Yarımçıq təntənə və müqavimət axtarışı
1
Vaxtaşırı kimsə qarşımıza çıxıb ondan soruşulmayan bir suala cavab verir: “Bu ədəbiyyat-sənət söhbətlərinin heç bir faydası yoxdur, reallığı unutmayın və özünüzü aldatmayın, gedin ciddi işlərlə məşğul olun”. Reaksiya verməsən, əl çəkmir, qan-tər içində öz yersiz qənaətini sübut etməyə çalışır. Sanki özü heç bir illüziyaya qapılmadan həyatını mütləq həqiqətlərə, ya da insanlıq üçün faydalı işlərə həsr etməkdədir. Doğrudur, sənətin bir təbiət gerçəkliyi olduğunu iddia etmirəm. Alberto Manqelin ifadəsi ilə desək, sənət insanlığın yaratdığı xəyali “paralel dünya”dır və bəli, mən də Manqel kimi varlığına inanmaq istədiyim həqiqi paralel dünyaları hələlik xəyalisi ilə – sənətlə əvəz etmək məcburiyyətindəyəm. Sənət təbiət gerçəkliyi olmasa da, onun əsl dünyanın rəndələnməsində rolu əvəzsizdir. Bu sorğusuz respondentlərin çoxu isə maddi və mənəvi enerjilərinin böyük hissəsini dünyanın səfeh illüziyalarına xərcləyirlər.
İş orasındadır ki, reallıq da vaxtaşırı qarşımıza çıxıb hökm verən bu insanların tərəfindədir və müttəfiqlərin mövqeyi hər gün güclənməkdədir. Yaradıcı insan öz enerjisini yaratmaq mübarizəsindən daha çox müttəfiqlərlə mübarizəyə həsr edir. Şikar olmamaq üçün bütün duyğu orqanlarını həmişə müdafiə vəziyyətində saxlamalıdır. Zövqsüz siyasi hegemonlar, kapital fanatları, əyləncə düşgünləri, üstəgəl bizim kimi cəmiyyətlərin öz problemləri – yaşamaq uğrunda mübarizə, saxta dəyərlər, əbədi bədbinlik, tənbəllikdən və qeyri-ciddilikdən qidalanan nihilizm – bunların hamısı Komodo əjdahası kimi ağzını açıb sənət adamını birnəfəsə udmağa hazırdır, həm də diri-diri. Qəddar Komodo əjdahalarının ov prosesini görmüsünüz: gah fağır bir ahunu, gah yolunu azmış keçini, gah da gümrah və şən dovşanı bir neçə dəqiqə ərzində diri-diri udurlar. Şikarlar onda ayılır ki, başları əjdahanın mədəsində, ayaqları ağzından bir qarış bayırda, can verirlər. Hər dəfə bu səhnələri görəndə SƏNƏTlə məşğul olmağı qarşısına məqsəd qoymuş insanları xatırlayıram. Hər birinin içində bir gün gözlərini mərhəmətsiz əjdahaların mədəsində açmaq qayğısı və qorxusu var. Bəzən də artıq əjdaha tərəfindən udulmaqda olduqlarının fərqində deyillər. Bu vəhşi gerçəklik qarşısında necə davranmalı olduğumuzu bilməsək, bədheybətlərin mədəsində gecələmək qaçılmazdır.
Dövrümüzün sənət mənzərəsinə ötəri nəzər salaq: kütləvi bayağılığın, ideoloji təzyiqlərin (əslində, ideoloji boşluğun) yüksəldiyi, qırmızı xətlərin sıradan çıxdığı və nəticədə sənətin tədricən dəyərdən düşdüyü bir dünyadayıq. Bunu inkar etmək yazının əvvəlindəki sorğusuz respondentləri haqlı çıxarmaq, həqiqətən də reallıq hissini itirmək olardı. Belə vəziyyətlər əlavə fəsadlar törədib qapalı dairəyə çevrilir və zəncirvari çöküş prosesi başlayır: reallığın və onun əsas dayağı olan mənəvi boşluğun yaratdığı təşviş insanları hazır cavablar arxasınca düşməyə vadar edir, hazır cavablar isə dünyanı sayıq halda dərk edə bilməyən insanlar ordusu yetişdirir. Bu ordu da növbəti çöküşün yaradıcısıdır.
