Nə üçün romanları qaçış hesab edirəm, amma bundan axıra qədər əmin deyiləm
1
Dəqiq xatırlayıram mənzilə çatan kimi çimdiyimi, gəlişimə oyanan həyat yoldaşımla şəhərdə eşitdiklərim və gördüklərim haqda uzun söhbətimizi, çay töküb yazı masama əyləşməyimi, nəhayət, xəbərləri oxumağa başlamağımı. Bir neçə saat ardıcıl evdən uzaq olduğum nadir vaxtların hamısında belə olur, xəbərləri qorxu ilə oxumağa başlayıram, sanki nəzarətimdən kənar qaldığında dünyanın başına pis iş gəlmək, yaxud ağlını itirmək ehtimalı artır.
Bu hissi ən güclü şəklində qaranlığı, nəhəng görüntüsü və dörd yandan səni əhatə edən səs fəlsəfəsi ilə dünyadan qoparıb öz gerçəkliyindən kənarda heç bir gerçəkliyin olmadığına inandırmağa çalışan film salonlarından çıxdığımda hiss edirəm. Bakının əksər film salonları böyük ticarət mərkəzlərinin içində yerləşir. Axşam seansları bitdiyində bağlanmış mağazaların və gün ərzinin bitməyən səs-küyünün fövqündə, işıqları boğuq, kimsəsiz ticarət mərkəzinə çıxdığında şəhərin, hətta bütün dünyanın başına pis iş gəldiyini düşünməkdən, qorxmağa başlamaqdan özümü saxlaya bilmirəm.
Oxşar hissi yenə keçirirəm, bu dəfə doğma məkanda – məni dünyanın bütün pisliklərindən qorumalı olan mənzilimdə, yazı masamın arxasında. Yerə asteroid düşdüyünü öyrənirəm; qorxmağa başlamalıyam, ya yox, əmin deyiləm. Astronomiya mənə həmişə maraqsız gəlib, hətta astrologiyanı ondan daha çox sevmişəm. Qaranlıq səmanın sonsuzluğu və cavabsızlığı qorxudur məni, soyuq və yalnız kosmos haqda da buna görə çox düşünməməyə çalışıram, amma astrologiya elə deyil – istər Şərqin, istər Qərbin orta əsrlərdən başlayaraq xeyli mənbəsində bu mövzuda nə qədər çılğın, dəlisov traktatlar yazılıb, oxuyub insan təxəyyülünün gücünə heyran olmamaq mümkün deyil.
Ölçüsü beş kilometrdən böyük asteroidlərin yerdəki həyatı az qala tam məhv etmək gücündə olduğunu xatırlayıram. Litsey illərindən yadımda qalmış bu məlumat mənə təsəlli və sakitlik vermək gücündə deyil, əksinə qorxumu və kədərimi daha da artırır. Nədir beş kilometr? Yaxşı vaxtlarımda bu məsafəni iyirmi beş dəqiqəyə qaça bilirdim. Beş kilometr gözümdə canlandıqca, əzabın və kədərin bu xətkeşini Bakının doğma topoqrafiyasına yerləşdirərək müqayisələr aparıram; halbuki, yer kürəsi o qədər böyük idi.
Başqa nə bilirəm asteroidlər haqqında? Xatırlamağa çalışıram və alınır: illər əvvəl baxdığım Armageddon filmi, Bruce Willis'in qəhrəmanı yadıma düşür. Filmdə hər şey yaxşı bitmişdi, oxuduğum məqalə də bədbin deyil: hazırda heç bir təhlükə yoxdur, xəbərin davamında deyilir. Hazırda yoxdur, bəs bir azdan, yaxud sabah, bir həftə sonra? Əlbəttə, bu kədər və təşviş yaradan sualın cavabını heç kim mənə verməyəcək, bilirəm. Odur ki, həmişə olduğu kimi, həmişə etdiyim kimi təhlükə, qorxu, narahatlıq, narazılıq anında həyatdan ədəbiyyata sığınıram, masamın kənarındakı kitabı götürüb qaldığım yerdən oxumağa davam edirəm.
