Mario Vargas Llosa'nın böyük paradoksu
Mario Vargas Llosa Latın Amerikası ədəbiyyatının əfsanəvi nəslindən sonuncu sağ qalan idi. Onun vəfatı ilə bütün dünyanın ruhuna təsir etmiş böyük bir kitabın yazılıb həmişəlik başa çatdığını kədərlə etiraf edə bilərik. Amma mənə ümid verən – bütün gözəl şeylər kimi bu təsirin də əsla bitməyəcəyini, bizim yaşadığımız, bizə bəxş olunmuş o duyğuların gələcək nəsillərin də ruhuna toxunacağını bilməkdir.
Bu kədərli xəbəri aldığımda ağlıma ilk gələn səhnə çox qəribə, anın kədərinə heç uyğun olmayacaq qədər sevimsiz idi. Səliqəsiz və unudulmuş ofisində fırıldaqçı naşir gənc şairlərdən birinin arxasınca danışıb onu fırıldaqçılıqda ittiham edir, tez-tez Mario Vargas Llosa'dan həvəslə danışdığını, amma onun əksinə siyasi yaltaqlıqda və konformizmdə ittiham edirdi. Rütubətin dözülməz etdiyi isti Bakı günortasında mövzunu dəyişməyə çalışdığımda ağlıma gəlməzdi ki, üstündən heç bir il keçməyəcək, bu söhbət böyük yazıçının öldüyü gün yadıma düşəcək, hətta onun haqda ən təsirli və dəqiq təsbitlərdən birinə çevriləcək. Bəli, üçüncü dünyanın bir ucunda doğulmuş Llosa'nı digər ucunda tək fırıldaqçı naşir deyil, onu tanıyanların çoxu da məhz belə görürdü: üsyankar və cəsarətli siyasətçi, aktivist kimi. Ədəbiyyata münasibəti düzgün formalaşmamış, öz problemlərini həll etmədiyindən sənətin digər növləri kimi ona da ictimai və siyasi mübarizədə vasitə, maarifçilik üsulu kimi baxan cəmiyyətlərdə bu qaçılmazdır.
Azərbaycan ədəbiyyatının ötən əsrdəki faciəli keçmişinə boylandıqda oxşar mənzərənin şahidi olacağıq. Təkcə azsaylı oxucular deyil, necəsə ədəbiyyatla əlaqəsi olan şəxslər arasında da sorğu keçirsək ən məşhur, ən sevilən yazıçı və şairlərin siyahısının köklərinin iki mənbədən qidalandığını görərik. Bu siyahının əsasını və ən yüksək yerlərini Stalin repressiyalarının kədərli qurbanları təşkil edəcək. Yerdə qalan mövqeləri isə Sovet İttifaqından qopmaq uğrunda mübarizə başlayanda meydanlara çıxıb şeirlər oxuyan, emosional çıxışlar edən ədəbiyyatçılar tutacaq. Ədəbiyyata bu cür baxış tək Azərbaycanın problemi deyil, bizim kimi onlarla belə ölkə var. Onların hamısını birləşdirən ortaq cəhət də inkişaf etmiş ölkələr siyahısında olmamaqlarıdır. Buradan bəziləri belə nəticəyə gəlir ki, ədəbiyyat siyasi və ictimai mübarizənin aləti olmalıdır, problemli cəmiyyətlərin estetik ehtiyacları az qala olmamalıdır, yazıçının tərəf tutmamaq, mübarizə aparmamaq və kimi aldadırıq, mübarizədə alət olmamaq hüququ ola bilməz, yazıçı buna çalışırsa, bunu iddia edirsə bihudə işlə məşğuldur və ölkəsində heç kimə lazım deyil. Sonuncu əlbəttə gerçəkliyə baxdıqda bəzən olduqca həqiqətmiş kimi səslənir, amma şübhəm yoxdur ki, bunun təqsirkarı birmənalı yazıçı deyil.
Mario Vargas Llosa Latın Amerikası yazıçıları içində mənə uzun müddət ən yaxınlardan olmayıb. Gabriel Garcia Marquez ilə Jorge Luis Borges'i daha doğma hesab etmişəm və sevmişəm, Llosa isə Octavio Paz, Guillermo Cabrera Infante, Juan Rulfo, Julio Cortazar və Carlos Fuentes'lə birlikdə ikinci sırada qərarlaşıb. Amma heç vaxt əksini düşünmədiyim bir həqiqət olub ki, romanlarında ictimai məsələlərə və tarixə baxışındakı dərinliyə heç kim nail ola bilməyib, bunun bədii həllini yaratmaqda onun qədər heç kim ustalıq göstərə bilməyib.
