"Cənubda ən uzun gün" romanından parça
The Baku Review yazıçı Rəşad Səfərin tezliklə nəşr olunacaq Cənubda ən uzun gün romanından bir parçanı təqdim edir:
***
İçmə, dedi Mədinə. Yola çıxırıq bir azdan. Dinlədi arvadını. Səsinin tonuna itaət etdi. Mədinə belə hiss elədi ən azından. Öz zəhminə, səsinin ötkəmliyinə inanırdı. Amma Şahinin özünün də içməyə həvəsi yox idi o gün. Hava isti idi, çox isti. Qırx dərəcəni ötdüyünə artıq heç kim şübhə etmirdi həmin günorta çağı. Axşama doğru günəş bir az heydən düşsə də, yenə də insanı tumanına qədər tərlədən bürkü vardı. Nəfəs almaq olmurdu. Qohumların təkidi ilə bir neçə dəfə qədəhini qaldırıb yerə qoymuşdu. Hələ, bu istidə nə qədər içirsiniz, deyib gülümsəmişdi sağlığının əvvəlində. İsti bayaq idi, oturmusan gül kimi kölgəlikdə, ağacların altında, indi içməyəcəksən, nə vaxt içəcəksən bəs, demişdi uzaq bir qohum. Elə bil bu yerlərdən çıxmamısan, rəhmətliyin oğlu. Nə olar adam institut direktoru olanda?! Direktor olanda kasıb qohumlarla içmirlər? Son tənədən sonra Şahin təslim olub bir az içmək istəmişdi. Xilas üçün son arqumentini də demişdi: Hələ burdan çıxıb Bakıya qayıtmalıyıq, bu boyda yol sürmək var. İçib sükana oturmayım.
Əlli qram içməklə nə olacaq, qardaşoğlu? Ağsaqqal qohumlardan biri dillənmişdi. Maşallah, lay divarsan, əlli qram heç gedib mədənə çatmayacaq. QAİ-dən də qorxmarsan yəqin, direktor adamsan, sənədini göstər, keç.
Demək, bu arqument də işə yaramadı. Tanımadığı uzun, arıq, boynu və dirsəkdən aşağı qolları qaralmış, damalı köynəyinin açıq hissəsindən görünən sinəsi istidən və içkidən qıpqırmızı olmuş orta yaşlarında bir kişinin sağlığından sonra qədəhlər qalxdı. Şahin də narahat təbəssümlə qədəhini qaldırdı. Uzun masanın o biri başına yaxın oturmuş Mədinə sanki doğru anı tutmaq üçün pusquda dayanmışdı. Aradakı uzun məsafəyə baxmayaraq hamının rahat eşidəcəyi yüksək və sərt səs tonu ilə, içmə, dedi. Yola çıxırıq bir azdan. Şahin etiraz etmədi. Məclisin əllərində qədəh gözləyən kişi üzvlərinə baxıb gülərək, mən razılaşdım, komandir icazə vermədi, dedi və qədəhini masaya qoydu. Kişilər zarafatla başlarını bulayıb qədəhlərini başlarına çəkdilər.
Şahinin yanında, masanın baş tərəfində oturan, yaşlanıb əldən düşmüş bir kişi budaqdan yonulub hazırlanmış çəliyinin başında əllərini cütləşdirərək bağdakı ağaclara - bəziləri özü ilə yaşıd, bəziləri özündən də yaşlı ağaclara zillənmişdi. Çox danışmır, arabir sağlıqların sonunda, nuş olsun, deyirdi yorğun səsiylə.
