Külək gülü: redaktorun qeydləri
Külək gülü romanının çapından təxminən bir il keçir. Azərbaycan ədəbiyyatında vacib yer tutan mətnlərdən birinə çevriləcək bu romanın redaktoru kimi romanın yazıldığı illəri və redaktə dövrünü xatırlayaraq bəzi düşüncələrimi bölüşmək istəyirəm.
Orxanın keçmişdə başlayıb yarımçıq saxladığı, bitirdikdən sonra bəyənməyib çap etdirməkdən imtina etdiyi romanlardan xəbərdar biri kimi etiraf edim ki, Külək gülü`nün heç vaxt bitməyəcəyini, ya da bitirildikdən sonra dolaba yollanacağını düşünürdüm. Bəzən mükəmməllik sevdası gördüyün işi durmadan özünütəkrarlayan prosesə çevirir. Xoşbəxtlikdən Külək gülü`nün taleyi belə olmadı.
Bu roman ilk baxışdan sadə görünən axtarışla başlayıb keçmişdə baş vermiş faciənin üstünün açıldığı hekayədir. Bu bir optikadır. Başqa bir perspektivdən Külək gülü Fərhadın həyatının dolaşıq iplərini açmağa cəhd edərkən oxucunu Bakının yağışın dayanmadığı, səksəkəli küçələrində, öz narahat xatirələrinin dolanbaclarında, başqa insanların boxça kimi açılan hekayələrində dolaşdırdığı romandır.
Külək gülü`nü ən yaxşı izah edən söz labirintdir. Oxucu romanın bir bölümündən digərinə keçdikcə özündən xəbərsiz ucu-bucağı görünməyən labirintin içinə düşür. Bu fikrin romanın bir çox oxucusunun ağlına gələcəyinə əminəm. Ən diqqətli oxucular nə üçün bu labirint-romanın heç bir yerində müəllifin bir dəfə də olsun labirint sözündən istifadə etmədiyini soruşa bilər. Bu haqda mən də düşünmüşəm, soruşmuşam. Müəllifin öz romanını şərh etmək hüququnu qəbul etməyən Orxan isə sualıma cavab verməyib.
Belə olan halda bizə qalan ancaq öz ehtimallarımızı irəli sürməkdir: görünür, labirintin içində labirint sözünü dilə gətirmək olmaz. Bu istər-istəməz mənə qədim inanclardan birini xatırladır: adını çəkdiyini çağırmış olacaqsan, odur ki, şəri dilə gətirmə. Orxan Əyyub isə personajlarının dilinə nəinki şəri, hətta ən gizli, qorxulu, absurd, mümkünsüz fikirləri də gətirir, onların vasitəsilə öz oxucusunu bu hiyləgər labirintdə daha da azdırmağa çalışır. Oxu qatlarının birincisində – ən üst qatda Fərhad dostu və müəllimi Nizamini axtarır, amma bu axtarış nəinki A nöqtəsindən B nöqtəsinə gedən sadə və düz yol deyil, hətta yolun ortasında “Görəsən, son mənzil B nöqtəsidir?” deyə içində şübhə yaranır. Oxucu hər qarşılaşdığı personajın hekayəsində azır, hər belə hekayə dalana çevrilir, oradan geriyə əsas hekayəyə yolunu axtarmalı olur.
Külək gülü sintaksis baxımından oxucudan diqqət tələb edən romandır. Orxan maksimal detallı təsvirə nail olmaq üçün Azərbaycan dilində əsas cümlə üzvlərinin bir- birindən sonsuz uzaqlaşa bilmək imkanından istifadə edir. Nəticədə bəzən sətiryarımlıq cümlə belə öz məlumat sıxlığı ilə təəccübləndirir. Bu həm də romanın oxucunu bitməyən hekayələrin, dolanbac küçələrin içində azdırmaq cəhdinin dil səviyyəsində icrasıdır. Bu romana fraktallıq qatır. Kiçik vahidlər ideyaca özündən böyük vahidlərə, onlar da romanın özünə oxşayır.
