THE BAKU REVIEW

Ulysses, nizam və mif

T. S. Eliot

21 oktyabr 2024
Ulysses, nizam və mif

Mister Coysun əsərini (“Uliss”) ümumi mənada tərifləmək, yaxud bu əsəri tənqidlərə qarşı müdafiə etmək üçün artıq xeyli vaxt keçib, üstəlik, bu əsərin ənənə içindəki yerini və əhəmiyyətini tam şəkildə təyin etmək məqsədilə həyata keçiriləcək hər hansı təşəbbüs üçün hələ çox tezdir. Belə bir əsərlə bağlı görüləsi yeganə faydalı və böyük iş onun hələ izah olunmamış xeyli istiqamətindən birini üzə çıxarmaq, anlaşılmasını asanlaşdırmaqdır. Bu, çağımızı ən yaxşı formada ifadə edən, hamımızın borclu olduğu, kənara atılmamalı əsərdir. Bunlar mənim əsərlə bağlı isbata ehtiyac görmədiyim postulatlardır. Tərifimin detallarına keçməklə oxucunun vaxtını almaq istəmirəm. Bu kitab mənə bir əsərdən gözlədiyim sürpriz, zövq və qorxu kimi hissləri dadızdırdı, bu da mənə bəs edir. 

Əsərlə bağlı yazılan tənqidlərin içində tənqiddən çox təqdimat olan və əsərdə istifadə edilən metodun mənasını, əhəmiyyətini dəyərləndirən M. Valeri Larnbonun yazısı kimi bir yazıya rast gəlməmişəm; bu yazıda roman ilə “Odisseya” arasındakı oxşarlıqlara diqqət göstərilib və hər hissənin xüsusiyyətlərinə uyğun şəkildə istifadə olunan üslubun, simvolların əhəmiyyətindən söhbət açılıb. Əsərin diqqətimizi çəkən ilk xüsusiyyətinin bu olduğunu düşünsək də, yazıda bu metod müəllifin realist hekayəsini ifadə etmək üçün qurduğu skelet, yaxud əyləncəli oyun kimi götürülür və bunun əsərin strukturuyla bütövlükdə əlaqəsi olmadığı ifadə edilir. Mister Oldinqtonun bir neçə il əvvəl “Uliss”ə tuşladığı tənqid, zənnimcə, bu nöqtəni nəzərdən qaçırdığı üçün uğursuzluğa düçar olub. Ancaq mister Oldinqtonun tənqidi yazısı romanın hamısı hələ ortalığa çıxmamışdan qabaq yazıldığına görə, əsəri bütöv şəkildə oxuyub hökm verənlərdən daha şərəfli səhvdir. Mister Oldinqton mister Coysu əsrimizdəki xaosun peyğəmbəri kimi gördü və sehrbazın əsasından fışqıran Dadaizm daşqını qarşısında fəryad etdi. Təbii ki, mənim rakursumdan mister Coysun əsərinin gələcək nəsillər üzərindəki təsirindən söhbət getmir. Çox böyük bir əsərin, əslində, çox pis təsiri ola bildiyi kimi, bayağı bir əsərin də çox yaxşı təsiri olduğu görülüb. Gələcək nəsil öz mənəvi dəyərlərini özü yaradacaq; dühanın intizamsız və təhsilsiz avaraya cavab vermək məcburiyyəti yoxdur, onun özü kimi yaradıcı dühaya sahib olanlar qarşısında öhdəliyi var. Yenə də mister Oldinqtonun patetik narahatlığı kitabın strukturuyla bağlı qəbul etmədiyim eyhamlarla doludur. Başa düşdüyümə görə, mister Oldinqton əsəri xaosa çağırış, pozğun və yarımçıq hisslərin ifadəsi, reallığın deformasiya edilmiş forması kimi görür. Ancaq mister Oldinqtonun öz sözlərini burada sitat çəkmədikcə, fikirlərini dəqiq şəkildə ifadə edə bilməyəcəyəm. O belə deyir: “Üstəlik, mister Coys ecazkar ifadə bacarığını bizi insanlıqdan iyrəndirmək üçün istifadə edir, bəşəriyyətə qarşı düzgün olmayan və çirkin şeylər edir.” Bu aşağı-yuxarı Tekkereyin mədəni formada Sviftlə bağlı fikirlərinə oxşayır. Tekkerey belə deyirdi: “Əsərin əxlaqi tərəfi isə qorxunc, utancverici, insanlıqdan uzaqdır və dini aşağılayır. Yazıçı nə qədər böyük din adamı olur olsun, fitə basılmalıdır.” (Bu fikirlər “Qulliverin səyahətləri” adlı əsərin “Ağıllı Altar ölkəsinə səyahət” başlıqlı son hissəsi haqqındadır. Məncə, əsərin bu hissəsi insan ağlının yarada biləcəyi ən böyük zəfərlərdən biridir. Düzdür, Tekkerey daha sonra Sviftə bir insana həyatda nəsib olan ən böyük hörməti göstərdi. O belə demişdi: “O (Svift) elə böyük bir insandır ki, onu düşünmək bir imperiyanın çökməsini düşünmək kimidir.” Mister Oldinqton da öz vaxtında təxminən eyni ölçüdə comərd davranıb.)

