Eşq olsun ədəbiyyatsevərlərə! Onlayn ədəbiyyat jurnalı The Baku Review’dan Sizi salamlayırıq. Arzumuz Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatının gücü ilə və dünya ədəbiyyatının Azərbaycan dilində danışacağı yer olmaqdır. Bu yolda bizdən əvvəlki böyük yazıçı və şairlərin yaranmış boşluğu doldurmaq niyyəti ilə atdığı addımlar bizim üçün nümunədir.
Zaman gəlir ki, yazıçı tək ədəbiyyat müstəvisində yox, həyatın da bir yerində çatışmayan sözün, yaxud mənanın olduğunu görür və onu doldurmağa fərdin və ancaq bədii mətnin yetmədiyini dərk edir. Tarixin müxtəlif dövrlərində Fyodor Dostoyevski Epoxa, Victoria Ocampo Sur, Octavio Paz Vuelta, T. S. Eliot The Criterion jurnalları ilə buna cəhd ediblər. Bizim tariximizdə də belə misallar az deyil: eyni cəhdi Əli bəy Hüseynzadə Füyuzat, Rasim Qaraca Alatoran jurnalları ilə edib.
The Baku Review ədəbiyyatın muxtariyyətinə, vasitə deyil, məqsəd olduğuna inanır. Ona da inanırıq ki, ədəbiyyat sonsuz prosesdir və sizin də onun tərkib hissəsinə çevrilməyinizi istəyirik. Bu yolda sizin dəstəyinizə və yaxından iştirakınıza ehtiyacımız var. Yazılarınızı bizə göndərin, jurnalımız haqda dostlarınıza danışın, mətnlərimizi sosial şəbəkələrdə paylaşın.
Hörmətlə,
Orxan Əyyub
Rəşad Səfər