Sual vermək vərdişi, bəzən cavaba ehtiyac olmadan yalnız suallarla çarpışmaq cəsarəti getdikcə “axmaqların faydasız işi”nə çevrilir. Hazır cavablarsa haradadır? Bütün doqmalarda! Doqmanın sualı yoxdur. Şişin ucunda doqmanı göstərib bizi istənilən bayağılığa, düşüncəsizliyə, vicdansızlığa, qəddarlığa və nəhayət, köləliyə sövq edə bilirlər. Doqmadan yapışmaq ən kəsə və saxta “xilas” yoludur. Ona görə hər kəs hazır cavabların olduğu dinlərin, ritualların, motivasiya dəllallarının, cəfəng “bestseller”lərin arxasınca təngnəfəs yüyürür. Hətta, düşünürəm, süni intellektlərə istədiyi sualı verib göz qırpımında cavab alanların və bunu fantastik nailiyyət kimi göstərənlərin də sevincəkliyinin gizli səbəbi əsas arzularının – “hazır cavablar həzzi”nin reallaşmasıdır. “Sual-cavab” böhranında cavabların bolluğu yaranmış problemləri həll etməməklə bərabər, bizə kömək edə biləcək digər vasitələrin də korşalmasına gətirib çıxarır. Məsələn, sənət kimi heyrətamiz bir kəşfin hazırda cavablar bolluğunda boğulduğuna şahid oluruq: qarşımıza hazır cavab kartları qoyulur və bu cavabların ətrafına əsərlər hörməyimiz tələb olunur.
Sualına cavab tapmayanda onu başqa sahələrə ötürən elm də artıq köməyimizə gəlmir. Elm dediyimiz “dil” dünyanı yuvarlandığı quraqlıqdan qurtarmaq gücündə deyil. Bizə hədiyyə etdiklərinə görə elmə təşəkkür borcumuz var. Amma elm bizə verdiyi hədiyyə qutularının içərisinə onlardan necə istifadə edəcəyimiz haqqında mənəvi təlimat qeydlərini qoymur. Bu onun heç vəzifəsi də deyil.
Beləcə, sanki artıq gücün və bayağılığın insanlıq və onun böyük kəşfi – sənət üzərində təntənəsini görürük. İmtahandan kəsilmiş şagird məyusluğu ilə başımızı aşağı dikib, universal tənhalıq yükünün altından salamat və üzüağ çıxa bilmədiyimizə görə utanırıq. Bu cür bədbin düşünmək üçün bütün şərtlər var.
Amma bütün “mütləq”lərə qarşı olduğum kimi, bu təntənənin də mütləqliyinə inanmıram. Hər kəsin dərdi özünə böyük göründüyü üçün, hazırda dünya bizə əvvəlki dövrlərdən daha bərbad görünür. Bəzən dostlarla söhbət zamanı bir-birimizdən tarixin hansı dövründə yaşamaq istədiyimizi soruşuruq. Hərə bir dövrdən danışır köks ötürərək. Hərənin xəyalında qurdla quzunun birlikdə otladığı “qızıl dövr” təsəvvürü var. Özümüzü aldatmayaq, heç vaxt qızıl dövr olmayıb, heç vaxt da olmayacaq. Heç buna ehtiyac da yoxdur. Yetər ki, yaşadığımız dövrdə qorxduğumuz şeyin təntənəsinə hər kəs bir tərəfdən bacardığı qədər, bacardığı üsulla mane olsun.
