THE BAKU REVIEW

Külək gülü'nün səhifə kənarlarında qeydlər

Orxan Əyyub

10 dekabr 2024
Külək gülü'nün səhifə kənarlarında qeydlər

 

Külək günü'nün bitdiyində cavabsız qoyduğu -daha doğrusu, oxucunun cavabını tapmalı olduğu- suallardan biri də bu kitabın gerçək müəllifinin kim olduğudur. Bu yazımı da eyni müəmma içində qarşılamağınızı təmənna edirəm; zira özündə heç bir izah ehtiva etməyən bundan sonra oxuyacaqlarınız əsla romanı daha yaxşı anlamağa kömək etməyəcək, əksinə onun bir vəzifəsi də oxucunu növbəti dəfə aldatmaq və çaşdırmaqdır.

Roman yazdığımı ilk öyrəndiklərində həmsöhbətlərimin verdiyi ilk sual onun nə haqda olduğu olurdu. Alicənablıqdan, yaxud səmimi maraqdan doğan bu sual qədər məni həyatda qorxudan və daxilimdə böyük təlatümlər başladan yəqin ki, az şey olub. İndi işim asanlaşıb, xeyr, hələ də verməyə cavabım yoxdur, amma kitabım artıq dərc olunduğundan, hər kəsə oxuyub bu suala özünün cavab tapa biləcəyini deyirəm.

Külək günü'nü qurarkən haqqında yazmaq, düşünmək istədiyim onlarla mövzu, personaj, hadisə, detal var idi. Bir yandan ailə romanı yazmaq istəyirdim, digər yandan detektiv. Alternativ tarix, romanın yazılış prosesini işləmək, Bakını dünyanın mərkəzinə qoymaq, çox uzaq olmayan tariximizi yenidən uydurmaq, yuxu və xəyal, gerçəkliyin sərhədləri haqda, başqa onlarla metafiziki sualı ortaya atmaq – fikrimdən keçənlərin qısa siyahısı bundan ibarət idi, amma roman irəlilədikcə bu arzular və məqsədlər də artırdı və onların içində tədricən daha çox yoxa çıxırdım.

Niyə roman yazırsan? Bu sual daha az qorxulu deyil. Mən isə bir neçə saniyəlik susub içimdə səbəbləri sayıram, sayıram, sayıram. Şəhrizad niyə hər gecə hekayə danışırdı? Gəlin buradan başlayaq. Düşünmürəm ki, tək səbəb yaşamaq istəyi idi. Həm də hekayə danışmağı sevirdi, başqalarının hekayə dinləməyi sevdiyini bilirdi. Bəli, hekayələr və ədəbiyyat hələ də həyatın bütün ağrılarına və qorxularına qarşı güclü ağrıkəsicidir, sığınacaqdır, yaxud qaçışdır. Tez-tez ilk insanları təsəvvür edirəm. Ulduzların altında, sonsuz boşluğunda və səssizliyində dünyanın bir-birinə hekayə danışan şəkildə. Bu mənzərə eyni anda həm çox kədərli, həm də gözəldir. O bir yandan həyatlarımınızın kövrəkliyini xatırladır mənə, bir yandan da bu əlacsızlığımıza təsəlli olan ədəbiyyatın gücünü. Məncə, bu suala cavab verə bildim.

 

* * *

 

Heç vaxt şübhəm olmayıb bədii mətnlərin ilkin qığılcımının uzaq və naməlum qaranlıqlardan gəldiyinə. Daha da vacibi bu – gözlənilmədən baş verir və ancaq çox sonradan, o, yazıçıya görünəndə, ətrafına digər obrazları, hekayələri, düşüncələri toplamağa başladıqda anlayırsan yeni roman üzərində işləməyə artıq başladığını.

