Sonuncu ən vacib Azərbaycan şairi haqda
Fikirlərimi toplamaq üçün ayağa qalxıb pəncərədən şəhərin qaranlığına baxıram. Əyninə tanımadığım futbol klubunun formasını geyinmiş gecə – qara və sarıdır, iki yüz metr aralıdakı mobil operator qülləsinin yanıb-sönən qırmızı işığı mənimlə razı olmasa da. Sağ tərəfimdəki tək-tük işığı yanan binaya baxıram. Sarı işıqlar bəlkə də yara yerləridir şəhərin, düşünürəm, qanayır hər yerindən qaranlıq. Ağlıma gələn növbəti fikir güldürür məni, təəccüblənirəm, nə əcəb bu vaxta qədər bu sualı heç vaxt özümə ünvanlamadığıma səbəb tapa bilmirəm: Dante kimi cəhənnəmə düşsəydim, kimin bələdçim olmağını istərdim? Tez mümkün şərtləri düşünməyə başlayıram: etik səbəblərdən bu dünyadakılar içindən seçmək olmaz, ağlıma ən birinci bu fikir gəlir. Sonra? Yəqin o da yazıçı olmalıdır, Dante'dən daha orijinal olmağa ehtiyac görmürəm. Hə, eyni dildə danışmalıyıq. Etiraf edirəm, bütün bu şərtləri sonradan uydurduğumu, zira düşünməyə ehtiyac yoxdur, cavabım həmən bəlli idi: pəncərədən aralanıb kitab rəfinə, oturduğum yerdən rahat götürə bilmək üçün əlim səviyyəsində, düz arxamda saxladığım kitaba gedirəm.
Adsız şeirində Aydın Əfəndi yazır:
Səma bütün dəliklər və ilan dişləmələri içində,
Hər yanda ancaq çığıran qarğalar görünməkdə.
Ağır-ağır dənizin sahilinə gedirəm.
Artıq öz vicdanım var, –
Özüm-özümü yeyirəm, ölüm saatını yaxınlaşdırıram,
Nə rəngə inanıram, nə qoxuya, –
Ulduz sonsuzluğu – ancaq o məni cəlb edir.
Hətta təhlükə sovuşduqdan sonra -yenə Dante'ni yamsılayıram- ilk fürsətdə soruşardım, həmişə maraqlı gəlib: necə ad tapır şairlər o qədər şeirə? İlk görüşün utancaq və çəkingən başlanğıcı üçün pis ehtimal deyil.
Aydın Əfəndi ilə ölümündən on il sonra, artıq hansı olduğunu unutduğum Bakı mikrorayonlarından birində, yaxşı heç nə vəd etməyən yaz günortası sona çatarkən tanış olmuşdum. Yarıboş mənzilin sənaye mənzərəsinə açılan pəncərəsindən boylanaraq divana əyləşərkən köhnə sarı örtüyün altından sərt cismin şiddətlə bədənimə sancıldığını hiss etmişdim. Bəzən belə olur, ağrılar və yaralardan da xoş şeylər dünyaya gəlir. O gün ev sahibi dünyasını dəyişmiş dostunu, adını heç vaxt eşitmədiyim şairi öyməsəydi və bir neçə saniyə əvvəl bədənimi ağrıtmış əşyanı – qalın ağ üzlü kiçik kitabı mənə hədiyyə etməsəydi, yəqin bu yazı olmayacaqdı.
Təsadüflərin gücü və absurd zarafat hissi daim qorxudub məni. Ev sahibinin nəzakətli hərəkəti sonrası kitabı çantama qoyanda bilmirdim ki, təsadüfdən doğulmuş bu tanışlığın gələcəkdə həyatımda nə qədər böyük yeri olacaq.
Bağışla
gənc olduğum
və səni
belə asan
itirdiyim üçün.
Bu kiçik şeiri oxuyaraq başlamışam Aydın Əfəndi haqda söhbətlərə cürbəcür yerlərdə – sevgililərimə, dostlarıma, məclislərdə tanış və tanış olmayan hər kəsə. Niyə bunu etdiyimi o vaxt bilmirdim – bunu indi başa düşürəm. Ya da yox: məgər ancaq sevmək və paylaşmaq kifayət deyil? Olduğum hər yerin Aydın Əfəndinin qaranlıq, kədərli və cazibədar poetikası ilə dolmasını istəmişəm. Görünür, bu ehtiyac idi, erkən gəncliyində insanın dünya ilə daxili aləmini sinxronlaşdırmağa ehtiyacı olur. Böyüdükcə, bu bihudə cəhddən imtina edirsən.
