Meşşanlar və meşşanlıq
Meşşan maddi və geniş yayılmış maraqlara sahib, düşüncə tərzi mühitinin və dövrünün şablon fikirlərindən və ənənəvi ideallarından formalaşan yetkin şəxsdir. “Yetkin şəxs” deyirəm, çünki balaca meşşan kimi görünən uşaq və ya yeniyetmə sadəcə kamil bayağıları yamsılayan tutuquşudur. Tutuquşu olmaq isə ala qarğa olmaqdan asandır. “Bayağı” müəyyən mənada “meşşan”ın sinonimidir: meşşanı bayağı edən şey onun konvensionallığından çox, bəzi oturuşmuş baxışlarının bayağılığıdır. Burada ədabaz və burjua sözlərini də istifadə etmək olar. Ədabazlıq özündə bəzədilmiş bayağılığı nəzərdə tutur, bu isə sadəlövh qabalıqdan daha pisdir. Adam arasında gəyirmək kobud ola bilər, amma gəyirdikdən sonra “üzr istəyirəm” demək ədabazlıqdır və bu bayağılıqdan da betərdir. Mən burjua anlayışını Flaubert`dən götürürəm, Marx`dan yox. Flaubert`ə görə burjua düşüncə tərzinin göstəricisidir, pul kisəsinin yox. Burjua özündənrazı meşşan, məğrur bayağı şəxsdir.
Çətin ki, ibtidai cəmiyyətdə meşşan olmuş ola, amma, şübhəsiz, meşşanlıq elementlərinə orada da rast gəlmək olar. Məsələn, bir adamyeyən yeyəcəyi insan başının nəfis şəkildə bəzədilməsini istəyə bilər, eynən bir amerikalı meşşanın portağallarının narıncı, qızılbalığının çəhrayı, viskisinin isə qızılı rəngə boyanmasını istədiyi kimi. Amma ümumən meşşanlıq sivilizasiyanın müəyyən bir inkişaf mərhələsinə çatmasını nəzərdə tutur, harada ki, əsrlər boyu müəyyən ənənələr qalaq-qalaq toplanaraq iy verməyə başlayır.
Meşşanlıq ümumbəşəridir. Ona bütün millətlərdə və bütün təbəqələrdə rast gəlmək olar. Bir ingilis hersoqu amerikalı pastor, fransız məmur və ya sovet vətəndaşı qədər meşşan ola bilər. Bir Leninin, Stalinin və ya Hitlerin incəsənətə və elmə baxışı tamamilə burja baxışı idi. Bir fəhlə və ya şaxtaçı bir bank işçisi, evdar qadın və ya Holliwood ulduzu qədər burjua ola bilər.
Meşşanlıq özündə təkcə şablon fikirlər toplusunu deyil, basmaqəlib ifadələrin, klişelərin istifadəsini, boz, heç nə ifadə etməyən sözləri nəzərdə tutur. Əsl meşşan elə bu bəsit ideyalardan ibarətdir, onlardan başqa heç nəyi yoxdur. Amma etiraf etməliyik ki, hər birimizin klişe tərəfi var: hər birimiz gündəlik həyatımızda tez-tez sözləri söz kimi deyil, işarə, ştamp və ya düstur kimi işlədirik. Bu o demək deyil ki, biz hamımız meşşanıq. Bu o deməkdir ki, biz mexaniki iltifat mübadiləsinə həddən artıq dalmamaq üçün ehtiyatlı olmalıyıq. İsti bir gündə mütləq kimsə “Sizə isti deyil ki?” deyə soruşa bilər. Bu həmin şəxsin meşşan olması demək deyil. O sadəcə tutuquşu və ya ağıllı əcnəbi ola bilər. Biri sizə, “Salam, nə var, nə yox?” deyirsə, “Salamatçılıqdır” cavabı sönük klişe kimi görünə bilər, amma vəziyyətiniz haqqında ətraflı məlumat verdikdə də xırdaçı və zəhlətökən kimi görünə bilərsiniz. Bəzən də iltifat axmaqlarla ünsiyyətdən gizlənmək və ya yayınmaq üçün ən qısa yoldur. Mən görkəmli alimlərin və şairlərin yeməkxanada ən şablon ünsiyyət mübadiləsinə girdiyinin şahidi olmuşam.
