həqiqət axtarışı haqda soruşdun. Mən bunu belə təsvir edərdim: romana başlarkən yazıçı şayiələr, dəqiq olmayan məlumatlar, hətta yuxular və ehtimallar əsasında hazırlanmış xəritə ilə yola çıxan səyyaha bənzəyir. Nə qədər ciddi hazırlaşsan da -ki, mən romanı yazmağa başlarkən çox ciddi və uzun hazırlıq görmüşəm-  gəlib çatdığın yerdə görəcəksən ki, o xəritə ilə gerçəklik arasında çox böyük fərqlər var.

R.S.: Romanı yazarkən əlaqədə olduğun, təsirləndiyin müəlliflər haqda nə deyə bilərsən? Bəzilərinin adını çəkmisən, bəzilərinin adını çəkməsən də oxucu bunu başa düşür. Məsələn, Dante, Nizami. Oxuduqca William Blake'in havasını hiss edir oxucu – sən bir dəfə söhbətimizdə bu təsiri təsdiqləmisən. Çox vaxt biz bu təsirlənməni bilmədən istifadə edirik. Hər mətn başqa mətnə reaksiyadır. Amma bunu bilərəkdən istifadə edəndə məndə bir sual yaranır: niyə? Məsələn, niyə Petrarca yox, Dante, yaxud niyə Füzuli yox, Nizami? Seçim səbəblərin maraqlıdır.

O.Ə.: Məncə, bu məsələnin iki ayrı cavabı var. Ən əvvəl, kimsə həyata baxır və orada gördüyü, yaxud başına gələn, yaxud eşitdiyi hadisələr haqda yazır. Mənim başıma gələn şeylər də kitablardır. Mən Dante ilə birlikdə onun cəhənnəmində çox gəzmişəm uşaqlığımda. Nizami də eləcə uşaqlığımın qəhrəmanlarından olub. Bu sənin sualının daha çox şəxsi tərəflərdən cavabıdır. Bir də var, yazıçı kimi qarşıma qoyduğum məqsədi reallaşdırmaq üçün ən uyğun gördüyüm mətnlər. Yazıçı özündən əvvəlki ədəbi mirasa istinad etdikdə öz yerini, həm də mətninin yerini böyük ədəbiyyat dənizi içində müəyyənləşdirir, onun koordinatlarını daha asan tapılan edir. Füzulini yox, Nizamini seçməyimin səbəbi onun epikliyidir, romançı kimi mənə lazım olan və axtardığım bu idi. Məhz Xosrov və Şirin'ə gəldikdə, mənim bütün uşaqlığım Fərhada azarkeşlik etmək və onun taleyinə kədərlənməklə keçib. Külək gülü'nün köklərinin gedib çıxdığı yer həm də səkkiz əsr sonra bu gözəl və kədərli hekayəyə Fərhadın gözüylə baxmaq istəyimdir. Bu poemanı mənə bu imkanı təqdim etdiyi üçün seçmişəm. Dantenin Komediya'sı romanımın söykəndiyi ikinci əsas mətndir. Fərhadın dostunu axtarışını, sevgi əzablarını ilk təsəvvür etdiyimdə onun həm daxilində cəhənnəmin olduğunu, həm də cəhənnəmdə hərəkət etməli olduğunu başa düşmüşdüm. Odur ki, seçimim aydın idi: Dantedən daha yaxşı cəhənnəmi heç kim yaratmayıb. Mənim istəyim isə müasir cəhənnəmi yaratmaq idi. Dantenin cəhənnəminin mükəmməl işləyən strukturu və qaydaları var idi. Halbuki müasir şəhərin rəmzinə çevirdiyim Bakı elə deyil, o, xaotikdir və nizamsızdır, burada bütün qatlar və günahlar iç-içə qarışıb, günahın səviyyəsindən asılı olmayaraq hamı birlikdə əzab çəkir. Beləcə, bu dialoq həm ədəbi ənənəni davam etdirir, həm də böyük ustadların mətnlərinə bizim zamanımızdan baxış təqdim edir. Bütün bunlar, həmçinin, bir oxucunun sevdiyi mətnlərlə oyunu, onlarla əylənərkən ehtiramını da nümayiş etdirməsidir. Onu da qeyd edim ki, bir neçə uğursuz cəhddən sonra Külək gülü'nə başlayanda bu mətnləri həm də özüm üçün təhlükəsiz zona kimi seçmişdim. İstər Dante, istər Nizami, istər romanımın əlaqədə olduğu bütün başqa mətnlər, bunlar mənim tanıdığım dünyadır, mən orada rahatam və oraya bələdəm.