Külək gülü ənənəvi redaktə yolu keçməyib. Belə ki, romanla onun hər bölümü yazıldıqca tanış olmuşam və müəlliflə bölüşdüyüm fikirlər, təkliflər onun yazıldığı beş ilə yayılıb. İlk bədii kitab redaktəsi təcrübəm olan bu yola geri boylandığımda mətnlə bu şəkildə tanış olmağın redaktə işinə əlavə dəyər qatdığını düşünürəm. Bu, bir tərəfdən mətndəki vacib məqamları əvvəlcədən bilib, sonrakı redaktə prosesində nəzərə almaq baxımından, digər tərəfdən roman bitdikdən sonra başlayan redaktə prosesinin daha az vaxt aparması baxımından (hərçənd redaktə prosesi Orxanın bitib-tükənməz əlavələri və dəyişiklikləri sayəsində yenə də çox vaxt apardı) faydalı oldu. Müəyyən mənada Külək gülü`nün redaktə prosesi yazılması ilə paralel gedib. Odur ki, roman yazılıb qurtarıldıqdan sonra faktiki redaktə dövründə mənim işim daha çox üslubun cilalanması ilə bağlı idi.
Orxanın roman və onun dili ilə bağlı hədəflərinin və təsəvvürlərinin çox aydın olması onu təklif və iradlara o qədər də açıq etmir və təbii olaraq bu, redaktə prosesində bəzən mübahisələrə səbəb olurdu. Külək gülü`nün dilinin ərsəyə gəlməsinin ilk şahidi olan və sonradan başqa oxucuların təcrübələrini eşidən biri kimi deməliyəm ki, durğu işarələrinədək öz dil konsepsiyasını formalaşdırmış bir müəllifin mətni ilə tanışlıq insanda qarışıq təəssüratlar doğurur. Yarımçıq kəsilmiş cümlənin sonunda üç nöqtədən imtina etməkdən tutmuş, Azərbaycan dilinə xas olmayan mübtəda və xəbər arasında tire işarəsinə, hadisəyə bənzədilən obyektlərə, birneçəsəhifəlik cümlələrə, şüur axınınadək hər şeyi ilə Külək gülü “mən sənin öyrəşdiyin və gözlədiyin Azərbaycan dilində danışmıram” deyir oxucuya. Amma bu məxsusi dil bu romanda qəfil peyda olmayıb. Orxan hər yazıb dolaba yolladığı, hər yazıb yarıda sildiyi mətnlə Külək gülü`nün dilinə addım-addım yaxınlaşıb. Bu metamorfozu izləyən, onun arxasında dayanan məntiqlə tanış olan biri kimi əminliklə deyə bilərəm ki, Külək gülü`nün dili ardıcıldır. Bu təsadüfi seçilmiş dil deyil. Mütəşəkkil təhkiyə üslubudur. Ən azından Orxanın yaradıcılığında öz varlığını bərqərar edib. Başqa müəlliflərin bədii mətnlərinin dilinə də təkan verəcəyinə heç bir şübhəm yoxdur. Çünki bu romanın təsiri ilə nəsr dili genişləndikdən sonra əvvəlki dar çərçivəyə qayıtmaq artıq nə müəllifi qane edəcək, nə də oxucunu. Çünki artıq Azərbaycan dilinin də romanda ismarış ötürmək vasitəsi olmaqla qalmayıb formanın bir parçası kimi çıxış etdiyi bədii əsər nümunəsi var və buna cəhd edəcək rəqabət ruhlu başqa müəlliflər də tapılacaq.
Romanın dilindən söz düşmüşkən, onun mürəkkəbliyinə dair iradlarla bağlı mövqeyimi bildirməyi zəruri hesab edirəm. Kitabın mövcud olduğu bu bir il ərzində onu oxumuş, oxumaqda olan, oxumağa cəhd edib bacarmayacağına qərar verən, sonunculara baxıb ümumiyyətlə kitabın üzünü açmaqdan çəkinən oxucular görmüşəm. Romanın dilinin çətin olduğunu, hətta Azərbaycan dilinin bu cür çətin olmamalı olduğunu iddia edənlər olub. Doğrudur, Orxan Əyyub müsahibəsində də qeyd etdiyi kimi, Azərbaycan dilinin nəsr imkanları ilə qane olmadığı üçün öyrəşmədiyimiz cümlə konstruksiyalarına əl atır, bəzən bu konstruksiyalar oxucuya yad gələ, bəzən oxucu ipin ucunu itirdiyini düşünüb qıcıqlana bilər. Romanı redaktə etmiş, bu əsnada onu dəfələrlə oxumuş biri kimi hətta ən təcrübəli oxucunun belə üzləşəcəyi bu çətinlikləri çox yaxşı anlayıram. Etiraf edim ki, redaktə prosesində Orxanın