THE BAKU REVIEW

Montevideo qeydlərindən

Rəşad Səfər

07 noyabr 2024
Montevideo qeydlərindən

 

“On doqquzuncu əsrin sonu görəcək öz şairini; Amerika sahillərində doğuldu o şair, nə zamansa düşmən olan iki xalqın, indi ruhi inkişafla özlərini aşmağa çalışdıqları yerdə, düz ağzında La Plata çayının. Uzadırlar dostcasına əllərini böyük estuarinin gümüşü sularından, cənubun gözəli Buenos-Ayres ilə ədalı Montevideo. Qurdu amma öz hakimiyyətini bu torpaqlar üzərində əbədi müharibə və indi sevinc içində qurban məhsulu toplayır”. 

Qraf de Lotreamon, "Maldororun Nəğmələri”, Birinci Nəğmə.

 

La Plata estuarisinin sahili

Montevideoya ilk gəlişim deyil. Birinci dəfə dörd il öncə qısa və emosional səyahətim olmuşdu. Sakit, insanları seyrək, ərazisi geniş, La Plata sahilincə uzanan bu şəhərlə payızda tanış olmuşdum. Qısa səfərlərin vadar etdiyi ölkəni tanıma acgözlüyü və şəhərin özünün yaratdığı səbəbsiz melanxoliya yaddaşımdakı Montevideonu dumanlı göstərirdi. İndi zamanım çoxdur deyə daha təmkinliyəm. Şəhəri də, ölkəni də yaxından tanımağa vaxtım olacaq. Amma o ilk dumanlı səyahətdə belə anladığım, indi də bir neçə ayda əmin olduğum bəzi şeylər var Uruqvay və uruqvaylılar haqqında. Böyük ərazidə insan azlığının ən yaxşı nümunəsi. Heç kimin heç hara tələsməməsi. Yaşlıların gənclərdən çox olması. Uzun illərin qanlı mübarizələrindən, siyasi-mədəni burulğanlarından sonra əldə etdikləri dəyərlərdən möhkəm-möhkəm yapışmaq. Respublikanın və mədəniyyətin qiymətini bilmək. Amma qonşuluğun və üçüncü dünya ölkəsi olmanın yaratdığı komplekslərdən də qurtula bilmirlər: hər şeyin yaxşısı və böyüyü bunlardadır. Ən yaxşı steyk, ən yaxşı tanqo, ən yaxşı ədəbiyyat, ən yaşamalı şəhər, Latın Amerikasının ən savadlı əhalisi, ən mədəni ölkəsi, Latın Amerikasının “Paris”i adı uğrunda mübarizə və ilaxır. Oxşar yanaşmanı özündən böyük qonşusu Argentinada da görməsəydim, bunu həm də kiçik xalq və kiçik dövlət olmaqla əlaqələndirərdim. 

Budəfəki uzunmüddətli səfərimdə ölkəni tanımaqda təmkinli davranmağa məcbur edən başqa bir səbəb də var. Bura ayaq basandan üç ay keçməmiş pandemiya başladı. İndi heç nəyi sürətli və planlaşdırdığı kimi edə bilmirsən. Pandemiyanın yaratdığı ümumdünya həbsxanası buradan da yan keçmədi. Amma digər ölkələr haqqında oxuduğum, eşitdiyim ağır vəziyyət burada yoxdur. Sərbəstlik daha çoxdur. Prezident xalqa inandığını, savadlı-mədəni xalq olduğunu nəzərə alıb sərt qapanmaya getməyəcəyini dedi. Elə bu cür də dedi: biz dünyanın ən savadlı, ən mədəni xalqlarından biriyik, vəziyyəti özünüz öz aranızda tənzimləyin. Tənzimləyirlər də. Dövlətin bir neçə məcburi müdaxiləsindən başqa, xüsusi sərt tədbirlərə ehtiyac olmadı. Mədəni səviyyə, güclü səhiyyə və demokratik mühit sayəsində pandemiyanı alnıaçıq keçirən ölkələrdən biridir. İnsanlar özləri razılaşıb küçələrə növbə ilə çıxırlar. Yanaşı kafelərin, restoranların sahibləri özləri razılaşıb növbə ilə işləyirlər. Heç kəs mağazalardan kütləvi alış-veriş edib evini doldurmur. Xəstəxanalarda da elə bir təşviş yoxdur. 