On iki il əvvəl romandakı kimi yağışlı və macəraya dəvət edən Bakı axşamında addımlarkən gələcək həyat yoldaşıma qəfil ağlıma gəlmiş hekayəni danışdım: Sovet İttifaqı dağılarkən ucqar bir qəsəbədə qəssablar üsyana qalxıb yerli hakimiyyəti ələ keçirirlər. Bundan sonra bir roman yazdım, nəşr etdirməyəcəyim, başqa bir romana başladım, dörddə birini yazıb yarımçıq saxlayacağım. Alınmamış romanım məni bərk sarsıtmışdı. Ona ciddi hazırlaşmışdım. Heç nə bu uğursuzluğu vəd etmirdi. Ağır böhran içində bir günorta -bütün günortalar kimi səssizliyi ilə insanı özüylə haqq-hesab aparmağa sövq edən, sonra peşman olacağın- bu hekayə yadıma düşdü, altı il sonra. O günortanı yaxşı xatırlayıram. Qəssabların hekayəsi mənə komik və absurd gəlmişdi, onu romana necə daxil edəcəyimi başa düşmürdüm. Amma bütün ümidlərim ona köklənmişdi, imtina etmək fikrim yox idi. Ağlıma bir sual gəldi: nə üçün bu hekayə Həbibin axtarışının bir parçası olmasın?

Həbib – yarıda tərk etdiyim romanımın qəhrəmanı idi, Külək günü'nə o, Fərhad adıyla daxil olacaq, özüylə əvvəl atası Cahangir bəyi, sonra da qardaşını gətirəcəkdi. O romanda Həbib bacısı Lətifənin qatilini axtarırdı və sonda öyrənirdi ki, onun ölümü Cahangir bəyin müstəqilliyin ilk illərində törətdiyi qətllərin qisası idi. Bacının qurban, atanın illər əvvələ aid olsa da qatil olduğu romanın boğucu atmosferi yazmaq istədiyim qaranlıq, şübhə dolu, amma yeri gəldiyində komik və ironik romanla əsla üst-üstə düşmürdü. Belə olduqda əsas hekayə axtarışına başladım. Bəli, Cahangir bəy – müstəqil Azərbaycanın bəlkə də ilk seriya qatili olacaqdı, amma araya Nizami girib bütün hekayənin axarını dəyişdi. Yeni roman fikri məni içində azdığım qaranlıqdan çıxarmışdı. O qaranlıqda ilk peyda olmuş qəssabların hekayəsi isə romanın daha içərilərinə, dərinlərinə, vacib, amma kənar yerə köçmüşdü. Əlimdə qəhrəmanım vardı, təhkiyənin onu aparacağı yer vardı, amma daha dəqiq heç nə bilmirdim. On səkkiz yaşımdan topladığım qeydlərimi təkrar-təkrar araşdırır, bununla da kifayətlənmir, yaddaşımın ən uzaq ərazilərinə təhlükəli səfərlər edirdim. Nizaminin hansısa poeması ilə mətnlərarası münasibət qurmaq fikrinə belə çatdım. Xosrov və Şirin'i litsey illərindən sevirdim, amma baş qəhrəmanların hər şeyə qalib gələn eşqinə qarşı Fərhadın – orta əsr fövqəlinsanının kədərli ölümü və səssiz unudulması xoşuma gəlmirdi. Qərar vermişdim, Nizaminin hekayəsini yenidən işləyəcəkdim və onun mərkəzini Xosrov ilə Şirinin münasibətlərindən Fərhadın hisslərinə, yalnızlığına və həyatına keçirəcəkdim.

Nizami Zahidov personajı bundan sonra yarandı. Ən üst oxu qatında Fərhad Əşrəfov dostu – yazıçı Nizami Zahidovu axtararkən, daha alt qatda Xosrov və Şirin poemasının kədərli qəhrəmanı usta Fərhad öz yaradıcısını – Nizami Gəncəvini axtaracaqdı. İstədiyimi tapmışdım, bu axtarış vasitəsilə Fərhadın hekayəsi qəssabların hekayəsi ilə birləşəcəkdi. Amma məni aydın, şübhə doğurmayan axtarış maraqlandırmırdı. Fərhadın da, romanın digər qəhrəmanlarının da, ən vacibi oxucularımın da daim şübhə içində olmasını, bu axtarışın, Fərhadın, yaxud oxucuların özlərinin üzə çıxardıqları həqiqətlərin nə qədər həqiqi olduğuna şübhə etməsini istəyirdim. O günlər, xatırlayıram, beynimdə bir obraz yaranmışdı və məni tənha buraxmırdı: gerçəkliyin surətini çıxaran çoxaltma aparatı, amma hər dəfə təhrif edən, öz dəyişikliklərini edən. Roman reallığının, onun personajlarının da bu cür dəyişkən, əsla inam doğurmayan və sona qədər əmin olmağın mümkünsüz olmasını istəyirdim. Buna bir-birinə aparan, bir-birinə istinad edən -bəzən dəyişikliklərlə, yaxud tərsinə şəkildə- hekayələr, obrazlar, işarələr vasitəsilə nail ola bilərdim.