redaktə ilə bəzən razılaşdığı, bəzən isə razılaşmadığı hallar olub. Çapdan bir il keçməsinə baxmayaraq hələ də bəzən kitabı açıb redaktə edilməsinə nail ola bilmədiyim cümləyə mənə qalib gəlmiş rəqib kimi baxdığım olur. Buna rəğmən Külək gülün`dəki Azərbaycan dilini bu romanın ən parlaq nailiyyətlərindən biri sayıram. Ədəbiyyatımızın müstəqillikdən sonra düşdüyü böhrana, bunun həm də dilə vurduğu zərbələrə baxmayaraq, Azərbaycan dilinin ən mürəkkəb cümlə konstruksiyalarında təmsil olunmağa, ən dərin və mürəkkəb fikirlərin təsvirində istifadə edilməyə layiq olduğunu və bunun üçün hər cür imkana sahib olduğunu hesab edirəm. Qıcıqlanan oxucu isə sadəcə böyüməyin gətirdiyi ağrını yaşayır. Bu ağrını mütəmadi yaşayan, onun nə demək olduğunu hələ unutmamış istənilən insana böyüməyin özü ilə gətirdiyi həzz də tanışdır:
“Yolun o biri tərəfində, tozlu şam ağaclarının altında dayanıb avtobus gözləyən adamlar Fərhada zaman maşınının həsrətindəymiş kimi görünürdülər. Bircə ümidləri zaman maşınınadır, əgər o ixtira olunsa, içində olduqları bu solğun mənzərəni – binaların eybəcər fasadlarını, həmin eybəcər fasadlı binaların təmirsiz eyvanlarından asılmış nimdaş geyimləri, o nimdaş geyimlərin oxşarı əyinlərindəki başqa nimdaş geyimləri, o təmirsiz eyvanlardan çəkdikləri siqaretin boz külünü aşağı tullayan kişiləri, hərdən açıq qalmış mətbəx pəncərələrindən görünən güllü xalatlardakı qadınları, bu ağır və kirli havanı, küləyi, dörd bir tərəfdəki zir-zibili, bitmək bilməyən alveri, qiymət öldürən müştəriləri, çəkidə kələk gələn satıcıları, dilənçiləri, dalaşqan məktəbliləri, çirkli və istifadəyə yararsız, ağzınacan sərnişinlə dolu avtobusları, daim gözləmək duyğusunu onun içinə doldurub qaytaracaqdılar iyirmi il, otuz il, əlli il əvvələ, daha heç vaxt kədərli, yoxsul və yorğun olmayacaqdılar. Əmin idi, tozlu şam ağaclarının altında dayanıb avtobus gözləyən adamlar belə düşünürlər”.
Külək gülündə bir-birindən uzaq olan hadisələr və düşüncələr qədim Azərbaycan tətbiqi sənəti olan quramadakı rəng, naxış, fakturaca bir-birindən fərqlənən parçalar kimi bir araya gəlib sirli və qəribə mənzərə yaradır. Burada həm gündəlik həyatımız, həm yaxın və uzaq tariximiz var, həm də çayxanalarda, məclislərdə, təsadüfi görüşlərdə səslənən sayıqlamalar, konspiroloji fikirlər, ən sadə məntiqin inkar etdiyi düşüncələr, ehtimallar. Orxan Əyyub detektivdən sevgi romanına, ailə dramından alternativ tarixə qədər bir çox janrı bir-birinə hörməklə kifayətlənmir, öz Min bir gecə nağıllarında dünyanın mərkəzinə çevirdiyi Bakının sakinlərinin dilindən həyatla bağlı hər qəbildən fikri də bir-birinə qatır. Bu romanda Dante, yaxud Nizami Gəncəvinin poemaları televizordan səslənən populyar musiqilərlə, gerçək tarixi hadisələr yuxularla, yuxulardan daha real olmayan uydurma tarixlə, onlarla gerçək mətn və müəllif Orxan Əyyubun uydurduğu başqa mətnlərlə və müəlliflərlə dialoq içindədir. Tarix ironiyaya çevrilir, kədərli söhbətlərin ortasında absurd peyda olur, dastandan çıxıb gəlmiş əfsanəvi Qırat dönüb olur Bakı sirkinin Qırat ləqəbli ağ atı, sevgisi üçün dağları yaran Fərhad isə keçmiş həyat yoldaşının qarşısına çıxmaqdan çəkinən, cəsarəti ancaq ona zəng etməyə çatan Fərhad Əşrəfov.
Qısaca, Külək gülü həm gündəlik qayğılardan qaçıb ustalıqla uydurulmuş hekayələrin içində itmək istəyənlərin, həm də çoxqatlı təhkiyənin içində öz axtarışına çıxmağa hazır olanların romanıdır.