Vegetarian
"Keçmiş həyatlar" ötən ilin bəh-bəhlə təriflənən filmlərindən idi. "Rolling Stone" və "Empire" jurnalları koreyalı qadın rejissor Selin Sonun debütünü 2023-cü ilin ən yaxşı filmi seçmişdilər. “New-York Times” və “Guardian” da yazırdı ki, filmə mütləq baxmalısınız, başqa cür ola bilməz.
İlin-günün bu vaxtında sevgi mövzusunda yeni nə demək olar, filmin "love story"sini digərlərindən fərqləndirən nədir axı? Suallar beynimi məşğul edirdi, maraq xatirinə oturub baxmaq qərarına gəldim.
Sonda deyəcəyimi elə əvvəl başdan deyim, filmin "love story"si keçmişdəkilərdən heç nəyi ilə fərqlənmir, mövzusu: əlçatmaz sevgi.
Əlçatmaz sevgi
Koreyalı yeniyetmə oğlan Teo Yu və qız Na Yanq bir-birini sevir, can deyib can eşidir, öz uşaq aləmlərində xoşbəxt ömür sürürlər. Amma günlərin bir günü tale onların xoşbəxtliyinə badalaq gəlir, Na Yanqın ailəsi Amerikaya köçməyə qərar verir, yeniyetmələr qəfildən ayrılırlar.
Azadlıqlar ölkəsinə köçdükdən sonra Na Yanq adını dəyişir, olur Nora. İllər keçir, Nora bir gün uşaqlıq sevgilisinin onu axtardığını öyrənir. “Facebook”da tapışır, internet vasitəsilə yenidən sevişməyə başlayırlar, amma məsafəli münasibət, gənclik hərdəmxəyallığı vüsala imkan vermir.
Onlar bir də on iki ildən sonra görüşürlər. Teo Yu Noranı görmək üçün Nyu-Yorka gəlir. Nəhayət, üzbəüz görüş baş tutur, amma taleyin oyununa bax ki, bu dəfə onların qarşısına daha amansız sədd çəkir. Nora Artur adlı yəhudi yazıçıyla evlidir. Arturun baş verənlərdən xəbəri var, həyat yoldaşının uşaqlıq sevgilisi üçün əldən-ayaqdan getdiyini görür. Lakin o ağıllı, anlayışlı və nəzakətlidir, ikisinə görüşməyə, birlikdə vaxt keçirməyə, hətta gözləri qarşısında flirtləşməyə imkan yaradır. Ofsaytda qaldığını görəndə də böyük ürək sahibi olduğunu sübut edir. Həyat yoldaşına bu cür sevgi hekayəsiylə rəqabət apara bilməyəcəyini, kənara çəkilmək istədiyini bildirir. Nora razılaşmır, deyir, yox, nə danışırsan, Teo Yu onluq deyil, çünki o, əsl kişidir, hədsiz maskulin, mümkün deyil, uyuşmazlar. Bununla belə, qadın uşaqlıq sevgilisiylə görüşlərə can atır, ayrılıq dəmi çatanda isə sel kimi göz yaşı tökür. Əri də kənarda dayanıb baş verənlərə tamaşa edir. Nora üstünə hönkürərək gələndə qucaqlayıb təskinlik verir.
Düzü, filmin qaldırdığı sualları, yaxud vermək istədiyi mesajları mən tam dərk edə bilmədim. Rejissor demək istəyirdi ki, sevgiylə qarın doymur, soğanı qoyub nisyəyə qaçmazlar? Yoxsa maskulin kişi sərfəli seçim deyil, sevə bilərsən, amma nərmənazik adamla yoluna davam etməyin daha məqbuldur?
Bu film niyə bu qədər göylərə qaldırılır, baş açmadım həqiqətən. Bir onu sezdim ki, Selin Son ilk təcrübəsi olmasına baxmayaraq, konyukturanın şah damarından tuta bilib. Bu mənim şəxsi qənaətimdir əlbəttə, razılaşmaya bilərsiniz.
“Keçmiş həyatlar”da bir maraqlı səhnə var, məyus Teo Yu Na Yanqdan niyə Amerikaya can atdığını soruşanda, gələcəkdə yazıçı olmağı arzulayan qızcığaz ona belə cavab verir: “Koreya ədəbiyyat üzrə Nobel mükafatı qazanmayıb, Nobel almaq üçün ora getməliyəm”.
Filmin təqdimatından bir il sonra bu arzu çin oldu: koreyalı qadın yazıçı Hanq Kang ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.