İlahi komediya da məhz bu yerdə romanın dünyasına daxil oldu. Dante'nin poeması da Xəmsə kimi uşaqlıq sevgilərimdəndir. Onu neçə dəfə oxuduğumu xatırlamıram. Xüsusən, cəhənnəmə heyran idim, etiraf edim ki, indi də poemanın bu hissəsi oxuyanda məni kədərlə yanaşı, qorxu da heç vaxt tək buraxmır. Fərhadın Bakıdakı axtarışı da Dante'nin cəhənnəmdəki səyahətini xatırladacaqdı, amma poemanın gələcəkdə qiyamət haqda təsəvvürləri formalaşdıracaq dəqiq strukturunun əksinə, Bakı xaotik idi, mənim cəhənnəmim, ərafım və cənnətim iç-içə olacaqdı, burada bütün günahkarlar eyni yerdə əziyyət çəkməli idilər, hər şey qarışıq olmalı və bəzən cəza ilə mükafatın fərqi aşkar sezilməməli idi. Bu qarışıqlıq bir yandan romandakı hekayələrin miqdarını artıracaqdı, bir yandan da bu artan hekayələrin bir-birinə istinadları sayəsində sanki əyri güzgülər zalındakı kimi roman reallığını təhrif edə biləcəkdim.

Külək günü'nün resepti ümumən sevdiyim, məni həyatı boyu düşündürmüş, maraqlandırmış hekayələrin, mətnlərin, tarixlərin bir-birinin içinə aşkar və gizli şəkildə keçərək yeni oxu imkanları yaratması üzərində qurulub. Buna görə uşaqlığımı əhatə edən, Sovet İttifaqının dağılması və onunla başlayan qiyamətdən də uzaq dura bilməzdim. Gerçək həyatda Azərbaycanda bu xaos çox davam etmədi. Amma mənim reallığımda bunun tam əksi yaşanmalı idi. Bəlkə də bu, uşaqlığımı sonsuz davam etdirmək cəhdimdir, indi ağlıma gələn bu fikir mənə elə də qeyri-inandırıcı görünmür. General Ağadadaş Ağababayev də belə yarandı və ölkəni ələ keçirdi. Bu, irrasional birinin irrasional və xaotik zamanda başlayıb irrasionallıq və xaos içində davam edəcək dövründən başqa, ölkəyə başqa bucaqdan baxmaq imkanı verirdi mənə. Alternativ tarixə müraciət etmək mənim üçün məqsəd yox, daha çox vasitə idi. Fərhadın axtarışı davam edərkən arxa fonda danışılacaq ağrılı və absurd hekayə istəyirdim, fəqət ölkənin reallıqdakı sabit vəziyyəti buna heç bir şərait yaratmırdı.

 

* * *

 

