THE BAKU REVIEW

Kafka'nın gülməliliyi haqqında yəqin yetərincə ixtisar olunmamış bəzi qeydlər

David Foster Wallace

14 yanvar 2025
Kafka'nın gülməliliyi haqqında yəqin yetərincə ixtisar olunmamış bəzi qeydlər

 

İxtisasımdan çox-çox uzaq olan mövzuda çıxış etmək istəyimin bir səbəbi Kafka`nın ədəbiyyat dərsimdə artıq keçmədiyim və ucadan oxumaq üçün darıxdığım qısa hekayəsini sizə danışmaq fürsəti verməsidir. Hekayənin adı Kiçik təmsil`dir:

Ah,” siçan dedi, dünya günü gündən balacalaşır. Əvvəl o elə böyük idi ki, ondan qorxurdum, hey qaçırdım və nəhayət uzaqda sağda və solda divarları görəndə çox sevindim, amma bu uzanan divarlar elə tez bir-birinə yaxınlaşır ki, indi mən artıq sonuncu otaqdayam və orada küncdə tələ var, mən də düz ona doğru qaçıram.” “Sadəcə istiqamətini dəyişməlisən,” pişik dedi və siçanı yedi. 

Tələbələrlə Kafka`nın hekayələrini oxuyarkən məni ən məyus edən şey Kafka`nın gülməli olduğunu onlara göstərməyin demək olar mümkünsüz olmasıdır. Bir də onun hekayələrinin gücünün bu gülməlilikdə olduğunu görməmələri. Çünki, heç şübhəsiz, gözəl qısa hekayələr və gözəl lətifələr arasında ortaq çox şey var. Hər ikisi kommunikasiya nəzəriyyəçilərinin eksformasiya adlandırdığı məfhumdan asılıdır, harada ki, ötürülən məlumatın vacib hissəsi ifadə edilmir, amma ehtiva edilir və nəticədə dinləyicidə assosiasiyalar partlayışına səbəb olur1. Yəqin elə buna görə həm qısa hekayələr, həm də lətifələr adətən qəfil və qulaqbatırıcı təsir bağışlayır, çoxdan tıxanmış krandan havanın püskürməsi kimi. Kafka boş yerə ədəbiyyatı “içimizdəki buz bağlamış dənizləri yardığımız balta” deyə təsvir etmir. Gözəl qısa hekayələrin texniki nailiyyətinin tez-tez kompressiya (“sıxılma” - tərc.) adlandırılması da təsadüfi deyil, çünki həm gərilmə, həm də boşalma əvvəlcədən oxucunun içində mövcuddur. Kafka`nın demək olar hamıdan yaxşı bacardığı bir şey var: o, gərilməni elə tənzimləyir ki, məhz dözülməz həddə çatdığı anda boşalır. 

Lətifə psixologiyası Kafka`nı öyrətməyin çətinliyini qismən izah edir. Hamımız bilirik ki, lətifənin özünəməxsus sehrini puç etməyin ən asan yolu onu izah etməkdir. Məsələn, məşhur lətifədə Lou Costello`nun sual əvəzliyi olan kim ilə xüsusi isim olan Kim`i səhv saldığını göstərmək və s. Bu cür izahların doğurduğu qəribə xoşagəlməz hiss də hamımıza tanışdır. Bu hiss darıxdırıcı olmaqdan çox təhqirə bənzəyir, sanki müqəddəs bir şey təhqir olunub. Oxşar hissləri bir müəllim Kafka`nın hekayəsini hamımıza məlum olan standart üsullarla tənqidi təhlil edərkən -süjet sxemini qurub, simvolları deşifrə edib, mövzu qatlarını açarkən- keçirir. Hekayələrinin bu cür yüksək effektivlikli tənqid aparatından keçirilməsinin ironiyasını ən birinci elə Kafka`nın özü qiymətləndirərdi: qızıl gülün ləçəklərini qoparıb, üyüdüb spektrometrdən keçirərək nə üçün belə gözəl qoxduğunu izah etməyin ədəbi ekvivalenti. Axı Franz Kafka o yazıçıdır ki, onun Poseydon`unda dəniz allahı sənəd işlərindən üzməyə vaxt tapmır; Cəzaçəkmə müəssisəsində hekayəsi isə təsviri cəza, işgəncəni ibrət, tənqidçini alnı dələrək ölümcül zərbə endirən ucuiynəli kotan kimi təsvir edir.

