Oyun, yoxsa sağ qalmaq instinkti?
Birinci sinif. Qış səhərinə oyanıram və gözlərim açılınca üzümə toxunan soyuğu duyuram. İlk təmas yeni günə həvəsimi öldürür, yorğanın istisi bədənimi bürüyüb deyə altından çıxmaq istəmirəm və balaca başımın balaca fikirlərinə dalıram. “Məktəbə getməliyəm” – fikirlərimin arasına səpələnən bu iki söz tez-tez gözümü açıb-qapayır; nə tam yata, nə də yeni günə qalxıram.
Gecə qar yağıb, bəyaz rəng hər tərəfi ələ keçirib, gecə qar yağıb deyə işıqlar sönüb, nənəm hamıdan erkən oyanıb və sobanı qalayıb. Çırthaçırt yanan odun səsi, bir otaqlı evin yavaş-yavaş isinməsi, sobanın gözündən boylanan, boylanıb qaranlıq otağa dil uzadan alov, çarnaçar qalxmaq, sobaya yaxın oturub corabları üst-üstə geyinmək, sonra nənəmin təravətini çoxdan itirmiş məktəbli formamı tələm-tələsik əynimə keçirməsi və qarı yaran balaca addımların məni sevmədiyim məktəbə aparması.
Məktəbi sevmirəm, çünki müəllimdən qorxuram, müəllimdən qorxuram deyə dərsə cavab verə bilmirəm, dilim çaşır, adım çəkiləndə donub qalıram, mədəmdən boğazıma küt həyəcan topası hücum edir və bildiyim hər şeyi – hətta adımı da – dərhal unuduram, sözlər yadımdan çıxır, dərsə cavab vermirəm, beləcə müəllimdən daha çox qorxuram.
Nəticə: Şillədən qızaran üz.
İl: 2003.
Xatırlamaq! Necə də poetik feildir. Təcrübənin mahiyyətini ifadə edir. Yaddaş anlayışı o qədər maraqlıdır ki, biz ona digər psixi fenomenlərlə müqayisədə daha çox metafora tapmışıq.
Beynin üç mühüm sahəsi var: hipokampus, neokorteks və amiqdala.
Hipokampus epizodik xatirələrin formalaşdığı və indeksləşdirildiyi yerdir. Neokorteks insanlarda qavrayış və dil kimi daha yüksək funksiyalarda iştirak edir. Vaxt keçdikcə hipokampusda müvəqqəti saxlanılan xatirələr ümumi məlumat kimi neokorteksə ötürülə bilər. Tədqiqatçılar hipokampusdan neokorteksə keçidin yuxu zamanı baş verdiyini düşünürlər. Amiqdala xatirələrə emosional əhəmiyyət verir. Bu, xüsusidir, çünki emosional xatirələri (məsələn, utanmaq, sevinc, sevgi və ya kədərlə əlaqəli) unutmaq çətindir.
Qoxuların, musiqinin, səslərin və bəzən əşyaların xatirələri oyatmasının, bizi keçmişin atmosferinə salmasının səbəbi bunların assosiativ şəkildə tətiklənən emosional yaddaşda, yəni amiqdalada özünə yer tapmasıdır. Məsələn, təzə bişmiş çörək qoxusu bizi asanlıqla keçmişin atmosferinə sala bilər.
Nə zamansa ananız çörək bişirmişdi və qoxusu evi götürmüşdü. Qardaş-bacınızla cizgi filminə baxırdınız, birdən burnunuzu alan qoxu sizi mətbəxə aparmışdı.
İndi yazacağım hər şey emosional yaddaşımın qəlpələridir.
Tez-tez yadıma düşən və 2003-cü ilin soyuğunu lap yaxında hiss elədiyim o səhərin əslində məndən o qədər də uzaq olmadığını düşünürəm. Həmin gündən beş ay sonra Əlifba bayramı tədbirimiz keçirilmişdi. Kamera Əlifba bayramımızı çəkmişdi. Həmin zaman barəsində yeganə mənbə yaddaşım deyildi, kaseti tapa, videoya baxa bilərdim.
Kasetin axtarışına çıxdım. Evi ələk-vələk elədim, sandığı açdım, valideynlərimin toy kaseti mənə təbəssümlə baxdı.