Romanın strukturunu düşünərkən, hər şeydən əvvəl on yaşında başına gəlmiş hadisəni xatırlayıb onun məndə canlandırdığı fikirləri və duyğuları əsas götürmüşdüm: valideynlərim və bacımla indi xatırlamadığım evə qonaq getmişdik. Ev sahibinin oğlu ilə məhəllədə oynayırdıq. Birdən bacımın xeyli vaxtdır yanımızda olmadığını anladım və qorxsam da onu tapmaq üçün qarajların yaratdığı əsl labirintə daxil olduq. Dalanlar, azmalar, sual dolu döngələrin sonunda bacımı üzü növbəti dalana tərəf, arxası bizə dönük tapdıq. Yaxınlaşanda bu qızın o olmadığını anladım. Çox qorxmuşdum. Qaça-qaça labirintdən çıxış axtarmağa başladıq. Başımı qaldırıb qarajların məhdudlaşdırdığı şəhər mənzərəsinə tamaşa etməyimi xatırlayıram. Günəş səmada sanki başqa – daha gur, işıqlı, həqiqi günəşi xatırlatmaq, necəsə əvəz etmək üçün var idi. Hər şey çox süni, plastik gəlirdi. Qürub, ağaclar, binalar. Bu hissi yaxşı xatırlayıram. Romanın strukturu oxucuya bunu xatırlatmalıydı. Reallığa, özünə, həyatına – hər şeyə şübhə personajlarımın da, oxucularımın da yaşamaqlarını və içində azmaqlarını istədiyim duyğu idi. İç-içə keçən, bir-birinin təkrarı kimi görünən hekayələr, üzə çıxan fərqlərin daha da çaşqınlıq yaratması, mətn içində mətnlərlə romanla dünya arasındakı sərhədlərin silinməsi, araya yuxuların və xəyalların daxil olması ilə hər şeyin daha da qəlizləşməsi bunun üçün lazım idi.

Bu istək də barəsində uzun müddət düşündüyüm təhkiyəni birinci, yoxsa üçüncü şəxsin təkində aparmaq dilemmamı həll etdi. Fərhadın düşüncələrinə, hisslərinə çox yer verəcəkdim, bunun üçün birinci şəxsin təki uyğun idi. Amma romanda ailənin keçmişi, Azərbaycanla bağlı hekayələr də az deyildi və onların tez-tez araya daxil olacağını gözləyirdim. Bunun üçün isə üçüncü şəxsin təki daha uyğun idi. Həm də oxucu üçün düşündüyüm labirint – hekayənin ruhunu yamsılayan uzun və qarışıq, ənənəvi olmayan cümlə quruluşu da məhz bu versiyaya uyğun gəlirdi.

Ən əvvəldən müxtəlif janrların kəsişməsində işləyəcəyimi bilirdim. "Bu kitab ailə haqqındadır, onu detektivə çevirmək olmaz", düşünərkən Fərhad əlbəttə yanılırdı və oxucunun gözləntiləriylə oynayır, onun sayıqlığını yoxlayırdı.

Bir də sevgi var. Romanın axtarış parçalarını yazarkən içimdə canlanan avanturist ruhun əksinə, bu yerlərdə özümü hisslərin və incə, kədərli fikirlərin ixtiyarına buraxmışdın. İstədiyim gözəl və kədərli olmaq idi. Fərhadın tez-tez haqqında düşündüyü, qarşısına çıxan Flora Kərimovanın ifası kimi. Nizaminin poemasında yaratdığı hər şeyə qalib gələn Xosrov ilə Şirinin sevgisinin əksinə, mən məğlubiyyətin ərazisində, kövrək və zamanı keçmiş sevginin içindən danışırdım. Etiraf edim ki, sevgi ilə bağlı passajlara, Fərhadın axtarışı, qorxuları, tarix, absurd, zaman-zaman üzə çıxan ironiya və komik anlar olmasaydı, bu qədər rahat yanaşa bilməzdim. Sanki bu iki tərəf bir-birini tamamlayır, romanın ruhunu müəyyən olmaqdan qoruyurdu.

 

* * *

 

Külək gülü daha əvvəl haqqında danışdığım qəssabların üsyanı haqda parçayla başlasa da, onu genişləndirən və bədənini yaradan nə mənim hisslərim və şəxsi, yaxud ailə hekayəm, nə də özümün müşahidə etdiyim, şahidi olduğum, yaxud digərlərindən öyrəndiyim başqalarının həyatıdır, zira onun köklərinin toxunduğu yer böyük ehtirasla sevdiyim və həqiqi vətənim olduğunu hesab etdiyim ədəbiyyatdır.