Qorxduğumuz təntənənin mütləqliyinə niyə inanmıram? Çünki sənətin təbiətindəki sual vermək mərəzinin tezliklə sağalmayacağı qənaətindəyəm. Hər dövrdə rəqiblərinin şiddətli hücumuna məruz qalan və sonradan özünü məhz sual vermək gücü ilə bərpa edən sənət asanlıqla sıradan çıxan deyil. Bəs həqiqi sənət dediyimiz şey gücünü nədən alır? İnsanın əbədi problemlərindən: irili-xırdalı bütün ağrılarından, bütün növ qorxularından və nəhayət, ölüm qorxusundan; var olan dünyaya üsyanından; lap kiçik yaşlarından gerçəkliyi qəbul etməməyindən. Və nə qədər ki, sənət dediyimiz şey var, şərin və bayağılığın mütləq təntənəsi mümkün deyil. Həmişə bu təntənə yarımçıq olacaq. Təntənə baş tutmuş kimi görünəcək, amma kimlərsə çıxıb haradasa müqavimət göstərəcək, min bir yolla özünü Komodo əjdahasının ağzından qurtaracaq. Fiziki olaraq qurtulmasa belə, kimlərəsə qurtulmağın yolları haqqında tövsiyələr qoyub gedəcək.
Həqiqi sənət (yüzlərlə saxta nümunədən ayırmaq üçün “həqiqi” sözünü işlətməyə məcburam) nə qədər ki var, deyingən qoca kimi dayanmadan etiraz edəcək, həyatı yenicə öyrənən uşaq kimi dalbadal suallar verəcək. İndiyə qədər böyük romanların, filmlərin, rəsm və musiqi əsərlərinin verdiyi böyük suallar kimi. Hətta bəzən kiçik görünən elə böyük suallar ki, cavab axtarmağa ehtiyacımız olmur, o sualların içində vurnuxmaq bütün mütləq cavablardan daha çox həzz verir, bizi mənəvi olaraq daha çox böyüdür.
Bu xırda müqavimətlər həmişə o yarımçıq təntənəni təşvişə salacaq. Yüngülcə büdrədiyi anda da təntənə öz cazibəsini itirəcək. Sənət-tarix cütlüyünün keçmiş münasibətləri bunları söyləməyə əsas verir. Bütün əks qüvvələrin sənətə qarşı güzəştsiz mövqeyi, əllərinə düşən ilk fürsətdə məhz sənəti boğmağa çalışmasının da səbəbi bundadır.
2
Mövzunu bir az lokallaşdıraq və Komodo əjdahaları tərəfindən udulmamaq üçün necə müqavimət göstərəcəyimizi düşünək. Əjdahanın ağzına doğru dizin-dizin iməkləyən yazıçılarımızın-şairlərimizin öz günahları yoxdurmu? Normal yaşamaqla imtiyazlı yaşamaq (yaradıcılığında güzəştə getmək bahasına) arasında ikincini seçən, yaxşı əsərlər yaratmaqla tez tanınmaq (tələsik ağlına gələni yazaraq) arasında yenə də ikincini seçən, intriqanı, populizmi yeganə ifadə forması hesab edən yazıçı özü özünü əjdahanın ağzına soxmaqdadır. Savadsızlığın, mütaliəsizliyin yaradıcılıq üçün daha faydalı olduğunu düşünən və israrla başqalarını inandırmağa çalışan insanlar görürük bu darısqal ədəbi mühitimizdə. Romantizm dövrünün klişelərindən qurtula bilməyən “Bayron qəhrəman”larımız ədəbiyyatın özündən başqa hər şeylə məşğuldurlar. Bütün bunlar Komodo kərtənkələsinin burnuna şikar qoxusu gətirən vərdişlərimizdir. Bu vərdişlərlə mübarizəni buraxaq psevdo-yazıçılarımızın, psevdo-şairlərimizin öz öhdələrinə.