1990. ildə Peruda keçirilən prezident seçkilərində gələcək diktator Alberto Fujimori'yə uduzan yazıçı ölkəsini tərk edir və onun mühacirət həyatı başlayır. Llosa'nın tərcümeyi-halındakı bu epizod bütün üçüncü dünyada olduğu kimi Azərbaycandanda da onu tanıyan azlığı əsas riqqətə gətirən elementlərin əvvəlində dayanır. Halbuki həmin il Peruda yaşananlar özü-özlüyündə böyük bir metafora idi, böyük yazıçının az tanınan populist siyasətçiyə məğlubiyyəti ədəbiyyatın həmişə, harada olursa olsun, bütün dövrlərdə və meydanlarda durmadan siyasətə, siyasətin oyunlarına və populizmə əbədi məğlub olduğunun, olacağının metaforası idi.
Llosa da sonradan "nəzəriyyədən praktikaya keçid" adlandırdığı aktiv siyasətə qoşulmağının səhv olduğunu etiraf edəcəkdi. Ustad bizə əsas həyat dərsini vermişdi: ədəbiyyatın kitablardan çıxıb gerçək həyatı dəyişmək gücü yoxdur, bunu anlayan, bununla barışmayan xəyalpərəst yazıçı istər-istəməz siyasətə, ictimai mübarizəyə daxil olacaq, amma o burada da uduzacaq, çünki bu tamam ayrı çəki dərəcəsidir, öz oyun qaydaları olan.
Bütün yaradıcılığı boyu tarixin və siyasətin bu üzünü təsvir etmiş, bol-bol onu tədqiq etmiş və haqqında danışmış yazıçının prezidentliyə namizəd olması etiraf edim ki, mənə həmişə anlaşılmaz gəlib. Ədəbiyyat özlüyündə nəhəng üsyandır – siyasətə, tarixə, insan varlığını və ləyaqətini puç sayan hər şeyə qarşı, amma onun gücü səhifələrdədir, ədəbiyyatın həyata qarışıb nəinki qalib gəlmək, nəyisə dəyişmək fürsəti belə yoxdur. Bəlkə də, masam üzərindəki qol saatımı əlimə aldığımda onun metal səthinin soyuqluğunun pəncərədən görünən fərəhsiz qürub mənzərəsinin eynisi olduğunu hiss etdiyimdə ağlıma gəlir, gerçək siyasi roman məhz budur, kitabın fiziki sərhədləri ilə məhdudlaşmayan və barmaqlarının ucu ilə həyata toxunan, toxunmağa çalışan. Amma ədəbiyyat mənə həmişə artıqlaması ilə kifayət görünüb, bu da Llosa'nın paradoksunu daha anlaşılmaz edir.
Latın Amerikasının əsr yarımlıq ağrılı taleyi mübaliğə etdiyimi düşünmürəm -daha kiçik miqyasda və az intensivlikdə- mənim beş ilə on yaşım arasında Azərbaycanda yaşanıb. Əvvəl dünyanın ən böyük İmperiyası dağılır və bizə deyilir ki, artıq yeni vətənimiz Azərbaycan Respublikası adlanacaq; xatırlayıram, qırmızı Sovet bayrağının yerində yeni rəngbərəng milli bayrağı gördüyümdə heç nə anlamamışdım. Altı yaş üçün bu əlbəttə anlaşılandır, amma qırx yaşın ərəfəsində eyni hissi hələ də keçirirəm, ölkəmin o amansız, qəddar və absurd illərdən – müharibə, ərzaq çatışmazlığı, yüzminlərlə qaçqın, durmadan vətəndaş müharibəsi və hərbi üsyanlar təhlükəsi içindən necə keçdiyini xatırladıqda yenə eyni təəccübü yaşayıram. Bunları ona görə danışıram ki, Llosa'nın estetik olaraq mənə ən yaxın yazıçı olmasa da, tarixi, ictimai və siyasi məsələlərə yanaşmasını nə qədər dərindən anlamağa çalışdığımın tarixi və şəxsi səbəblərini izah edə bilim.
