Ənənənin ölümü
“Yeraltından qeydlər”in müasir ədəbiyyata təsiri ölçüyəgəlməzdir. Nitsşe, Kafka, Kamyu kimi titanlara ilham verib, egzistensializmə cığır açıb. Dostoyevskinin beş əsas əsərindən biridir həm də: “Karamazov qardaşları”, “Cinayət və cəza”, “İdiot”, “Əcinnələr” və “Yeraltından qeydlər”. İlk dörd əsər bizdə kifayət qədər populyar olsa da, “Yeraltından qeydlər” nədənsə kölgədə qalıb. Uzun müddət. Nəhayət, ötən il “Qanun” nəşriyyatı qabağa düşüb, əsəri tərcümə etmək qərarına gəlib. Təbii ki, ədəbi hadisəydi bu, kitabı görəndə sevinməyə bilmədim, ondan bir də azərbaycan dilində həzz almaq fikrinə düşdüm.
Tərcümə bildiyiniz kimi ağrılı mövzudur bizdə, amma kitabı çap edən “Qanun” idi, o “Qanun” ki, illərdir tərcümə işiylə məşğuldur, bazara saysız-hesabsız kitab çıxarıb. Üstəlik söhbət ispan, fransız, alman dillərindən getmir axı, rus dilindən gedir, o dildən ki, biz üç əsrdir ünsiyyətdəyik, sovetlərdə yaşamışıq, müəyyən miqyasda dünyaya açılan qapımızdır, əgər rus dilindən də tərcümə edə bilməyəcəyiksə, onda biz nə işə yarayırıq?
Xülasə, kitabı alanda, tərcümədə problem olacağını düşünmədim. Evə gəldim, çayımı süzdüm, ayaqlarımı kətilə uzatdım, başladım mütaliəyə və birdən başıma daş düşdü. Tərcüməçi elə ilk absazdaca kobud səhvə yol vermişdi:
“Mən xəstə insanam... Mən pis insanam. Cazibədar insan deyiləm. Fikrimcə, qara ciyərim xəstədir. Əslində xəstəliyimdən qəti başım çıxmır, heç haramın ağrıdığını da dəqiq bilmirəm. Tibbə, həkimlərə hörmətim olsa da, müalicə olunmuram, heç vaxt da müalicə olunmamışam. Həm də ifrat dərəcədə azadam: ən azı tibbə hörmət edəcək qədər. (Azad olmayacaq qədər savadlıyam, amma yenə də azadam)”.
Ötəri nəzər salanda belə “azad” kəlməsinin burada yersiz olduğunu görürsən. Orijinalda belədir:
“Я человек больной... Я злой человек. Непривлекательный я человек. Я думаю, что у меня болит печень. Впрочем, я ни шиша не смыслю в моей болезни и не знаю наверно, что у меня болит. Я не лечусь и никогда не лечился, хотя медицину и докторов уважаю. К тому же я еще и суеверен до крайности; ну, хоть настолько, чтоб уважать медицину. (Я достаточно образован, чтоб не быть суеверным, но я суеверен)”.
Суеверие – mövhumat, xurafat deməkdir. Tərcümə təxminən belə olmalıydı: “Üstəlik mən hədsiz mövhumatçıyam, yəni, ən azından tibbə hörmət edəcək qədər. (Mövhumatçı olmamaq üçün kifayət qədər savadlıyam, amma yenə də mövhumatçıyam).”
Türkcə tərcüməyə baxdım, məzmun düzgün idi: “Üstelik boş inançları olan bir insanım, hem de tıbba saygı duyacak kadar (oldukça iyi bir öğrenim gördüm, boş inançlara inanmamam gerekirdi, ama inanıyorum işte).”
"Chat GPT"-yə dedim, tərcümə et, qüsurlu elədi, amma əsas məsələ, məzmunu saxladı: “Üstəlik, həddindən artıq xurafatçıl bir insanam; elə bu qədər ki, tibbi hörmət etməyi bacarıram. (Mən yaxşı təhsil almışam, xurafata inanmaq lazım deyil, amma buna baxmayaraq, xurafatçıyam)".
Bizim tərcüməçimiz böyük ehtimalla “суеверен” sözünü “suveren” kimi başa düşüb, onu da “azad” kimi bədiiləşdirmək qərarına gəlib.