Romanımın mətnlərarası əlaqələrinin əsasını Xosrov və Şirin ilə İlahi komediya təşkil etsə də, bu siyahı burada bitmir. Onu Quran, İbn Arabi'nin dini-fəlsəfi traktatları, Macbeth, Min bir gecə nağılları, William Blake'in poeziyası, nuar və neonuar filmlər, Azərbaycan və Sovet kinematoqrafiyası, yapon animeləri ilə davam etdirmək olar. Daha nə qədər mətnin, müəllifin adını yazmaq olar. Yazıram, yazıram, silirəm. Bu mətnlərlə əlaqələr Külək gülü'nün ümumədəbiyyat kontekstindəki coğrafi koordinatlarını müəyyənləşdirməklə kifayətlənmir, həm də onlarla sonsuz dialoqu təşkil edirlər. Amma bir səbəb də var ki, onu ayrılıqda qeyd etmək istəyirəm: heyrət və heyranlıq. Bu dialoq bir yandan mədəniyyət hadisəsidirsə, digər yandan da hazırlıqlı, daha təcrübəli oxucu üçün əlavə mənalar tapmağa kömək üçündür. Bu roman ərsəyə gəlməsində böyük miqdarda hər birindən az, ya çox təsirləndiyim, bəzilərinin fikrincə, oğurladığım onlarla mətnə, filmə, musiqiyə, yaxud rəsm əsərinə borcludur. Həyatda heç nə bu qüdrətli zərafət və bilgi xəzinəsi qədər romanımı zənginləşdirə bilməzdi.

 

* * *

 

Azərbaycan reallığına necə yanaşmalı olduğum ən əvvəldən məni xüsusi düşündürürdü. Külək gülü'nün ən vacib personajlarından biri artıq həyatda olmasa da hekayəsi tez-tez üzə çıxan məşhur Sovet Azərbaycanı yazıçısı Cahangir Əşrəfov idi və onun siyasi hakimiyyət və tarixin gedişi ilə münasibətinə az toxunulmayacaqdı. Cahangir bəyin bənzəri intellektuallara Azərbaycanda vahid baxış mövcud deyil. Bəziləri onların nüfuzuna və -məncə- daha az yaradıcılığına görə heyrankən, digərləri işin peşəkar, yaradıcılıq tərəfini görməzdən gəlib, məsələyə ancaq kobud siyasi yanaşma ilə günahlandırırlar. Tərəf tutmayacaqdım – bu, romanla bağlı ilk və ən mühüm qərarlarımdan idi. Təkcə oxucular özləri qərar versin deyə yox, həm də birmənalı qərar verməyin mümkün olmadığına qəti inandığım üçün.

Tarixi, uydurma tarixi, ictimai-siyasi hadisələrə də baxışım belə idi. Bir yandan onlar Cahangir bəyi personaj olaraq daha hərtərəfli, daha dərindən göstərmək üçün idi, digər yandan romanın atmosferini daha qaranlıq, fantasmaqorik etmək üçün. Bu arzum məni tədricən real tarixdən uzaqlaşdırırdı. Bir yanda bu absurdlarla dolu tarix xoşuma gəlirdi, gerçək tarixin sınmış güzgüdəki, təhrif olunmuş oxşarını tapdığımı anlayırdım, onu uydurarkən çox əylənirdim, digər yandan bu absurdun mərəkəyə çevrilməsini də istəmirdim. Amma tərəddüd anlarımda özüm-özümə verdiyim bir sual məni rahatladırdı: məgər kitablardakı, yaxud televizordakı tarix mənim uydurduğumdan daha absurd, daha mənasız deyil?

Alternativ tariximi paylaşdığım bir çox şəxsdən gözlədiyim münasibəti almadım. "Azərbaycan belə deyil", deyirdilər. Əvvəl bu cavabı bəyənmirdim. Sonra onun mənim istəyimlə nə qədər üst-üstə düşdüyünü dərk etdim: oxucunun real tarixlə əlaqəsi kəsilsə, yaxud harada ona inanmalı olduğunu bilməsə, deməli romanın bu qatı ona cavab tapmaqda bələdçi ola bilməyəcəkdi. Artıq romanımın xəyali qəhrəmanları xəyali Azərbaycanda yaşayırdılar, Azərbaycan tarixini bilən də, bilməyən də ona eyni məsafədə uzaq idi, deməli Külək gülü öz reallığını yaradacaqdı. Üstəlik, zaman-zaman üzə çıxan gerçək tarixi hadisələr, detallar da bu yanılmanı və şübhələri daha da gücləndirəcək, oxucunu təkcə reallıqdan qoparmaqla kifayətlənməyib onu daha çox həqiqət/uydurma müstəvisində düşündürəcəkdi. Eyni zamanda romanın bu qatını məişət detalları, gündəlik həyatın narahatlıqları, dərdləri, ümidləri ilə qarışdıraraq oxucunu bu uydurma tarixə daha çox inandıra biləcəyimi düşünürdüm.