Qədim Roma Salamis'i!
Çiçəklənmə və çöküş dalğaları!
Bütün özünə qapanmısan, mənim kimi
gecələr, görərkən səni
taksi pəncərəsindən, qayıdarkən
yorğun, boş və dağılmış
sənin kimi! Ah, Salamis!
Əsl Aydın Əfəndini də ancaq bundan sonra kəşf edirsən, zira bəzi şeylərin dərki üçün tələb olunan tək şey zamandır.
* * *
Çünki o, tərəddüd etmədən deyə bilərəm ki, kədərin, təəssüfün və gerçəkləşməmiş arzuların şairidir. Məndən Aydın Əfəndinin dünyaya baxışını təsvir etməyimi istəsəydiniz, cavabımda sizdən heç yerdən işıqlandırılmayan, interyerinə yaxşı bələd olduğunuz qaranlıq otağa boylanmağınızı istərdim. Hər şeyin yeri məlumdur, daha doğrusu, məlum kimidir, amma heç nə görünmür, əmin deyilsiniz heç nədən və yerinizdən, tərpənib irəliləməyə çalışsanız, şübhəsiz harasa toxunacaq, ola bilər ki, özünüzü zədələyəcəksiniz. Aydın Əfəndi dünyaya tanış, amma qaranlığı və ağrı vermək gücü bundan daha az olmayan otağa baxar kimi baxır. Bu otaq ona yaxşı heç nə vəd etmir, əksinə daim yaralarını qanadır və kədərləndirir, itirilmiş insanları, vaxtı, fürsətləri, bəlkə də xoşbəxt olmaq ehtimallarını xatırladır.
Külək qollarımı qoparmaq istəyir
və yüksəyə aparmaq onları boş səmaya.
Dağlar, dənizlər və daşlar ayaqlar altında uzanıb, –
görmürəm onları, üzümlük kimi,
kiçik evimi aydınladan, –
o zəhərlidir, lap boz səma kimi,
dağıdacaq indicə bütün qəzəbini
yazıq başıma
min il əvvəl keçəlləşmiş
və xatırladır çox almanı
hamı onu xırçıltı ilə yemək istəyir, –
boğulmamaq,
qusmamaq,
fəqət yeyib gülmək
Cakonda kimi
və əbədi sirri olmaq
rəssamın.
Düşünürəm ki, sağlığında onunla tanış olsaydım, Joy Division'un -dinlədiyini ehtimal edirəm- hansı albomunu daha çox sevdiyini soruşardım. Mən, Unknown Pleasures'i daha çox bəyənirəm, düşünürəm ki, Aydın Əfəndinin bütün yaradıcılığı mahnıya çevrilsəydi, məhz bu alboma oxşayardı. Soyuq və kədərli, ilk baxışdan boz, qəzəbli, məyus – nə qədər düşünsəm də ağlıma daha yaxşı bənzərlik gəlmir. Aydın Əfəndi yolunu tapmışdı sərt və soyuq misralarla dünyanın və daha da vacibi insanın içindəki sonsuz kədəri yazmağın, bu işdə bəlkə ona mexanika-riyaziyyat fakültəsinin məzunu olmağın köməyi olmuşdu, bəlkə sevdiyi T. S. Eliot poeziyasının, bəlkə də boz və sərt sənaye şəhəri Bakının, İmperiyanın dağıldığı qorxulu zamana məruz qalmağın. Əminəm bunların hamısının təsiri olub, çünki dahinin kimyəvi tərkibi heç vaxt sadə olmur.
* * *
Dörd il tərcümə oxusam da heç vaxt bu işlə məşğul olmamışam, istəməmişəm. Aydın Əfəndinin Fürsətlər poeması ilkimdir, bu addımımı Azərbaycan ədəbiyyatının sonuncu ən vacib şairinin, fikrimcə, ən vacib mətninin Azərbaycan dilində olmağını vacib saymağım ilə əlaqələndirə bilərdim və haqsız olmazdım. Fəqət bunları səsləndirməyəcəm, çünki niyyətim tamam başqadır: mən bu tərcüməni həyatıma, həyata baxışlarıma və yazıçılığıma böyük təsir göstərmiş sevimli şairimlə sağlığında qura bilmədiyim ünsiyyəti necəsə davam etdirmək -amma bu dəfə daha dərindən- cəhdi kimi görürəm. Davam etdirmək dediyimi nə üçün – bilirəm ki, yaxşı başa düşürsünüz.
