J. Alfred Prufrock`un sevgi nəğməsi
S’io credesse che mia risposta fosse
A persona che mai tornasse al mondo,
Questa fiamma staria senza piu scosse.
Ma percioche giammai di questo fondo
Non torno vivo alcun, s’i’odo il vero,
Senza tema d’infamia ti rispondo.
Gəl gedək onda, sən və mən
Axşam göy üzünə sərilərkən
Masada efir qoxlamış xəstə kimi;
Gəl geridə qoyaq o yarıboş küçələri,
Təkgecəlik ucuz otellərdə narahat gecələrin
Uzaqlaşan pıçıltıları
Köhnə restoranlarda istridiyə qabıqları:
O küçələr ki, səni izləyir, sanki yorucu mübahisədir
Niyyəti məkrlidir
Aparır səni ürəksıxan suala doğru...
Bircə soruşma, “Hansı?”
Gəl gedək, səfərimiz başlasın.
Otaqda qadınlar gəlir və gedir
Mikelancelo haqda söhbətlər edir.
Arxasını pəncərələrə sürtən sarımtıl duman,
Burnunu pəncərələrə sürtən sarımtıl tüstü,
Gecənin hər küncünə sığalın çəkdi
Gölməçələrin üstündə asılıb qaldı
Bacalardan çıxan tüstü ona qoşuldu
Səkidə sürüşdü, qəfil sıçradı
Xəfif oktyabr axşamı olduğunu görüb
Evi dövrə vurub mürgüyə daldı.
Doğrudan da hələ vaxt gələcək
Küçəni süzüb keçən sarımtıl duman
Arxasını pəncərə şüşələrinə sürtəcək;
Vaxt gələcək, vaxt gələcək
Görəcəyin üzləri görməyə hazırlaşmaqçün;
Vaxt gələcək öldürmək və yaratmaq üçün,
Və boşqabına sual çəkən əllərin
Əməyinin və günlərinin hələ vaxtı gələcək.
Sənin də, mənim də vaxtımız
Daha yüzlərlə tərəddüdlərin vaxtı
Yüzlərlə ölçüb-biçmələrin vaxtı gələcək
Çayını tostla içməzdən əvvəl.
Otaqda qadınlar gəlir və gedir
Mikelancelo haqda söhbətlər edir.
Doğrudan da, hələ vaxtı gələcək
Özündən soruşmağın, “Cəsarətim çatarmı?” və “Cəsarətim çatarmı?”
Geri dönmək və pilləkənlərlə enmək
Saçımın düz ortadan töküldüyün bilərək –
(Deyəcəklər “Saçları necə də seyrəkləşib!”)
Səhərlik gödəkçəm, dik yaxam çənəmədək çəkilib
Qalstukum bahalı və sadə, üstünə tək bir sancaq bərkidilib –
(Deyəcəklər: “Qolları və ayaqları necə də zəifləyib!”)
Cəsarətim çatarmı
Kainatın nizamını pozmağa?
Bir dəqiqə vaxt varkən
Qərar verib dəyişmək, növbəti dəqiqədə lap başa qayıtmağa.
Çünki mən onlara bələdəm, hər birinə bələdəm:
Tanıyıram axşamı, səhəri, günortanı,
Mən qəhvə qaşıqlarıyla ölçmüşəm həyatımı;
Xəbərdaram qürub edən payızla öləziyən səslərdən
Uzaq salondan gələn musiqi sədaları altında eştidiyim
Odur ki, mən necə cəsarət edim?
Mən o gözlərə də bələdəm, hər birinə bələdəm –
O gözlər ki, səni sabitləyib bir cüt sözə çevirir,
Sonra sözə çevrilən, iynəyə sarılan mən,
Divara sancılaraq qurcalanan mən,
Onda necə başlayım
Günlərimdən və vərdişlərimdən qırıq-qırıq bəhs edim?
Necə cəsarət edim?
Mən o qollara da bələdəm, hər birinə bələdəm –
O qollar ki, bilərzikli, ağ və hamardır
(Lakin işıq altında zərif tüklər oradadır!)