İnsanlığı qaralamağın mümkün olub-olmaması fəlsəfəylə məşğul olanların müzakirə mövzusudur; əgər“Uliss” romanı “iftira”, saxta sənəd olsaydı, mister Oldinqtonun diqqətini çəkməyən zəif fırıldaqdan başqa bir şey olmazdı. Bu nöqtənin üzərində dayanmaq istəmirəm. Diqqətə layiq nöqtə, mister Oldinqtonun da dediyi kimi, mister Coysun “böyük intizamsızlıq qabiliyyətidir.”

Mister Oldinqton və mən klassisizm deyəndə, prinsipcə nə istədiyimizlə bağlı aşağı-yuxarı eyni fikirdəyik. Polemika üçün mister Oldinqtonu seçməyimin səbəbi də elə həmin fikir həmrəyliyidir. Mister Oldinqton və mən nə istədiyimizi bilirik, amma onu necə əldə edəcəyimiz, yaxud hansı çağdaş əsərin bizim istədiyimiz istiqamətə yönəlməsiylə bağlı eyni fikirdə deyilik. Ümid edirəm ki, siyasətdə liberal, mühafizəkar, cumhuriyyətçi və demokratlar arasında olduğu kimi, “klassisizm”in “romantizm”in alternativi olmamasında da həmfikirik. Klassisizm hər cür yaxşı ədəbiyyatın, yaxşı olduğu qədər, zaman və məkanın imkanları daxilində çatmağa can atdığı hədəfdir. Kimsə, müəyyən mənada, əldəki materialın onda doqquzunu ataraq və muzeydəki mumyalanmış əşyalar arasından bəzilərini seçərək “klassik” ola bilər, əgər zəhmətə dəysəydi, bəzi çağdaş yazıçılarla bağlı bu mövzuda çox pis şeylər demək olardı (Mister Oldinqton onlardan deyil). Və ya əlimizdəki materialdan ən yaxşı şəkildə istifadə edərək klassik bir tendensiya içində ola bilərik. Qarışıqlıq ondan irəli gəlir ki, “klassik” termini ədəbiyyat üçün olduğu kimi, müxtəlif maraqlar, davranış formaları və ədəbiyyatda ifadəsini tapan cəmiyyət üçün də istifadə edilir və bu termin hər iki müstəvidə eyni mənanı ehtiva etmir. Ədəbi tənqiddə klassik olmaq bədii yaradıcılıqda klassik olmaqdan çox asandır, çünki tənqiddə təkcə öz istədiyiniz şeydən məsulsunuz, bədii yaradıcılıqda isə sadəcə qəbul etməyə məcbur olduğunuz material ilə neyləyəcəyinizə görə məsuliyyət daşıyırsınız. Və mən bu materiala yazıçının öz emosiyalarını, hisslərini də qatıram, onlar şişirdiləsi fəzilətlər, yaxud tənqid olunası pisliklər deyil, yazıçının qəbul etməli olduğu materiallardır. Mister Coysla bağlı veriləsi sual budur: o, nə qədər canlı materialla işləyir və bunu necə təqdim edir: hakim və ya tərəfgir kimi, yoxsa sənətçi kimi?