Sonuncu ən vacib Azərbaycan şairinin ən vacib mətnini Azərbaycan dilinə çevirmək ifadəsi nabələdlər üçün qəribə görünə bilər. Azərbaycan ədəbiyyatı ancaq Azərbaycan dilində yaradılmır, bu ədəbiyyatın rus dilində yazan vacib müəllifləri də var. Nəsrdə Maqsud İbrahimbəyov nə qədər əhəmiyyətlidirsə, milli poeziyamızda Aydın Əfəndi o qədər vacib yer tutur. Hətta onun rolunu daha vacib hesab edirəm, zira poetik düşüncənin dərinliyində Aydın Əfəndinin bənzəri gəlmədi. Azərbaycan poeziyasının ondan sonrası intriqalar, dəlilər, ortabablar, yaltaqlar və satqınlar, sərt oğlanlar və kövrək qızlar, mərd narazılar və mürgülü məmurlardan ibarətdir. Hər şey oldu, hər şey baş verdi, amma xalis poeziyaya çevrilə bilmədi.
İcazə verin, fikrimi izah edim: nəsrdən fərqli poeziyaya həmişə hansısa qaranlıq sahə kimi baxmışam. Şairin işi o sahəyə daxil olub onu bizə görünən etmək, qaranlıqdan qopardıqları ilə dünyanın və daha da vacibi poeziyanın sərhədlərini genişləndirməkdir. Poeziya dil hadisəsi olduğu qədər -ancaq bundan ibarət olsaydı, Azərbaycan ədəbiyyatı kontekstində Aydın Əfəndi kimi Nizami Gəncəvidən də danışa bilməzdik- həm də obraz yaratmaq işidir. Bu baxımdan hər məktəbli, yaxud hər filosof özündən əvvəlkilərdən daha çox məlumatlı olduğu kimi, hər böyük şair də özündən əvvəlki böyük şairlərin girdiyi qaranlıqdan daha uzağa gedə bilib. Aydın Əfəndinin Azərbaycan şeirindəki müstəsnalığını təmin edən amil bundan ibarətdir. Ondan sonra o qaranlığa daxil olub daha uzağa gedən olmadı.
* * *
Müasir şeir -söhbət əlbəttə xronologiyadan getmir- fikrimcə, yeni poetik ifadə imkanları tapan şeirdir. Bu cəhətdən Aydın Əfəndinin, onun həyatının son dövrlərində yazdığı Fürsətlər poemasının müstəsna dəyəri vardır. Qısa ifadə etsəm fikrimi, o, özündən yetmiş il əvvəl sevimli şairi T. S. Eliotun Bəhrəsiz torpaq'da etdiyini edir. Qısa cavabları sevmirəm, onlar məni yorur, düşünməyə və boşluqları doldurmağa vadar edir. Mənə uşaqlıqdan özümə rəva görmədiyimi başqalarına etməməyi öyrətdikləri üçün uzun cavaba keçirəm.
T. S. Eliot nə edir? Poemasını Birinci dünya müharibəsinin kədərinin, onun daha da sürətləndirdiyi fraqmentarlığın, bu fraqmentarlığın həyata gətirdiyi təəssüfün və namüəyyənliyin himninə çevirir. Bəhrəsiz torpaq başdan sona qədər bu kədər və təəssüf, namüəyyənlikdən hörülüb. Amma bununla kifayətlənmir şair. Həyat fraqmentardır? Deməli, onun himni də fraqmentar olmalıdır.
Aydın Əfəndi də eyni şeyi edir. Əgər eyni şeyi edirsə, haradadır müasir şeir, haradadır yeni poetik ifadə imkanları tapmaq? Tələsməyin, söz verirəm, bu cavabım daha uzun olacaq.