1997-ci ildə, hər ikisi on yeddi yaşında evlənmişdi. Bu kasetə əvvəllər tez-tez baxırdım; budur, atam – bığ yeri təzə tərləyən arıq oğlan, kostyumu əyninə gendir, şalvarının balağı ayaqqabılarını gizləyib, elə bil, çadır geyinib və yaxasında bəyaz köynək gülümsəyir. Kamera gözlərini göstərir və birdən video donur, bu gözlərdə ailə olmağın məsuliyyəti haqqında heç nə yoxdur, yalnız sevinc var, tezliklə sönüb gedəcək ürkək bir sevinc...
Səhnə dəyişir. Atam dostlarıyla həyətdə söhbətləşir, kamera uzaqdan onları göstərir, çiçəklərin arasında, arxın yanında dörd dost, səslərini eşitmək olmur, görəsən, nədən zarafat edir, nəyə gülürlər?
Sonra həyəti qamışla əhatələnmiş, iç divarları xalça və parçalarla örtülmüş kərpicdən ev. İçəri girdikcə üstündə flaminqo şəkilləri həkk olunan pərdələri aralamalısan. Otaqlar bir-birinin içindən keçir və otaqlar bir-birinin içindən keçdikcə qaranlıq daha da qatılaşır, yalnız zülmətdə kameranın fləşi yanır və budur, sanki kameranın gözündən qopan işıq ətə-qana yığılıb ağ gəlinlikdə gözəl bir qıza çevrilir.
Bu mənim anamdır.
Anam ağır həyatla heç cür razılaşmırcasına gözəldir. Qohum qadınların əhatəsindədir. Xeyir-dualar verilir. Ətrafdakı hər şey o qədər miskindir, insanlar xoş danışmaqla, gözəl sözlər israf etməklə bu miskinliyi unudacaqlarını düşünürlər.
Video mənə aid olan, ancaq hələ mənim olmadığım dünyanı göstərirdi.
Müharibədən üç il keçmişdi. Doxsanların ağır həyatı insanların üzündən oxunurdu. Kənarda siqaret sümürən işsiz kişilər sanki baş verənləri dərk etməyə çalışırdılar. Axı nə oldu? Nə üçün birdən-birə hər şey dağıldı? Mütləq çarəsizlik onların qəddini əymiş, üzlərinə sümük salmışdı. Qadınlarsa həddən artıq bəzənməklə, əllərinə keçən hər cır-cındırı geyinməklə kasıblıqlarını gizləmək istəyirdilər.
1997-ci ildə bir qaçqın evində vəziyyət belə idi.
Araq şüşələri açılır və toy başlayır. Müharibədə bir ayağını itirmiş cavan qohumumuz mikrofonu götürüb xeyir-dua verir. O, qonaqları inandırır ki, “gün gələcək, bu cütlüyün uşaqları öz toylarını Qarabağda çaldıracaq, ömür vəfa eləsə, o toyda biz də oynayacağıq. Mən onda öz ayağımı birdəfəlik unudacam. Mən onda sürünə-sürünə də olsa, öz kəndimə gedəcəm. Mən onda dünyanın ən xoşbəxti olacam”.
Bir əlində çəlik, digərində mikrofon tutub və bəzən həyəcandan mikrofonu endirir, ağzını çəliyə yaxınlaşdırıb danışır.
Sözlərini bitirəndən sonra çəliyi kənara atır, tək ayaqla meydanda hoppanıb-düşməyə başlayır. Musiqiçilər bu tək ayaqlı rəqsin ritmini tuta bilmirlər.
Yox! Axtardığım bu deyil.
İkinci kaseti görürəm. Babamın 70 yaş ad günü. İki il sonra o öləcək. Bədəni aranın ağır həyatını və havasını götürmədiyi üçün tamam əldən düşüb, bir dəri bir sümük qalıb. Videoda ağır-ağır nəfəs alır, onu öldürəcək astma hələ yol gəlir. Övladları, nəvələri başına toplaşıb. Təbəssüm adamların üzündən dalğa-dalğa keçib gedir. Babamın yeganə nəticəsi mənəm və qucağındayam, körpə əllərim köynəyinin düyməsi ilə oynayır.
Yox! Axtardığım bu deyil.