Bax, mister Coysun “Uliss” romanında Homerin “Odisseya”sı ilə qurduğu əlaqənin böyük əhəmiyyəti buradadır. Bu əlaqə elmi kəşf qədər əhəmiyyətlidir. Əvvəllər heç kim belə bir fundamentin üzərinə belə bir roman inşa etməyib: bəlkə də əvvəllər belə bir şeyə ehtiyac olmayıb. “Uliss”ə roman deyərək köhnə mübahisəni yenidən başlatmaq istəmirəm; istəyirsiniz bu əsərə “dastan” deyin, elə də əhəmiyyəti yoxdur. Əgər “Uliss” roman deyilsə, bu, romanın artıq sosial vəzifəsini yerinə yetirə bilməyən bir ədəbi növ olmasıyla bağlıdır. Çünki roman ədəbi növ olmaqdan daha çox, daha qatı bir şeyə ehtiyac hiss edəcək qədər formasını itirməmiş bir əsrin ifadəsidir. Mister Coys “Portret” adlı bir roman yazıb; mister Vindam Lyuis də “Tarr” adlı roman yazıb. Məncə, bu iki yazıçının heç biri başqa “roman” yazmayacaqlar. Roman Floberlə, Henri Ceymslə yekunlaşdı. Zənnimcə, mister Coys və mister Lyuis çağlarının çox irəlisində olan iki yazıçı kimi, bilərəkdən, yaxud bilməyərəkdən romanın artıq əsrin ehtiyacını qarşılaya bilmədiyini hiss etdikləri üçün, roman dəbinin ötüb keçməsindən xəbərdar olmayan bir sıra yazıçının romanlarından daha formasız əsərlər yaradıblar.

Mister Coys əsərində mifdən istifadə etməklə, insanın çağdaş təcrübəsiylə keçmişdəki təcrübəsi arasındakı fərqləri və oxşarlıqları işləyərək özündən sonrakıların da istifadə etməli olduğu bir metod yaradıb. Mister Coysun davamçıları öz araşdırmalarında Eynşteynin kəşflərindən bəhrələnən elm adamlarından daha çox təqlidçi sayılmazlar. İstifadə etdikləri metod, sadəcə, əsrimizdəki möhtəşəm anarxiyaya, ümidsizlik mənzərəsinə forma və məna vermək, onun xaosunu nizama salmaqdır. Bu, Vilyam Batler Yeytsin işlətdiyi metoddur və mister Yeyts mifopoetik metodun lazımlı olduğunu anlayan ilk çağdaşlarımızdandır. Bu, horoskopuna baxanda gələcəyini parlaq gördüyümüz metoddur. Psixologiya (ona olan reaksiyamız istər gülməli, istər ciddi olsun), etnologiya və Ceyms Freyzerin “Qızıl budaq” əsəri bir neçə il qabaq qeyri-mümkün olan şeyi bu gün mümkün etmək üçün həmrəylik göstərirlər. Narrativ metod əvəzinə biz indi mifoloji metoddan istifadə edə bilərik. Çox ciddi şəkildə inanıram ki, bu metod əsrimizin xaosuna sənət müstəvisində bir nizam gətirəcək, Mister Oldinqtonun da çox arzuladığı nizam və forma. Ancaq öz-özlərinə və gizli şəkildə bu cür nizam-intizam qazanmış yazıçılar sözügedən məqsədə yadlaşmış dünyada belə bir inkişafa xidmət edə bilərlər. 

 

1923

Tərcümə edən: Qismət Rüstəmov