2
Niyə romanlar qaçışdır və niyə bu hamımıza lazımdır? Səhər oyandığımda bu sual məni asteroidin yerə çırpılmasından daha çox narahat edəcəkdi və bir neçə gün rahatlıq verməyəcəkdi, amma qiraətin sığınacağında keçirdiyim o gecə hələ bunu bilmirdim.
Jurnalın açılışına çatdırmalı olduğum bu yazını iyirmi günə tamamlamalıyam. Sürəti sevmirəm, tələsmək xoşuma gəlmir, düşünərkən, yaxud yazarkən əməl etdiyim tək məsəl var: dama-dama göl olar. İndi isə tələsməliyəm, odur ki, qarşıma şərt qoyuram: əgər bu yazını istədiyim kimi bitirə bilməsəm, yenə də onu təqdim edəcəm. Niyyətim sadədir: bu məni daha səylə çalışmağa vadar etməlidir, amma yaxşı başa düşürəm əvvəldən özümlə səmimi olmadığımı. İnsanın özünə verdiyi sözlərin məgər ən gözəl tərəfi də bu deyil: istənilən vaxt onlardan imtina edə bilərsən heç kimin xəbəri olmadan.
Həyat qarşısında isə bu cür davranmaq fürsətimiz yoxdur. Həyatın bütün çətinliklərindən, ağrılarından, yaxud miskin və dözülməz adiliyindən düşünülmüş qaçışları da zəruri edən məhz budur. Odur ki, "Niyə romanlar qaçışdır, yaxud niyə biz romanlarda qaçış axtarırıq?" sualını özümüzə, başqalarına, yaxud həyata ünvanlarkən, romanların qaçış olduğunu az qala şərtsiz qəbul edib daha vacib olan suala yönəlməliyik: niyə biz həyatdan bu dərəcədə inadla qaçış axtarırıq?
İyirmi yaşımda, ədəbiyyat konfranslarında qalib gəldiyim üçün universitet rəhbərliyinin mənə hədiyyə etdiyi gözləmədiyim pul mükafatına qaçaraq Ulysses'in zirzəmidə yerləşən kitab mağazasındakı son nüsxəsini almışdım. Daha o mağaza yoxdur. Yağış başlayana qədər oturub oxuduğum kiçik bağça hələ yerində olsa da uşaqlığımdan qalmış, zərifliklərinə tamaşa edərək böyüdüyüm ceyran heykəlləri də yoxa çıxıb. O vaxt romanların həyatdan qaçış olduğunu, özümün də qaçdığımı bilmirdim. Əcəba bu nəyisə dəyişir? Yoxsa vacib olan bu deyil, yaşamağı dayandırıb bir müddətlik başqalarının yaşamağına dalmağımızdır? Məsələn, mən mükafatımı romana yox, linqvistika, yaxud tarix və ya fəlsəfə kitablarına xərcləsəydim necə, bu yenə qaçış hesab olunacaqdı? Bir şərtlə, əgər bu tədris, yaxud işlə, hansısa praktiki fəaliyyətlə bağlı qiraət deyilsə, bəli. Bu cavabı vermək istəyirəm, qətiyyətli deyiləm və səhihliyinə əmin deyiləm. Amma bütün bu mətnlərdən romanı fərqləndirən çox böyük üstünlük mövcuddur, onu mütləq xatırlatmalıyam: roman bizi gerçək həyatın içindən qoparıb dilçilik, fəlsəfə, gəmiqayırma, yaxud hüquq və ya proqramlaşdırmanın yox, başqa həyatların içinə salır. Onun sonsuz gücü də bundan ibarətdir – həyatın aramsızlığını heç nə başqa həyat kimi əvəz etmək gücündə deyil.
İnsan həyatının məna axtarışından ibarət olduğunu düşünən biri kimi, tamlıq ehtiyacının və onu tapmaq cəhdlərinin də bu axtarışın bir parçası olduğu fikrindəyəm. Bizim dövrümüzdə isə necə çətindir bu. Böyük kəşflərin, böyük faciələrin, yaxud tarixi hadisələrin çox qısa müddətdə unudulduğu zamanda gündəlik həyatın, şəxsi hekayələrin solub getdiyini, dəyərsizləşdiyini, düşünürəm ki, mənim kimi siz də kədərli qanunauyğunluq içində müşahidə edirsiniz.