Albomları açdım. Əvvələr qonaq gələndə albomlar yerindən çıxar, şəkillər masanın üstünə səpələnərdi. Bu səhnəyə təəccüblə baxan uşaqların gözləri sevincdən alışıb yanardı. Beləcə xatirələrin qapısı açılardı və illəri köynək kimi soyunan adamlar üçün hər şəkil bir hadisəyə, bir söhbət mövzusuna keçid olardı.
Müharibədən sonra köçkünlük həyatı yaşayan ailəmiz üçün hər şəkil bir böyük macəranın, yeni məkanın təsviri idi. Buna görə əhvalatlara maraqla qulaq asırdım. Bəzən qonaq şəkillərin arasından birini seçib aparır, öz albomuna əlavə edirdi. Bəlkə, Əlifba bayramı kasetimi hansısa qohum götürüb?
Zənglər bir-birini əvəzlədi. Kaset tapılmadı ki, tapılmadı. Nəhayət itdiyini başa düşdüm. Sinif yoldaşıma zəng vurub onunkunu aldım.
Anamla birgə televizorun qabağında oturduq. Budur, altı yaşında Orxan. Üstündə boz xətlər olar qara kostyum geyinib. Pencək onu sıxır deyə jiletdədir. Balaca dostlarının balaca qulaqlarına nəsə pıçıldayır. Sonra qollarını bir-birilərinin boynuna keçirirlər; bu ən yaxın dost mənasına gəlir.
Budur, anam. Valideynlərin arasındadır. Gözü ancaq məndədir. Videoda 24 yaşı var. İndi ondan üç yaş böyüyəm.
Uşaqlar tamamiylə həyatın içindədirlər deyə xoşbəxt görünürlər. Tədbir direktorun təbrik sözləriylə başlayır. O, gənc sinif müəlliminə uğurlar arzulayır, tövsiyələrini verir. Yaxınlarda rəhmətə gedən Vaqif müəllim videoda necə də gəncdir. Təsəvvür eləmək olmur ki, bu gümrah, yanaqları qırmızı insan indi sadəcə sürsümükdən ibarətdir.
Sonra şeirlər deyilir. Şeir deyənlərin arasında yoxam. Səhnəciklər başlayır. Bu heyətdə də kənarda qalmışam. Rəqs başlayır, yenə kənardayam. Yeni şeirlər, yeni səhnəciklər, yeni rəqslər, mənsə yoxam. Başa düşmürəm. Dərsə mütəmadi gedirdim, bayrama hazırlığı da xatırlayıram, oxuyanda həyəcanlansam da, azdan-çoxdan şeirlər bilirdim. Bəs nə üçün sadəcə tamaşaçıyam?
Kaset bitəndən və ekran maviyə boyanandan sonra anam deyir, “o vaxt sənə bayramda rol verməmişdi deyə sinif müəlliminlə mübahisə eləmişdim. Buna görə səni başqa məktəbə yollamaq istəyirdik. İmkan olmadı, yollaya bilmədik. Bütün bayramı üç-dörd uşağın üstündə hazırlamışdı, o vaxt çox incimişdim. Acığa kaseti almaqdan imtina eləmişdim. Amma bu, axırıncı olmadı. Bir dəfə gəlib dedin ki, müəllim bizi parka aparır, pul yığırıq. Verdim. Parka getmək günü gələndə məktəbdən tez qayıtdın. Niyə tez qayıtdığını soruşanda məlum oldu ki, sənə yer olmadığı üçün müəllim pulunu qaytarıb, özünü də evə yollayıb. Hamı getmişdi, bircə sən qalmışdın”.
Hər şeyi xatırlamağa başlayıram. İllərlə unutmağa çalışdığım və unutduğum hadisələrin üstü təsadüfən açılır. Məktəbi niyə sevmədiyimi, dərslərlə niyə maraqlanmadığımı, niyə durmadan döyüldüyümü yadıma salıram. Halbuki ibtidai sinfi bitirəndən sonra hər şey qaydasına düşmüşdü.
Axı bunların mənası nədir?