Məclisdə Şahindən başqa içməyən biri də vardı. Sağlıq deyən, boynu, dirsəkdən aşağı qolları qaralmış, sinəsi qızarmış kişinin on doqquz-iyirmi yaşındakı oğlu. Çəkingən, danışmağa utanan, darıxdığından süfrənin kənarlarını dartışdıra-dartışdıra hamıya təbəssümlə baxan, arada limonad içən gənc oğlan. Atası məclisin əvvəlindən icazə vermişdi. Əmilərlə azca içmək istəyirsənsə, vur getsin, qorxma. Amma gənc oğlan axıra qədər içmədi. Taksi danışmışdılar, sabah Bakıya gedəcəkdi. Yolqabağı dadını, təsirini bilmədiyi bir şeyi içmək istəməmişdi. Atasının dəfələrlə araqdan sonra özünü pis hiss etdiyini, qusduğunu, divanda uzanıb zarıdığını çox görmüşdü. Axşam çox içdiyi günlərin səhəri baş ağrısından, mədə ağrısından, iştahsızlıqdan, halsızlıqdan şikayətlənərdi atası. İndi nəyinə lazımdır yolqabağı içmək? İki gün sonra da imtahana girəcək. Yuxarı kursdakılar deyirdilər, ikinci kursun imtahanı birincidən ağır olur. Özü də ilk iki imtahanda anlamışdı çətinliyi. Amma öhdəsindən gəlmişdi, indi də gələcəkdi. Əmindi bundan.
Vaxt axşama yaxınlaşdıqca Mədinə yerində qurcuxur, kənd qadınlarıyla söhbətdən yorulub tezliklə Bakıya, evinə qayıtmaq istəyirdi. Arabir Şahinə baxıb, qalxaq işarəsi verirdi. Gah başı ilə, gah gözləri ilə, gah əli ilə. Şahin də qalxmaq zamanının gəldiyini düşünüb söhbəti yavaş-yavaş ora gətirdi. Hələ uzun yol var qabaqda, sabah da bir ton iş, hava qaralır, icazə verirsinizsə, biz yavaş-yavaş tərk edək məclisi. Dərhal, yoxsa bir az da oturub sonra getmək müzakirələrinin ortasında Şahinlə bərabər araq içməyən gənc oğlanın sabah taksi ilə getməkdənsə, elə indi onlarla birlikdə getməsi təklif olundu. Mədinənin onsuz da heç ürəyindən olmamışdı Şahinin hansısa qohumunun hansısa məclisinə getmək. Həm də bir aran kəndində, həm də yayın ortasında, insanın dərisini yandıran bu istidə. İyrəndiyindən nə yeməklərini ürəklə yeyə, nə qaba-qaşığa rahat toxuna bilirdi. Bu qadınların söhbətini dinləmək də bir tərəfdən yorurdu. Mədinəni gətirmək üçün Şahin xeyli qılığına girməli olmuşdu. Ayıbdır, bizim nəsildə yeganə sağ qalan ağsaqqaldır əmim. Kişinin səksən yaşı olur. Getməmək olmaz. Yox, qalmağa ehtiyac yoxdur. Heç özüm də rahat qala bilmirəm kənddə. Gedib bir-iki saat oturub qayıdarıq. Baxma, sonra deyirlər, direktor olandan qohum-əqrabanı saymır. Mədinəni birtəhər yola gətirə bilmişdi nəhayət. İndi gənc oğlanın onlarla birlikdə getmək təklifi bayaqdan tikan üstündə oturmuş Mədinənin heç xoşuna gəlmədi. Şahin Mədinə tərəfə baxmadan razılığını verdi. Boş maşın gedirik, nə olacaq, uşaq da bizimlə getsin. Bakıda gedəcəyi ünvanı da dəqiqləşdirdi. Atası oğluna, tez get hazırlaş, birazdan Şahin əmigillə gedirsən, dedi. Yarım saat sonra oğlan əlində iri, rəngli torbadakı əşyaları ilə masanın yanındaydı artıq. Atası oğluna nəsihətlər verdi. İmtahanlarda ayıq ol, dedi. Gecələr tez yat ki, zehnin açıq olsun. Bizi biabır eləmə. Hamımız gözümüzü sənə dikmişik. Yolda da Şahin əmini narahat eləmə. Gülüşdülər. Oğlan qızardı bir az. Sonra gedənlər qalanlarla sağollaşdı. Şahin ağır addımlarla Qaz-31-ə yaxınlaşdı. Maşını aldığı bir il, sürməyi öyrəndiyi isə altı-yeddi ay olardı. Gənc oğlan qabaqda, Mədinə arxada oturdu. Darvazanı açdılar, Şahin qolunu yan oturacağın başına keçirib arxaya boylandı və elə o vəziyyətdə də maşını həyətdən çıxartdı. Yola düzələndə gəncin anası maşının arxasınca bir qab su atdı. Bir tərəfindən mal-qaranın örüşdən qayıtdığı torpaq yolda Qaz-31 yavaş-yavaş uzaqlaşıb gözdən itdi.