 

Torpağın sərtliyi

Pandemiyanın yarımqapalı Montevideosunda tez-tez görüşdüyüm insan İsakdır. Yəhudi əsillidir. Ailəsi Polşada Hitlerin əlindən son anda qurtulub Uruqvaya köçüb. Özünün ifadəsi ilə, yaşı çoxdur, lap çox: səksən üç. Amma gümrahdır. Yaddaşı da pis deyil. Mövzularımız tükənəndə köhnə mövzuları yeni formada danışır. Təkrar danışanda təkrarlığını mütləq xatırladır ki, qocaldığını, unutqanlıqdan çərənçilik etdiyini düşünməyim. Bircə məqamda yaddaşı axsayır. Hər dəfə eyni sualı verir, necə cavab gözlədiyini bildiyimə görə, istədiyi eyni cavabı verirəm, o da ardınca fikrimi dəstəkləyən eyni cümlələri deyir. Bir neçə görüşdən bir soruşur, “mənə neçə yaş verərsən?” Altmış-altmış beş, deyirəm. Həmişə eyni formada gülür, xoşuna gəlir cavabım, “hamı mənə belə deyir, on beş-iyirmi yaş cavan görünürəm” deyir. Sonra söhbətimizə başlayırıq.

Sevdiyi məkanları, həyatında və yaddaşında özünə digərlərindən daha çox yer etmiş hadisələri müxtəlif aspektlərdən dəfələrlə danışır. Amma bu məni yormur. Dediklərində unutqan qocanın təkrarlarından daha çox bilərəkdən edilmiş vurğunu hiss edirəm. Ailəsinin Polşadan qaçışının, atasının cavan yaşda qəfil ürək tutmasından vəfatının, ilk kitabının nəşri prosesinin təfərrüatlarını yaxşı bilirəm artıq.

Montevideonun mərkəzi küçələrindən biri olan Rio Brankoya tez-tez yolumuz düşür. Rio Branko İsak üçün xüsusi küçədir. Onun fikrincə, Uruqvay tarixinin ən şərəfli hadisələrindən biri burada baş verib. 1933-cü ildə dövlət çevrilişi zamanı polislərə təslim olmaq istəməyən sabiq prezident Baltasar Brum bu küçədəki evinin qarşısında öz tapançası ilə intihar edib. Hər dəfə bu söhbətə qayıdanda, hər dəfə həmin küçəyə və həmin evin qarşısına yolumuz düşəndə təkcə söhbət, ya da “müqəddəs” evlə əyani tanışlıq kifayət etmir. Ekranı tamam korlanmış köhnə telefonunda prezidentin intihar fotolarını tapıb göstərir. Sonra binanın qapısına qədər yaxınlaşdırır məni. Divara vurulmuş lövhədə yazılanları bir daha oxutdurur. Prezidentin intiharını və məhz bu binanın qarşısında intiharını müxtəlif vasitələrlə sübut etdikdən sonra artıq geri qayıda bilərik. 

Zaman duyğusunu itirir hərdən. Həvəslə danışdığı hansısa məkanı bu yaxınlarda ziyarət etdiyini deyir, sonra gəzə-gəzə gedib görməyimizi təklif edir. Gedirik. Xeyli axtarırıq məkanı, tapa bilmirik. Ətrafdakılardan soruşuruq. Məlum olur ki, artıq otuz-qırx ildir, məsələn, həmin bina yoxdur, çoxdan söküblər, yerində başqa binalar tikilib. Dəfələrlə təkrarlanıb bu vəziyyət. 

