THE BAKU REVIEW

Küdrü və ya tərcümədə estetika

Nərmin Mirzəyeva

04 noyabr 2024
Küdrü və ya tərcümədə estetika

 

Vaxtaşırı T.S. Eliot'un The Waste Land poemasını tərcümə etmək haqda düşünürəm. Hər dəfə bu fikir məni özünə cəlb edəndə poemanın adı üzərində uzun düşüncələr məni bu işdən daşınmağa vadar edir. Bir neçə gün əvvəl isə bu düşüncələr dalanından nəhayət çıxış tapdım və bu məni çox sevindirdi. Bu yazı müəyyən mənada sevincin aldadıcı təbiəti haqdadır.  

Tərcümə peşəsinə sevərək gəlmişəm və həmişə sevdiyim işlə məşğul olduğuma, hələ bunun qarşılığında pul aldığıma görə özümü xoşbəxt hiss etmişəm. Amma söhbət peşəkar fəaliyyətdən gedirsə, mənim üçün bu az qala həmişə texniki tərcümə olub. Harada ki, sifarişçi əksər halda hərfi tərcümə tələb edir. Elə tərcüməçinin özü üçün də bu bir növ anlaşılmazlıqdan sığortalanmaq yoludur. “Bir dil başqa dilə köçürülmür, adaptasiya olunur” fikri texniki mətnlər üçün relevant deyil, ya da əksər hallarda relevant deyil.

Bədii tərcümə ilə peşəkar şəkildə (burada “peşəkar” dedikdə qarşılığında pul qazanmağı nəzərdə tuturam) məşğul olanlar üçün proses fərqli ola bilər, amma mənim hansısa bədii mətni tərcüməyə qərar verməyim adətən şəxsi səbəblərə bağlı olur. Məsələn, J. Alfred Prufrock`un sevgi nəğməsini oxuduqdan sonra bu şeirə o qədər heyran olmuşdum ki, eyni hissi Orxan Əyyubun Azərbaycan dilində də yaşamasını istəyib onu tərcümə etməyə qərar vermişdim. Burada haşiyəyə çıxıb deyim ki, bu poemanın Azərbaycan dilində mənə məlum olan bir tərcüməsi həm forma, həm də məzmun olaraq ilkin mətni yalnız uzaqdan andırır. Rus dilində olan ən azı üç tərcümə variantı isə Kaşkin məktəbinin “ən gözəl ənənələrini” təmsil edir, harada ki, bədii mətn tərcümə olunduğu dilin xüsusiyyətlərinə qeyd-şərtsiz ram etdirilir, dil daşıyıcılarının zehniyyətinə və yaşadığı reallığa maksimal yaxınlaşdırılır. Bu tərcümə məktəbinin prinsipləri ilə tanış olanlar bilir ki, uzun illər biz xarici ədəbiyyat adına müəyyən mənada kaşkinçilərin “yaradıcılığı” ilə tanış olmuşuq.  

Yaxud J. D. Salinger'in Banan balığı tutmaq üçün əla gün hekayəsini oxuyub orada Seymour Glass adının "see more glass" homofonunu azərbaycancaya necə tərcümə etmək olar deyə düşünmüşdüm. Ağlıma “simurqlaşmaq” sözü gələndən sonra da artıq hekayəni tərcümə etmək qərarına gəlmişdim. 

Başqa sözlə, könüllü surətdə tərcümə etdiyim bədii mətn həmişə məni bir söz, bir ideya, ya da bir obraz ilə öz qarmağına keçirib. The Waste Land isə başlamamışdan ilkin mətnə maksimal yaxın tərcüməyə bütün ümidlərimi kənara qoymağımı tələb edirdi. Ta ki, bir axşam bu adın tərcüməsi ilə bağlı növbəti müzakirələrdə dostlardan biri “küdrü” sözü, onun mənası haqqında danışmağa başladı. Küdrü ədəbi dildə, gündəlik istifadədə demək olar rast gəlinməyən, məhəlli sözdür. Dialektoloji lüğətdə “küdri” kimi də qeyd olunur, “düzənlik”, “su çıxmayan yer” deyə izah olunur. İzahlı lüğətdə yoxdur, orfoqrafiya lüğətində isə var (ah, Dilçilik İnstitutu!). Təbii ki, Orxan sözə üzünü turşutdu. Mən isə Ağamusa Axundovun dialektlərin dilin lüğət tərkibini zənginləşdirməsi ilə bağlı mötədil mövqeyinin tərəfdarıyam. “Küdrü” gözəl sözdür. Azərbaycanın ərazisinin əhəmiyyətli hissəsini təşkil edən coğrafi landşaftı, onun susuz, yuxulu, yorğun təbiətini əks etdirir. 