Acı bağırsaq kimi uzanan yöndəmsiz yol da imperiya ilə birlikdə sürətlə dağılmağa başlamışdı. Əvvəl çökmə, sonra parça-parça qopma, sonra da dağıntı prosesinin başlanması; imperiyanın dağılması ərəfəsində və sonrasında hər şeyi gözləyən mərhələlər bunlardı. Uzun illər dünyadan xəbərsiz insanlar bəsit həyatın əbədiliyinə inanmışdılar. Bu bəsitlik onlara həm də xoşbəxtlik bəzəyi altında təqdim olunmuşdu. Əbədi zənn etdikləri hər şey yavaş-yavaş çökməyə başlayanda bunun sona aparan çöküş deyil, müvəqqəti olduğunu, tezliklə bərpa ediləcəyini düşündülər. Sonra çökmüş şeylər parça-parça qopdu, qırıntılar ətrafa yayıldı. Yenə də sonun yaxınlaşdığını anlamadılar, anlamaq istəmədilər. Yalnız dağıntıları görəndə artıq hər şeydən əllərini üzdülər, qaçılmaz sonun fərqinə vardılar. İndi də ümidlərini dağıntıların içindən pırtlayıb çıxmış alaq otlarına bağlamışdılar. Hə, hər şey bu mərhələlərdən keçməliydi. Geci-tezi vardı. Prosesə birinci yollar başlamışdı.
Ensiz yolda qarşılaşan maşınlar bir-birilərinə yaxınlaşanda sürəti azaldır, çuxurlara düşməmək, həm də qarşıdan gələn maşınlara çırpılmamaq üçün həyəcanlı manevrlər edirdilər. Axşamın qaranlığında isə bu yollarda maşın sürmək lap həyəcanlı və qorxulu olurdu. Şahin İsgəndərli iri cüssəsi ilə oturacağa güclə sığırdı. Düz otursaydı, başı tavana dəyirdi deyə, kürəyini yoğun yay kimi güclə əyib iri qolları ilə sükanı qamarlayırdı maşın sürəndə. Yeni sürücü olmağın, yolların xarablığının və bir azdan çökəcək qaranlığın həyəcanı Şahini daha da gərginləşdirmişdi. Amma özünü o yerə qoymur, arada tələbədən nəsə soruşur, o, sözünü qurtarmamış, Şahin orta güzgüdən Mədinəyə baxıb nəsə deyirdi. Hərdən də sola dönüb pəncərədən bayıra baxırdı. Qaynar aran günəşi öləziyib ucsuz-bucaqsız yarımsəhranın ta o biri başında qüruba hazırlaşırdı. Yol kənarında artıq yiyəsiz və müştərisiz qalmış yeməkxanalar, yaşayış yerlərindən ayrı düşmüş qarışıq mallar dükanları gözə dəyirdi bəzən. Arxada qurumuş bostanlıqların ortasında ucalan talvarlar, tərk edilmiş gözətçi daxmaları vardı. Yol irəlilədikcə hər iki tərəfində dağılmış fermalar, kolxozların inzibati binaları, istifadəsiz qalmış traktorlar, kombaynlar görünürdü. Dağılmış yolun kənarından yerlə göyün sərhədinə qədər uzanan cadarlanmış torpaq adda-budda kollarla döşənmişdi. Bir zamanlar yerlə göyün sərhədində özünə çıxış tapdığını zənn etdiyi bu boz çöllüklərin indiki mənzərəsi Şahinin qırx beş illik ömrünün ağ-qara filmi kimi ötüb keçirdi. Hər görüntüdən sonra yaddaşına xırda qığılcımlar düşür, hardasa qaranlıqda qalmış bir xatirəni ötəri işıqlandırırdı.