Hər tərəfi üfunət bürüyəndə
və şəhər qalın görünməz pərdə ilə örtüləndə
və ətrafda itlər və siçovullar vurnuxanda,
və özünə yer tapa bilmirsən
sığınmağa, gizlənməyə və ya unudulmağa
bütün bu vampirlərdən
və gözdən uzaq yer axtarırsan
gözlərini yumub arzular dünyasına keçməyə
Sovet İttifaqının süqutu onun həyatında da sarsıntılara səbəb olmuşdu, bu bilinən məlumatdır. İmperiyanın yoxa çıxmağı və müstəqil ölkələrin meydana gəlməsinin özüylə gətirdiyi sonsuz ağrılardan bəlkə də ən az dilə gətirilənləri yeni namüəyyənlik və itirilmiş böyüklük idi. Tərs kimi, bu iki faciə bir yerə gələndə təsir gücü dəfələrlə artır. 20. əsrin ən uzun sosial eksperimenti bitəndə təkcə xəritələrdə yeni ölkələr peyda olmadı, həm də arzular və ümidlər dəfn edildi o xəritələrə heç vaxt düşməyəcək kütləvi məzarlıqlarda. Yeni iqtisadi gerçəkliklər, dövlət-vətəndaş münasibətlərindəki dəyişikliklər dünyanın ən böyük ölkəsinin milyonlarla keçmiş sakininə yerdə cəhənnəmi yaşatmışdı. Bir sözlə Aydın Əfəndi ilə görüşmək üçün uzaq cəhənnəmə ehtiyac yox idi, mənim ötən əsrin doxsanıncı illərinin əvvəlində təxminən iyirmi yaş böyük olmağım bəs edərdi. Bu tərcüməyə həm də iyirmi il gecikən birinin nəhayət o vacib görüş yerinə gəlib çatmağı kimi baxmaq olar.
Fürsətlər poeması məhz bu süqutun və sonu görünməyən ağrının bədii həlli idi.
* * *
Poemanın bədbin və təşviş dolu ilk hissəsində bütün bu ağrılardan xəyali qaçış fürsətləri barədə düşüncələrə dalarkən Aydın Əfəndi sayıqlığını itirmir: onun gəldiyi nəticədə ümidə yer yoxdur. Simfoniya olsaydı bu poema, dörd hissə ancaq adagio dinləyəcəkdik. Bir yandan bu ümidsizlik kosmikdir, kainat bütün varlığı ilə insana biganədir. Amma müəllif bununla da kifayətlənmir, Frankenstein'in qəraibidir, bəli, insan, bu dünyaya istəmədən atılıb, indi də əzab çəkir, amma onun da günahları az deyil. Aydın Əfəndi bunu xeyli açıq bəyan edir: insanın mənəviyyatı çöküb.
İkinci hissə elə qurulub ki, sondakı "Bu şəhərdə özünə rahatlıq və xoşbəxtlik tapmağa fürsət yoxdur" sətirlərinə gəlib çıxanda cavabını təxmin etdiyin, amma əmin olmadığın tapmacanın özündə gizlətdiyi sirrə qovuşanda keçirdiyin hissləri yaşayırsan. Aydın Əfəndinin saldığı bütün yollar ümidsizliyə aparır. Bu ümidsizlik Azərbaycan poeziyası üçün yeni deyil. Molla Pənah Vaqifin "Mən cahan mülkündə, mütləq, doğru halət görmədim, Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim", yaxud Aşıq Ələsgərin "Bu dünyanın sonu puçdu, Güləndam!", yaxud Hüseyn Cavidin "Nə öncə öylə səadət, nə böylə zillət olaydı!", yaxud Məhəmməd Hadinin "Bu dünya əskidəndir səhneyi-bidad şəklində, Cahan başdan-başa meydani-matəmzad şəklində" misralarındakı həmin ümidsizlikdir, amma onlardan daha böyük və hərtərəflidir, çünki Aydın Əfəndi onunla həm perspektivi daraldır, həm də bütün yaradıcılıq qəsrini tək bir materialdan inşa edir.
Üçüncü hissədə şair müasir cəmiyyətin problemlərinə toxunur. Fürsətlər'i Azərbaycan poeziyasında unikal edən əsas bu hissədir. Bizim ictimai motivli şeirlərimiz var, az deyil. Bu da təsadüfi deyil, çünki ictimai motiv, sosial problemlər həyata boylanan insanın görə bildiyi ən üst, sadə və bəzəksiz qatdır. Bu haqda danışmaq xüsusi istedad tələb etmir, əvəzində deyilmək istəyənlər daha anlaşılandır və ədəbiyyat və yazıçıdan bizim kimi ictimai-siyasi problemlərin carçısı olmağı gözləyən yoxsul və inkişaf etməmiş cəmiyyətlərdə sevilir, həvəslə istehlak edilir. Amma Aydın Əfəndi fraqmentar poetikasında əvvəl yağışlardan danışır, sonra hansısa evin qarşısına toplanmış dəfn izdihamına keçir, oradan da sosial ədalətsizliyə. Çünki onun üçün ictimai ağrılar tək olan və hamımızı birləşdirən vahid ağrının – kədərli və soyuq dünyada insan olmağın ağrısının bir parçasıdır.
