THE BAKU REVIEW

Fəriba və “Kiçik Şeylər”

Fəriba və “Kiçik Şeylər”

 

Dünyada ikinci dünya müharibəsindən sonra meqa-narrativlərin sorğulanması daha da geniş yayıldı. Xüsusilə fəlsəfə, sosiologiya, dil sahəsində aparılan sorğulamalar digər sahələrə də təsirsiz ötüşmədi. Fəlsəfədəki avropamərkəzçilik tənqid olduğunu kimi, aydınlanma düşüncəsi də təndiqlərə məruz qalır, böyük narrativlərin etibarlılığı sual altına alınırdı. Derrida qərb metafizikasını dekonstruksiya edərkən, Lacan, Levi-Strauss psixoanaliz və antropologiyadakı hakim görüşləri yenidən araşdırırdılar. Sosiologiyada grand nəzəriyyələr yerini etnoqrafiya kimi yerliliyi anlama cəhdlərinə verməyə başlamışdılar. Bunda dünyanın və insanların özünə qayıtma, böyükmiqyaslı dünyadan kiçik dünyalara dönüşlərinin təsiri olmuşdu.

İnsanlar dünya və kainatı idrak etmək, bütün insanlığı əhatə edəcək məsələlərlə maraqlanmaq yerinə öz içlərinə qayıtmağa üstünlük verməyə başladılar. Bu dünyada meqa-narrativlərin sorğulanması, kapitalist/liberal sistemin dünyaya hakim olması, insanlar arasındakı əlaqələrin zəifləməsi fonunda ədəbiyyatda da böyük dəyişikliklər baş verdi. İnsan Sartre`ın dediyi kimi “macəra və təhkiyə arasında yaşayan bir varlıqdı”. Sartre`a görə hansısa bayağı bir hadisənin macərə ola bilməsi üçün onun nəql edilməsi yetərlidir. Belə ki, insan hekayə danışmaqdan xilas ola bilməz: öz hekayəsi, ya da başqalarının hekayələri arasında yaşayır. Başına gələn hər şeyi hekayələrin işığında görür və həyatını nəql edirmiş kimi yaşamağa davam edir1. İnsanın danışmağa layiq gördüyü şeylər, hekayəsinə daxil etdiyi hadisələr onun yaşamını formalaşdıran şeylərdir. Belə ki, insan başına gələn hadisələrin, başqalarının başına gələnlərlə qarşılıqlı təsirlənmələrinin bütövüdür. Bu bütövlük də təcrübə adlanırdı. 

Modern çağda isə təcrübənin yoxa çıxdığı deyilir. Bunu modernliyin ən məşhur tənqidçilərindən Walter Benjamin dəfələrlə vurğulamışdır. Modern dövr fraqmentar olub insanın əlindən bütünlüyü, təcrübəni almışdır. Modern dövrdə romanın yüksəlişi ilə birlikdə təhkiyəçilikdə, dastanvari hekayəçilikdə bir süqut yaşanır. Təcrübə sahibi olan təhkiyəçi bir cəmiyyətə xitab edir, onlara ağıl verir, onlara doğru yolu göstərirdi. Modern dövrdə isə ağıl vermək rəğbətlə qarşılanmadığı üçün, təcrübə daha az ötürülə bilən bir şey olmuşdur2. Benjamin romanın ortaya çıxmasını nağıl danışmağın zəifləməsi fonunda ortaya çıxdığını, mətbəənin ixtirası ilə geniş yayıldığını iddia edir. Benjamin romanı hekayəçilikdən fərqləndirən ən əhəmiyyətli yönünün romanın kitabdan asılı olması olduğunu vurğulayır3. Nağıl kollektiv bir hadisə olub, nəsillərarası ötürülən bir təcrübədir. Roman isə modern kapitalist toplumda tək qalan, ağıl verməyi və məsləhət almağı istəməyən fərddə meydana gəlmişdir. Roman fərdiyyətçidir. Nağılı bir topluluq formalaşdırdığı halda roman özünü təcrid etmiş, tənha fərdi mərkəzə alır. Buna görə də nağıl macəranı, fövqəltəbii hadisəni bütün detalları ilə danışarkən dinləyicini baş vermiş hadisənin arxa planında olan şeylərə yönləndirmir. Roman isə danışdığı şeyləri psixolojiləşdirir. Buna görə də  oxucunun hadisələrin arxa planındakı psixologiyaya da köklənməyini tələb edir4.

Romanın fərddə ortaya çıxması, yüksəlişi və tək-tənha fərdə xitab etməsi, təsadüfi deyildir ki, psixologiyanın bir elm olaraq ortaya çıxması ilə eyni dövrə düşür. Psixologiyanın da getdikcə yüksəlməsi, fərdin yaşamının elmi olaraq tədqiq edilməsinin daha önəmli olması bu paralelliyi gücləndirir. Freud`un şüursuzluq nəzəriyyəsini ortaya qoyması insan psixologiyasında böyük bir dəyişiklik idi. Bu dəyişikliyi inqilabi olaraq qiymətləndirən, Newton və Darwin`lə müqayisə edənlər də vardır. Belə ki insan başına gələn hadisələrin böyük bir qismini Freud`un şüursuzluq dediyi bölgəyə göndərir. Bunların çoxu da travmatik hadisələrdir. Bu basdırılmış duyğuların üzə, yəni şüura çıxması isə bəzi xüsusi hallarda baş verir: zarafat, dil çaşmaları, yuxular (gündüz yuxuları). Freud bunların daha çox qeyri-nizami olduğunu iddia edirdi. Lakin sonrakı dövrlərdə Freud`un ən qalmaqallı şərhçisi Jacques Lacan şüursuzluğun da dil kimi formalaşdığını iddia edərək onun da bir nizama sahib olduğunu ifadə etmişdi. 