Bu ətir paltardan yayılıb
Fikrimi yayındırır?
O qollar ki, masa üstündə uzanır, ya da şala sarılır.
Demək cəsarət edim?
Bəs necə başlayım?
Deyim ki, qürub vaxtı dar küçələrdən keçdim
Köynəkdə pəncərədən baxan o yalnız kişilərin
Siqaret tüstüsünə uzun-uzadı baxdım?...
Mən səssiz dənizlərin dibində qaçan
Bir cüt didilmiş qısqac olmalı idim.
Və günorta, axşam, necə də həzin yatır!
Uzun-uzun barmaqlar onları sığallayır,
Mürgüləyir... yorğundur... ya da bizi aldadır,
Döşəmədə uzanıb, sənlə mənim yanımda.
Görən çaydan, şirniyyatdan, dondurmalardan sonra
Cürət edib bu anı sürükləyim böhrana?
Amma ağlasam və ac qalsam da, ağlasam və dua etsəm də
Başımın (saçlarım seyrək) sini içində görsəm də sərildiyin
Peyğəmbər deyiləm mən – dediklərim vəhy deyil;
Görmüşəm mən dühamın ani işartıların,
Görmüşəm əbədi Qulun kinayəylə gülərək gödəkçəmi tutmağın,
Qısacası, qorxmuşdum.
Hər şeyin sonunda dəyərmi görən,
Fincanlardan, marmeladdan, çaydan sonra
Çini qablar arasında, sənlə söhbət əsnasında
Dəyərmi görən
Təbəssümlə, çəkinərək dərdimi deyəm,
Kainatı yumaq tək sıxışdıram
Ürəksıxan o suala doğru yuvarlandıram
Deyəm ki: “Mən Lazaram, ölülərdən qalxaraq,
Gəldim deyəm sənə hər şeyi, deməliyəm hər şeyi” –
Əgər o, başını yastığa dayayaraq
Deyəcəksə: “Düşündüyüm bu deyildi;
Heç bu deyildi.”
Və hər şeyin sonunda dəyərmi görən
Dəyərmi görən
Qürublardan, bağçalardan, islaq küçələrdən sonra,
Romanlardan, fincanlardan, döşəməni süpürən ətəklərdən –
Daha nələrdən sonra? –
Sadəcə düşündüyümü demək mümkün deyildir!
Amma sehrli lampa təlaşımı naxış-naxış köçürərsə ekrana:
Dəyərmi görən
Əgər o, yastığa söykənərək, ya da şalın ataraq,
Üzünü pəncərəyə tutub deyəcəksə:
“Düşündüyüm bu deyildi;
Heç bu deyildi.”
Yox! Mən Hamlet deyiləm, olmalı da deyildim;
Mən növbətçi bir lordam, yarayıram
Səhnəni doldurmağa, bir-iki pərdə açmağa
Şahzadə məsləhətçisi; şübhəsiz, üzüyola,
Hörmətcil, hər zaman hazır qulluğa,
Nəzakətli, tədbirli və diqqətcil;
Bəlağətli, lakin bir az küt;
Bəzən həqiqətən bir az gülməli –
Bəzən az qala Təlxək.
Qocalıram... qocalıram...
Şalvarımın ətəklərini gərək bir az qatlayam.
Darayımmı saçlarımı arxaya? Bəlkə şaftalı yeyim?
Gərək parça şalvar geyib sahilboyu gəzişim.
Su pərilərinin səs-səsə oxuduğunu eşitmişəm.
Düşünmürəm ki, onlar mənim üçün oxuyar.
Görmüşəm onları dənizə doğru dalğaların belində
Çəkilən dalğaların ağ saçlarını dararkən
Külək suyu çalxalayıb lillə bulandırarkən.
Biz dəniz ənginliklərinin dərin hücrələrində
Qırmızı və qonur yosunlu pərilərlə gizləndik
Ta ki, insan səslərinə oyandıq və boğulduq.
İngilis dilindən tərcümə etdi: Nərmin Mirzəyeva