Yaşına rəğmən çox sürətli yerişi var, tarazlığı da yerindədir. Amma bir dəfə möhkəm yıxıldı. Payızın sonlarında, küləkli bir havada Montevideonun arxa küçələrində gəzişirdik. Hava qaralmışdı artıq. İri ağacları halqalarından keçirən, bir az da dağılmış, xeyli hissəsi torpağa qayıtmış səki ilə addımlayırdıq. Ayağı ağacın bayıra çıxmış köklərindən birinə ilişdi, büdrədi. Qolundan tutub saxlamaq istədim, amma yüz kilodan artıq çəkisi imkan vermədi. Arxası üstə asfalta çırpıldı. Bəxtindən başı torpaq hissəyə dəydi. Qalxandan sonra pərtliyi tam keçməmiş, “çoxdandır torpağın sərt olduğunu unutmuşdum” dedi. Kədərli vəziyyət idi. Sonra yolboyu niyə yıxılmağının səbəblərini izah etməyə çalışdı: bələdiyyə işləmir, ağacın kökləri bayırdadır, səki dağılıb, yol qaranlıqdır, çox sürətlə yeriyirdim, başım söhbətə qarışmışdı. Amma həmişə oturduğumuz kafeyə çatanda nəhayət qəddar həqiqəti dilə gətirdi: “Qocalmışam, dostum, çox qocalmışam”. Evə qayıdan kimi dəftərimə qeyd elədim, torpağın sərtliyi ilə bağlı İsakın dediklərini indi yazdığım romanda qoca müstəntiqin yıxılma səhnəsində onun dilindən verəcəyəm. 

 

Sürrealistlərin peyğəmbəri

Qaranlığın şairi Qraf de Lotreamon qısa yaradıcı həyatını şərin təsviri üzərində qurmazdan öncə Montevideonun ən qaranlıq dövrlərində doğularaq və bədbəxt uşaqlığını burada keçirərək şərlə birbaşa təmasda olub. İsakla 1850-ci illərin La Plata müharibəsindən söhbətimiz düşəndə fransız şairi İzidor Dükassı (Isidore Ducasse), başqa adı ilə Qraf de Lotreamonu düşünürəm. Doğulanda (1847) artıq şərin yer üzündəki ən görkəmli nümayəndəsi olan qəddar müharibənin, Montevideonun səkkiz illik mühasirəsinin içinə doğulmuşdu. Anasının mühasirənin yaratdığı epidemiyanınmı, yoxsa intiharınmı qurbanı olduğu hələ də dəqiq bilinmir. İşə bax ki, Lotreamon mühasirənin içinə doğulduğu kimi mühasirənin də içində ölür. 1870-ci ildə Parisin prussiyalılar tərəfindən mühasirəsi günlərində vəfat edir. Onun da mühasirənin yaratdığı epidemiyadan ölməsi ehtimalı var. İndi də pandemiyanın mühasirəsindəyik. Nə zaman mühasirədən çıxacağıq, hələ nə qədər insan öləcək, bilmirik. Bəlkə də, hansısa qadın bu saatlarda ölür və arxasınca Lotreamon kimi tutqun şair qoyub gedir. 

Sürrealistlərin peyğəmbər elan etdiyi İzidor Dükass ilk kitabı “Maldororun Nəğmələri”ni Qraf de Lotreamon təxəllüsü ilə yazır. Böyük ehtimal, Ejen Sunun “Latréaumont” romanından götürüb təxəllüsünü. İkinci kitabı “Şeirlər”də yenidən öz əsl adına qayıdır. Qraf de Lotreamon həm şeirlərində, həm öz həyatında və xarakterində çevrilmənin (metamorfozun) əsl nümunəsidir. Mütəmadi adının, xarakterinin, dünyaya baxışlarının dəyişməsi 24 yaşına güclə çatan şairin əbədi lənəti idi. 

Qısa ömrünə baxmayaraq özündən sonra rəssamlıqdan nəsrə qədər onlarla sənət adamına ciddi təsir göstərdi. Andre Bretondan Marks Ernstə qədər. Andre Jid “Maldororun altıncı nəğməsini oxuyanda öz yazdıqlarımdan utandım” deyirdi. Lotreamon şeirin nəsrdən əsas fərqinin ölçü və formada deyil, fikirlərin ifadə şəklində olduğunu göstərmək istəyirdi. 