Görünən odur ki, daşlaşmış milli yazıçı-oxucu həmrəyliyi də dəyişmək istəmir. Qarşılıqlı xilaskar olmaq istəyi hər ikisinin peşəkar kimi yetişməyinə, ədəbiyyatın potensial həzz və dərinliyinə çatmağına imkan vermir: təcili yardım roluna məhkum edilmiş ədəbiyyat problemlərimizə tez və konkret həll təklif etməlidir, hikmət və xilas mesajını dərhal, qısa və aydın cümlələrlə ötürməlidir, əks halda ciddiyyəti qəbul edilmir. Funksiyası dərhal və aydın həll yolları təklif etmək olan ədəbiyyatın estetik oyunlara, üslublara, intellektuallığa, başqa əsərlərlə dialoqa ehtiyacı yoxdur, hətta bu onunçün ayıbdır. Bu cür “tələ”yə düşdüyü anda gözümçıxdıya salınır.
Yazımın birinci hissəsində sənətin gücünü olduğundan artıq göstərib şişirtmiş kimi görünmək istəməzdim. Sənət həmişə daha yaxşı dünyanın var ola biləcəyini təlqin etsə də, onun dünyanı xilas edəcəyi xülyasında deyiləm. Məsələnin bu tərz qoyuluşunu da yanlış hesab edirəm: “kitab oxuyun, filmə baxın, ölkə düzələcək”. Yalnız kitab oxumaqla, filmə baxmaqla nə ölkə düzəlir, nə dünya. Ölkənin, cəmiyyətin düzəlməsi üçün yüzlərlə başqa sənətüstü amillər var. Lakin vacib olan şeylərin həmişə xilas etmək kimi missiyasının olmağı da vacib deyil. Sənət, eləcə də, ədəbiyyat özünəməxsusdur - sui-generis mahiyyətdədir. Bu özünəməxsusluq ona həm də muxtariyyət verir. Onun muxtariyyətini qəbul etməli və digər sahələrin, ideologiyaların yayılma vasitəsinə, daha doğrusu, qurbanına çevirməməliyik. Başqa hər şey sənət üçün yalnız mövzu ola bilər. Sənət vasitə deyil, məqsədin özüdür. Mütəmadi olaraq, məsələn, ədəbiyyatın funksiyalarından, onun cəmiyyətə və cəmiyyətlə əlaqəli olan sahələrə təsirlərindən danışırıq. Bu cür yanaşmanın kökündə yenə də ədəbiyyatı ikinci, üçüncü dərəcəyə salmaq, ona alət kimi baxmaq dayanır. Anlaşılandır, insanlığın yaratdığı bir şey olduğu üçün onun bizə xidmət etməli olduğunu düşünürük, əks halda, sənətə onun ehtiyacı olmadığı sakrallığı vermiş olarıq. Lakin ona layiq olduğu muxtariyyəti vermədən, müəllif olaraq başqa şeylərin ədəbiyyata “xidməti” barədə düşünmədən nə ondan istədiyimizi ala bilərik, nə də Komodo əjdahalarına müqavimətdə o bizə yardım edə bilər.
Oxucu haqlı olaraq soruşa bilər: şərin və bayağılığın təntənəsinə müqavimət kimi təqdim etdiyin sənət xilasa girişməyəcəksə, necə müqavimət göstərəcək? Əvvəla, söylədiklərim müəllifin reallığa gözlərini yumub öz komfort zonasında xumarlanmasına, tamamilə steril aparata yerləşib ayaqlarını yerdən üzməsinə haqq qazandırmır. Ayrı-ayrı məsələlərdir. Digər tərəfdən, özünü müqavimət göstərdiyin qüvvəyə bütünlüklə həsr etmək, onun dilində danışmaq, onun meydanında oynamaq çox vaxt həmin qüvvənin təbiətini mənimsəməklə (və beləcə, məğlubiyyətlə) yekunlaşır. Əslində, sənətin müqavimət gücü elə onun özünəməxsusluğunda, muxtarlığındadır. Əgər sənəti yalnız vasitə kimi qələmə versək, sabah həmin vasitə müqavimət göstərdiyin qüvvənin də əlinə keçə bilər və keçir də. O zaman nəticələr fərqli olsa da, metodlar və arqumentlər eyniləşir. Həmin sənətin özü də artıq mübarizə apardığı qüvvələrin təbiətinə malik olur. Həqiqətlər çoxluğunu göstərmək əvəzinə mütləq həqiqəti diktə edir artıq. Suallar vermək əvəzinə hazır cavablar qışqırır qulağımıza. Bu cür sənət mahiyyəti etibarilə fərdin azadlığını yox, yaxşı sözlərlə bəzədilmiş köləliyini təbliğ edir. Onda daha nə fərqi qaldı müqavimət göstərdiyi şər və bayağılıqdan?
