Yağış, yaxud itmiş Bakının axtarışı
Orxan Əyyubun “Külək gülü” haqqında qeydlər
Bir an kitabı bağladım və ‘‘Axı mən nə oxuyuram? Bu nədir belə?’’ deyərək düşüncələrə daldım və çox gözləmədən kitabı açıb yenidən oxumağa davam etdim.
508 səhifə boyu yazar məni həyəcanlandırdı, hisslərimi qarışdırdı və ədəbiyyatın insana verə biləcəyi ən gözəl duyğu olan sətirlər arasında itmək və qurulan dünyadan sonsuz zövq almaq hissini davamlı şəkildə verdi. Nə isə, bunları qoyaq kənara.
`Külək gülü` bir romandan artıq oldu. Bakının bu qədər dərindən təsviri, heç birimizin fərqinə varmadığı Bakı küçələri boyu roman məni gəzdirdi. Kitab sonradan oxucunu da axtarışın bir parçası edir. Oxuduqca bütün o dolanbaclı küçələrdən keçib, yağışın dizinə qədər islatdığı (Bakıda ümumiyyətlə bu qədər çox yağış yağırmı?) həmin o küçələrdə gəzərək Fərhadın axtarışına şərik olub sonradan bu axtarışın çatmaq deyil yolun özü olduğunu anlayırsan.
Kiçik bir giriş
Fərhad romanın əsas qəhrəmanıdır (Görəsən, ona nə dərəcədə qəhrəman demək olar?) və o dostu, həmçinin müəllimi Nizamini axtarır. Nizami isə öldürülmüş qadının qətlində ittiham olunur. Tənəbriz deyilən qəsəbədə Nizami və qadın birlikdə görülüblər, sonradan qadın qətlə yetirilib. Fərhad isə əmindir ki, heç bir halda Nizami bu qətli həyata keçirməyib. Digər tərəfdə isə Şirin var. Fərhad və Şirin evli olub sonra ayrılıblar, lakin Fərhad bütün kitab boyu Şirini durmadan xatırlayır və ona hər dəfə zənglər edir, onu nə qədər sevdiyini və necə darıxdığını təkrar-təkrar qeyd edir. Amma qarşısına çıxa bilmir. Deyəsən, buna cəsarəti çatmır.
Mənim burada sadalaya bilməyəcəyim qədər çoxlu obrazlar romanın dünyasını rəngarəng (yaxud sadəcə bomboz) edir.
İndi isə başqa mövzulara toxunmağın zamanıdır. Mən anlamıram bu cür əsər necə oldu səssiz-səmirsiz keçib getdi? Əslində keçib-getdi demək heç doğru deyil, çünki bu roman ədəbiyyatımızda əvvəl-axır yerini tutacaq. Bu cür roman nəyə görə hadisəyə çevrilə bilməyib? Bəlkə də uzun illər keçməlidir əslində, ədəbiyyat tarixi üçün mütləq illər bəzən əsrlər lazımdır, ancaq bu əsər niyə axı bu qədər görməzlikdən gəlindi? Baxın, mən tənqidçi deyiləm (mövzudan yayınmağın ən gözəl üsulu), ya da tədqiqatçı, bu yazı isə heç analiz yazısı belə deyil. Bəs nədir? Çox maraqlı bir şey baş verdi, mən romanı oxuyarkən az qala hər hissəsində beynimə gələn bir fikir var idi - Bu roman haqqında yazmalısan! - və romanın sonlarına doğru bu fikir məni o dərəcədə öz əlinə aldı ki, artıq `Külək gülü` romanı ilə bağlı yazmaq həyatımın əsas prioritetinə çevrildi.
Bir şeyi xüsusi qeyd etmək istəyirəm, Orxan Əyyubu şəxsən tanımıram və bu romana qədər müəllifin adını bəlkə 2 dəfə haradansa eşitmişdim, ya yox. Ta ki o böyük günə qədər. Skeptik yanaşmalar ilə başladığım ədəbiyyatımız (etiraf edək hamımız bu cür yanaşırıq) məni çox yanıltdı, peşman etdi və çox hündür təpədən yerə çırpdı. Bəli, yerə çırpıldım. Cümlələr, təsvirlər, üslubların harmoniyası və Bakının danışması. Doğru oxudun, bu romanda Bakı danışırdı. Ancaq bu bildiyimiz danışıq forması deyildi, Bakı küçə-küçə, prospekt-prospekt danışırdı. Təkcə Bakı deyil, həmçinin İsa Muğanna, Yusif Səmədoğlu, bəzi məqamlarda isə Həmid Herisçi də danışırdı.
Bakının hissələrini, sevgisini, nifrətini, xoşbəxtliyini (əgər varsa) dərinliyinə qədər hiss edirdin. Romanı oxuya-oxuya beynimin içində Orxan Pamukun “Qara kitab” romanı ilə paralellər gedirdi və mən `Külək gülü` romanını “Qara kitab” romanına inanılmaz bənzətdim. Bənzətmə dediyim qəti şəkildə plagiat kimi anlaşılmasın, sadəcə olaraq “Qara kitab”ın labirint dolu, insanı boğa bilən və eyni zamanda zövq verən təhkiyəsi burada da var idi. Hətta bəzi məqamlarda Orxan bəy təhkiyənin poetikasına qapılıb iki səhifə yarımlıq cümlə belə qururdu. Doğru oxudun, romanda iki səhifə yarımlıq cümlə var idi. Təkcə bu yox, bir sıra başqa uzun və gözəl cümlələr də var idi.