Odur ki, “özündənrazı bayağı” dedikdə mən həvəskar meşşan deyil, ədabaz burjua, bəsitlik və ortabablığın tam ümumbəşəri məhsulunu nəzərdə tuturam. O, öz mühitinə uyğunlaşmış konformistdir və onu təyin edən başqa bir şey də var: saxta idealizm, saxta mərhəmət, saxta müdriklik. Saxtakarlıq həqiqi meşşanın ən sadiq müttəfiqidir. “Gözəllik”, “Sevgi”, “Təbiət”, “Həqiqət” kimi uca sözlər özündənrazı bayağının dilinə düşdükdə maskalara və yalanlara çevrilir. Ölü Canlar`da Çiçikovu eşitmisiniz. Soyuq ev`də Skimpoleni eşitmisiniz. Madam Bovari`də Omeni eşitmisiniz. Meşşan heyrətləndirməyi və heyran qalmağı sevir, bu yolla yalan, fırıldaq dünyası yaradır və onunla əhatə olunur.
Uyğunlaşmaq, aid olmaq, qoşulmaq ehtirası ilə alışıb-yanan meşşan iki istək arasında çırpınır: digərləri kimi hərəkət etmək, milyonlarla insanda var deyə bu və ya digər şeyə heyran olmaq, ondan istifadə etmək; və ya seçilmiş qrupa, təşkilata, kluba aid olmaq, bahalı mehmanxana və ya okean layneri müştərilərindən (ağ formada kapitanı və ləziz yeməkləri olan) biri olmaq, iri şirkət rəhbəri və ya Avropa qrafı ilə yanbayan oturduğunu bilməkdən məst olmaq. Bir meşşan adətən snob olur. Var-dövlət və rütbə onu vəcdə gətirir, “Əzizim, bu gün mən əsl hersoq arvadı ilə söhbət etmişəm”.
Meşşan incəsənət, o cümlədən ədəbiyyat haqqında heç nə bilmir, maraqlanmır -onun təbiəti incəsənətə qarşıdır- amma o, hər şeydən xəbərdar olmaq istəyir, odur ki, jurnal oxumağı öyrənib. O, “Saturday Evening Post”un sadiq oxucusudur və oxuyarkən özünü oradakı qəhrəmanlarla eyniləşdirir. Əgər meşşan kişidirsə özünü cazibədar müdir və ya başqa vacib adam – soyuq, subay, amma daxilən gənc oğlan və qolfçu obrazı ilə eyniləşdirəcək; əgər oxucu qadın meşşandırsa -meşşan xanım- sonda özünü daxilən gənc oğlan olan müdiri ilə ailə həyatı quran füsunkar qızılı-sarışın katibə, ilk baxışdan gənc qız, amma daxilən bir ana ilə eyniləşdirəcək. Meşşan bir yazıçını digərindən fərqləndirmir. O, çox az və yalnız ona faydalı olacaq şeyləri oxuyur, buna baxmayaraq, kitab klubunun üzvü ola və gözəl-gözəl kitablar seçə bilər, Simone de Beauvoir, Dostoyevski, Marquand, Somerset Maugham, Dr. Zhivago və İntibah dövrünün Ustadlarından ibarət həftəbecər.
Rəsm onu elə də maraqlandırmır, amma prestij xatirinə qonaq otağında Van Gogh və ya Whistler`in reproduksiyalarını asa, gizlində isə Norman Rockwell`i onlardan üstün tuta bilər.