Biz adətən müasir ədəbiyyatı beş-on addım geridən səndələyə-səndələyə təqib edirik. İndi iş nə yerdədirsə, Hanq Kangı məşhurlaşdıran “Vegetarian” romanı Azərbaycan dilinə belə Nobeldən əvvəl tərcümə olunub.
Bəs bu roman nədən bəhs edir?
Ağac olmaq istəyən qadın
İlk baxışda həyat öz sabit axarındadır. Yonqhe yaxşı həyat yoldaşıdır, başıaşağıdır, həlimdir, əlinin duzu da ki öz yerində. Qarınqulu ərini o hər mənada qane edir. Kişinin penisi balaca olub bunu özünə dərd etsə də, Yonqhe əsla açıb-ağartmır. Amma yaxşı günün ömrü az olar deyiblər, bu dinc, asudə həyat da sən demə, kəllə-mayallaq aşmağa bənd imiş. Yonqhe bir gecə yatıb qorxulu yuxu görür və o dəqiqə vegetarian olmaq qərarına gəlir. Hətta vegetarianlığa o qədər aludə olur ki, “səndən ət iyi gəlir” deyib ərinə yaxın durmur. Kişi başını itirir, yeməyi yox, yatağı yox, bir xoş günü yox, gecələr evə gələndə arvadını zorlamağa başlayır.
Yonqhenin valideynləri də qızlarının vegetarian olmasına şiddətlə qarşı çıxırlar. Hətta ailəvi məclisdə müharibə veteranı zəhmli atası ona zorla ət yedizdirməyə cəhd edir, yeməyəndə döyür. Yonqhe atasının əlindən qurtulub masanın üstündəki bıçağa cumur, biləyini kəsib qanını tökür.
Yonqheylə ərinin münasibətləri getdikcə pozulur. Çünki qadın təkcə vegetarianlıqla kifayətlənmir, büstqalterdən də imtina edir. Əri üçün əlamətdar iş görüşünə o, məmədan taxmadan gəlir, əndamını qoyur ortalığa, kişi az qalır havalansın. Nə qədər özünü həlak edir, həyat yoldaşı məmədan taxmır ki taxmır, çünki ürəyini sıxır.
Yonqhenin vegetarianlıqdan əl çəkməyəcəyini, məmədan taxmayacağını görəndə əri ayrılmaq qərarına gəlir. Boşanırlar.
Romanın ikinci fəslində səhnəyə Yonqhenin bacısı əri çıxır. O, öz aləmində sənətkardır. Evə pul gətirmir, arvad hesabına yaşayır. Arvadı da onun bütün tələblərini ödəyir, öl deyir, ölür, qal deyir, qalır. Yonqhe bacısının əlinə su tökə bilməz, bacısı uğurlu iş qadınıdır, ondan gözəl və anlayışlıdır. Amma əri birdən birə nədənsə gözəgəlimsiz Yonqheyə tamah salır. Onun səhhətinin pisləşməsini bəhanə edib yoluxmağa gedir və özünün vizual sənət layihəsində çılpaq rol oynamağa dəvət edir. Yonqhe razılaşır. Sənətkar onun bədəninə gül-çiçək rəsmləri çəkir. Rəsm bəhanədir əlbəttə, sənətkar sadəcə Yonqheni yatağa atmaq istəyir. Arzusunu dilə gətirəndə, qadın razılaşmır. Ancaq sənətkarın başı yaxşı işləyir, dərhal öz bədəninə də gül-çiçək rəsmi çəkir. Yonqhe gül-çiçəyə heyrandır axı, bədəni gül-çiçəkli kişiyə necə yox desin? Deyə bilmir təbii ki. Səhəri gün Yonqhenin bacısı evə gəlib ikisini yataqda tutur. Ərini həbsxanaya, bacısını isə dispanserə göndərir.
Üçüncü fəsildə biz Yonqheni dispanserdə görürük. O, ayaqları göydə, başı aşağı vəziyyətdə dayanıb. Ona elə gəlir ki, ağacların kökləri başındadır, onlar başıaşağı dayanırlar və o özü də bir ağacdır. Yonqhe artıq vegetarianlığın daşını atıb, bir bitki kimi sudan başqa heç nə qəbul etmir. Gündən günə arıqlayır, bir dəri bir sümük qalır, yenə də “yemərəm” deyib durur.