Ən istedadlı tələbələrin belə üzləşdiyi daha bir maneə, məsələn, Joyce`dan və ya Pound`dan fərqli olaraq, Kafka`nın əsərlərində yaranan eksformativ assosiasiyaların nə intertekstual, nə də hətta tarixi olmasıdır. Kafka`nın doğurduğu təəssüratlar daha çox şüursuzluğa, az qala sub-arxetip sahəsinə aiddir, uşaqlara xas, miflərin də çıxdığı ibtidailiyə; onun ən qəribə hekayələrini sürreal saymayıb, daha çox qarabasmaya bənzətməyimizin səbəbi də budur. Kafkadakı eksformativ assosiasiyalar eyni zamanda həm sadə, həm də çox zəngindir, adətən yozulması mümkünsüzdür: təsəvvür edin, məsələn, tələbəyə siçan, dünya, qaçırdım, divarlar, yaxınlaşır, otaq, tələ, pişikpişik siçanı yedi sözlərinin arxasında dayanan müxtəlif məna əlaqələrini açıb düzməyi tapşırırsınız.

Mən hələ Kafka`nın tətbiq etdiyi özünəməxsus gülməliliyin sinir rezonansları Amerikada formalaşmış tələbələr üçün həddən artıq yad olduğundan danışmıram2 . İş ondadır ki, Kafka`nın yumorunda müasir Amerikanın əyləncə industriyasına məxsus forma və kodların heç biri yoxdur. Heç bir rekursiv söz oyunu və ya verbal hoqqabazlıq yoxdur, çox az kinayə və ya rişxənd var. Kafka`da heç bir fizioloji zarafat, seksual ikimənalılıq, qəbul edilmiş normaları təhqir edən ədabaz üsyan cəhdləri yoxdur. Nə banan qabığı və ya avara limfa vəzilərinin iştirakı ilə Pinchon`sayağı fars var. Nə Roth`sayağı priapizm, nə Barthes`sayağı metaparodiya, nə də Woody Allen`ə xas zarımaq. Nə müasir sitkomlara məxsus hay-küylü dönüşlər, nə vaxtından tez müdrikləşmiş uşaqlar, nə də vulqar nənə-baba və ya sinik üsyankar iş yoldaşları. Və yəqin ki, hər şeydən çox yad olan, Kafka`nın avtoritet obrazlarının lağa qoyulmalı başıboş təlxəklər olmamaları, əksinə, eyni zamanda həm absurd, həm qorxulu, həm də kədərli olmalarıdır. Cəzaçəkmə müəssisəsində`ki leytenant kimi. 

Mən demirəm ki, Kafka`nın yumoru amerikalı tələbələrin anlamayacağı qədər incədir. Əksinə, sinifdə Kafka`nın gülməliliyini kəşf etmək üçün az da olsa effektiv olduğunu düşündüyüm yeganə yol tələbələrə onun yumorunun əslində heç də incə olmadığını, daha doğrusu anti-incə olduğunu göstərməkdir. Deməkdir ki, Kafka`nın gülməliliyi bizim metafor kimi qavradığımız həqiqətlərin radikal şəkildə hərfiləşdirilməsinə əsaslanır. Mən tələbələrimə izah edirəm ki, bizim ən dərin kollektiv hisslərimiz yalnız məcazi mənada ifadə edilə bilir, elə ona görə də biz onları ifadələr adlandırırıq. Metamorfoz`u keçərkən bəzən tələbələrimə təklif edirəm ki, birini iyrənc və ya qorxunc adlandıranda və ya birini hər qara işi görən hesab edəndə əslində nəyin nəzərdə tutulduğu üzərində düşünsünlər. Ya da, məsələn, Cəzaçəkmə müəssisəsində hekayəsini yenidən, bu dəfə qulaqburması vermək və ya birini cırıq-cırıq etmək ifadələrini və ya “Orta yaşlarına çatanda hər kəs layiq olduğu sifəti alır” deyimini nəzərə alaraq oxusunlar. Ya da Aclıq ustası`na diqqət xəstəsi və ya sevgi acı kimi ifadələr və ya varından-yoxundan keçmək ifadəsindəki ikimənalılıq perspektivindən baxsınlar; ya da kiçik, amma heç də az vacib olmayan bir faktı unutmasınlar ki, anoreksiya sözünün kökü yunanca “istəmək” mənası verir. 

