THE BAKU REVIEW

Pivəxanə

Cavid Ramazanov

25 noyabr 2024
Pivəxanə

 

Uzaq doxsanıncı illərdə, ürəkaçan, işıl-işıl bir yay günündə atamla piyada yol gedirdik. Uşağıydım, deyəsən, ibtidai sinifdə oxuyurdum hələ, atamla bağımıza səfərləri, ting əkməyi, ağaclara qulluq etməyi çox sevirdim, özümü böyük adam kimi hiss edirdim onda. Yolu yarılamışdıq ki, atam birdən ayaq saxlayıb mağazaya daxil oldu. Çıxanda əlində metal banka vardı. Aliminium qapağı şaqqıtıyla açıb bankanı başını çəkdi, içindəkini ləzzətlə qurtuldadıb “oxxay” dedi. Bu mərasimvari səhnəni görəndə əlimə verdiyi saqqız gözümdən düşdü. “Nə içir görən, mənə niyə vermədi?” - uşaq ağlımla düşündüm. Soruşdum, nə içirsən, eyhamla başa saldı ki, sənlik deyil, mən də daha üz vurmadım, artıq burnum girməyən yerə başımı soxmamalı olduğumu bilirdim. Hərçənd o, mərasimvari səhnə ağlımda qaldı. Günlərlə düşündüm, atamın iksir kimi içdiyi nə idi görən? Bir müddət sonra öyrəndim – pivə adlı spirtli içkiymiş. 

Atam alkoqol həvəskarı deyil, ondan sonra bir də haçansa pivə içdiyini görməmişəm, amma o ürəkaçan, işıl-işıl yay günü pivəni ciyəri yanırmış kimi başına çəkib qurtumlaması hafizəmə qazınıb. Düşünürəm, mənim bu içkiyə sevgim də elə o gündən yaranıb.  

Yeniyetməliyimdə bir neçə dəfə xəlvətcə pivə içmişəm, adamı çətir kimi ağuşunda gizləyən qoz ağacının dibində, “novastroyka” üçün yerlə-yeksan edilən məhəllənin xarabalığında və sair. Amma arzum pivəxanada adam balası kimi içmək idi, özü də duzlu noxudla. Yeniyetməliyin belə dərdli arzuları olur, nə qədər xırda, ötəri, əhəmiyyətsiz görünsə də, arzun reallaşanda dünyaları sənə verirlər. Mənim kafedə pivə içmək arzum da yalnız on səkkiz yaşımda çin oldu. 

Dava eləyib evdən çıxmışdım o günlərdə. Guya dəhşət tərs adamıydım, heç kəsə prinsiplərimi tapdamağa icazə verməzdim, valideynlərimə belə. Bir həftəydi mebelsiz bir daxmada masanın üstündə yatır, ancaq su və “Rolton”la qidalanırdım. Cibimdə hardasa əlli manat olardı, onun başına daş salmamaq üçün dişimi sıxıb dayanmışdım. Bir gün azadlığımdan məst olmuş halda Bülbül küçəsiylə üzüaşağı düşərkən qəfil tərksilah olundum. Nizami kinoteatrının qarşısına çatanda gördüm, açıq havadakı pivəxana qollarını iki yana açıb mənə gəl-gəl deyir. Daha dözə bilmədim, üstünə yüyürdüm, bir masa seçib NZS pivəsiylə noxud sifariş verdim. Qabağıma qoyular qoyulmaz ilk parçı başıma çəkdim, ciyərim yanırmış kimi iri qurtumlarla nuş elədim. Növbəti bir neçə günü də pivəxanada keçirəndən sonra pulum qurtardı və mən suyum süzülə-süzülə evə qayıtmalı oldum. 

Amma sınmağımı tez unutdum, tələbə yoldaşlarla saçaq pendirli, çipsli, günəbaxan tumlu pivə mərasimləri başladı. Bir gün məclisləsin birində hardansa ağlıma batdı ki, saçaqlı pendirin üstünə limon sıxsam, ləzzətli olar, sıxdım, doğrudan da ləzzətli alındı. İndi hər pivəxanada saçaqlı pendirin yanında limon verirlər, amma mən hələ də elə bilirəm, bu ilk mənim ağlıma gəlib. Heç kimə sübut edə bilmərəm kəşfimi, aydın məsələdir, ancaq mən yenə də yüngülvari fəxr hissi keçirirəm buna görə... 

İki minlərin ortasında ölkədə pivəxana, pab partlayışı baş verdi. Növbə-növbə hər tində birisi çiçək açdı, gündə bir məzə icad edildi, əsl xalq yaradıcılığı. Bu gün isə biz artıq gözümüzü qırpmadan deyə bilərik ki, Azərbaycanda özünəməxsus pivə mədəniyyəti formalaşıb. Müsəlman ölkələrini gəzməmişəm, səhvim varsa, düzəldin, sadəcə təxminlərimə əsasən deyirəm ki, müsəlman şərqində yenə ilk olaraq unikal pivə mədəniyyətini biz yaratmışıq (ilk respublika, qadınlara səsvermə hüququ kimi mövzular əldən çıxandan sonra, özümüzə bununla təsəlli verə bilərik). Hökumət bahalı-bahalı layihələr həyata keçirir, təmtəraqlı saraylar, binalar ucaldır, amma ölkəmizə gələn bir xeyli əcnəbi qonaq pivə mədəniyyətimizə daha çox heyrətlənir.

