THE BAKU REVIEW

Kitab dükanlarının təsnifatı

Vüqar Van

09 noyabr 2024
Kitab dükanlarının təsnifatı

 

Oxucu ilə kitabın klassik qarşılaşması üç mərhələdən keçir: müəllifin kitabı yazması, nəşriyyatın onu çap etməsi və yekun məhsulun kitab dükanlarında satılması. Bu yazının mövzusu ilk iki mərhələ və bu mərhələləri reallaşdıranlar deyil. Kitabın oxucunun rəfində yer almasından öncəki son dayanacağı olan kitab dükanlarıdır. 

Kitab dükanı təkcə ticarət vahidi deyil, daha dərin, sosio-mədəni hadisədir. İcazə verin, fikrimi izah edim. 

Kitab dükanlarının funksiyası kitabın satılması ilə yekunlaşmır. Onlar nəşriyyatlarla ittifaqa girir, kitab siyasətini müəyyənləşdirir, kitab və kitabətrafı proseslərə təsir edirlər. Öz mahiyyətindən irəli gələrək oxucunu müştəri kimi görmələri təbiidir, amma peşəkarlaşmış kitab dükanları oxucuya alıcıdan daha artıq – mədəniyyət istehlakçısı kimi baxır.

Adətən, kitab dükanları yalnız yerli əhalini yox, turistləri də cəlb edən məkanlardan sayılır. Bəzi kitab dükanlarında təkcə kitab yox, eyni zamanda, yemək, içki və digər şeylər də satılır. Bazar günləri antik əşyalar hərraca çıxarılır. Sərgilər keçirilir, konsertlər, yazıçılarla görüşlər təşkil edilir. Hər kitab dükanının maraqlı və fərqli dizaynı olur. “Barter” üsulu ilə işləyən kitabçılar yaranır. İnsanlar gəlib kitablarını dəyişirlər. Kitab dükanlarında filmlər, seriallar, musiqi klipləri çəkilir. Uşaq kitabçıları xüsusən seçilir. Uşaqlara kitab oxumaq üçün mağazanın içində hər cür şərait yaradılır. 

Peşəkar kitabçılar seçici davranmağı xoşlayan oxucularını yönləndirməyə, onların zövqlərini müəyyənləşdirməyə və nəticədə öz kitab siyasətini formalaşdırmağa kifayət edəcək qədər ədəbiyyatdan məlumatlı olurlar. Peşəkar kitabçını rahatlıqla həm də peşəkar oxucu adlandıra bilərik. Bəzi nəşriyyatların yalnız müəyyən kitabları nəşr etdiyi kimi, elə məşhur kitabçılar var ki, orda hər kitab satılmır. Onların rəyi bəzən kitabların arxasında olur. Oxucular bu rəyə güvənib kitabı alırlar. Oxucu artıq öz zövqünə uyğun kitabları haradan ala biləcəyini əvvəlcədən təxmin edə bilir.

Baş ofisi bir ölkədə olmaqla bütöv qitədə dükanlar şəbəkəsi olan “Fnac”, “Amicus Books”, “John King”, “Daunt Books” kimi kitab dükanları ikinci əl, nadir kitablar, səyahət kitabları, orta əsrlərə dair kitablar və s. olmaqla konkret janrlar üzrə ixtisaslaşıblar. Bir sözlə, kitab dükanları təkcə ticarət müəssisəsi deyil, həm də mədəniyyət hadisəsidir.

İndi isə Azərbaycanda, daha dəqiq, Bakıda yerləşən kitab dükanlarına diqqət yetirək. Sayı onsuz da məhdud olan kitab dükanlarımızda bir neçə gün kiçik araşdırma etməklə bəzi qənaətlərə gəlmək olar. 

Bakıdakı kitab mağazalarını şərti olaraq bir neçə qrupa ayıra bilərik.

Əslində, Bakıda kitab dükanlarının sayı əvvəlki illərə nisbətən çoxdur. Amma bu dükanlar bayaq yuxarıda saydığım kitab mağazaları kimi yox, testlər, qrammatika kitabları, gündəliklər, dərs vəsaitləri, dərsdənkənar vəsaitlər və bir-iki detektiv roman satılan xırda obyektlərdir. Bu cür kitab mağazaları, əsasən, “28 May”, “Elmlər” metro-stansiyasları tərəflərdə, yeraltı keçidlərdə yerləşir. Onlar dolanışığını məktəb və ofis ləvazimatlarından, A4 kağızlarından çıxarır. Hər şeyi öz adıyla çağırsaq, bu mağazalar kitab mağazası yox, ofis və məktəb ləvazimatları satılan mağazalardır. Birinci qrupa bu dükanları aid edə bilərik.