Romanımın öz reallığını yaratmaq məqsədilə atdığım digər addım hadisələri alternativ tarixdə olsa da indiki dövrdə baş verən Külək gülü'ndə sosial şəbəkələrin olmaması idi. Etiraf edim ki, bu addım əvvəl mənə şübhəli gəlirdi. Hətta iki dəfə – hər birində təxminən on gün sosial şəbəkədə hesab açıb istifadə etmişəm. Hər ikisində də qərarımın doğruluğuna əmin olmuşam. Bu yoxluq nə qatır romana? Romanın reallığı yamsılamalı olduğunu düşünmürəm. Kim deyə bilər ki, bizim həyatın alternativi olan, ona paralel olan aləmlə arasındakı fərqlər mütləq sonsuz olmalı, ancaq iki-üç fərqdən ibarət olmamalıdır? Əminəm ki, insan həyatı, hissləri bütün gerçəkliklərdə oxşardır. Fərhad bizim dünyada da sosial şəbəkələrin olmadığı, general Ağababayevin olduğu, yaxud Bakıya sonsuz yağışların yağdığı dünyadakı kimi Şirinin həsrətini çəkəcək, dostunu axtaracaqdı. Kiçik görünən bu detal əslində alternativ siyasi-tarixi hadisələrdən daha çox reallığı darmadağın edirdi, zira təəssüf ki, çağdaş həyatımızı xeyli müddətdir sosial şəbəkə idarə edir.

 

* * *

 

2019. ilin ilk günlərində yeni romanımın ilk sətirlərini yazmağa başlayanda onun beş ilə bitəcəyini bilmirdim. Təsəvvür etdiyim müddət bundan iki dəfə az idi. Yazmaq – zamanın geri qaytarılması mümkünsüz hərəkətini izlərkən ona bihudə müqavimət içində qoparılan bir neçə sətirdən, abzasdan, möcüzəvi günlərdə isə səhifələrdən ibarətdir. Tənha otağın sərhədlərinə qədər böyümüş beynin içindəki aləmi başqalarına da görünən etmək uğrunda apardığımız bu fəaliyyət çox halda sevinclə, ümidlə, əzgin, yaxud güssə ilə qarşısına oturduğun ağ vərəqi doldurmaqla və onun amansız müqaviməti ilə davam edir.

Bu yazı üçün gündəliyimi açıb romanı yazmağa başladığım ilk vaxtlardakı qeydlərimə göz gəzdirəndə dəhşətə gəldim. Beş ildir sonsuz ünsiyyətdə olduğum, istinadlar etdiyim, parodiya etdiyim, yenidən anlamağa çalışdığım İlahi komediya'nı özüm də fərqinə varmadan Bakıda, şəxsi həyatımda təkrar etmişəm. Romanın yazılışının ilk iki ili əsl cəhənnəm idi. Günlərim şübhə, tərəddüd və qorxu içində keçirdi. Bir neçə dəfə romanı yarıda saxlamaq haqda ciddi düşünmüşdüm. Hətta hər iki dəfə ağlıma yeni roman fikri gəlmiş və bu haqda xeyli düşünmüş, qeydlər etmiş, planlar hazırlamışdım. O qorxulu şübhələr çoxdan yaradıcı olmaqdan çıxıb şəxsi məsələyə çevrilmişdi və varlığıma bərpası mümkünsüz zərbələr vurmuşdular. Halbuki, sonunu bildiyim, ona gedən yolları çox yaxşı düşündüyüm, təhlükələrə qarşı əvvəldən hazırlıqlı olduğum səyahətdə idim. Əraf romanın əksər hissəsinin yazıldığı növbəti iki ildən ibarətdir. Şübhələrim və qorxularım yoxa çıxmasalar da azalmışdılar, əvəzində gördüyüm işin gücünə inamım artmışdı. Bəs cənnət? Bu da son bir ili əhatə edirdi – romanı redaktə etdiyim dövrü. Əslində fiziki olaraq ən çətin və yorucu vaxt məhz bu hissəni əhatə edir, amma romanın hər ağır iş gününün sonrasında daha da yaxşılaşdığını görmək, şübhələrimin azalaraq yoxa çıxmağı əvəzsiz idi. Fəqət hər növbəti oxu başlayanda əzab yenidən təkrarlanırdı – sonsuz əlavələr, sonsuz düzəlişlər, onların özləriylə gətirdikləri yeni səhvlər və uyğunsuzluqlar. Həyat yoldaşım düşünürdü ki, mən romanı heç vaxt bitirməyəcəm, əbədi işləyəcəm.