 

Oro del Rihn

Qaldığım evin yaxınlığında kiçik bir kafe var. Montevideonun məşhur “Oro del Rihn” kafesinin filialıdır. Səhərlər saat 10:00-11:00, günortadan sonra saat 16:00-17:00 radələrini nəzərə almasaq, sakit məkandır. Tez-tez gəlirəm bura. Romanın bəzi hissələrini burda yazıram. Mən gəldiyim vaxtlarda, adətən, boş olur. Pandemiyaya görə masaların sayı azaldılıb, aralarında böyük məsafələr yaradılıb. Artıq dialoqsuz mərhələyə keçmişik ofisiantlarla: hər gün eyni şeyi sifariş etdiyimdən, masaya əyləşən kimi özləri gətirir.

Yaxınlarda dostum İsaka bu kafe haqqında danışdım. Dedi, bilirsən, ora kimin kafesidir? Bir neçə filialını görsəm də, xüsusi məlumatım yox idi kafenin tarixi ilə bağlı. İsak ətraflı və həvəslə danışdı. Alman nasistlərinin kafesi olub. İyirminci əsrin əvvəllərində Almaniyanın iqtisadi böhranı zamanı qaçıb Uruqvaya gələn bir alman ailəsi tərəfindən yaradılıb. Adını Vaqnerin “Das Rheingold” operasından götürür. Tezliklə kafe Latın Amerikasında alman casuslarının müntəzəm görüş məkanlarından birinə çevrilir. Kafe sahibi Hitlerin partiyasına maddi yardımlar göndərirmiş. İndi kafeni ailənin üçüncü, ya dördüncü nəsli işlədir. 

İsak bir az üstüörtülü formada mənim o kafeyə getməyimi istəmədiyini dedi. Deyir, o insanların əlində çox adamın qanı var, biz yəhudilər ora getmirik. Getməyəcəyimə söz verə bilmədim. Öyrəşdiyim məkanları dəyişmək zülmdür. Baxmayaraq ki, mütəmadi dəyişmək məcburiyyətində qalıram. 

 

Dörd uruqvaylı 

Yaxınlarda bukinistdən Eduardo Qaleanonun “Qucaqlaşmaların kitabı”nı (“El Libro del los Abrazos”) aldım. Qaleano başqa bir neçə kitabındakı üslubunu burda da davam etdirir: xırda hekayətlərlə izah edir düşüncələrini. Tarixə, mədəniyyətə, dinə, ailəyə, siyasətə, ədəbiyyata dair 191 hekayət var. Bütün bunlara yanaşması isə həmişəki kimidir: hər şeyi siyasət və sol baxışdan izah etmək. Buna görə Qaleano bir məqamdan sonra artıq darıxdırmağa başlayır insanı. Bunun söylədiklərinin həqiqət olub-olmamasına dəxli yoxdur. Bəzən o qədər doğru təsbitlərinə rast gəlirsən ki, sənin də indiyə qədər bunu niyə düşünmədiyinə təəccüb edirsən. Amma əksər mətnləri siyasi manifest təsiri bağışlayır, nəinki bədii mətn. 

Latın Amerikasında solçu yazar olmaq əksər ədəbiyyat adamının keçdiyi yoldur. Lyosa müsahibələrindən birində deyir, 60-70-ci illərdə bir Latın Amerikası yazıçısının solçu olmaqdan başqa yolu yox idi. Çünki demokratiyanın, azad və mədəni ölkə olmanın önündə ən böyük maneə hərbi çevrilişlər və diktaturalardı. Bunların da arxasında ABŞ-ın dayandığı hamıya məlumdu. Səbəbi bəllidir: kommunizmin, sol ideyanın yayılmağının qarşısını almaq. Diktaturanın qarşısında solu seçmək intellektualların mənəvi bəraəti idi. 

Amma səksəninci-doxsanıncı illərdən etibarən belə bir məcburiyyət qalmadığına görə solçu yazarların çoxu ideoloji xətlərini dəyişdilər. Qaleano kimi istisnalar isə davam etdi. İdeoloji istiqamətlərini dəyişsələr də, Latın Amerika intellektualı heç vaxt ictimai və siyasi proseslərdən kənarda qalmadı. Hətta Pinoçet və Riveda (Jorge Rafael Riveda) kimi diktatorlara simpatiyasını gizlətməyən Borxes də, mənfi kontekstdə olsa da, siyasi proseslərdən kənarda deyildi. 

Uruqvaylı yazıçı deyiləndə ağla ilk Qaleano gəlsə də, Karlos Onetti, Mario Benedetti və Enrike Rodo Latın Amerikası ədəbiyyatında özlərinə yer ediblər. Həm də ciddi şəkildə. 