Tarixin heç bir dövründə insan bu qədər informasiya bombardmanına məruz qalmamışdı. İnternetin və müasir texnologiyaların hördüyü hiyləgər torlar bəşəriyyəti sosial şəbəkələrin, qısa videoların, push-bildirişlərin içindən çıxa bilmədiyimiz tələsinə salıb. Müasir romanın nəhayət ki, öz son şəklini tapdığı və dominanta çevrildiyi 19. əsrin sakini əsla bunu təsəvvür edə bilməzdi. Deməli, roman bizim dövrümüzdə -zəruri düzəlişi edək- həm də bu sonsuz fraqmentarlaşan dünyadan və üstümüzə gələn məlumat selindən qaçışa çevrilib.
3
İki həftəm qalıb, planladığım yazının isə ancaq dörddə birini tamamlaya bilmişəm. Yazdıqlarımı təkrar-təkrar oxuyarkən Ulysses'i yadıma saldığıma sevinirəm. Söhbətə haradan davam edəcəyimi tapmışam.
James Joyce'un və romanının da nümunəsi -həm də ən yaxşı- olduğu modernizm özündən əvvəlki ədəbi cərəyanlardan fərqli, xarici dünyadan daha çox insanın daxili dünyasına, beynindən keçən fikirlərə, şüuraltısına, qorxularına, arzularına, xatirələrinə köklənmişdi. Onlar insan varlığının tam və bölünməz olmadığını, şüurunun və daxili dünyasının fraqmentarlığını başa düşmüşdülər, əsərlərində də insanı, həyatı və dünyanı buna uyğun yazırdılar. Fəqət 19. əsrlə bağlı artıq dediyim -və ümid edirəm ki, unutmağa hələ macal tapmamısınız- fikirlər burada da aktualdır: bizim içində boğulduğumuz fraqmentarlıq və məlumat izafiliyindən modernistlər belə xəbərdar deyildilər. Odur ki, indi təsəvvürünüzdə daxili dünyanın fraqmentarlığı ilə xarici dünyanın fraqmentarlığını birləşdirməyə çalışın. Çox əziyyət çəkməyəcəyinizi bilirəm, zira ehtiyac yoxdur, özünüzün, yaxud istənilən tanışınızın həyatını təsəvvür etsəniz kifayətdir. Bu sonsuz sürətə və axına məruz qalan, durmadan parçalanan və fraqmentarlaşan həyatda insanın şəxsiyyəti və daxili dünyası keçmişdə olduğundan dəfələrlə daha güclü zərbələr almaqdadır.
Modernistlər özlərindən əvvəlki nəsillərin ədəbiyyata sadəlövh baxışlarını çox radikal şəkildə inkar etmişdilər. Nə idi bu baxışlar? Həyatı olduğu kimi əks etdirmək, reallığın güzgüsü olmaq, böyük həqiqətləri çatdırmaq. Bu baxış bucağında ədəbiyyatın dəyəri onun gerçəkliyə sədaqəti ilə hesablanırdı. Yazıçının vəzifəsi isə reallığı olduğu kimi təsvir etmək idi.
O da taleyin ağrılı kinayəsidir ki, modernistlərlə eyni vaxtda, onlardan çox da uzaqda yox, cəmi bir neçə min kilometr şərqdə ədəbiyyatın və yazıçıların vəzifəsini diametral əks təsəvvür etməyə başlamışdılar: artıq gerçəkliyi olduğu kimi göstərmək kifayət deyildi, ədəbiyyat eyni zamanda vəd olunan xoşbəxt gələcəyin də təbliğatçısı olmalı, ictimai-siyasi mübarizənin sərt alətinə çevrilməli idi. Bir-birindən nə qədər çox fərqlənsələr də modernistlərin və sosialist realizminin ideoloqlarının ədəbiyyata baxışlarında ortaq nöqtə də var idi və bu keçmişlə və gerçəkliklə barışmamaqda, onu hansısa yolla dəf etmək istəyində və zərurətində özünü göstərirdi.
