Ədəbiyyatın yamacında
“(Allah) dedi: “Artıq ora (o müqəddəs yer) onlara qırx il müddətinə haram edildi. Onlar yer üzündə sərgərdan gəzəcəklər. Sən isə günahkar tayfa üçün heyifsilənmə””.
əl-Maidə, 26
Quranda İsrailoğullarının Misirdən çıxışından sonra müqəddəs yerə girmələrinin qırx il müddətliyinə qadağan edilməsindən bəhs olunur. Misirdə uzun müddət zülm altında yaşayan İsrailoğullarının canına qorxu, boyunəymə ruhu hopmuş, zülmə qarşı çıxmaq, müqavimət göstərmək bacarığını itirmişdilər. Bu halda yaşayan bir topluluğa uca amallar həvalə edilməz, pak məkanlara girmə icazəsi verilməzdi. Bundan dolayıdır ki, onlar zülmdən xilas edilsələr də, müqəddəs məkanda olduqları halda qəbul edilmədilər. Sərgərdan gəzdikləri müddət ərzində dəyişən nəsillərdə yeni ruh canlanması, oyanması hədəflənirdi ki, Musanın gətirdiklərinə itaətlə zülmə boyunəymə arasındakı fərqi idrak edə bilsinlər. Bu idraka çatdıqdan sonra onlara haram olan halal edildi. Bu giriş mahiyyətindəki iqtibas və abzas ədəbiyyat dağının yamacında sərgərdan şəkildə dolaşan Azərbaycan ədəbiyyatının durumunu açıqlamaq üçün bir analogiya olaraq nəzərdə tutulmuşdur.
Ədəbiyyatı - nəsrin və nəzmin bütün formaları ilə birlikdə - düşünərkən sadəcə ədəbiyyatı düşünmək çox absurd məsələdir. Azərbaycan ədəbiyyatı və onun dünyaya çıxışı haqqında danışanlar məsələnin, demək olar, sadəcə iqtisadi yönlərinə vurğu edirlər. Ədəbiyyat sadəcə kitab məsələsi olaraq dəyərləndirilir. Bazara çıxışının mümkünlüyü dövlət dəstəyi alıb-almamasına bağlanır. Sözsüz ki, bu yön də dəyərləndirmə zamanı diqqətə alınmalıdır.
Azərbaycanda ədəbiyyat mövzusu sadəcə müəyyən bir qrupun təhəkkümü altındadır. Naşirlər, yazarlar və bir neçə media nümayəndəsi. Ədəbiyyatın akademik olaraq müzakirəsi ictimaiyyətə açıla bilmir. İctimai sferada edilən söhbətlər ciddi olmaqdan uzaqdır. Tərəflər təqsirkar tapmaq üçün çalışır sanki. Halbuki, ilk öncə qəbul etmək lazımdır, ədəbiyyat sadəcə ədəbi bir proses, bir ilham hadisəsi deyildir. Uzun zamandır ki, ədəbiyyat metafizik yöndən gələn bir hadisə olmaqdan çıxıb. Azərbaycanda yazarlar özlərini hələ də ölmüş/öldürülmüş metafizikanın sözçüsü hesab edirlər. Bu baxımdan özlərini bu sahədə mütləq söz sahibi, ya da onun cismani yönü, bədənləşmiş aurası sayırlar. Bundan dolayıdır ki, dünyaya söz deyə bilməməyin qəribliyini çəkir, xiffətini yaşayırlar.
Ədəbiyyat kültür dünyasının, Geist`in bir təzahürü olaraq dövrün və kültürəl auranın daşıyıcısı olmaqdan başqa bir şey olmadığı üçün bunların fövqündə necə dura bilər axı? Bizim ədəbiyyatımız kültürəl auramızla hər yönü ilə səsləşir. Azərbaycan kültür dünyası dünya ədəbiyyatları və kültürləri ilə nə qədər, nə ölçüdə əlaqədədirsə ona özünü o qədər də tanıda bilir. Əks bir hal mümkün deyil. Bu, əşyanın təbiətinə ziddir. Dünya ədəbiyyatının ən ümdə nümunələri, kanonik mətnlər, təndiqi mətnlər, fəlsəfə və digər sosial elmlərin təməl mətnləri, antik, klassik və modern çağın qabaqcıl şerləri dilimizə qazandırılmadan onlarla eyni müstəvidə ola biləcək, onların səviyyəsinə yaxınlaşa biləcək mətnlər istehsal etmək, yaratmaq nə qədər mümkün ola bilər ki? Rimbaud, Eliot, Pound, Rilke, Baudelaire, Whitman, W. B. Yeats və s. dilimizdə, daha doğrusu ədəbi mühitimizdə nə qədər müzakirələrə, mübahisələrə, yenilik cəhdlərinə səbəb olub ki, dünya ədəbiyyatı səviyyəsinə çıxan mətnlər yaradılsın dilimizdə? Kültürlərin digər kültürləri qabaqlamasının tərcümə və digər kültürləri əxz etmə qabiliyyətinə və öncəliyinə görə baş verdiyini tarixi təcrübələr bizə göstərmişdir. Tarixi təcrübələri hesaba qatmayan, ənənəyə söykənməyən bir təşəbbüs nə qədər uğurlu ola bilər? Bütün uğurlu yenilik cəhdləri mütləq mənada ənənədən özünə iqtibas götürmüşdür.