Maşının yarıya qədər açılmış pəncərələrindən çöllərin rüzgarı vıyıltı ilə girib-çıxırdı. Harda oxuyursan? Yanındakı gəncdən soruşdu Şahin. APİ-də. Nə oxuyursan? Tarix müəllimliyi. Xoşuna gəlir? Gənc utana-utana, hə, dedi. Əllərini dizlərinin arasına salıb düz qarşısına baxırdı. Cavab da verəndə üzünü sürücüyə tərəf çevirmirdi. Tarix maraqlı fəndir. Mənim də xoşuma gəlirdi məktəb vaxtı. İndi dəyişiblər çox şeyi. Əvvəllər Azərbaycan tarixini bizə düz-əməlli keçmirdilər. Kim idi bizə Azərbaycan tarixini öyrədən? Dünya tarixi maraqlı idi. Bizə yaxşı tarixçilər lazımdır. Elə tarix müəllimləri də. Gərək uşaqlara tariximizi yaxşı-yaxşı öyrədəsiniz. Elədir, dedi gənc gülümsəyərək. Orası da var ki, müəllim maaşı ilə dolanmaq çətin olacaq, hələlik vəziyyət ağırdır məktəblərdə, davam etdi Şahin. Amma ali məktəbə uşaq hazırlaşdırmaq söhbəti artır yavaş-yavaş. Sən də yaxşı hazırlaşdırsan, iki-üç şagirdin instituta girsə, bir də gördün, məşhur oldun. İnstitutu qurtarandan sonra rayona qayıtmaq istəyirsən, yoxsa Bakıda qalacaqsan? Pəncərədən girən küləyin uğultusu yekəpər və naşı sürücünün sözlərini eşidilməz edirdi bəzən. Hələ bilmirəm, dedi gənc oğlan. Neçə imtahanın qalıb? İkisini vermişəm, üçü qalıb. İmtahanları verib yenə kəndə qayıdarsan yəqin? Bəli, gələn ay qayıdacağam. Bakıda harda qalırsan? Yataqxanada. Mən də tələbə olanda yataqxanada qalmışam. Tələbəlik həyatı başqadır. Həm çətindir, həm də maraqlı. Şahin əminin yaxşı günləri olub. Amma oxuyurdum ha həm də. Kimsə məndən yaxşı qiymət alsa, gecə gözümə yuxu getməzdi. Gözəl günlər idi. Nə idi gözəl, sən Allah, yarıac-yarıtox günlər, əyalətdən gəlib şəhərə öyrəşə bilməməyin çətinlikləri, düşündü. Uzun və yöndəmsiz bədəni, yerə-göyə sığmayan qolları, xırda qıvrım saçları, rənginin qaralığı bütün institut illəri boyunca tələbə yoldaşlarının zarafat mövzusu oldu. Amma oxumağını düz deyirdi. Boş vaxt deyilən şey onluq deyildi. Ya dərslərini oxuyurdu, ya ədəbiyyat. Əlinə nə keçirdi, oxuyurdu.
Şahin gənc oğlana tərəf baxanda onun profilinin ardında, çöllüyün ortasında yanaşı iki köhnə tikili gördü. Tanış tikililərdi. Şahin yeniyetməliyindən bəri bu məkanları tanıyırdı. Biri yeməkxana, o biri anbardı. Ağadayının stolovası. Yeniyetməliyində atası ilə, əmiləri ilə birlikdə bu yeməkxanaya tez-tez gələrdilər. Bu gün səksən yaşını qeyd etdikləri əmisinin Moskviçi ilə. Rayondan iyirmi-otuz dəqiqəlik yol idi. Ayda bir dəfə əmisi qardaşını, qardaşı uşaqlarını maşına yığıb gətirirdi. Ağadayı ilə də dostluğu vardı. Yeməkxananın qışda gurhagur yanan odun sobasının səsi qulaqlarında, bir-birinə qarışmış yemək qoxuları burnunda, hisli divarları gözlərinin qabağındaydı hələ də. Sonralar tələbəlik illərində Bakıya gedib-gələrkən yolüstü bu yeməkxanaya girirdi. Hətta lap sonralar, artıq işləyəndə də bir neçə dəfə baş çəkmişdi. Amma səksəninci illərin sonuna yaxın Ağadayı öldü. Kiçik oğlu işlətməyə başladı atasının bu məşhur yeməkxanasını. Amma bacarmadı. Bir yandan ölkədə hər şeyin alt-üst olması, bir yandan varisin fərasətsizliyi; yeməkxana getdikcə müştərilərini itirdi. Sonra da yeni sahibi ailəsi kimi yeməkxananı da atıb Rusiyaya getdi. Ondan sonrası haqqında Şahinin məlumatı yox idi. Ağadayının stolovası indi artıq baxımsız, ətrafında çöl heyvanlarının oynaşdığı viranəliyə çevrilmişdi. Yollarda sidik kisəsi həyəcan təbili çalan sürücülər və sərnişinlər arxasına keçməyə ağaclar tapmadığından bu viranəliyə çatdırırdılar özlərini.