Bütün bu cəhdlər edilən vaxt da, indi də insanın əksər hallarda həyatdan, dünyadan istədiyi ayrı şeylərdir. Təhlükəsizlik, xoşbəxtlik, rahatlıq, bəzən təsəlli, bunlar olmayanda qaçış imkanı. Bu yazının mövzusuna ancaq son bənd aid olduğundan digərlərinə toxunmayacam. Təbii ki, sosrealizm bunu təklif edə bilməzdi, onların insanın üzərinə onun fikrini soruşmadan qoyduqları vəzifələr, məsuliyyətlər və öhdəliklərlə qaçış üst-üstə düşmürdü. İndi və burada olmaq, cəbhədə, yaxud təsərrüfatda böyük ideallar uğrunda mübarizə aparmaq lazım idi. Qaçış axtaran insan isə elə və yaxud belə – mübarizədən imtina etmişdir, onun bugünlə barışmayan, gələcəyi dəyişmək iddiasında olanlarla eyni qatarda yeri yoxdur.
Bəs Ulysses nə edir? Bütün çətinliyinə, dil və üslub oyunlarına, onlarla ədəbi mətnlə qurduğu çoxu açıq olmayan əlaqəyə baxmayaraq, insana insan haqda danışır. Yorğun və kədərli Leopold Bloom'u gecə evinə gətirib çarpayısına uzadan James Joyce bizə bütün ağrılara baxmayaraq, həyatın davam etdiyini göstərir. Bir anlıq inanırıq: sanki hər şey qaydasına düşəcək, ya da ən pisi, unudulacaq.
Fərqi görürsünüz? Ədəbiyyatı ancaq həyatın güzgüsü sananlar isə ondan, yəni ədəbiyyatdan daha artığını gözləməyənlər, daha artığını verə biləcəyini ağıllarına gətirməyənlərdir. Onların oxucunun qaçışı, yaxud sığınacağı olmaq niyyətləri yoxdur. Bunun əvəzində həyatdan qaçan insana yenə həyata baxmağı təklif edirlər və bu həyat iddia edirlər ki, qaçılan həyatın eynisi, onun güzgüdəki əksidir. Bu uğursuz cəhddəki çox ağır məntiqsizlik sizə də gülməli gəlmir?
O zaman deyə bilərik ki, qaçış olmayan bütün romanlar alınmamış romanlardır, yaxud bir romanın gücü onun nə qədər böyük qaçış imkanı təqdim etməsi ilə ölçülür? Məncə, bəli. Ən azından indi vermək istədiyim cavab budur.
4
"Çünki o, kitab şəklindəki fiziki sərhədlərlə məhdudlaşdığından məzmunundan asılı olmayaraq tamdır", qeydlərimin toplandığı sarı cildli dama-dama dəftərdə yaşıla çalan mürəkkəblə yazılmış bu cümləyə rast gəldiyimdə yazını bir də əvvəldən oxuyub onu salmaq üçün uyğun yer axtarmağa başlayıram.
Artıq yazının yarısı bitirmişəm, istənilən gördüyüm işdə yarıya çatanda sevinirəm. İşə başlamadan yarını nə qədər şərti və dumanlı da olsa müəyyən etmək mənim üçün zərurətdir. Amma bu yazıya ayrılmış vaxtım da yarıya çatıb, hətta daha az qalıb, təxminən beş, yaxud altı gün. Bunu başa düşdüyümdə ağlıma gələn ilk arzu təhvil verməli olduğum müddətin bir həftəlik irəli çəkilməsi olur. Bunun üçün jurnalın işə düşməsinin bir həftə ertələnməsi kifayətdir. Bu müddətdə çox şey edə bilərəm. Ağlıma fikirlər gəlir, fikirlər gəlir, fikirlər gəlir. Eyni zamanda, başa düşürəm, bu yazının bu qədər vaxt alması, yazmaqda olduğum romandan daha bir həftə qoparmağım demək olacaq, bunu isə heç istəmirəm.