Hər kültürün, cəmiyyətin dəyişimi sadəcə özünün əvvəlki halı ilə müqayisə edilərək aparıla bilər. Azərbaycanda sosial elmlərin mövcud durumu, dünya sosial elmlərindən illərlə uzaqlıqda kolonial bir mövcudiyyətə sahib olması ədəbi mətnlər sahəsində də müşahidə edilir. Bu sahələr, hətta yaşamın digər sahələri də bir-birlərindən bu qədər ayrı deyillər. Azərbaycanda yaşamın hissələrinin ayrı bir mövcudiyyət kimi qəbul edilməsindən dolayı haqlarında onların özlüyündə yaşaması, dəyişim göstərməsi, irəliləməsi kimi absurd bir təsəvvür hakimdir. İqtisadi, siyasi, kültürəl yönləri diqqətə alınmadan heç bir ictimai proses, hadisə haqqında dolğun fikir bildirilə bilməz. Azərbaycanda hər qurum, hər təsəvvür və hər yanaşma sovet qalığıdır. Elmə yanaşma, kültürə baxış, siyasi atmosfer və s. Hər kəs hər şeyi dövlətdən gözləyir, dövlət də özünü mütləq tanrı hesab edir. Kraldan daha çox kralçıların hegemoniyası altında yaşayan bir toplum kültürəl açılma, dünyaya nüfuz etmə kimi işlər görə bilməz. Hələ ədəbiyyatımızın kanonlarını belə müəyyən edilə bilməyib. İllərlə davam edən ədəbi ənənəmiz, nəşr ənənəmiz yoxdur. Ədəbi mətnlərin gücü ümumbəşəri mövzuları, qlobal dərdləri, ağrıları işləməsindən dolayıdır. Azərbaycan ədəbiyyatı özünün yaşadığı ağrıları belə ədəbi hala çevirə bilməyib. Bayatı ilə ağrılar sadəcə lokal olaraq ifadə edilə bilər. Bu da sadəcə etnoqrafiyanın və antropoloigiyanın mövzusu ola bilər. Ağrıların ümumbəşəri ifadə formaları da hegemonikdir. Dil və ətrafında formalaşmış olan psixoanaliz, antropologiya, semiologiya, sosiologiya, ədəbiyyat nəzəriyyəsi kimi sahələrin təməl mətnləri dilimizə tərcümə edilməyib. Vladimir Propp, Viqotski, Barthes, Levi-Strauss, Freud və sairlərin əsərləri dilimizdə olmadığı kimi, müzakirəyə açdıqları mövzular da müzakirə edilmir. Burada yazarlarımız Bloom`un ifadə etdiyi “təsirlənmə əndişəsi” halından xilas ola bilmirlər. Bunun səbəbləri arasında buna bir ehtiyac duymama hissinin öncülük etdiyi düşünülə bilər. Yuxarıda vurğulandığı kimi, bizdə sanki ədəbiyyat hələ də “ilhama əsaslanmalıdır” görüşü hakimdir. Bu baxımdan başqalarını öyrənmək, onları izləmək, onlardan təsirlənmək qəbahətmiş kimi, hətta ədəbiyyatın təbiətinə zidmiş kimi davranılır. Yaxşı ədəbi məntlər istehsal edən kültürlərin davamlı olaraq döndükləri, müraciət etdikləri, yeni motivlər ortaya çıxardıqları təməl əsərləri vardır. Bunlar üzərində bir ittifaq varmış kimi davranılır. Pozitivizm çağında Freud məfhumlarını yaradarkən, güncəl məsələləri analiz edərkən Antik Yunan tragediyasına müraciət etməkdən, oradan özünə nəsə götürməkdən çəkinmirdi. Doğrudur, Freud, Jung kimi psixoanalistlər miflərə verdikləri əhəmiyyətə görə çox tənqidlərə məruz qalmışdılar, lakin qarşılaşdıqları hadisəni izah etmək üçün geriyə dönməkdə bir problem görməmişdilər. İstər sosial elmlər, istərsə digər dissiplinlər, istərsə də ədəbiyyat olsun, bunların hamısı kumulyativ sahələrdir. Çünki insan yaşamı özlüyündə kumulyativdir. Kültürlər davamlı olaraq mədəniyyətdən nələrsə götürməlidirlər. Əks təqdirdə, lokallıqla məşğul olmanın fövqünə keçə bilməz, ümumbəşəri dəyərlər istehsal edə bilməzlər.
Hansısa ədəbi mətnin, sosial elmlərə aid bir mətnin tərcüməsinin müzakirələrə səbəb olduğunu nə gördüm, nə oxudum. İstər mütəxəssislər, istərsə də oxucular arasında. Oxucu məsələsinə girmək istəməsəm də, bu sahədə üç tərəf var: yazar-mətn-oxucu. Bunlar bir bütün olaraq bir-birilərini bəsləyirlər. Oxucuya nə versəniz, onu oxuyacaq, ona görə şəkillənən oxucu da sizdən eyni səviyyədə mətnlər tələb edəcəklər. Bazara çıxan mətnlərin, oxucular tərəfindən rəğbətlə qarşılanan mətnlərin səviyyəsi demək olar ki, eynidir. İstər yerli müəlliflər olsun, istərsə də xarici. Təşkil olunan imza günlərinə, dəvət olunan yazarlara baxdığınızda mənzərə tam aydın olur. Müzakirələrdən öncə qərar verilməli olan məsələ hansı müstəvidə mətn yaratmaq və dünya bazarına çıxarmaq istəyimizdir. Hansı mətnlərə yaxın mətnlər bizim hədəfimizdir?