İkinci qrupa isə kiçik, amma həqiqətən, kitab mağazası olmağa haqqı çatan kitabçıları daxil edirəm. Bu mağazalar son illərdə şəhər mədəniyyətinin bir hissəsi kimi formalaşmağa başlayıb. Şəhər olmasa, onlar da olmaz.

Az büdcə ilə zirzəmilərdə, yaşayış binalarının birinci mərtəbələrində, şəhərin icarə haqqı az olan kənar yerlərində açılan bu mağazaların sahibləri, əsasən, cavanlar olur. Onların bu işlə məşğul olmalarını bir az da fədakarlıq adlandıra bilərik. 

Üçüncü qrupa “Libraff” və “Əli və Nino” kitab mağazalarını aid edirəm. Bu mağazalar iri, kifayət qədər gəliri və işçisi olan, böyük ticarət mərkəzlərində və bir-iki rayonda filialları açılan mağazalardır. Onlar, belə demək olarsa, müəyyən qədər də monopolistdirlər.

Bu kitab mağazalarında sanki hər şey “tez al, çıx get” məntiqinə hesablanıb. Divarlar boyunca kitab rəfləri və qiymətlər, dükanın ortasında bir masa, üstündə ən populyar, həmçinin “tendy” kitablar, qapının çıxışına yaxın kassa və kassir. Dükanlar kiçikdir. Üst rəfləri adətən elə-belə, doldurmaq xətrinə doldururlar. Kassirin, yaxud satıcının gözü sənin üstündədir. Elə ki, on dəqiqədən artıq yubandın, artıq nəzərə çarpırsan, kassir, yaxud satıcı sənə yaxınlaşır və hamıya məlum olan satıcı suallarını soruşur. Hansı ki, o sualları paltar dükanında da soruşurlar. Nə kitabın annotasiyasını oxumaq olur, nə haqqında yazılan rəylərə baxmaq, nə tərcüməçiylə maraqlanmaq, nə də oturub bir-iki səhifə göz gəzdirmək. “Take away” üsulu kitab mağazalarımızın ən mənfi cəhətlərindən biridir. Əlinə bir kitab götürüb, bir-iki səhifəsini oxumağa başladınsa, kitab mağazasının işçisi başının üstünü kəsdirir, elə bilir kitabı götürüb qaçacaqsan. Kitab mağazasında adamı kitab oxumağa qoymurlar. 

Klaustrofobiyası olanlar bir liftdə qalmaqdan, bir də Bakıda kitab dükanına girməkdən qorxurlar.

Adını çəkdiyim bu iri kitab mağazaları əsasən özlərinə yaxın olan nəşriyyatlarla işləyirlər. “Əli və Nino”da əsasən “Qanun” nəşriyyatının, “Libraff”da isə “Teass-Press” nəşrlər evinin kitabları satılır. “Qanun” nəşriyyatında çap olunan kitabları “Libraff”da, “Teass-Press” nəşriyyatında çap olunan kitabları isə “Əli və Nino”da tapmaq müşkül məsələdir. 

Dördüncü qrupa köhnə bukinistlər aiddir. Onların sahibləri, əsasən, yaşlı adamlar olur. Bu bukinistlərdə başqa mağazalarda tapılmayan rusca, yaxud Sovet dövründə nəşr olunan kiril qrafikalı kitablar satılır. Sayları hər gün azalsa da, antik əşyalar dükanını xatırladan bu bukinistlər şəhərin bəzi yerlərində hələ də qalmaqdadırlar. 

Beşinci qrupa hələlik yalnız bir mağazanı aid edə bilərik: “Baku Book Center” – “Bakı Kitab Mərkəzi”. 

Aurası bir az restoran, şadlıq evini xatırlatsa da, məncə, “Bakı Kitab Mərkəzi”ni Bakıdakı ən yaxşı kitab evi saymaq olar. 

Əvvəla, çox genişdir, saatlarla qalıb kitablara baxa, oxuya bilirsən. Kitab seçimi çoxdur. Oturub nəsə içmək üçün balaca restoranı var. Gənclər orda uzanır, oturur, şəkil çəkdirir, dərsləri ilə məşğul olur, kitab götürüb oxuya bilir, uşaqlar üçün oxu günləri keçirilir, kitabla bağlı aksessuarlar satılır.

Di gəl digər kitab evlərindən fərqli olaraq, “Bakı Kitab Mərkəzi”ndə qiymətlər çox bahadır. Bu haqda yazıçı-publisist Əli Novruzovun fikirlərini oxuyaq: 

“Bakı Kitab Mərkəzi kommersiya qurumu deyil, kvazi-dövlət təsisatıdır, xeyriyyə qurumunun (Heydər Əliyev fondunun) dəstəyi ilə yaradılıb. Yerləşdiyi məkan dövlət mülkiyyəti olub – köhnə Travmatologiya İnstitutunun binasını dövlət onlara verib. Onların missiyası pul qazanmaq yox, ölkədə kitabı, mütaliəni təşviq etməkdir. Öz sözləri ilə desək, “həmvətənlərimizdə mütaliəyə marağın və həvəsin artırılmasıdır”. Bəs niyə bir məhsulun üzərinə qoyduqları qiymət, hətta kommersiya qurumlarının qiymətlərindən yuxarıdır?”