Romanlar də belədir, onlar həyatdan vaxt qoparır. Bir çox insan kitab oxumamasını bununla izah edir. Romanlar, gəlin özümüzü aldatmayaq, əksər hallarda sonsuz baxılan videolar, sonsuz davam edən sosial media yazışmaları və baxışları, sonsuz oynanılan videooyunlar, sonsuz davam edən söhbətlərin, görüşlərin vaxtına namizəddir. Bütün bu aktlar da özlüyündə müasir dünyanın bizə təklif etdiyi fərqli qaçış növləridir, amma onlardan heç biri roman qədər bu işdə mükəmməl deyil. Çünki o, kitab şəklindəki fiziki sərhədlərlə məhdudlaşdığından məzmunundan asılı olmayaraq tamdır. Artıq rahatam. Nəhayət, bu cümlə üçün uyğun yeri yarada bildim. Araya girdiyim üçün üzr istəyirəm, buyurun, davam edək. Bəli, romanın fiziki olaraq aid olduğu yer bitmiş zaman formasıdır. O düşünülüb, sonludur və strukturu var, indi və burada içində axdığımız, sonsuz, bir-birinin ardınca gələn və qarşısı alınmasa qiyamətə qədər davam edəcək və buna görə əsla rahatlıq və qane olmaq duyğusu verməyəcək qısa Youtube videoları kimi xaotik deyil. Həcmindən asılı olmayaraq, roman həmişə göründüyündən və olduğundan daha artığıdır. Əgər mütləq nəyisə güzgüyə bənzətməliyiksə, o zaman inamla deyirəm: roman – insanın özünə baxdığı, özünü kəşf etdiyi güzgüdür. Və oxucu romanda həyatdan qaçarkən eyni vaxtda özünə də qayıtmış olur.
5
Həyatdan qaçmağa qərar vermişiksə, yaxud bu ani addımdırsa, ehtiyacımız olan, ideal qaçış necə olmalıdır? Hər şeydən əvvəl etibarlı olmalı, bizi yarı yolda qoymamalıdır. İstənilən video, yaxud film izlərkən oyun oynamaq, velosiped sürmək, qaçmaq, yun papaq, yaxud əlcək toxumaq, bitkilərə qulluq etmək, yemək hazırlamaq, telefonda yazışmaq, sevişmək, yay fəslinin geyimlərini dolaba yığıb payız geyimlərini çıxarmaq, evdə təmir işləri aparmaq, köhnə fotolara baxmaq mümkündür. Musiqi dinlərkən də bu işlərin çoxunu görmək olar. Oyun oynarkən əlbəttə bəzi məhdudiyyətlər yaranacaq, necə də olmasa, əliniz məşğul olacaq. Məsələn, daxıldakı qəpikləri masanın üstünə töküb əksər oyunlara dalmışkən hesablamaq asan olmayacaq. Bütün bu fəaliyyətlərə nəzər saldıqda görürük ki, onlar bizdən tam diqqət tələb etmirlər. Bəs romanlar necədir? Kitab oxuyarkən bir dəqiqə fikrinin yayınması kifayətdir ki, özünü labirintin ən ümidsiz dalanında tapasan. Roman oxucudan onun içinə dalmağı tələb edir. Qaçış üçün bundan daha mükəmməl şərt təsəvvür etmək mümkündür?
Romanlar bu qədər ideal qaçışdırsa, nə üçün biz hər növbəti gün oxucu sayında azalmalar haqda, müasir insanın oxu vərdişlərini itirməsi haqda eşidirik? Nə üçün yazıçıların, yaxud romanların həyata təsiri azalır?
Çünki qiraətin gücü həm də onun zəif tərəfidir. Romanlar nə qədər dərinə dalmaq fürsəti verirsə, o qədər də vərdiş, zaman və qabiliyyət tələb edir. Asan başa gələn, asan həzm olunan rafinə həzlərin üstəlik hər addımda, baxdığımız hər nöqtədə qarşımıza çıxmağını da unutmayaq. Televizorların belə olmadığı, yaxud geniş yayılmadığı vaxtlarda romanların populyarlığı ilə bu gün az qala havayı təqdim olunan ani əyləncələrin dünyasında romanların vəziyyətini eyni tutmaq olmaz. Roman daha çox vaxt, daha çox hazırlıq tələb edir. Üstəlik, etiraf edək, o bu gün ən populyar seçim deyil.