Yüz metr ötmüşdülər, Şahin maşını qəfil saxladı, arxaya sürüb köhnə yeməkxananın bərabərində dayandı. Hə, onun da sidik kisəsi həyəcan təbili çalmışdı. Əsas yoldan əlli-altmış metr məsafədə olan bu tikililərdən savayı qarşıda və ətrafda nə bir ağaclıq vardı, nə bir başqa qaraltı. Bu fürsəti ötürsəydi, onsuz da gərgin olduğu yolda bir az da gərginləşəcəkdi. İndi gəlirəm, deyib maşından düşdü. Gənc oğlan əvvəlcə nə olduğunu anlamadı, Mədinə isə vəziyyəti başa düşmüşdü. Şahin əsas yoldan tikililərə sarı addımlarını yeyinlətmək istədi, amma iri cüssəsi, kollar və nahamar, xırda təpəcikli torpaq imkan vermirdi. Günəş artıq batmış olsa da, səmanın kənarlarındakı qızartıları qalmaqdaydı. Köhnə tikilinin içinə girdi. İçəridə iyrənc qoxu, çoxlu həşəratlar, döşəməsindən pırtlayıb çıxmış kol-kos, yerdə pəncərədən qırılıb tökülmüş şüşə parçaları, araq və limonad butulkaları, palçığa bulaşmış köhnə radio vardı. Çöl küləyi insan kimi qapıdan girib, kabus kimi pəncərələrdən çıxırdı. Artıq rahatlıqla təbii ehtiyacını ödəyə biləcəyini anlayan sidik kisəsinin boşalmaq arzusu daha da şiddətləndi. Sanki Şahin bir dəqiqə geciksəydi, özünü saxlaya bilməyib şalvarını isladacaqdı. Üzünü köhnə yeməkxananın divarına tutub şalvarının zəncirbəndini açdı və işədi. Bura işəmək qəribə gəldi birdən Şahinə. Viranəlik də olsa, bura bir dəstə xatirənin kənddən, rayondan, şəhərdən, Elmlər Akademiyasından, ailədən, hətta Şahinin özündən gizlənərək sığınacaq tapdığı bir məkan idi. Ehtiyacını bitirənə qədər ağlına nəsə gəlməmişdi. Amma indi rahatlaşdıqdan sonra qəfil bu məkanda keçirdiyi vaxtları, qulaq asdığı söhbətləri xatırladı, tez-tez öskürən, boğazını arıtlayan atası, ucadan gülən əmisi, yediyi kababları, içdiyi limonadları gətirən, müxtəlif illərdə gördüyü yeməkpaylayanlar – hamısı bir anda peyda oldular, zəncirbəndini bağlayan Şahinə baxdılar. Şahin sanki öz xatirələrinin üstünə işəmişdi. Onların yığılıb gizləndiyi məkanı murdarlamaq nə böyük ayıb, nə böyük hörmətsizlik, nə böyük etibarsızlıq idi! Şahin bu çağırılmamış qonaqların, yox, yox, buranın həqiqi sakinlərinin danlağını hiss edib peşman oldu. Amma gec idi. Olan olmuşdu. Səsini eşitsəydilər, üzr istəyərdi. Özümü saxlaya bilmədim. Ayıb oldu, çox böyük ayıb. Sən instituta girəndə əmin gətirmişdi hamınızı bura, atanla, atanın dostu ilə birlikdə, dedi özünə. Bir ton araq içdilər. Sənə kabab aldılar, limonad aldılar. Atanın dostu, nə