Əziz və hörmətli Seymur Baycan deyir, azərbaycanca tərcümələri ola-ola rus müəlliflərinin əsərlərini türkcə oxumaq rüsvayçılıqdır. Bax bu da Dostoyevskinin sözügedən tərcüməsindən növbəti hissə:
“Axı düşüncənin bir başa, qanuni, bilavasitə barı – yeknəsəqlikdir, yəni dərrakəli şəkildə əlini-sallayıb-oturma. Bu barədə yuxarıda artıq qeyd etmişdim. Təkrar edirəm, gücləndirilmiş şəkildə təkrar edirəm: bütün səmimi insanlar və yaradıcılar elə hamılıqla küt və dardüşüncəli olduqları üçün yaradıcıdır. Bunu necə izah etmək olar? Bax belə: öz dardüşüncəliyi nəticəsində ən yaxın və ikinci dərəcəli səbəbləri ilkin olaraq qəbul edirlər, bununla da öz işinə danılmaz bir əsas tapdıqlarına başqalarından daha tez və asanlıqla inanır və şübhəsiz sakitləşirlər: amma axı bu əsasdır?”
Nəsə başa düşdünüz? Sözün düzü, mən başa düşmədim. Orijinalı oxuyuram, türkcə tərcüməni oxuyuram, başa düşürəm, hətta “Chat GPT”-nin tərcüməsini başa düşürəm, amma bizim tərcüməni başa düşə bilmirəm. Aydın görünür ki, tərcüməçi nə azərbaycan dilini bilir, nə rus dilini. “Qanun” nəşriyyatı isə dil bilməyən adama “Yeraltından qeydlər” kimi mürəkkəb əsərin tərcüməsini həvalə edib.
Söhbət təkcə bu kitabdan getmir. Ümumiyyətlə, azərbaycan dilinə tərcümələrin böyük əksəriyyəti belədir: ala başına, kül başına. Nadir istisnaları çıxsaq, müəlliflərin üslubu qorunmur, ən yaxşı halda məzmunun qorunacağına ümid edə bilərsən, təbii ki, heç ona da zəmanət yoxdur.
Yeni nəsil tərcüməçilərin böyük əksəriyyəti naşıdır, redaktorlar türk dilindən savayı xarici dil bilmirlər. Bunlar bir yana qalsın, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Azərbaycan dilindən imtina etməli olduğumuzu demirmi? “Türkiyənin gül kimi türkcəsi var, daha cəsarətli tərpənib o dili olduğu kimi qəbul etməliyik”, - ötənilki məşhur statusunda yazmışdı. Üstəlik eyni yazıda rus müəlliflərinin türkcə oxunmasından da gileylənmişdi: “Müasir oxucular Dostoyevski, Tolstoy, Çexovu, Turgenevi və sair rus klassiklərini türkcə oxuyurlar. Müstəqilliyin tarixi 30 ili keçsə də, dilimizin xüsusi nəaliyyəti yoxdur”.
Şahbaz bəyin fəaliyyətini tamamilə çıxdaş etmək istəmirəm, amma mənə hərdən elə gəlir, o, çox yaxşı marketoloqdur, naşir yox, obrazını reklam edə bilir, amma işindən elə də baş açmır. Açsaydı, belə fikirlər səsləndirərdimi? Yəqin, həm də ölkənin problemidir, heç kim və heç nə yerində deyil.
Bəlkə sizə qəribə görünəcək, amma mənim ölkədə etibar etdiyim tərcümə kitablarını əsasən dövlət orqanları nəşr edirdilər. Özəl nəşriyyatlar dünən, srağagün ortaya çıxıb, dövlət orqanlarının isə sovetdənqalma bir ənənəsi vardı. “Odisseya”, “Şahnamə”, “İlahi Komediya”, “Faust”, “Don Kixot” və başqa neçə-neçə əsər vaxtilə yüksək səviyyədə Azərbaycan dilinə tərcümə olunub.
Qəlbi, ruhu sinəsində nərə çəkib bağırırdı.
Öz doğduğu küçükləri tapdanmaqdan qoruyaraq
Yad adamı qapmaq üçün mırıldayan bir it kimi
Odisseyin ürəyi də quduzlaşıb çırpınırdı.