Bu məqamda adətən tələbələrin marağı oyanır ki, bu da əladır; amma müəllim hələ də vicdan əzabı çəkir, çünki metaforun-hərfiləşdirilməsilə-komediyanın-açılması taktikası Kafka`nın komediyasının onu eyni zamanda faciə edən, faciə olmaqla yanaşı hər zaman sonsuz və ehtiram dolu şənlik doğuran dərin kimyasını izah etməyə yetmir. Odur ki, adətən bunun ardınca mən sığortalanmaq üçün geri qayıdıb əzablı bir saat ərzində tələbələri xəbərdar etməyə çalışıram ki, bütün itiliyinə və eksformativ gərginliyinə baxmayaraq Kafka`nın hekayələri həqiqi mənada yumor deyil. Kafka`nın şəxsi qeydlərindəki nisbətən sadə və qara dar ağacı yumoru (“Ümid var, amma bizimçün yox”) onun hekayələrinin ana mövzusu deyil. 

Kafka`nın hekayələri üçün daha çox qrotesk, möhtəşəm və tamamilə modern mürəkkəblik, “şüursuzluğun” (şəxsən mənə görə bu da “ruh” sözünün bəzək-düzəkli sinonimidir) Həm/Həm də məntiqi çoxvalentliliyinə çevrilən ambivalentlik xasdır. Nəhayət, Kafka`nın yumoru -nəinki nevrotik olmayan, hətta anti-nevrotik, sonadək ağlı başında– dini yumordur, amma bu Kierkegaard, Rilke və Zəburdan gələn dindarlıqdır; qarşısında hətta xanım O`Connor`un qatı dindarlığının yüngül göründüyü ürəkparçalayan ruhanilik, hazırca girov qoyulmuş qəlblər. 

Fikrimcə, zarafatı əyləncə, əyləncəni isə təskinlik3 vasitəsi kimi görməyi öyrədən mədəniyyətdən çıxan uşaqların Kafka`nın yumorunu anlamasına mane olan da elə budur. Məsələ onda deyil ki, tələbələrə Kafkanın yumoru çatmır, məsələ ondadır ki, biz onlara yumorun adama çatan bir şey olduğunu öyrətmişik, mən`in insanın sadəcə sahib olduğu bir şey olduğunu öyrətdiyimiz kimi. Təəccüblü deyil ki, onlar Kafka`nın yaradıcılığının mərkəzində duran yumoru anlamırlar: insanın mən`i uğrunda gedən amansız mübarizə nəticəsində bərqərar olan mən həmin amansız mübarizənin ayrılmaz tərkib hissəsinə çevrilir. Evimizə doğru sonsuz və mümkünsüz yolumuz əslində elə evimizdir. Bunu lövhə qarşısında durub sözlərlə ifadə etmək çətindir, inanın. Tələbələrinizə deyə bilərsiniz ki, Kafka`nın onlara “çatmaması” bəlkə də elə yaxşılığa doğrudur. Təklif edə bilərsiniz ki, Kafka`nın hekayələrini bir qapı kimi təsəvvür etsinlər. Bu qapıya yaxınlaşıb onu döydüyümüzü, döyəclədiyimizi, içəri girməyi sadəcə istədiyimizi deyil, buna ehtiyac duyduğumuzu təsəvvür etsinlər; səbəbini bilmirik, amma daxil olmağı dəlicəsinə istəyirik, döyəcləyirik, təpikləyirik. Nəhayət qapı açılır... həm də çölə doğru – biz isə bütün bu vaxt ərzində daxil olmaq istədiyimiz içəridəymişik. Das ist komisch.  