idi adı, yadımdan çıxdı, o kök kişi, deyindi bir az, sonra əlavə yeməklər də sifariş verdi, əmini də, atanı da danladı. Dedi, belə gündə adam simiclik eləməz, uşaq instituta girib, indi xərcləməyib, nə vaxt xərcləyəcəksiniz bəs? Axşamüstü gəldik, burdan çıxanda gecə üç idi. İndi gəlib bura işəyirsən utanmaz-utanmaz. Adamın abır-həyası olar. Hələ atan, rəhmətlik kişi. Uçmağa qanadı yox idi həmin gün. Deyirdi, bu mal-qaradan, peyindən, kənddən-kəsəkdən qurtarsa-qurtarsa Şahin qurtaracaq bizi. Qurtara bilmədin. Sən üçüncü kursda oxuyanda öldü. Ölməsəydi də, qurtarmayacaqdın. Bakıya gələndən sonra keçmişi unudub ancaq özün haqqında düşündün. Amma həmin gün çox inanırdı hər şeyə. Oğlunun sağlığına yalnız ayaq üstə içirdi. Kinayəli baxışları hiss edirsənmi indi? Bütün bunların hamısı ona görə idi ki, bir gün gəlib onların xatirələrini murdarlayasan, Şahin müəllim? Atan, əmin bir tərəfə, cavan ölən qardaşından utan. Möhkəm xəstələnmişdi. Dedilər, soyuq dəyib yəqin. Bir gün qabaq Kürdə çimmişdi yaramaz. Düz üç saat. Hava da küləkli. Nə bilək, dərdi başqa imiş, məsələ çimib soyuqlamaqda deyilmiş. Atan ikinizi az gətirməyib bura… Şahin böyük hörmətsizlik etmişdi. Qanı qaraldı. Çıxmaq zamanı idi. Hava da qaralır artıq. İndi Mədinə durub gələcək ki, harda qaldın? Eyni narahat yolu eyni zəhmətlə, amma fiziki yüngüllüklə qayıtdı.
Harda qaldın? Maşına oturan kimi Mədinə soruşdu. Yerimək olmurdu yolda, dedi Şahin. Mühərriki işə saldı. Gənc oğlan pəncərədən alatoran çöllüyə baxırdı. Şahinin fikri hələ də köhnə yeməkxanada idi. Getməzdin gərək, düşməzdin maşından, şalvarına işəsən də, gərək girməzdin ora. Murdarlanmış xatirələr bundan sonra yaxandan əl çəkməsələr, gecələr yuxuna gəlib üzünə tüpürsələr də, haqları var. Dərin peşmanlıq içində düşünürdü Şahin. Mədinə dalbadal bir neçə dəfə, nə olub, deyə soruşdu. Gedib gələndən sonra özündə deyilsən, elə bil. Şahin cavab vermirdi. Gənc oğlan Mədinənin sorğu-sualından sonra dönüb Şahinə baxanda, Mədinə maşında başqa adamın olduğunu xatırladı və susdu.
Acı bağırsaq yolu yarım saat sonra bitirdilər. Sonra bir az da getdilər tez-tez döngələri olan dalğalı yollarla. Hava artıq ən itigözlü insanın belə ağ sapı qara sapdan ayıra bilməyəcəyi qədər qaralmışdı. Şahin yolun dolanbaclarına çatanda daha da gərginləşir, tez-tez əyləcə basır, sükandan daha möhkəm yapışırdı. Qaz-31-in Şahinin cüssəsi kimi iri gövdəsini idarə etmək çətin idi.
