Fürsətlər
Aydın Əfəndi və onun Fürsətlər poeması haqda Orxan Əyyubun essesini oxuya bilərsiniz.
* * *
Özümü asacam (şeytan, ovumu qəbul et)
Matəm zənglərinin iplərində.
Stephane Mallarme
I hissə
Bu şəhərdə
zibilə düşmək fürsəti var
və yaralanmaq, yaxud itmək
ərimək, sınmaq, dağılmaq
və bir daha peyda olmamaq,
doğulmamaq, dirilməmək,
yoxluğa getmək, puçluğa getmək və
dünya tərəfindən həmişəlik unudulmaq,
yaxud bir küncə qısılmaq
və ömrünün sonunadək,
yaxud dünyanın sonunadək orada yaşamaq
Məhşərədək – çoxlarının dediyinə görə, bizi gələcəkdə gözləyən
hansı ki, sahədir və yalnız təxəyyülün, arzuların, illüziyaların sahəsidir.
Fəqət bu illüziya ancaq
arzuların diyarı deyil – gerçəklikdir,
zira bizə rəğmən Günəş
doğur və batır,
necə ki, bizi doğmuş soyuq ulduzlar mövcuddur,
onların vecinə deyil bizim dəliliyimiz və pozğunluğumuz.
Fəqət harada gizlənək
və öz fürsətimizi gözləyək
yeganə fürsətimizi
bizi Eldoradoya aparacaq –
var-dövlət və firavanlıq diyarına.
Əgər biz fürsətimizi itirsək
xəstəxana çarpayısına uzanacağıq
və ya xarabalara gəlib çıxacağıq.
Ən yaxşı halda bizi “grave” gözləyir
sərdabəsiz, məzar daşı olmayan, adsız
zira bizlər
yalnız əyləncə
və bir tikə çörək və şampanla həzz axtaran meşşanlarıq –
çürümüş bədənlərimizlə həzz almaq istəyirik
sıxmaq onu köhnə, qurumuş limon kimi.
Kədərdə də sevinməyə səbəb tapırıq,
darıxmağı, qüssəni və arzunu unudaraq.
II hissə
Həyatda anlar var,
insan tanrının unutduğu kənddə
çiskinləyən yağışın altında dayanıb
kirli elektrik qatarını gözləyir
gözləyir və izləyir, necə yağış
ağacların yarpaqlarını yuyur
bizi üfunətdən qoruyan
yamyaşıl yarpaqları.
Hanı mənim Tamperem, Helsinkim,
Moskva, Göteborq, Ankara, Kireniya, Nikosiyam?
Sanki bu olmayıb.
Mən öz fürsətimi orada itirmişəm.
Onlar okeana axıb
dibsiz və dərin,
hamımızı və hər şeyi udan
heç nəyə zərrə ümid buraxmayan
nə qazandıqlarımıza, nə itirdiklərimizə
nə sevindirdiklərimizə, nə də istəmədən kədərləndirdiklərimizə.
Elə ruh halı olur ki,
heç nə etmək istəmirsən.
Ancaq ulamaq istəyirsən
ya da gəmiyə minmək və getmək,
hara olursa olsun, lap dünyanın axırına –
yaydan, yağışlardan uzağa
darıxmaqdan, əzablardan və hər şeydən uzağa.
Mən mahnılar oxuyurdum, amma onları kimsə eşitmirdi.
Tanrının mənə verdiyi tikəni
istəyirdim, arzulayırdım sizlərin hamısına
doğmalarıma və yaxınlarıma çatdırmaq
Fəqət kimsə hər şeyi oğurladı
və mən nə kibrit tapa bildim, nə alov.
Ruhum ağrıyanda uşaq kimi ağlayıram
bütün cəhdlərimə, ümidlərimə, inamıma və sevgimə dayaq axtarıram.
Fəqət hər şey keçdi, getdi, unuduldu,
sanki heç biri olmamışdı,
heç vaxt olmayacaq.
Hər tərəfi üfunət bürüyəndə
və şəhər qalın görünməz pərdə ilə örtüləndə
və ətrafda itlər və siçovullar vurnuxanda,
və özünə yer tapa bilmirsən
sığınmağa, gizlənməyə və ya unudulmağa
bütün bu vampirlərdən
və gözdən uzaq yer axtarırsan
gözlərini yumub arzular dünyasına keçməyə,
narkotik və iynə arzuları yox
şirin həzz dünyasına
harada ki, heç kim səni narahat etməyəcək
nə xışıltı ilə, nə də qoxu ilə.
Bəs haradadır, haradadır o yer?