Enrike Rodo (José Enrique Rodó) modernizmi Uruqvaya və Latın Amerikasına ilk gətirənlərdəndir. Şekspirin “Tufan” pyesinin obrazlarından biri olan Ariel vasitəsilə insan təbiətinin xeyir və şər tərəfini izah etməyə çalışdığı “Ariel” bədii essesi Uruqvayın ilk modernist mətni hesab olunur. 

Onetti (Carlos Onetti) ekzistensialist mətnləri ilə tanınır. “Quyu” romanını almışam, amma hələ oxuya bilməmişəm. Oxuduğum qısa hekayələrində ekzistensial kədəri hiss etməmək olmur. Bəzən magik realizmin sərhədlərinə gəlib çıxsa da, nə Onetti, nə də başqa heç bir Uruqvay yazıçısı Latın Amerikası brendinə çevrilmiş magik realizmdə ciddi nümunələr yarada bilmədilər. 

Həyatı sürgünlərdə keçən Mario Benedetti də Qaleano kimi daha çox siyasi fikirləri və publisistikası ilə məşhur idi. Təkcə “Marcha”da (Uruqvayın həftəlik qəzeti) otuz il yazmaqla yanaşı, Latın Amerikasının və Avropanın müxtəlif qəzetlərində, jurnallarında mütəmadi publisistik mətnlər yazdı. Qeyri-ispan dilli dünya daha gec dövrlərdə tanıdı Benedettini. 

Lap müasir Uruqvay ədəbiyyatı ilə çox da tanış deyiləm. Gərək yaxın günlərdə bir siyahı hazırlayıb kitab dükanlarına baş çəkim.

 

Parva Domus Magna Quies

Montevideonun görkəmli və sakit küçələrinin birində neoklassik üslubda bir malikanə var. Əmlak alqı-satqısı saytlarının təbirincə desəm, neçəsə “sotun içində ikimərtəbəli həyət evi/villa”. Üzərində bayraq və gerb də var. İlk baxışda hansısa dövlətin səfirliyinə bənzəyir. Ancaq səfirlik deyil, dövlətin özüdür: Parva Domus Respublikası. Tam adı ilə, “la República de Parva Domus Magna Quies”.

1878-ci ildə yaradılmış simvolik mikro-dövlətdir. Bir növ, mədəni və sosial icma kimi. Ərazisi 0.2 kvadrat kilometr, əhalisi eyni vaxtda maksimum 250 nəfər. 1878-dən bəri təqribən 850 min vətəndaşı olub. Öz konstitusiyası, prezidenti, nazirləri, pul vahidi və rəsmi himni var. 

Əvvəl Montevideo balıqçılarının tez-tez yığışdıqları, yeyib-içib şənləndikləri, söhbət və mütaliə etdikləri toplantı kimi yaranıb. Bir gün toplantı üzvlərindən biri fransız yazıçı Alfons Dodenin “Jack” romanını oxuyur. Romanda obrazlardan biri Parisdən kənarda, sakit bir yerdə, gözəl ev tikib içində özünü ancaq ədəbiyyata həsr etmək xəyalı qurur. Xəyalındakı evin üzərinə “Parva Domus Magna Quies” yazıb asacaqdı. Latıncada “Kiçik Ev, Böyük İstirahət” deməkdir. Bu romanı oxuyandan sonra qrup üzvləri eyni ifadəni toplandıqları yerin üzərinə asırlar. 1878-ci ilin 25 avqustunda dövləti rəsmən elan edib Parva bayrağını qaldırırlar. 