Sinəsinə vurub, birdən belə dedi öz qəlbinə:
“Səbir et, könül! Sənki bundan yaman gündə səbir etmisən:
Sənin qoçaq dostlarını zorlu, acgöz Təpəgözün
Yediyi gün səbir elədin, ümid yoxkən sağ qalmağa
Səbir elədin fəndgirliyin sizi xilas edənədək”.
Bunu deyib köksündəki ürəyini danladı o.
Homerin “Odisseya”sından tərcümədir. Sovetin brutal memarlıq abidəsi qədər gözəldir. Bu gün hansısa özəl nəşriyyat bu tərcüməyə tən bir iş görə bilərmi? Cavab tələb etməyən sualdır məncə.
Tərcüməylə məşğul olan dövlət orqanları barədə keçmiş zamanda danışdım, yeri gəlmişkən, ona da aydınlıq gətirim. Bilmirəm, xəbəriniz varmı, bu yaxınlarda sovet tərcümə ənənəsini azdan-çoxdan davam etdirən Azərbaycan Tərcümə Mərkəzi ləğv edildi. Demirəm, Mərkəzin gördüyü bütün işlər idealıydı, amma əksər tərcümələrdə əsərlərin nəinki məzmununu, üslub xüsusiyyətlərini belə qoruyub saxlayırdılar. Azərbaycan dilini mükəmməl bilən, yaxşı təhsil görmüş tərcüməçiləri vardı. Saday Budaqlının tərcümələri məsələn, oxuyun, görün, özəl nəşriyyatlarda onun tərcümələrinə yaxın düşə biləcək bir mətn varmı?
Mənim ölkənin rəsmi dairələrinə ümidim, gümanım yoxdur, olmayacaq da, amma Tərcümə Mərkəzinin ölümünə ürəkdən kədərləndim, ki bu həm də bir ənənənin ölümü deməkdir. Qara xəbərin yayıldığı günlərdə nəyinsə əlamətiymiş kimi bir xəbər də çıxdı qarşıma. Norveçdə tərcümə sahəsində "Nobel"ə bənzər bir mükafat yaradılıb. Məqsəd həm tərcümə işinin prestijini artırmaq, həm də süni intellektə görə sıradan çıxmaq təhlükəsiylə üzləşən təsisatı qoruyub saxlamaqdır. Mükafatın həcmi bizim pulla təxminən 80 min manatdır. Ötən il "Nobel"in qalibi olmuş norveçli yazıçı Yan Fussenin adını daşıyan mükafat bu il elə onun almaniyalı tərcüməçisinə veriləcək.
İndi mən “biz niyə Norveçdən nümunə götürmürük” janrında ağlaşma qurmaq niyyətində deyiləm. Məqsədim sadəcə faktları konstatasiya etməkdir. Süni intellekt azərbaycancaya tərcümədə artıq məzmunu çatdıra bilir, türk dili də azərbaycan dilini yeyir, yeni nəsil yazıçılar, redaktorlar, tərcüməçilər türkcədən başqa dildə mütaliə edə bilmirlər, naşiri də deyir, azərbaycan dili zaydır, türkcəyə keçməliyik. Şübhəsiz ki, bu, ədəbi dilə təsirini göstərir, göstərəcək. Bu minvalla beş, on il sonra ədəbi dil təxminən bu vəziyyətə düşəcək:
"Çox ilginc gəlişmədir, Azərbaycan türkləri artıq Türkiyə türkcəsində konuşurlar. Dərrakəli şəkildə baxanda, konuşacaqlar da, onlar konuşmayıb kim konuşacaq. Zira belə olacağı öncədən gözlənilirdi, başa gələn çəkilər. Şaşmamaq lazımdı".
Mən ifrat dərəcədə azadam, nə prosesin qarşısını almaq gücüm var, nə də öhdəliyim. Sadəcə gücləndirilmiş şəkildə diqqətinizə çatdırmaq istəyirəm ki, bu eybəcərliyə doğru gedirik. Bilmirəm, bəlkə mən səhv edirəm, bəlkə sizin üçün eybəcər deyil, bəlkə sizin zövqünüzü oxşayır? Əgər belədirsə, onda siz də özünüzü ifrat dərəcədə azad hiss edin, buyurun, könül xoşluğuyla kullanın.