Yonqhenin davranışlarına məntiqli izah tapmaq istəyirsən, amma sən bir işə bax ki, elm də onun davranışlarını izah etməkdə acizdir. Qadın şizofren deyil, anoreksiyadan əziyyət çəkmir, bəs niyə göz görə-görə ölümə gedir, niyə bitki olmaq istəyir, mütəxəssislər cavab tapa bilmirlər.
Roman faciəvi sonluqla bitir, həkimlər Yonqheni zorla yedizdirmək istəyəndə, o, aclıqdan qan qusur. Hekayə başa çatır.
Kişi rasionallığından bezginlik?
“Vegetarian” əsərini göylərə qaldıranlar Yonqhe obrazının cəmiyyətin istəklərini yerinə yetirməkdən imtinasına, onun vəhşiliyə qarşı çıxaraq vegetarian olmasına, qadının daxili azadlığı uğrunda mübarizəsinə və özünü acından öldürməyə qədər gedib çıxan passiv müqavimətinə vurğu edirlər.
Deyim ki, əsərdə ən diqqətçəkən məqam elə bu passiv müqavimət elementidir. Amma axı bu yazıçının öz tapıntısı deyil. Kitabı oxuyarkən birdən dalağım sancdı, süjet xətti on doqquzuncu əsrin şedevrlərindən biri Herman Melvillin “Mirzə Bartlbi” əsərindən götürülüb ki!
“Mirzə Bartlbi”də də əsas qəhrəman (kapitalist) sistemə və cəmiyyətin tələblərinə etiraz olaraq işləməmək qərarına gəlir. Vəkil obrazı Bartlbiyə nə qədər kömək etmək istəsə də, o imtina edir, ictimai tələbləri yerinə yetirmədiyinə görə sonda hətta həbsxanaya salınır. Bir gün vəkil həbsxanaya yemək aparır, lakin Bartlbi “yemək yeməməyi üstün tutur" və sonda acından ölür. Bartlbinin ölümü onun cəmiyyətə və sistemə qarşı sonuncu passiv müqaviməti kimi qəbul edilir.
İndi maraqlıdır, “Vegetarian”dan “Mirzə Bartlbi”nin sujet xəttini çıxarsaq, ortada vegetarianlıq və məmədan söhbətlərindən savayı nə qalacaq?
Mən bu kitabı dişimi sıxıb oxuyarkən həqiqətən təəccübləndim. Yəni bu həddə?
Qadından sui-istifadənin fəsadları barədə çox yazılıb, Qonçarovun “Adi əhvalat”ı məsələn, yüz dəfə oxu, doymazsan, sənətkar yaradıb. Belə nümunələr olduğu halda indi niyə üçüncü, dördüncü dərəcəli əsərlər şedevr kimi təbliğ edilir? Niyə bunları bizə yedizdirmək, müqavimət göstərəndə əl-qolumuzu bağlayıb ağzımıza qaşıqla dürtmək istəyirlər? Dünya bəlkə yenilik axtarışındadır, kişi yanaşmasından, interpretasiyasından fərqli bir alternativ intizarında?
"Gecəyarısından əvvəl" filmində yazıçı ərindən təngə gələn Selinin üsyanı yada düşür:
"Dünya emosiyasız, rasional kişilərin törətdiyi zibillərdən boğaza yığılıb, başa düşdün? Siyasətçilər səbəbsiz müharibələr törədir, şirkət rəhbərləri ətraf mühiti məhv edirlər... Bunların hamısının arxasında rasional düşüncə dayanır".
Ola bilər. Bəlkə də, dünya həqiqətən kişi rasionallığından və emosiyasızlığından bezib. Amma buna qarşı qoyulan əsərlər nə dərəcədə mükəmməldir? Bax sual budur. Əlahiddə əsərlər yazan, orijinal ədəbi nümunələr ortaya qoyan qadın yazıçılar yoxdurmu? Var, təbii ki, ürəyin istədiyin qədər. Sadəcə belə görünür, onların yaradıcılıqları müasir standartlara uyğun gəlmir.
“Vegetarian”ın məntiqindən çıxış etsək, Nobel mükafatına növbəti iddialını təxmin etmək çətin deyil. “Biz niyə hamımız feminist olmalıyıq” kitabının müəllifi nigeriyalı qadın yazıçı Çimamanda Nqozi Adişiye ideal namizəddir. Böyük ehtimalla, yaxın gələcəkdə laureat olacaq. Mən sağ, siz salamat, yaşayarıq, görərik.