Həmin axşam bu sözlə tanış olanda hələ poemanın adının Wasteland, yəni söz birləşməsi deyil, bir söz olduğunu düşünürdüm. Öz müdafiəm üçün onu deyə bilərəm ki, hətta ingilisdillilər arasında bəzən bu səhvi buraxanlar olur. Azərbaycan dilində poemanın adının ən geniş yayılmış variantda “Bəhrəsiz torpaq” kimi tərcümə olunduğunu, bu tərcümənin eyni zamanda doğru və yanlış olduğunu (bütün tərcümələr kimi), tərcümədə hər seçimin əslində kompromis olduğunu da bilərək oxucudan bir az səbrli olub mənimlə dilin texniki məqamlarına dalmağı dəvət edirəm, çünki hətta poemanın adının bir söz deyil, söz birləşməsi olması faktı belə məni küdrü variantından asanlıqla daşındıra bilməmişdi.

"Mükəmməl dil" konsepsiyasına görə "tərcümə olunmuş mətn ilkin mətnin mənasını reproduksiya edə bilməz, odur ki, bizə yalnız bütün dillərin necəsə üst-üstə düşməsi hissinə etibar etmək qalır. Bütün dillər -hər biri ayrı-ayrılıqda- eyni niyyəti güdür, amma buna ayrı-ayrılıqda deyil, yalnız qarşılıqlı şəkildə bir-birini tamamlayan niyyətləri ilə nail ola bilirlər". Elə olduqda ‘küdrü’ sözü və ‘waste land’ ifadəsinin eyni mükəmməl fikrin orbiti ətrafında fırlandığını demək o qədər də səhv olmaz.

Google Ngram dil korpusuna istinad etsək, “wasteland” ingilis dilinə nisbətən yeni – 19. əsrin əvvəllərində daxil olmuş sözdür. Bu o deməkdir ki, poemanın yazıldığı dövrdə bu söz artıq var idi. Deməli, poemanın adının məhz söz birləşməsi şəklində olması müəllifin şüurlu seçimidir və əgər hərfi tərcümə etsək “hədər olmuş torpaq” mənası da verə bilər, niyə də yox? T. S. Eliot bu poemanı müharibədən sonra mədəni çöküş, mənəvi boşluq mühitində yazıb. Məgər Verden döyüşü bir an da olsa bəşəriyyətin gəldiyi inkişaf yolunun hədər olduğunu düşünməyə vadar etmir? 

İngilisdilli ədəbiyyatda poemanın adı xüsusi müzakirə obyekti deyil. İngilisdilli insan üçün “waste land” özlüyündə işarə olaraq müəyyən xüsusiyyətlərə malik mənanı əks etdirir. Problem poemanın tərcümə edildiyi dildə həmin xüsusiyyətlərin mümkün qədər çoxunu əhatə edən işarəni tapmaqdır. Bəs Azərbaycan dilində həmin işarə nədir? Küdrü sözü o işarə ola bilər? ‘Düzənlik’, ‘su çıxmayan yer’ kimi tərif olunan söz, nə əkinə, nə biçinə yarayan, əlverişsiz, hədər sayıla biləcək yer. 

Küdrü sözü gözəl sözdür. Məni narahat edən məsələ də bədii tərcümə zamanı estetika hissinin tərcüməyə sadiqlik hissini boğduğu anlardır. Bəzən tərcümə prosesi bu iki hiss arasında döyüş meydanına çevrilir. Bəzən özünü “müəllif Azərbaycan dilində yazsaydı bu sözü seçərdi”, “bu sözü seçsəm əsərin mahiyyətini oxucuya daha düzgün çatdıraram” deyə inandırdığın, bəzən də aldatdığın anlar olur. Amma bir azərbaycanlı üçün `küdrü` dedikdə gözlərinin qarşısında canlanacaq mənzərə məlumdur və bu, T.S. Eliot`un canlandırmaq istədiyi mənzərə deyil.  

Belə anlarda Vladimir Nabokovun Tərcümə haqqında mühazirəsindəki həqarətli nitqini xatırlayıram: “Tərcüməçi üçüncü -ən böyük- günaha sənət əsərini cilalamağa və ütüləməyə, həyasızca bəzəməyə, oxucuların zövqünə və zehniyyətinə uyğunlaşdırmağa başlayanda yuvarlanır”. Etiraf edim ki, bu mühazirə tərcüməyə təzə başladığım dövrlərdən mənim ürəyimə elə xof salıb ki, hər belə tərəddüd anında “olmayan” estetikaya meyl etdiyim zaman Vladimir Vladimiroviçin qəzəbli üzünü xatırlayıb tərcüməçinin ilk və ümdə vəzifəsinin sadiqlik olduğunu özümə təkrarlayıram. ‘Küdrü’ sözünə uzanmış əlimin də həvəssizcə geri çəkilməsinin səbəbi budur.