***

Oxucular üçün həm öz təcrübəmdən, həm də digər yazıçı dostların təcrübələrindən yola çıxaraq belə bir ümumiləşdirmə aparmaq faydalı olar: Nəyi haradan almaq lazımdır? 

Azərbaycan dilində kitab oxuyanlar üçün: “Kitabevim.az”. Qeyd edim ki, “Kitabevim” mağazasında yerli müəlliflərin istənilən kitabını çox rahatlıqla tapmaq olar. “Kitabevim” yerli müəlliflərə az-çox hörmət edən yeganə kitab dükanıdır. 

Rus dilində kitab oxuyanlar üçün: “Baku Book Center.”

Türk dilində kitab oxuyanlar üçün: “Əli və Nino”. 

“Libraff” isə, obrazlı desək, şirin çaya oxşayır. Orada istədiyiniz kitabı tapa da bilərsiz, tapmaya da bilərsiz.

Yuxarıda adlarını sadaladığım bütün kitab mağazaları yerli müəllifləri, yumşaq desək, saymırlar. Nə satılan kitabın tiraj miqdarını bilmək olur, nə yerli müəlliflər üçün bir siyasətləri var, nə müqavilə imzalanır, nə satılan kitabın razılaşdırılmış faizinin ödənişi olunur, nə təbliğat-reklam kampaniyaları aparılır. Peşəkarlıqdan söhbət belə gedə bilməz. Bu gün ölkədə fərqi yoxdur, az oxunan-çox oxunan (bir neçə nəfər istisna olmaqla) əksər yerli müəlliflər öz kitablarını kitab mağazalarında min bir əziyyətlə tapa bilirlər. Yerli müəlliflərin oxucuları kitabları müəllifin özündən alırlar. Konkret bir ünvan yoxdur, bir mağazanın hansısa filialında kitabın olur, birində olmur. Əgər kitabı öz hesabına çap etmisənsə, məcbur qalıb özün öz kitabını mağazaya aparıb verməlisən. Ölkədəki kitab mağazalarının yerli müəlliflərə münasibəti minnət üzərində qurulub. Guya biz – yazıçılar kitablarımızı satdıqları üçün, kitablarımız rəfdə yer tutduğu üçün kitab mağazalarına borcluyuq. 

***

Mədəniyyət adamlarının və incəsənət mərkəzlərinin birinci mərhələdə dövlətə, ikinci mərhələdə isə ayrı-ayrı mesenat iş adamlarına ehtiyacları var.

Bu mərhələli inkişafın uzaq hədəflərində onların getdikcə “istəyən” rolundan çıxacağı, müstəqilləşəcəyi qaçılmazdır. Mədəniyyətin ələ baxması, dövlət büdcəsinin kiçik bir hissəsinə sığınması hələ ki, ən böyük problemimizdir. Sağlam rəqabət mühiti yoxdur. İncəsənət bugünkü və sabahkı mesenatlarından, yəni dövlətin dəstəyindən və özəl biznesdən ayrılıb müstəqil sahə olmalıdır.

Hələlik birinci mərhələni yaşayan azərbaycanlı mədəniyyət adamlarına düşən iş – özündə mədəniyyət adamına layiq müstəqil xarakter formalaşdırmaq, dövlətin əlavəsi olmamaq, mədəniyyətin yeni renessansına inanmaqdır. 

Bu gün mədəniyyətimiz dövlətin himayəsindədirsə, mədəniyyət hələ də bərabərhüquqlu deyil, “istəyən” rolundadırsa, onda dövlət büdcəsi ilə çalışan hökumət və qeyri-hökumət qurumları kitab mağazalarına müəyyən qədər dəstək olmalıdır. Bakıdan başqa digər böyük şəhərlərdə də kitab dükanlarının açılması, xırda kitabçılara dəstəyin göstərilməsi kitab dükanlarının, beləcə oxucu-kitab münasibətlərinin inkişafına səbəb olar.

Bu gün gənclər, xüsusən azərbaycandilli oxucular istədiyi kitabları tapmaq, kitabla vaxt keçirmək, sadəcə, rəfindən bir kitab götürüb oxumaq üçün hansı məkana getsinlər? Nəyə görə istədiyimiz kitabları “Trendyol”dan sifariş verməliyik? Kitab siyasətinə məsul olan insanlar və qurumlar niyə bu haqda düşünmək istəmirlər?

Bu sualların cavabı isə, təəssüf ki, məndə yoxdur.