Son döngə və sonra daha hamar, daha düz yol başlayırdı. Və birdən güclü tappıltı səsi gəldi. Maşına nəsə çırpıldı. Ya da maşın nəyəsə. Şahin ayağını əyləcə basana qədər maşın nəsə iri bir maneənin üstündən keçdi. Gənc oğlanın oturduğu tərəf yüksəldi və endi, yüksəldi və endi. Nə idi bu? Şahinin qorxudan mədəsinin altına ağrı çökdü. Nə səs idi o, heyvan vurdun? Mədinə soruşdu. Şahinin cavab verməyə gücü yoxdu. Nitqi qurumuşdu. Son saniyələri xatırladı. On saniyə qabaq gördüyü, yola doğru hərəkət edən qaraltı yadına indi niyə düşdü? Bayaq onu gördüyünü niyə dərk etməmiş və dərhal əyləcə basmamışdı? Bir dəqiqə keçmişdimi o qorxunc küt səsdən? Heç biri nə baş verdiyinin fərqində deyildi. Onsuz da maşına minəndən susqun və hərəkətsiz oturan gənc oğlan heykələ dönmüşdü. Hava aydın olsaydı, üzünün ağappaq olduğu dərhal görünərdi. Zehni keyimiş, bədəni sustalmış Şahin qorxa-qorxa, mümkün olan ən asta hərəkətlərlə maşından düşdü. Qabaq tərəfə keçdi. Qaranlığın sərhədini maşının işıqları xeyli qabağa çəkmişdi. Maşının önünü rahat görmək olurdu. Heç nə, heç kim yox idi. Yerdə ləkələr belə yoxdu. Dağılmış, qupquru asfalt idi sadəcə. Üstündə çınqıllar. Bir az rahatladı. Arxa tərəfə keçdi. Oradaydı. Qara bir şey vardı yolun ortasında. Ətrafında tutqun rəngli maye. Bir də iki-üç metrlik qanlı təkər izi. Şahin çəkisizlik hiss etdi, sanki hündür körpüdən keçirdi sürətlə. Ürkək-ürkək qaraltıya yaxınlaşdı. Yox, heyvan deyildi. İnsan idi. On üç-on dörd yaşlarında oğlan uşağı. Sağ qolu tamam tərsinə çevrilmişdi. Üstü-başı toz-torpağa və tutqun rəngli mayeyə bulaşmışdı. Ağzından qan gəlirdi. Öldürmüşdü. Uşağı öldürmüşdü. Asta sürət uşağı kənara tullamağa bəs etməmişdi, amma üstündən keçmişdi Şahin onun, təzə, təptəzə Qaz-31-i ilə.
Xoşbəxtlikdən, ya da bədbəxtlikdən, xeyli müddət başqa maşın keçmədi yoldan. Çölün uğultusundan, təkərləri insan qanına bulaşmış Qaz-31-dən, yerdəki uşağın başı üstündə keyimiş halda dayanan Şahin İsgəndərlidən, yolboyu susqunluğunu və hərəkətsizliyini hələ də davam etdirən gənc oğlandan və ərinin gecikdiyini görüb arxa pəncərədən boylanan Mədinədən başqa heç kim yoxdu ətrafda. Ərinin yolun ortasında tərpənmədən dayandığını görən Mədinə nəhayət maşından düşdü. Qaranlıqda yaxşı görmək üçün gözlərini qıyaraq ərinə yaxınlaşdı. Nə olub, Şahin? Burda niyə dayanmısan? Öldürdüm. Uşağı öldürdüm. Heyvan deyilmiş. Əliylə yerdəki qaraltını göstərdi. Uşaq imiş.