* * *
Mario Vargas Llosa'nın ilk romanı Şəhər və itlər ilk nəşrindən təxminən iki il sonra, 1965. ildə rus dilinə çevrilərək Moskvada nəşr olunmuşdu. Sovet təbliğatının burjua dəyərlərinə qarşı mübarizədə və kapitalist ölkələrində zəhmətkeşlərin qarşılaşdıqları hüquqsuzluqları göstərmək üçün çox uğurlu əyani vəsait saydığı bu kitabın üzərində silahlı əsgər təsvir olunmuş tünd narıncı cildini yaxşı yatırlayıram.
Appendiksdən əməliyyat olunmuşdum, xəstəxanadan çıxmışdım, amma məktəbə getməməyin, dərslərimə hazırlaşmalı olmamağın sevincini bütün vaxtımı çarpayıda keçirmək məcburiyyəti yoxa çıxarırdı. O yayı yaxşı xatırlayıram, məktəbdən litseyə keçmişdim, əksər sinif yoldaşlarımı və müəllimlərimi bir daha görməyəcəkdim, tezliklə Fransada keçiriləcək və ev sahiblərinin qalib gələcəyi dünya çempionatı başlayacaqdı, o çempionatın mümkün bütün oyunlarını canlı izləyəcək, İngiltərə yığmasının 1/8 finaldakı qələbəsinə kədərlənəcək, təsəlli kimi David Beckham'in böyük fotosunu alıb dərs oxuduğum masanın yanındakı divara asacaqdım. Amma bütün bunlara hələ vardı, mən çarpayıda uzanır, vaxtımın hamısını romanlar oxumaqla və televizora baxmaqla keçirirdim. İmkanım olsaydı, o günlərə qayıdıb yeniyetmə Orxana deyərdim ki, bu günlərin qədrini bil, daha az televizora bax, daha çox oxu. Əməliyyata görə kitabların saxlanıldığı dolabın yuxarı rəflərinə çıxa bilməzdim, odur ki, aşağılara göz gəzdirib oxumadığım və maraqlı görünən kitab axtararkən tünd narıncı cildli o kitaba rast gəlmişdim. Roman bitirdiyimdə on üç yaşı tamam olmamış mənə Ricardo Arana'nın xəyanətinin bütün alçaqlığını hiss etdirmişdi, amma bununla da kifayətlənməmiş, onu anlamağıma da məcbur etmişdi. Sevgi uğrunda insan çox şeydən keçə bilər, bunu bütün ədəbiyyat təhsili boyu klassik Şərq mətnlərinin, ağrılı sevgi haqda qəzəllərin əzbərlədildiyi məktəblidən daha yaxşı kim anlaya bilər?
Cild-cild ədəbiyyat nəzəriyyəsi kitabları, məqalələr, çıxışlar, düşüncələr sonrasında bunu etiraf edirəm: ədəbiyyatın gerçək gücünü bu təsirdə görürəm. Lövhə üzərində nə qədər güclü görünsə də, nə qədər böyük topa sahib olma faizi, ötürmə dəqiqliyi, yaxud yüksək qət edilən məsafələrə sahib olsa da futbol oyununda daha az qol vurub daha çox qol buraxan komandanın məğlub olduğu kimi roman sənətində da bu təsirdən məhrum heç bir böyük struktur, böyük texniki nailiyyət ədəbi əbədilik gətirmir. Odur ki, bir kitab yeniyetməliyinin astanasındakı oğlana xəyanətin çirkinliyini və sevginin böyük gücünü iç-içə göstərib həyatın bayağı filmlərdəki, seriallardakı, qəzetlərdəki eşq hekayələrindəki kimi ağ-qara olmadığını, boz rəngin sonsuzluğunda gizləndiyini, kiçik istisnalarla heç vaxt kimisə axıra qədər anlamağın, hansısa hərəkəti axıra qədər ittiham etməyin mümkün olmadığını başa salırsa, romanların ömrünün bitdiyindən danışmaq, ədəbiyyatın ictimai həyatı dəyişə bilmirsə heç nəyə yetmədiyini iddia etmək sarsaqlıqdır.