Belə olduqda mənzərə aydınlaşır: romanlar qaçışdır, amma hamının onlardan xəbəri yoxdur. Şəhərinizin yaşadığınız ərazisindəki bomba sığınacağını təsəvvür edin. Yolu uzaq olanlar, yaxud yolunu bilməyənlər, yaxud gecikənlər üçün fəlakət anında onun qapıları bağlı olacaq. Romana aparan yollar da bu gün təəssüf ki, gözdən uzaq düşüb, onu göstərən yol işarələrini isə ya oğurlayıblar, ya üzərindəki yazıları əyləncə yağışları yuyub.
6
Yazı sona yaxınlaşarkən çatdıq onun adını doğuran səbəbə. Nə üçün romanları qaçış hesab etdiyimi artıq izah etmişəm. Bəs nədir mənə axıra qədər əmin olmaqda mane olan?
Köhnə kitabların da müştərilərə təqdim edildiyi əldən -ələ satış saytlarında, yaxud qonaq olduğum mənzillərdəki kitabxanalara nəzər salarkən bir həqiqət məni həmişə çox düşündürürdü. Oxu dilindən asılı olaraq rus, yaxud azərbaycan dillərində yüzlərlə kitabın arasında Sovet İttifaqının süqutundan sonra çap edilmiş kitablara rast gəlmək nadir hallarda mümkündür. Onikicildlik Lev Tolstoy külliyyatından iyirmialtıcildlik Emile Zola külliyyatına, yaxud Vladimir Nabokovun perestroyka'nın son vaxtlarında işıq üzü görmüş, rus dilində yazdığı əsərlərin tam olmayan külliyyatının toplandığı bir milyon yeddi yüz min tirajlıq dördcildliyə qədər bu mənzillərdə çox şeyə rast gəlmək mümkündür, amma bu rəngarənglik və sonsuzluq içində birdən çaşırsan: əcəba faciə carçıları gecikib, kağız kitablar çoxdan – təxminən otuz il əvvəl ölüb, mənim xəbərim yoxdur?
Müstəqilliyin Azərbaycana xeyir, yoxsa ziyan gətirdiyinin, buna ehtiyacın olub-olmadığının mübahisəsi müxtəlif çevrələrdə hələ də davam edir. Müstəqillik artıq faktdır, bağışlayın, zamanı geri qaytarıb nə Sovet İttifaqını geri qaytarmaq, nə də yenidən müstəqil olmaq fürsətimiz yoxdur, amma onu necə dəyərləndirdiyimiz haqda danışmaq, daha da vacibi düşünmək lazımdır, necə də olmasa, indiki zaman hələ də davam edir.
Kitab və qiraət məsələsinə gəldikdə -kimi aldadırıq, əslində çox daha məsələdə- əminliklə deyə bilərəm ki, tarix, yaxud tale bizə səxavətli davrandı, artıq bizim də zülmət dövrümüz var. Qərbi Avropaya artıq bir mövzu az paxıllıq edə bilərik və bizim zülmət Francesco Petrarca'nın təsvir etdiyindən əsla daha az tünd deyil.
Bəli, mənim şübhəmin qaynağı rəflərdəki, satış elanlarındakı o kitablar, daha doğrusu yeni kitabların yoxluğu və bizim zülmət dövrümüz'dür. Necə oldu ki, tarixinin ən çətin dövründə -İmperiya, köhnə ölkə daha yoxdur, yenisi var, amma yox kimidir- müharibə, işsizlik, namüəyyənlik, xaos içində insanlar kitab oxumağı biryolluq unutdular. Bəs qaçış idi romanlar, ən etibarlı sığınacaq idi?