Mədinənin bayaqdan qıyılmış gözləri bərəldi. Qaranlıqda çölün naməlum vəhşi heyvanları kimi parıldadı gözləri. Budlarını çimdiklədi. Budlarına yumruqlar vurdu. Amma əri kimi beyninin keyiməyinə icazə vermədi. Dəqiqələr içində ağlında planlar qurmağa başladı. Yox, imkan verə bilməzdi əri həbs olunsun. Həbs bir yana, adı ləkələnsin. Axı onun hələlik institut direktoru olan əri üçün qurmaq istədiyi gələcək, bircə qəza ilə məhv ola bilməzdi. Allahın işidir, uşağın alın yazısı beləymiş. Görmüşdü. Bu hadisəni yuxusunda görmüşdü. Hiss etmişdi. Neçə gündür narahat olan ürəyinə dammışdı fəlakətin gələcəyi. Başqaları üçün istifadə etdiyi fövqəladə gücünü işə salıb günlərlə dua etmiş, kitab açmış, mələklərlə əlaqəyə girmişdi. Bəs niyə işə yaramamışdı? Başqalarını bəlalardan qoruyan Mədinə öz ailəsinə üz verməyə hazırlaşan fəlakətin qarşısını niyə ala bilməmişdi? Sınaq? İmtahan? Cəza? Hansı idi? Yox, imkan verə bilməzdi şər güclərin onun üzərində qələbəsinə. Bəlkə, tanrıdan xəbərsiz hansısa mərdiməzar mələk, elə şeytan özüdür səbəbkar? Ürəyinə dammışdı. Məclisdə Şahinin içməyinə buna görə icazə verməmişdi. Bundan sonra seyid cəddinə arxayın olan kimi, o da gözəgörünməz güclərə arxayın ola bilməzdi, həll etməli idi problemi. Ərinin üzünə baxdı. İri cüssəsi möhkəm küləyə dözməyən yaşlı ağac kimi əsirdi. Ərinin nəsə fikirləşəcək halda olmadığını anladı. Necə çıxarsın onu bu bəladan? Oğlan. Gənc oğlan. Utancaqlığına qorxu da əlavə olununca oturacağına tamam kilidlənən tələbə. Mədinə maşının ön tərəfdən sağ qapısına yaxınlaşdı. Qapını açıb oğlanı bayıra çıxardı. Başımıza iş gəlib, oğlum. Qolundan tutub Şahinin və yerdəki ölünün yanına yaxınlaşdırdı. Oğlan ölüyə yaxınlaşdıqca sarsılmağa başlayırdı. Dişləri şaqqıldadı.
Mədinə elə ilk dəqiqələrdə qurduğu planına nail oldu. Nə etdiyini, nə baş verdiyini dərk etməyən gənc oğlanı qurban verdi. Başqa yolu qalmamışdı. Özü ortaya düşüb oğlanı da, ailəsini də razı saldı. Əvvəlcə etiraz edən Şahin də sonra razılaşdı. Bütün əlaqələrini, ilahi və maddi güclərini hərəkətə gətirdi Mədinə. Sükanda gənc oğlan oturmuşdu. Şahin gecələr gözləri yaxşı görmədiyi üçün uşağa vermişdi maşını sürməyə. Hə, bunda günahkar idi. Kaş axşam yola çıxmazdılar. Təcrübəsiz uşağa maşın verərlər? Amma olan oldu, qismət belə imiş. Hər kəsin bu hekayəyə inanacağı qədər pul xərclədi. Müştərilərindən dəstək aldı. Ölən uşağın ailəsinə də istədiyi qədər pul verdilər.
Gənc oğlanın tələbə olduğunu, gənc olduğunu, ilk dəfə hadisə törətdiyini, həm də ehtiyatsızlıqdan törətdiyini nəzərə alıb azadlığını əlindən tam almadılar, məhdudlaşdırdılar, cəzasını bayırda çəkəcəkdi. Olsun. Hələ nə yaşı vardı.
Hekayəyə inanmaq istəyənlər inandılar. Bircə ölən uşağın atasından başqa. Əvvəlcə külli miqdarda qan pulunu qəbul etmək istəmədi. Amma qohumların təkidi və ağıllı məsləhəti ilə razılaşdı, könülsüz də olsa. Şikayətçi olmadı məhkəmə prosesi boyunca. Sonda gənc oğlanın içəri getmədiyini görəndə yarası təzələndi. Şahin indi də yaxşı xatırlayırdı öldürdüyü uşağın atasının son sözlərini və yaşarmış, bərəlmiş, kədərli, həm də qorxulu gözlərini. Bir gün mən də sənin oğlunu öldürəcəyəm. Oğlun olmasa da, qızını. Mütləq öldürəcəyəm!
Üstündən iyirmi ilə yaxın zaman keçsə də, o dərdli və təhdidkar atanı bir daha görmədi. Qarşısına çıxmadı. Şahin özü də hadisəni unutmağa çalışdı. Əvvəllər çətin oldu, hər şeyin əvvəli kimi. Amma sonra öyrəşdi, sonra da tərəddüd etmə, suallar vermə qabiliyyətini itirincə, hadisəni həqiqətən unutdu.