Hər şey bir yana, ədəbiyyatın muxtariyyətini qəbul edən müəllif başqa qalxanların altında gizlənib ədəbiyyatdan qılınc kimi istifadə etmir və ya ədəbiyyatın arxasında gizlənib şəxsi və ideoloji naqisliklərinə bəraət axtarmır (“Mən yazıçıyam, mənim bütün dəliliklərimə və əclaflıqlarıma dözməlisiniz”).
Estetika fərdi hadisədir. Ayrı-ayrı fərdlər öz estetik zövq və yanaşmalarını inkişaf etdirə və özü üçün sənət meyarlarını müəyyənləşdirə bilir. Təbii ki, fərdi nəticələr ümumiyə təsirsiz ötüşmür, amma kütləvi zövqün sənət meyarına çevriləcəyinə inanmaq yanlış olar. Bununla belə, sənətin yuxarıda söylədiyim özünəməxsusluq mahiyyəti onun auditoriyadan tamamilə qopuqluğu üçün əsas deyil (“Sənət sənət üçündür, xalq başa düşməsə də olar!”). Sənət öz dilində yayılmağı xoşlayır, amma auditoriya ilə təmasın kəsilməsindən də böyük zərbə alır. Məhz buna görə, fərdi hadisə olan estetikanın mahiyyətə toxunan güzəştlərə yol vermədən, uyğun yollarla yayılmağının vacibliyinə inanıram həm də. Çünki yalnız bu zaman sənət özünəməxsusluğunu itirmədən cəmiyyətdə hansısa ölçüdə özünə yer edə bilər.
Ən azı yüz il qabaq Qərb sənət dünyası bu yanaşmaları bəyan və qəbul edib. Hətta üzərinə başqa onlarla yeni yanaşmalar qalaqlanıb. Kollektivçi şüurun beynimizə nüfuzundan bəri biz hələ də eyni xətlə davam edirik. Üçüncü dünya müəlliflərinə vurulan yarlıqdan xilas ola bilmirik (“Sənin xalqın acından günorta oyanır, harana yaraşır böyük söhbətlər, get öz mövzularından yaz!”). İkimininci illərin əvvəlində başlamış və psevdo-sənətdə ilişib qalan ədəbi mühitimizi silkələyə bilmiş mədəni hərəkat da az sonra üzərinə maarifləndirmək və dəyişmək vəzifəsi götürdü. Dövrünə görə faydası danılmazdır. Ayağımıza bağ olan xeyli sarmaşığı təmizləyə bildi. Lakin xalqı qarşına qoyub danlamağın, ictimai faydalılıq dərdini sənətin önünə qoymağın nəticəsi bizi yenidən durğunluğa gətirdi. Hər bir halda, bu hərəkat uğurluluq dərəcəsindən asılı olmayaraq missiyasını on il qabaq tamamladı. İndi isə on illik mədəni durğunluqdan sonra yeni mərhələ haqqında düşünməli, bu mərhələnin obyektiv problemləri ilə yanaşı, müəllif və sənət meyarlarını da özümüzçün müəyyənləşdirməliyik. Yoxsa nəinki tək-tək, hətta qruplar halında Komodo əjdahaları tərəfindən udulmaq o qədər də uzaq görünmür.