 

1 - Bu baxımdan misal olaraq Hemingway`in “Təmiz, işıqlı yer” hekayəsinin ilkin səhifələrindəki “Nə idi qocanı belə təlaşlandıran?” – “Heç nə” dialoqu ilə “Ağ ev təcrübəçisi ilə Cadillac arasında ən böyük fərq ondadır ki, heç də hamı Cadillac`ın içində olmayıb” zarafatını müqayisə edin. Ya da Vonnegut`un “Barnhaus effekti haqqında hesabat” hekayəsinin sonundakı “Sağ ol” ifadəsinə qarşılıq olaraq “Bir lampanı taxmaq üçün neçə sürrealist tələb olunur?” sualına “Balıq!” cavabının funksiyası haqqında düşünün. 

2 - Mən burada tərcümədə itirilən mənalardan danışmıram. Bu gün burada toplaşmağımızın səbəbini kənara qoysaq, etiraf edim ki, almanca çox az bilirəm və mənim bildiyim və öyrətdiyim Kafka cənab və xanım Muir`lərin Kafka`sıdır və baxmayaraq ki, nə qədər məna itirdiyimdən heç bir xəbərim yoxdur, haqqında danışdığım gülməlilik Muirlərin bizə tanış ingilis versiyasında mövcuddur. 

*[= “Qəsr”in, məncə Princeton`dan olan bir nəfər tərəfindən yeni tərcüməsi ilə əlaqədar Amerika PEN mərkəzinin təşkil etdiyi tədbir. Əgər hələ aydın olmayıbsa, bu yazı çox qısa nitqin mətnini əks etdirir.]

3 -  Johns Hopkins Universitetinin nəşriyyat evi yumorun müasir Amerikan təfəkküründə oynadığı arxayınlaşdırıcı funksiyası haqqında cild-cild kitablar dərc edə bilər. Kobud dildə desək, bizim müasir mədəniyyətimiz həm inkişaf baxımından, həm də tarixən yeniyetmədir. Yeniyetməliyin insan inkişafında ən stressli və qorxulu dövr kimi qəbul olunduğunu nəzərə alsaq – arzu etdiyimizi iddia etdiyimiz yetkinliyin həqiqi və daralan öhdəliklər və məhdudiyyətlər sistemi şəklində özünü göstərməyə başladığı və sevmədiyimizi iddia etdiyimiz uşaqlıq qayğısızlığına geri dönməyi daxilən arzuladığımız mərhələ - bir mədəniyyət olaraq, ilkin funksiyası qaçış olan incəsənətə və əyləncəyə, yəni fantaziyaya, adrenalinə, tamaşaya, romansa və s. nə üçün belə həssas olduğumuzu anlamaq çətin deyil. Yumor bir sənətdir və bugünkü gündə biz Amerikalılar əksəriyyət olaraq incəsənətlə əsasən özümüzdən qaçmaq üçün – bir müddətliyinə də olsa siçan olmadığımız, divarların paralel olduğu, pişikdən qaçmağın mümkün olduğu ilə özümüzü aldatmaq üçün tanış olduğumuza görə əksəriyyətimizin Kiçik təmsil'i heç də gülməli hesab etməməyimiz, hətta “əsl” yumorun bizi pəncəsindən xilas etdiyi həmin qanqaraldan ölüm-və-vergilər reallığının ürəkbulandıran bir növü kimi görməyimiz anlaşılandır.

* (Sizcə əksər Amerikalıların məhz kollec dövründə yüksək cinsi aktivliyi, yıxılanadək içməyi və ümumiyyətlə Dionissayaq eyş-işrətə qapılmağı təsadüfidir? Deyil. Kollec tələbələri yeniyetmələrdir, onlar qorxu içindədir və bu qorxunu Amerikaya məxsus tərzdə dəf edirlər. Cümə günü yataqxana pəncərəsindən baş-ayaq asılmış o lüt oğlanlar özünə hörmət edən istənilən ali məktəbin bütün həftə üzərində düşünməyə vadar etdiyi qaramat yetkin həyat mövzularından bir neçə saatlıq qaçmağa çalışırlar.)

 

İngilis dilindən tərcümə: Nərmin Mirzəyeva