Dördüncü hissənin fraqmentarlığında biz yenə eyni şeyləri hiss edirik: ümidsizliyi, xilas axtarışını, amma şair indi öz baxışını həm də geriyə apararaq – peyğəmbərlər zamanına, onların axtarışlarına gedərək bir yandan ümidsizlik lentinin iki ucunu bir-birinə bağlayaraq bu kədərli çıxılmazlığın, əbədi təkrarın obrazını yaradır, bir yandan da nə qədər mənəvi çöküşünə üsyan etdiyi zamanını qəbul etməsə də insan yaranan gündən tək dəyişməyənin ümidsizlik olduğunu göstərir. Necə bitir hər şey: həzlərimizin və əyləncəmizin fövqündə heç nəyimiz yoxdur, bunu başa düşürük, çıxışın olmadığını anladığımızdan yalançı peyğəmbərləri gözləyirik, bəlkə onlar gəlib bizi xilas edər. Dörd adagiodan qurulmuş simfoniyasının sonunda, nəhayət şair üsyanını edir: bu yalanlara o inanmayacaq, özünü isə asacaq. Bu ümidsizlik içində üsyan da ümidsizlikdən başqa heç nə vəd etmir, açığı, Aydın Əfəndinin koordinatlar sistemində başqa cür sonluğu da heç təsəvvür etmirəm.
* * *
Daim lokallıqda və zamanı duya, onun bədii həllini vaxtında verə bilməməkdə ittiham olunan Azərbaycan ədəbiyyatı beləcə tənqidçilərinə və ona yuxarıdan baxanlara növbəti cavab zərbəsini endirir. Bəli, növbəti, çünki ilk zərbə artıq endirilmişdi. Bütün incəsənət tarixinin dialoq olduğunu qəbul etsək, Azərbaycan poeziyasının bu dialoqda metafizik yumruqlarını da məharətlə işə saldığını görəcəyik.
Ədəbiyyatda üsyanı vasitə görənlərin, ədəbiyyatı və yazıçını sinfi, milli, siyasi, ictimai mübarizənin vasitəsi kimi, ancaq özlərinə məlum, özlərinə sərfəli həqiqətlərin carçısı sayanların əksinə, mən ona inanıram ki, sənət öz mahiyyətində üsyandır. Bu ölümə üsyandır, həyatın amansızlığına üsyandır, dərkolunmazlığın və səssizliyin qorxululuğuna, yaxud bizə təlqin olunan, məcbur edilən həqiqətlərə, həyatın gedişatına üsyandır. Odur ki, sənətin müasir həyatın aktual problemlərinin içinə dalmaq, aydınlıq qazanmaq, yüngülləşmək zərurəti əsla yoxdur. Aydın Əfəndini həm də bunu anladığı və yaradıcılığının saflığını qoruduğu üçün sevirəm.
Bəli, bütün incəsənət tarixi dialoqdur, amma 20. əsrin ikinci yarısında və dörddə biri geridə qalmış 21. əsrdə Azərbaycan poeziyasında kədərlidir ki, bu dialoqu apara bilmiş ancaq iki şair mövcuddur. Şeir əlbəttə oxumaq və zövq almaq üçündür. Biz Məhəmməd Füzuli, Charles Baudelaire, yaxud W. B. Yeats'i oxuyarkən onların zamanın fövqündə olmaqlarına nə qədər heyran olsaq da zamanı toxuyan şairlərin öz zamanları ilə münasibətlərini anlayaraq onlarla daha güclü əlaqə qurmuş oluruq.
Bunlardan birincisi Ramiz Rövşən idi. Tez-tez dekadansda ittiham olunan -sanki burada qəbahət var- Ramiz Rövşənin bədxahları başa düşmək istəmirdilər ki, onun ümidsiz və kədərli yaradıcılığı həm də Sovet dövlətinin şən və optimist hər yerdə və hər an mövcud olan avatarına, zorla bizə inandırılan ələmdən nəşəyə səyahətinə qarşı üsyan idi. Növbəti və sonuncu isə Aydın Əfəndidir. İki pessimist şairin bu üsyanının əlbəttə solğun davamçıları peyda olur, amma onların çatdıqları, bizə gətirdikləri mənadan daha uzağa heç kim yetişə bilmir. Beləcə Azərbaycan poeziyasının anabiozu başlayır. Ümid edirəm, nağıllardakı kimi yeddi dağın arxasında gözdən uzaqda gizlənmiş bu gözəli tezliklə üçüncü böyük şairin – yeni pessimistin səsi ayıldacaq.
Oktyabr 2024