Etiraf edirəm, sualın bu cür qoyuluşu romanların qaçış olduğuna inamımı sarsıdır. Qurduğum tezislərin möhkəmliyi üçün bu dövrü unutmaq istərdim, heç vaxt o rəflərə baxmamaq, satış saytlarındakı kitab çeşidləri ilə tanış olmamaq istərdim, amma olan artıq olub. Odur ki, cavab tapmağa çalışmaq lazımdır. Ağlıma gələn ilk fikir: roman oxumaq və qiraət ənənəsi formalaşmağa macal tapmamış, totalitar Sovet təbliğatının -məsələn, mağazalardakı "kitab ən yaxşı hədiyyədir" şüarı- işığı sönən kimi hər şey öz təbii halına qayıtdı. Bu ehtimal xoşuma gəlir, o bir çox şeyə aydınlıq gətirir, amma təəssüf ki, özüylə yeni suallar da gətirir: kitabı dadmış, onun iş mexanizmiylə tanış olmuş cəmiyyət nə üçün çətinlik anında ona üz tutmadı, əksinə bu cür vaxtlarda lüzumsuz, yaxud lüks sayılan şey kimi birinci ondan imtina etdi?
7
Vaxt bitir. Yazını təhvil vermək üçün üç, yaxud dörd günüm qalıb; hələ redaktəsi, sonra onun müzakirəsi var. Tələsməliyəm, amma ondan əvvəl özüm üçün gəldiyim nəticələrin xülasəsini yazmaq istəyirəm: romanlar az qala bütün xalqların əfsanələrində, nağıllarında görünməzlik bəxş edən üzüklər, papaqlar, başqa əşyalar kimi bizi indiki zamanın zalım baxışından gizlətmək, yaxud müasir həyatımızın əvəzolunmaz parçasına çevrilmiş pause düyməsi kimi şəxsi vaxtımızı dayandırmaq gücündədir. Bir oxucu kimi düşündükdə bu məni heyrətə gətirir. İnsan qaçır, çünki həyatı anlaya və davam edə, yaxud onu dəyişə bilmir. Amma romanlar müvəqqəti sığınacaqdır, belə deməzdim əgər deməyə əlimdə digər əsaslar olsaydı. Gec-tez həyata qayıtmalısan, çünki nə qədər vacib olsa da və nə qədər dərinə dalsan da bu – sənin həyatın deyil, hətta heç kimin həyatı deyil.
Bu qaçışın, məncə, ən böyük məziyyəti insana yuxular kimi heç vaxt yaşamadığı, yaşaya bilməyəcəyi həyatları, dünyaları yaşatmaq gücüdür: Odisseylə Zefir küləyinə qoşulub adadan adaya yollanır, Dante ilə cəhənnəmə enir, Məcnunla Kəbənin halqalarından yapışıb daha çox eşq istəyir, Nataşa Rostova kimi ağır tərəddüdlərdən, ağır itkilərdən keçib sonda rahatlığı tapır, Mrs Dalloway ilə ziyafətə hazırlaşarkən bütün həyatımız bir neçə saat ərzində ağlımızdan təkrar-təkrar gəlib keçir, yaxud Yusif Səmədoğlunun ölməz romanı Qətl günü'nündəki kimi nə vaxtsa danışan siçovulla qarşılaşacağımızı təsəvvür edərkən heyrətlənir və ya qorxuruq.
Hər qaçış nə qədər kimdənsə, yaxud haradansa qaçmaq olduğu qədər həm də kiməsə və harayasa çatmaqdır. Romanların qaçarkən bizə təqdim etdiyi bəxşiş də məhz orada yerləşir. Çatdığımız yerin fiziki koordinatları həmişə, hər bir halda bədənimizin fiziki koordinatları ilə üst-üstə düşəcək, zira bu qaçış bizə fərqli dünyaları və həyatları, fərqli insanları və hadisəli göstərərkən həmişə insanın beynində başlayıb orada da bitəcək.
Bitdiyində kədərləndiyim, qəzəbləndiyim, sevindiyim, yaxud heç nə hiss etmədiyim romanları yadıma salıram. Mən indi həm də onların bir parçasından ibarətəm, böyümüşəm və genişlənmişəm. Məgər bundan böyük, bundan gözəl, bundan vacib qaçış ola bilər? Bu genişlənmədə çətinliklərlə birlikdə gələn rahatlıqlar görünür gözlərimin qarşısında, növbəti qaçışa yollanmadan əvvəl kitab rəfinə boylanarkən.
Sentyabr 2024