“Yazılmış cümlələrin arasında oxucu itə bilərmi?” deyə öz-özümə suallar verirdim roman boyu və Fərhadın axtarışı zamanı oxucu təkcə həmin axtarışda itmir eyni zamanda Orxan bəyin yaratdığı labirint dolu cümlələrin içərisində azıb qalır. Romanın məqsədi - cümlə quruluşu və üslubu ilə oxucunu azdırmaqdır. Və sonra sehrbazın şlyapadan dovşan çıxardığı kimi, yazarımız dayanmadan hekayədən hekayə çıxarır və bunu o qədər gözəl, yormadan edirdi ki, bəzən sadə bir taksi sürücüsünün, yaxud yas yerindəki mollanın şəxsi həyatının ən intim səhnələrinə qədər gedib çıxa bilirdin.
Romanı hər formada google-da axtardım. İlk `Külək gülü` yazaraq axtarış etdim və yalnız romanın çap olunduğu xəbərləri qarşıma çıxdı, redaktorun qeydləri və yaxın zamanda Orxan bəyin verdiyi müsahibəni tapdım. Sonra `Kulek Gulu` yazaraq bir ümid bəlkə daha fərqli mənbələr taparam deyə axtarışlarıma davam etdim, lakin yenə heç bir şey çıxmadı. Sonra ‘Küləy Gulü’, ‘Kulək Gülu’ kimi ingilis şriftlərinə keçərək (axı biz hələ də öz şriftlərimizə tam keçə bilmirik) axtarışlara davam etdim, etdim və yenə etdim. Az qaldı Afrikanın ən ucqar qəbiləsinin dilində `Külək Gülü` romanını axtarışa verim. Sonra dayandım və düşündüm. Axı niyə? Niyə indiyə qədər bir nəfər belə bu cür əsərlə bağlı yazı yazmayıb? Bəlkə yazanlar olub, lakin mən ona rast gələ bilmədim. Qayıdıram mövzunun ən ağrılı yerinə, axı bu roman necə hadisə ola bilmədi? Səssiz keçdik yanından, lazımsız insanlara lazımından artıq dəyər verib başa otuzduranda əsl ədəbiyyatı duyan insanlar, çox heyif ki, qıraqda qalır. Bəlkə də yanlış düşünürəm, amma əmin olduğum bir məsələ var, bu roman böyük dəyərdir!
Yazar Azərbaycan dilini hadisəyə çevirir, romanın süjetinə uyğun olaraq dili də mükəmməl şəkildə dolaşıq və fərqli qurur. Hekayənin gedişatı ilə yazı dili və üslublar daha da bir-birinin içinə keçir. Bilinən texnikalar istifadə olunur, bu öz yerində, təhkiyə üçüncü şəxslə davam edir və bəzən birinci şəxsə keçir. Üç və birinci şəxs təhkiyə formaları hansısa nöqtədə bir-birinə qarışır, ancaq siz bütün bunları hiss etmirsiniz. Postmodern ədəbiyyatın artıq çox istifadə etdiyi müəllifin özünün romana obraz kimi daxil olması, oxuduğumuz romanın yazılma prosesi, əlimizdə tutduğumuz roman əslində kitabın içində yazılan romanın eynisidir kimi bilinən (və vaxtı keçmiş) texnikalar istifadə olunur, lakin müəllif bunları o qədər yerində və gözəl edir ki, oxucu yalnız dərindən zövq alaraq mütaliəsinə davam edir.
Unutmadan, Fərhadın atası Cahangir bəy mənim üçün romanın ən maraqlı obrazı oldu. Cahangir bəy yazıçıdır. O qədər real və inandırıcı obraz idi ki, dönüb geriyə bizim ədəbiyyata baxanda yüzlərlə Cahangir bəyləri görə bildim. Bu gün güc səndədir demək, Cahangir bəy sənin yanındadır, sabah güc məndə olacaqsa o zaman sürətli şəkildə Cahangir bəyi öz yanımda görəcəm.
Romanın içində az qala hər obrazın ayrı hekayəsi var və bu hekayələr, sanki bir-birinin içindən dünyaya gəlirlər. Roman özündə sevgini, ailə dramını, alternativ tarixi, detektivi, hətta fantastikanı birləşdirir. Bütün bunlar ilə yanaşı, həmçinin Nizami Gəncəvinin poemaları və Dante`nin Cəhənnəmi romanın alt qatlarında sizi gözləyəcək. Düşünmədən, oxuyun. Elə indicə ən yaxın kitab mağazasına gedin və romanı əlinizə alıb ilk cümlələri oxuyun. Sonra da Azərbaycan yazarları nə yazır deyən kəslərə bu kitabın hər hansı səhifəsindən bir abzas göstərin, onlar özləri susacaqlar. Bəlkə də utanacaqlar.
Yenə təkrar edirəm, müəllifi şəxsən tanımıram, heç uzaqdan da tanımıram.
Sonda isə romandan özüm üçün xüsusi qeyd etdiyim fikir ilə bu yazını bitirirəm.
Çünki ədəbiyyat - həyatın darıxdırıcılığını yarmaq yox, rəngləndirmək yox, anlamaq, qəbul etmək və bu solğunluğun dinlənilməyə dəyər tək hekayə olduğunu başqalarına inandırmaqdır.