Hardandı bu mədəniyyət bizdə? Bildiyim qədəriylə əvvəllər pivə belə dəbdə olmayıb, içən olub təbii ki, amma bu qədər kütləvi yox. Bir iddiaya görə, bu dəbi bizə müstəqillikdən sonra neft sanayesində işləməyə gələn ingilislər gətiriblər. Mən iki minlərin əvvəlində Bakıda oxuyanda məktəbimizin hasarına bitişik bir pab varıydı, sarmaşıq kollarıyla yad nəzərlərdən gizləmişdilər, ilk dəfə pivə içən ingilisləri orda görmüş, həsəd aparmışdım. O vaxtlar yadımdadır ki, ingilislərin oturduğu pablara yerli camaatı buraxmırdılar. İki mininci illərdə mən artıq təzə-təzə ədəbi mühitə ayaq basanda, bir dəfə ədəbiyyatçılarımızın çıxardığı ahu-fəğan yadımdadır. Təsəvvür edin, bir dəstə qələm əhli sivil, mədəni, müasir insan kimi ingilis pabına gedir, amma onları içəri buraxmırlar, bura sizlik deyil deyib qapıdan qaytarırlar. Əsl neo-kolonializm mövzusunun boyuna biçilməli bir əhvalat. 

Nə bilmək olar, bəlkə də biz elə ingilislərə olan həsədimizdən pivə içməyə başlamışıq. Bir nəfər, iki nəfər, sonra da ellikcə dadanmışıq və süfrəyə özümüzdən əlavələr etməklə məxsusi mədəniyyət formalaşdırmışıq.

*

İndi sual verə bilərsiniz ki, durduq yerdə bu pivə dəstgahı hardan çıxdı belə? Bugünlərdə hörmətli filosofumuz Ağalar Qutun bir yazısını oxudum, ordan gəldi ağlıma. 

Ağalar müəllim “meyxananı göz bəbəyi kimi qorumalıyıq” sərlövhəli məqaləsində meyxananın Azərbaycan mədəniyyətindəki əhəmiyyətindən danışıb, amma yazısında bundan daha çox kəlmənin etimologiyasını tapmağa girişib.

Onun fikrincə, “meyxana” sözü farsca çaxır mənasını bildirən “mey” sözündən yox, “bayılmaq”, “bayğınlıq”, “bayat” sözlərindəki “bay”dan yaranıb. Hətta o, biraz da irəli gedərək deyir ki, farscadakı “mey” sözünün özü belə “bay”, “bey” sözlərindən törəmiş ola bilər. Amma bu, Ağalar müəllimin əsas ehtimalı deyil, onun zənnincə, “meyxana” sözünün yaranışı mövzusunda daha inandırıcı ehtimal "bayıq" kəlməsidir: "Bayılanlar bayğın halda nə deyərdilər? “Bayıq!” Mahmud Kaşqari yazır ki, “bayıq” sözü oğuzcadır, mənası doğru söz, yəni həqiqət deməkdir". 

Ağalar müəllimin bu məqaləsini oxuyandan sonra mənasız bir xatirəm yadıma düşdü. Məktəb vaxtı bir müəllimimiz vardı, çox cırtqoz adamıydı, nədənsə, cəbhəçilərə və millətçilərə nifrət edirdi. Onun zəhmindən qorxsaq da, hərdən məzə çırtlatması bezdirici dərsini yüngülləşdirirdi bizim üçün. Bir gün soruşdu: "Uşaqlar, Braziliya nə deməkdir bilirsiz?"

Başımızı buladıq. 

"Biraz lobya!.. Bəs İngiltərə?" 

Yenə başımızı buladıq.

"İncirlidərə!.. Bəs Kamçatka? Gəmi çatdı!"

Uşaq ola-ola uğunub getdik gülməkdən. Və indi ilin-günün bu vaxtında hörmətli filosofumuz iddia edir ki, "meyxana" əslində türk sözüdür. Axı adama deyərlər, mənim öz adım daxil olmaqla, dilimizdəki üç sözdən biri farscadır, əgər dilimizdəki üç sözdən biri farscadırsa, onda biz niyə meyxananı "bayxana" kimi başa düşməliyik? 

Mənə elə gəlir, Ağalar müəllim burada olsaydı, belə içiboş mövzulara mürəkkəb bulamazdı, alçaq qürbətdir bunları ona yazdıran. Müəllim Azərbaycanda yaşasaydı, bilərdi ki, meyxananın qətiyyən qorunmağa ehtiyacı yoxdur, əksinə tam hücumdadır. Qırx ilin müğənniləri belə estradanı atıb meyxana oxuyurlar, hər yanda Balaəli, Rüfət Nasosnu, Mahir Aybrat sədası. Beş-altı intellektual dodaq büzdü nə olacaq, büzmədi nə olacaq, giley-güzarları rakkada-çıkkada gurultusunda heç eşidilmir də.  

Əslində, biz göz bəbəyi kimi qorumalıyıq, amma Ağalar müəllimin nəzərdə tutduğunu yox, başqa meyxananı - yəni pivəxananı. Hazırda şəxsən mənim ölkədə ürəyimin açıldığı yeganə yer pabdır, pivəxanadır. Üstəlik onlar inkluzivdirlər, hansı çayxanaya getsən, ancaq kişi görürsən, pabların əksəriyyətinə isə qadınlar rahatlıqla gedə bilərlər, gedirlər də. Çoxlarının xəbəri yoxdur, pivəxana sekulyarlığın qalasına çevrilib artıq, o da olmasa dini fanatizm ölkəni “hop” deyə götürəcək.  

Dünya xəritəsinə ötəri nəzər salanda görürsən ki, ən mütərəqqi xalqlar pivə içən xalqlardır. Bizi də xilas etsə-etsə, nə meyxanə, nə bayxanə, ancaq və ancaq pivəxanə xilas edəcək!