Praktiki şeylərə, dünya malına olan sevgisi onu asanlıqla reaklam qurbanına çevirir. Reklamlar çox gözəl ola bilər, bəziləri çox yaradıcı olur, məsələ onda deyil. Məsələ ondadır ki, bu reklamlar adətən meşşanın əşyalara, istər gümüş çəngəl-bıçağa, istərsə də alt paltarına sahib olmaqdan duyduğu qürur hissinə müraciət edir. Bu cür reklamları nəzərdə tuturam: ailə təzə radio və ya televizor alıb (və ya avtomobil, soyuducu, gümüş çəngəl-bıçaq– istənilən bir şey). Əşya təzəcə evə çatdırılıb: ana sevincdən əllərini bir-birinə sıxıb, uşaqlar həyəcanla bir yerə toplaşıb, evin kiçiyi və it bütün taxta çıxarıldığı masanın kənarına doğru dartınır, hətta qırışları üzünə nuranilik qatan nənə belə arxa fonda boylanır; bir az aralıda isə baş barmaqlarını jiletinin qol yerlərinə keçirən müzəffər Ata, Məğrur Xeyriyyəçi dayanıb. Reklamda balaca qızlar və oğlanlar mütləq çilli, daha kiçiklər isə mırıq olur. Çilə qarşı deyiləm (hətta canlılara çilin çox yaraşdığını düşünürəm) və ola bilsin ki, xüsusi araşdırma aparılsa Amerikada doğulmuş balaca amerikalıların əksəriyyətinin çilli olduqları üzə çıxsın və ya başqa bir araşdırma bütün uğurlu rəhbərlərin və gözəl ev xanımlarının uşaqlıqda çilli olduğunu üzə çıxara bilər. Təkrar edirəm, öz-özlüyündə çilə qarşı deyiləm. Amma reklamçıların və digər agentliklərin onları bu cür istismar etməsində yetərincə bayağılığın olduğunu düşünürəm. Eşitdiyimə görə çilsiz və ya çili az olan kiçik oğlan aktyorlar televiziya ekranına çıxmağa hazırlaşanda onların üzünün düz ortasına süni çillər vurulur. Ən azı iyirmi iki çil: hər yanaqda səkkiz çil, altısı da dik burnun üstündə. Komikslərdə bu çillər səpkiyə bənzəyir. Bir komiks seriyasında çil adına balaca dairələr çəkilib. Reklamdakı balaca şirin oğlan uşaqlarının çilli, sarışın və ya kürən olmasına baxmayaraq, yaraşıqlı cavan oğlanların saçları və qalın qaşları adətən tünd olur. Şotlanddan keltə doğru təkamül baş verir.
Reklamların bol-bol meşşanlıq saçmasının səbəbi bu və ya digər faydalı əşyanın məharətini şişirtmələri (və ya kəşf etmələri) deyil, insan xoşbəxtliyinin zirvəsinin pulla alına biləcəyinə və bu alverin müştərini necəsə nəcibləşdirəcəyinə eyham vurmalarıdır. Şübhəsiz, onların yaratdığı dünya öz-özlüyündə kifayət qədər zərərsizdir, çünki hamı bu dünyanın satıcı tərəfindən alıcının da bu uydurmaya qoşulacağını nəzərə almaqla yaradıldığını bilir. İşin əyləncəli tərəfi ilahi sıyığı bişirənlərin və yeyənlərin üzündəki coşqulu gülüşdən başqa mənəvi bir şeyin qalmadığı dünyanın yaradılması və ya hisslər oyununun burjua qaydalarına görə oynanılması deyil. Bu həqiqi dünyanın elə bir peyki, elə bir kölgəsidir ki, onun varlığına -xüsusilə də bu müdrik, sülhsevər ölkədə- qəlbinin lap dərinliyində nə satıcı inanır, nə də alıcı.
Rusların özündənrazı meşşanlığı izah edən bir sözü var və ya var idi – poşlost. Poşlost təkcə açıq-aşkar keyfiyyətsiz olan deyil, daha çox saxta vaciblik, saxta gözəllik, saxta zəkilik, saxta cəlbedicilikdir. Birinə ölümcül poşlizm damğası vurmaq təkcə estetik hökm deyil, həm də əxlaqi mühakimədir. Saf, sadəlövh, xeyirxah olan heç vaxt poşlost deyil. Sadə, sivilizasiyadan kənarda qalmış birinin çox nadir hallarda poşlost olduğunu demək olar, belə ki, poşlizm özündə mədənilik görüntüsünü ehtiva edir. Bir kəndli bayağı olmaq üçün şəhərliyə çevrilməlidir. Poşlizmin ərsəyə gəlməsi üçün hülqum bəzəkli qalstuk altında gizlədilməlidir.
Ola bilər rusların bu qədər uğurlu söz tapmalarına səbəb köhnə Rusiyada sadəlik və gözəl zövq kultunun olması idi. Bugünün Rusiyası mənəvi imbesillər, gülərüz qullar və daşsifət qoluzorbalar ölkəsi kimi artıq poşlizmi görə bilmir, çünki Sovet Rusiyasında artıq poşlizmin özünəməxsus, istibdad və saxta mədəniyyəti özündə birləşdirən xüsusi brendi var; keçmiş zamanlarda isə bir Qoqol, bir Tolstoy, bir Çexov həqiqətin sadəliyi axtarışında bayağılığı, eləcə də saxta fikir sistemlərini necə də asanlıqla ifşa edirdi. Poşlistlər amma hər yerdədirlər, hər ölkədə, həm bu ölkədə, həm də Avropada. Hətta bizim vulqar amerikan reklamlarımıza baxmayaraq, poşlizm Avropa üçün daha səciyyəvidir.
İngilis dilindən tərcümə: Nərmin Mirzəyeva