Bu cür dualizmlərlə gələcəkdə də Llosa'nın romanlarında qarşılacaqdım. Fəqət haqqında danışmaq istədiyim bu deyil. Əgər mən həyat haqda bəzi bioloji və praktiki məlumatlardan başqa heç nə bilməsəydim Yaşıl ev, Məbəddə söhbət, Keçi bayramı, Dünyanın sonu müharibəsi romanlarını oxuduqdan sonra belə qərara gələrdim ki, siyasət və siyasi mübarizə ağıllı adamın əsla yaxın durmamalı olduğu şeylərdir. Çünki onların mahiyyəti ikiüzlülük, qəddarlıq, absurd üzərində qurulub, bütün siyasət əslində insan varlığına, insan ləyaqətinə qarşıdır. Sonra öyrəndikdə ki, bu romanları yazan şəxs əvvəl prezident seçkilərində iştirak edib, özü də zarafat üçün yox, kifayət qədər ciddi niyyətlə və hətta ilk turda az fərqlə də olsa irəlidə olub, uduzduqdan sonra da siyasət haqda danışmağı dayandırmayıb, qəzetlərdə illərlə bu mövzuda yazılar yazıb, yəqin ki, onun motivasiyası haqda heç nə anlamazdım.
Məsələ burasındadır ki, Llosa siyasətin, hakimiyyətin və gücün daxili təbiətini, amansız iş mexanizmini aktiv siyasətə qoşulmadan çox əvvəl başa düşmüş və yazmışdı. Böyük ideallar, ulu arzularla çıxılmış yollar, aparılan mübarizələr tezliklə və bəzən xüsusi müqavimət görmədən yerini korrupsiyaya, mənasız qəddarlığa, talana, fanatizmə, qorxaqlığa, şəhvətin köləsi olmağa verir. İstər-istəməz beynimdə bir sual yaranır: bütün bunları anlayaraq aktiv siyasətə qoşulmağın, bunun səhv olduğunu anladıqdan sonra isə siyasi mövzularda publisistik yazılara davam etməyin nə mənası vardı? Geriyə baxdıqda mən hamımızın və hər şeyin cazibə qüvvəsinə məğlub olacağını ətraflı bildiyi halda bunun əksinə nail olmağa çalışan birinin cəsur və utopik mübarizəsini görürəm.
Bilmirəm, bəlkə də Llosa'nın mənim görmədiyim və hiss etmədiyim hansısa ümidi olub. Yaxud bütün üçüncü dünyanın, bizim hamımızın ortaq ağrısı olan problemlərə romanlarından fərqli olaraq həyatda necəsə qalib gələcəyimizə inanırdı. Amma çətin. Həyat onun romanlarından daha az qəddar və çirkin deyil, biz insanlar da onun romanlarındakından daha az gücsüz və qorxaq deyilik, sonsuz yol ayrıclarındayıq, amma onu da hiss edirik ki, bu yolların heç biri yaxşı heç yerə aparmayacaq, bir az da bu duyğu bizi daha gücsüz və qorxaq edir. O halda deyə bilərik ki, bütün bunlardan əsərlərində danışan, mübarizənin uğurlu sonuna xüsusi ümidi olmayan yazıçının gerçək həyatdakı mübarizəsi sağalmaz optimistlərin, populistlərin və inandıqları dəyərlərin həqiqəti görmək qabiliyyətini korşaltdığı insanların mübarizəsindən daha saf və güclü idi? Belə çıxır ki, Mario Vargas Llosa Nobel komitəsinin verdiyi mükafatın qısa izahında təsvir etdiyi kimi ancaq "üsyan edən, mübarizə aparan və məğlub olan insanlar" haqqında yazmayıb özü də üsyan edən, mübarizə aparan və məğlub olan insan olub.
Bəzi yazıçılar olur, bəzi müğənnilər, musiqi qrupları kimi sən onunla böyüyürsən, həyatının hər dövründə onun yeni bir izi, təsiri olur. Gənc romançıya məktublar kitabını oxuduğumda iyirmi iki yaşım var idi, gənc idim, roman yazırdım və onun "Əziz dost" deyə başladığı hər məktubu özümə, ancaq mənə ünvanlanmış kimi sevinclə və diqqətlə oxuyurdum. Bu dəfə amma Mario Vargas Llosa'nın Nobel çıxışından bu son parçanın tək mənə yox hamıya ünvanlanmış olduğuna sevinirəm və hamının oxuyub mənim qədər ilhamlanacağı, ümidlərinin coşacağı sözlərə çevrilməyini istəyirəm: "Arzulamağa, oxumağa və yazmağa davam etməliyik – axı bu ölümlü varlığımızı yüngülləşdirməyin, zamanın korroziyasına qalib gəlməyin və mümkünsüzü mümkün etməyin tapdığımız ən effektiv yoludur".
May, 2025