Məni daha çox dəhşətə gətirən isə o günlərin şübhələri, tərəddüdləri və qorxuları oldu. 2019. ilin sentyabrında, 2020. ilin martında romanı yarıda dayandırmaq istəyirdim. Fikrimcə, səbəb ədəbiyyatdan kənarda idi. Qarşıma qoyduğum məqsəd şedevr yaratmaq idi, bunun ağırlığı idi mənim bütün əzablarımın səbəbi. Məqsədimə nə qədər çatdığımı bilmirəm, bunu vaxtı gələndə ədəbiyyat tarixi deyəcək. Mən isə peşman deyiləm, Külək gülü bütün bu zülmlərə dəyərdi.

Nizami Zahidovun adlandırdığı kimi "darıxmaq hissinin paytaxtında" – Bakıda eyni masa arxasında başlayıb eyni masa arxasında bitirsəm də romanı, düşüncələrimin landşaftı daim dəyişirdi və oxuduğum kitablar da uzun yol gedərkən pəncərədən görünən yaşayış məntəqələri bir-birini əvəz edən kimi reallğı əvəz edirdi.

2020. ildə müharibə başlayanda bütün şübhələrimi yenicə geridə qoymuş, 3. bölümü yeni bitirmişdim. O ayyarımlıq vaxtın ancaq son günlərində özümü toplaya bilmişdim. Müharibə Bakıdan çox uzaqda davam etsə də onun mənəvi ağırlığı yazmağı mümkünsüz edirdi. O günlər tez-tez yadıma Walter Benjamin düşürdü, bir də onun kədərli intiharı. Sanki bütün oxuduğum kitabların hiss etdirə bilmədiyi ağrını bu qısa zamanda hiss etmişdim.

Tərəddüdlərimin səbəbi nə idi? Romanın üslubu nə qədər yaxşı idi? Durmadan Fərhadın düşüncələrinə, hisslərinə aparmaqla nə qədər düzgün davranırdım? Hekayə çox qurama deyildi ki? Dialoqlar qurama idi. Mənim Azərbaycanım anlayırdım, ən həqiqi Azərbaycan deyil. Buna iddiam və istəyim də yox idi.

Bu şübhələr o zaman başa çatdı ki. Yazıram və cümləni yarıda saxlayıram. Xeyr, onlar heç vaxt bitmədi. Mən onlarla yaşamağı və yazmağa davam etməyi öyrəndim.

2021. ildə roman daha yaxşı irəlilədi. Gündəliyimə baxıram, 6. bölümü oxumuş romanın yazılmağa başladığı gündən ilk oxucusu, ilk tənqidçisi, ilk redaktoru və mənim üçün ən vacibi həsr olunduğu insan – həyat yoldaşım deyib mənə: "Romanın ruhunu tapmısan". Bunu gündəliyimə sevinərək yazdığımı xüsusi qeyd etmişəm.