Toy və yubiley videolarını xatırlayıram. Həyatımın bu dövrü mənə həmişə sehrli, mistik bir dünyadan xəbər verir. Müharibədən, ölümdən xilas olmağa çalışan ailə müxtəlif macəralardan keçib dağdan arana düşmüşdü və xəstəliklərlə, ögey münasibətlərlə, itkinliklə, qəribliklə mübarizə aparmalıydı. Yaşamaq mübarizə mənasına gəlirdi, yaşamaq kərpicdən evlər, qamışdan çəpərlər, çəpərlərin başına sərilmiş paltarlar, divara asılı xalçalar, quyudan qalxan bulanıq su mənasına gəlirdi, yaşamaq ağacları qırıb odun eləmək, gecələri çıraq işığında keçirmək demək idi və himayədarlarım – babam və nənəm bu mübarizənin qəhramanları idilər, gözümdə onlardan güclüsü yoxdu, onlardan iradəlisi, onlardan qayğıkeşi yoxdu və bu sevginin işığında keçən uşaqlığımdan məmnundum. Videolardakı miskin həyatın mənə dedikləri təsəvvürlərimlə uyğunlaşmırdı və uşaq gözlərim o həyatı bütöv görə bilmirdi.
İndi videolardan o həyatı bütöv görürdüm, heç nə gözəl deyildi, amma gözəl xatırlayırdım. Bəlkə, bu inamı mənə aşılayan elə yaddaşımın özüdür? Bəlkə, xatırlamaq xatırladığını yenidən yaratmaqdır? Görünür, keçmişin böyük hissəsi uydurmadır. Bu ziddiyyəti düşündükcə həyatımda çoxdan baş verən (?) hadisələrin həqiqiliyi məndə şübhə oyadır.
Ukraynada yaşayan əmimin ağ “Niva”sını düz bir həftə sürüb əlində şarlarla, hədiyyələrlə qonaq gəldiyini aydın xatırladığımı düşünürdüm. Maşını birbaşa qapıya sürmüş, onu ilk babam qarşılamışdı, isti öpüşlər ortalığı götürmüşdü, sonra qurban kəsilmişdi – gözləri iri bir qoyun – qoyunun boğazından axan qan sürünüb həyətimizdəki tut ağacının dibinə yığılmışdı, sonra qanı adamların alnına sürtmüşdülər və mənim də alnıma qan sürtmüşdülər və qaçıb güzgüdə özümə baxmışdım, həyətdə içilən çay, qənddandan gülümsəyən konfetlər, “Niva”nın yük yerindən boşaldılan hədiyyələr.
Səhnələr o qədər canlı idi ki, illər sonra həmin günü xatırlayan babam o vaxt hələ doğulmadığımı demişdi. Əgər doğulmamışdımsa, səhnələri belə həqiqiliyi ilə necə xatırlayırdım?
Əmim cəmi bir dəfə gəlmişdi deyə, görünür, bu səfər yeknəsəq günlərin yeniliyi kimi ailə içində illərlə danışılmışdı və mən bu söhbətləri öz gözümlə görmüşcəsinə canlandırmış, yaddaşıma bağışlamışdım. Hadisəni görməmişdim, amma hər cəhəti ilə mənim idi.
Yaddaşın daha bir oyunu.
Emosional yaddaşın, amiqdalanın əhəmiyyətli tərəfi təkcə qoxuları, təmasları, səsləri duymaqla yox, həm də xəyal eləməklə bağlı olmağıdır. Qoxunu xəyal eləmək bizi həmin ana aparır, təkcə qoxunu, təması, səsi yox, onu hiss etdiyimiz aləmin detallarını, balaca adamın balaca dünyasını, insanların bir-birinə münasibətini aça bilirik. Bir hadisəni yaşadığımız zaman beynimiz mənzərələri, qoxuları, səsləri və təəssüratlarımızı birləşdirir, onları yaddaşa bütöv yazır.
Keçmişi ona görə gözəl xatırlayırıq ki, başqa cür yaşamaq mümkün deyil. Bu əlaqəyə sadəcə məcburuq və bəlkə də, buna beynin oyunu kimi yox, sadəcə həyatda qalmaq instinkti kimi baxmalıyıq. Vərdişlərimiz, fikirlərimiz, ümidlərimiz və qorxularımız hamısı keçmişimizlə bağlı xatırladıqlarımızdan təsirlənir. Hər bir təcrübə beyni növbəti təcrübə üçün hazırlayır, beləliklə gələcəkdə kim olacağımızı proqnozlaşdırır.