İnsanın təcrübələrindən, həyatından və başına gələnlərdən xatırladığı şeylər, hekayəsini danışarkən hansı fraqmentin şüurda dilə gələcəyi bu dil tərəfindən təyin edilirdi. İnsan öz hekayəsini hər dəfə danışarkən yenidən qurur. Fəriba`nın adsız qəhrəmanı da hekayəsini danışarkən bu şəkildə davranırdı. İnsanın indi və burada olması yönündən dəyərləndirildiyində həmin qəhrəman keçmişini xatırlayarkən və gələcəyə doğru bir fikir irəli sürərkən hazırda olduğu andan və yerdən hərəkət edirdi. Keçmişini indiki halına uyğun yenidən formalaşdırır, gələcəyini eyni şəkildə qururdu. 

Ata və anası ilə yaşadığı travmalar, bacıları ilə olan rəqabət halı onun mövcud vəziyyətini demək olar ki, bütövlükdə ələ almışdı. Obsessiv bir şəkildə keçmişdən asılı qalan qəhrəman hazırkı vəziyyətini də düzəldə bilmirdi. Bunu sadəcə keçmişi ilə üzləşdiyində, travmaları ilə barışdığında edə bildi. Bu romanda bir hekayədən ziyadə modern çağın tənha qalmış fərdini və önəmsiz sayıla biləcək milyardlarla nümunəsi olan həyatının təhkiyə yolu ilə dəyərlənməsini müşahidə edirik. Yuxarıda da ifadə olunduğu kimi roman oxucunu psixoloji olaraq təsiri altına alır və özünü günahkar hiss etməsinə səbəb olur. Benjamin bunu “real həyatda laqeyd yanaşdığımız şeyləri səhnədə görməyin bizə təsir etməsi” şəklində ifadə etmişdi5.

Fəriba`nın romanı hətta neoliberal çağın əsəri olduğuna görə, orada uğursuzluğun kollektivliyi belə vurğulanmır. Hər kəsin bir quşu olması, quşun insan yaşamını müəyyənləşdirməsi, daha doğru bir ifadə ilə onun həyatına istiqamət verməsi ifadə olunurdu. Romanda ictimai atmosfer özünə yer tapsa da, bu atmosfer romanın tənqid obyekti olmaqdan uzaqdır. Çünki roman “ağıl verən” hekayədən ziyadə təsvir edən və mühakimə etməyən fraqmentlərdən ibarətdir. Bu xatırlanan və sadalanan frqamentlər də qəhrəmanın şüursuzluğunun bir oyunudur. Oxucu mətndə rastlaşdığı məqamları öz həyatına uyğunlaşdırır və romanın arxa plan psixologiyasının toruna düşür. 

Nağıl imkan verirdi ki, insanlar kollektiv bir təcrübədə iştirak etsinlər və yaşam orada məna qazansın. Romanın hegemon olduğu bu dövrdə isə insanlar öz yaşamlarını tək qurmaq məcburiyyətindədirlər. Buna görə də ümumi təcrübədən uzaq qalır və xatırladıqları şeyləri bütün yaşamları hesab edirlər. Özlüyündə bu xüsusiyyət modern və postmodern insanı yalqızlaşdırır. Skumsvold`un sürətləndikcə kiçilən qəhrəmanı da eynilə Fəriba`nın qəhrəmanı kimi qələbəlikdə tənha qalmış fərdin hekayəsidir. Bu çağda fərdə o qədər nəzər yetirildi ki, onun dünyadakı mövqeyi, başqaları ilə olan münasibətləri fonunda tam formalaşdığı və var olduğu unuduldu. İnsanın özbaşına mövcud olması mümkün kimi davranılır. 

Modern və postmodern çağ kiçik şeylərin dəyər qazanması, meqa-narrativlərin tənqid edilməsi, tanrının və yazarın ölümünün elan edilməsi kimi böyük və köklü dəyişikliklərlə yadda qalır. Nəzəriyyələr klassikdən modernliyə və günümüzə qədər olan dəyişiklikləri qaba olaraq bu şəkildə təsvir edirlər. Klassik çağda böyük adamların, böyük hərflə həqiqi qəhrəmanların hekayələri yazılırdısa, indi sadə, bəsit və gündəlik həyatda hekayələri heç kimin dəqqətini cəlb etməyən insanların həyatı yazılır. Kiçik hərflə bir qəhrəman yaradılır. Bəlkə də postmodern bir terminlə anti-qəhrəman. Fəriba`nın romanı da bu minvalda ən dibdə, yəni zirzəmidə olanı təqdim etmişdi. Kiçik olanın, əhəmiyyətsiz olan hekayəsi. Hekayələşməsi sayəsində macəralaşan bəsit bir yaşam. 

 

 1 - Jean-Paul Sartre, Bulantı (Tərcümə: Selahattin Hilav), Can Yayınları, İstanbul 2022, s. 65.

 2 - Walter Benjamin, “Hikaye Anlatıcısı” (Tərcümə: Nurdan Gürbilek-Sabir Yücesoy), Son Bakışta Aşk içinde, nəşrə hazırlayan və təqdim: Nurdan Gürbilek, Metis Yayınları, İstanbul 2018, s. 89.

3 - Walter Benjamin, a.k.ə, s. 90.

4 - Byung-Chul Han, Anlatının Krizi (Tərcümə: Murat Erşen), Ketebe Yayınları, İstanbul 2024, s. 18.

5 - Walter Benjamin, a.k.ə, s. 93.