Romanın ruhunu tapmaq necə olur? Nədir romanın ruhu? Bilmirəm. Nə lazımdır bunun üçün? Düşünmək, yazmaq, pozmaq, sonsuz düzəlişlər etmək, yenə ən əvvəldən. Mən başqa yol bilmirəm. Bu beş il başqa nə öyrədib? Nə qədər darıxdırıcı olsa da, romanın qəsri bəxtin gətiribsə ona sərf etdiyin əmək və saatlardan ucalır.

2021. il mənim ərafım idi. Ən çətin günlər, dağıdıcı şübhələr geridə qalmışdı, amma xoş günlərdə də deyildim. O günləri sonradan xatırlayanda anlayacaqdım. Nə zaman ki, romanın dünyası, personajlar artıq formalaşıb, üslubunun işlədiyini anlayırsan, nə zaman ki, beynindən keçənlər, düşündüklərin, ilham anları vahid mexanizm kimi işləyə bilir, sevinc də o zaman başlayır. Fəqət bunun ardınca növbəti cəhənnəm başlayır – bitməyən, sonsuz redaktə prosesi.

2022. ildə romanın yarısından sonrasını olduqca sürətlə yazırdım. Gün ərzində səkkiz saata yaxın işləyirdim. Çox yorulurdum, amma sevincli idim. Nəhayət arzusunda olduğum intensivliyə çatmışdım və aylarla onda qalmağı bacarmışdım. Tərəddüdlər və qorxular da daha məni narahat etmirdi. Xeyr, onlar yoxa çıxmamışdılar, amma mən onlarla yaşamağı öyrənmişdim. Bu rahatlığım sonuncu üç bölümə qədər davam etdi. Hər son bölümü bir aya yazmışam. Xüsusən sonuncu bölümün sonuncu səhifələri çox vaxtımı aparıb. Romanı necə bitirəcəyimi başlamadan bilirdim, amma heç cür istədiyimi əldə edə bilmirdim. Orxan Əyyubun mənzilində pəncərədən baxan Fərhadın hissləri, düşüncələri üzərində yəqin bir həftədən çox işləmişəm.

Gündəliyimdə qeydə baxıram: "Mənim istəyim ədəbiyyatın özü olmaqdır. Buna nə qədər nail ola biləcəm, bu ümumiyyətlə nə deməkdir, bilmirəm. Mənim verəcəyim qərar deyil bu. Mən ancaq çatmaq istədiyim yeri bilirəm, hədəfimi bilirəm. Onun harasındayam, nə qədər yaxınlaşmışam, bu tamam başqa mövzudur".

Romanı bitirdiyim gecə səhərə qədər yatmayıb həyat yoldaşımın işə getmək üçün oyanmağını gözlədim. Yazdıqlarımı oxudum, sevincimi onunla bölüşdükdən sonra qərara gəldik ki, axşam bunu qeyd etmək üçün restorana gedəcəyik. Bir neçə illik zəhmətin, qorxuların, əziyyətin və ümidlərin içindən süzülən bütün suallarımın cavabını həyat mənə o axşam verdi, masamıza yaxınlaşan ofisiantın yaxasında "Dante" adını görəndə. Qarşıda məni birillik redaktə zülmü gözləyirdi, fəqət o axşam anlamışdım: hazır idim.

Artıq bilirəm filmlər montajda yarandığı kimi, romanlar da redaktədə yaranır. Külək gülü'nün redaktəsi bir il çəkdi. Bu müddət ərzində hər şeyə nifrət edirdim. Bir romanı ard-arda beş dəfə oxumaq insanı bezdirir. Əvvəlkindən daha çox işləyirdim və istirahət etmirdim, əvəzində bu yeni heç nəyin yaranmasıyla başa çatmırdı. Üstəlik, romanın həcmi də böyüyürdü. Nərminin etirazları olmasaydı, bu proses daha da uzanardı.

 

* * *

 

Külək gülü labirintdirsə, ona girən mütləq çıxışı tapacaq. O çıxışda isə oxucuya sual veriləcək: "Bu dünyada bir az da qalıb daha çox məna tapmaq, daha çox qat üzə çıxarmaq, daha çox əlaqə kəşf etmək istəyirsən?"

 

Fevral-aprel 2024