Haradadır həmin cənnət bağı,
sakit və rahat yaşaya biləcəyimiz
müharibələrdən, qırğınlardan, vəbadan və siçovullardan uzaqda
bütün çirkinliklərdən uzaqda?
Bu şəhərdə
özünə rahatlıq və xoşbəxtlik tapmağa fürsət yoxdur.
III hissə
Bizim şəhərlərdə ümidə yer yoxdur.
Həyat – ancaq mənasız əzabların ardıcıllığıdır, -
leysanlar mövsümü –
sonsuz yağışlar zənciri.
Yağış!
Yağış!
Leysan!
Ah, bu qəribə, kirli
panel evlər!
Adamlar o evin qarşısına niyə yığılıb?
Bəlkə daha yaxşı həyatın dəfnidir?
Hər şey islanır: insanlar da, quşlar da,
küləyin altında titrəyən insanlar və quşlar,
hər kəs dayanıb, yaxşı günlərə ağlayır
cəhənnəm dəyirmanı isə zamanı dövr etdirir,
köçürür onların ruhlarını,
daha yaxşı həyatdan və insanlardan getmiş.
Onları kədərli səyahət gözləyir.
Fərqli fürsətlər var:
divara yapışmaq
və əbədi yox olmaq
ya da varlı olmaq,
tropiklərdə üzmək,
Kanarlarda ya da daha uzaqlarda
varlı olmaq və qızların əhatəsində olmaq
nə qədər ki, pulun var onlar səni tumarlayacaq.
Bu şəhərdə bankir olmaq olar, alverçi yaxud
sadəcə milyonçu,
gözlərini qırpmadan sənin şalvarını əlindən alan.
Bu şəhərdə yaşamaq,
və qəm yeməmək olar, axınla üzmək, məşhur olmaq
və zarımamaq olar
kasıblar kimi, dağıdan
zibil yeşiklərini öz ruzi payını tapmaq ümidi ilə.
IV hissə
Hərdən ehtimal edirdim –
nəhənglər və peyğəmbərlər hansı fürsətləri axtarırdılar?
Onların hamısı ölüb və külləri
çox uzaqlardadır
Zərdüşt, Budda, Musa, Məsih, Məhəmməd –
nə istəyirdilər?
Dünyanı, yoxsa içi yarıçürük insanları dəyişmək,
hansıları ki, yaxşılığa doğru dəyişmək çox çətindir
harada ki, hamı daha ağıllı olacaq, daha mərhəmətli olacaq
və tanrının onlara bəxş etdiyi fürsətləri istifadə edəcək
o fürsət ki, səni səmaya aparacaq
və ya uzaq diyarlara, sən orada
özünü tapacaqsan və
bununla fəxr edəcəksən.
Fürsət – quşdur, buraxdınsa –
uçacaq
və bəlkə bir də geri gəlməyəcək.
Fürsət – balıq kimi sürüşür,
buraxsan – sürüşüb düşəcək və üzəcək
uzaq, yad okeana,
sonra sən qışqır və çağır
əsla geri dönən deyil –
o batıb, itib, uçub və üzüb.
Hara – ancaq tanrı bilir.
Tanrı bilir, amma onu görmək sənin qismətin deyil,
axı sən, nə Musasan,
nə Məhəmməd.
Sən fani ölümlüsən, yemək yeyən və yatan,
gəzən, oxuyan, işləyən və hərdən yazan
günahlarımız, ağzıpozuqluğumuz,
qarınqululuğumuz, pozğunluğumuz və
imtina edə bilmədiyimiz hər şeyə görə
bizə dözən, bizi edam edən, qıran
çirkin gerçəklikdən qaçmaq üçün.
Bu şəhərdə hər şey var,
əgər pulun varsa.
O zaman sən tanrısan və başçılıq edirsən
bizim murdar, ruhsuz, dəmir əsrdə mövcud olan,
hamıya və hər şeyə
özümüzün yaratdığı və içib sərxoş olduğumuz.
Bu bizim sevincimiz və zəfərimizdir,
bu bizim zirvəmiz və Pompeyimizdir.
Gözləyirik və yaşayırıq o ümidlə ki,
yalançı peyğəmbərlər bizi xilas edəcək
və cənnətə aparacaqlar.
Qoy hamı inansın: kütlə də, xalq da
Mən isə sizinlə deyiləm! Mən gedəcəm! Hə! Hə! Hə!
Özümü asacam! Şeytan, qəbul et
ovunu
matəm zənglərinin iplərində.
Rus dilindən tərcümə: Orxan Əyyub