Federico García Lorca'dan şeirlər
Şair telefonda sevgilisi ilə danışır
Avazın suladı qumsalını köksümün.
Bahar idi cənubunda ayaqlarımın
və ayıdöşəyi şimalında alnımın,
İçində bu şirin, bu taxta köşkün.
Dar boşluqda işıldayan şam ağacı
şəfəqsiz və səbəbsiz oxudu nəğmə.
Ağlayan ürəyim mənim ilk dəfə
ümid çələngini tavandan asdı.
Süzüldü könlümə şirin və uzaq səs,
Daddım o şirin və uzaq səsi,
Uzaq və şirin səs, o boğuq səs.
Qar içində hönkürtü tək şirin!
Qara yaralı maral kimi uzaq!
Uzaq və şirin, içində iliklərimin!
Şair sevgilisindən ona yazmağını xahiş edir
Canımın sevdası, yaşayan ölüyəm.
Məktub yazmağını gözləyirəm bihudə,
və düşünürəm, solan çiçəklə birlikdə,
mənsiz yaşayacamsa, sənsiz dözərəm.
Hava ölümsüzdür. Hərəkətsiz daş
nə kölgə tanıyır, nə ondan qaçır.
Mənim ürəyimin yox ehtiyacı,
aydan axıb gələn don vurmuş bala.
Əzab çəkdim. Cırmaqlandı damarlarım
qurşağında pələng və göyərçin kimi,
Duelində dişləklərin və zanbaqların.
İndi doldur dəli könlümü sözlərlə,
ya da izn ver yaşayım ruhumun
sakit gecəsində, sonsuz zülmətdə.
Qara göyərçinlərin qəsidəsi
Dəfnə budaqları arasında
İki göyərçin gördüm qapqara.
Biri günəş idi,
Biri ay idi.
“Əziz qonşularım!”, dedim onlara:
“Hardadır mənim məzarım?”
Dedi günəş: “Quyruğumda”.
Dedi ay: “Boğazımda”.
Və dünyanın qurşağında
Addımlayan mən
İki qartal gördüm qar kimi bəyaz,
Və bir çılpaq qız.
Biri digəriydi,
qız heç biriydi.
“Əziz qartallar!”, dedim onlara:
“Hardadır mənim məzarım?”
Dedi günəş: “Quyruğumda”.
Dedi ay: “Boğazımda”.
Dəfnə budaqları arasında
İki çılpaq göyərçin gördüm,
Biri digəriydi,
heç biriydi hər ikisi.
İspan dilindən tərcümə: Rəşad Səfər