R.S̵.: Dövrə görə cəsarətli addım atmısan. Romanın həcmi böyükdür, beş yüz səhifədən çoxdur. Romanın dili də asan deyil, hətta bunu irad kimi bildirənlər var ki, romanın dili çox qəlizdir, mövzusu da mürəkkəbdir. Ümumiyyətlə, gələn reaksiyalar haqda nə deyə bilərsən?

O.Ə.: Əlbəttə, romanımın necə qarşılanacağını təsəvvür edirdim. Amma incəsənətin, mənim qəbul etdiyim və təmsil etdiyim ədəbiyyatın mahiyyətində kütləvi marağı təmin etməyin yox, müəllif baxışını ortaya qoymağın, öz reallığını yaratmağın vacibliyi durduğu üçün heç vaxt heç bir şübhəm olmayıb.

R.S.: Romanı uzun müddətə yazmısan. İki ilə yox, beş ilə. Donna Tartt, bilirik ki, romanlarını uzun müddətə yazır. Bir müsahibəsində bu haqda deyir ki, daha sürətli yazmağa çalışdım, amma istədiyim həzzi ala bilmədim. Sən bəs niyə belə uzun müddətə yazırsan? Mən bunu sıravi oxucu kimi soruşuram. Beş yüz səhifəni texniki olaraq iki ilə də yazmaq olardı.

O.Ə.: Seçmək imkanım olsaydı, mənim arzum bir ilə bitirə biləcəyim iki yüz, uzağı iki yüz əlli səhifəlik roman yazmaqdır. Çünki roman yazarkən onun içində itirsən, illərlə o personajların həyatları, düşüncələri sənin həyatının mərkəzinə keçir, həyata onların gözləriylə baxırsan, yaxud gördüyün hər şey, düşündüyün bütün fikirlər romanın dünyasının formalaşmasına gedir. Bu, əlbəttə, çox əyləncəlidir, çox sevindirir məni yazıçı kimi, amma çox böyük psixoloji və fiziki yükdür həm də. Uzun müddətə yazmağımın bir səbəbi də romanın ilk iki ilindəki şübhələrim, narazılıqlarım və axtarışlarım idi. Sonradan da onlar əlbəttə yoxa çıxmadılar. Amma hər şeydən əlavə, mənim can atdığım total olmaq istəyi istər-istəməz daha sıx təhkiyə qurmaq tələb edir. Külək gülü'nü bəziləri üçün oxunuşu çətin edən də budur. Bütün bu daxili əlaqələri qurmaq, detalları inkişaf etdirmək, bir-birinə bağlamaq romanı sonsuz oxumaq tələb edir. Mən romanı bitirdikdən sonra təxminən on dəfə əvvəldən sona qədər oxumuşam, redaktə etmişəm, əlavələr etmişəm. Bu olduqca yorucu işdir. Hətta son redaktədə belə hər bölümdə yüz dəyişiklik edirdim, qorxurdum ki, bu proses heç vaxt bitməyəcək. Bütün bunlara görə mənim arzum bir ilə bitirəcəyim kiçik həcmli roman yazmaqdır.

R.S̵.: Arzulardan danışmışkən, hal-hazırda nə yazırsan? Üzərində işlədiyin yeni roman haqda nə deyə bilərsən?

O.Ə.: Yeni bir roman üzərində işləyirəm. Bu romanın artıq beş bölümünü bitirmişəm. Həcmcə Külək gülü kimi olacaq. Ümid edirəm ki, qarşıdakı üç il ərzində bitirərəm.