Vətəndaşları yalnız kişilər ola bilər. Qadınlar mart-noyabr arası bəzi toplantılara qonaq kimi qatıla bilərlər. Vətəndaş olmaq üçün mütləq hansısa vətəndaşın dəvəti və zəmanəti lazımdır. Vətəndaşlardan hansısa dinə mənsub olmaları tələb olunmur, amma konstitusiyanın 6-cı maddəsinə əsasən, dövlətin rəsmi dini “alegría”, yəni sevinc, xoşbəxtlik, şənlikdir. Həftədə iki dəfə - çərşənbə günü axşam, şənbə günü günorta ənənəvi toplantılar olur. Toplantılarda din, siyasət və idman söhbətləri qəti qadağandır. Ancaq ədəbiyyat, sənət, musiqi, yeyib-içmək. Malikanənin həyətində “Leta fəvvarələri” var. Mifologiyada Leta çayının suyundan içənlər hər şeyi unudurdu. Burda da rəmzi mənası budur, yəni qapıdan içəri girdinsə, bayır dünyanın səfalətini, miskinliyini, ucuz söhbətlərini unut.  

Uruqvaydan danışanda “qonşu dövlət” deyirlər. Bir neçə dəfə BMT üzvlüyünə, hətta Təhlükəsizlik Şurasının üzvlüyünə müraciət ediblər. Təbii ki, yumor məqsədilə. Hətta Ayda səfirlik açıblar. İlin bəzi günləri açıq qapı elan edirlər. Bir neçə dəfə iştirak etmişəm. Həqiqətən də, yanaqlarından şərab damlayan, saqqallarında və bığlarında steyk qırıntıları ilişib qalmış, əyinlərində təmtəraqlı paltarlar olan şən, xoşbəxt görünən kişilər gəzişirdi ortalıqda. Malikanənin içərisində hər tərəfdə rəsmlər, heykəllər, musiqi alətləri, əvvəlki prezidentlərdən qalan xatirələr, kitablar vardı. Bir də, təmtəraqlı yemək otaqları və masalar. 

“Parva Domus”u Uruqvayın özünə bənzədirəm. Bu ölkənin kiçik modelidir. Öz kiçik dünyalarında böyük istirahəti, mədəniyyətdən, dostluqdan, əyləncədən həqiqi zövq almağı bacaran insanlardır tanıdığım əksər uruqvaylılar. 

 

Sonuncu həftə

“Keçilərin nəğmələri”ni bitirdim. Çap edib-etməyəcəyimdən hələ ki əmin deyiləm. Hər gün bir ağla qulluq edirəm. Əvvəllər yazıb bitirdiyim bir romanın da taleyi sonda çəkməcəyə qoyulmaqla yekunlaşıb. Amma bu romana daha çox inanıram. İsakın xəbərdarlığına baxmayaraq sonralar “Oro del Rhin”ə dəfələrlə getdim. Amma yenə də məcburi yerdəyişmə oldu. Qaldığım evi dəyişdim deyə getdiyim kafeni də dəyişdim. Romanın son hissələrini başqa məkanda yazmalı oldum. İndi yenidən romana göz gəzdirəndə “böyüklərin” dediyi duyğuları hiss edirəm: mən nə düşünürdüm, nəticədə nə alındı. Yenə də yazmaq istədiklərimin xeyli hissəsini yazdığıma inanıram. 

Romanla bərabər Montevideodakı həyat da yekunlaşmaq üzrədir. Bir həftə sonra buraları birdəfəlik tərk edirəm. Dünən gecədən xeyli keçmiş sahilə getdim. Sahilə paralel düzülmüş binalara baxdım. Yenidən ilk səfərimi xatırladım. O zaman yorğun günün sonunda, gecədən xeyli keçmiş, sahilin məhz bu yerinə gəlmişdim. Soyuq payız gecəsində məndən başqa yalnız balıqçı köşkündə yüksək səslə danışan iki nəfər vardı. Az sonra onların da səsi kəsildi. Arxama çevrilib sahil boyunca paralel düzülən binalara baxmışdım. Sonra gözlərim bir binaya ilişib qalmışdı. Bütün binaların və həmin binanın bütün evlərinin işıqları sönmüşdü. Bircə o binadakı bir evdən başqa. Evin qarşıdakı sahilə deyil, yana baxan şüşə eyvanına bir qadın çıxmışdı. Sahil lampalarının eyvana vurduğu işıqların altında qadının incə bədəninin silueti görünmüşdü. Qadın sağa-sola bir az göz gəzdirib otağa qayıtmış, sonra o mənzilin də işıqları sönmüşdü. 

Dünən gecə geri çevrilib həmin binaya baxanda daha çox evin işığı yanırdı. Yəqin, soyuq payız gecəsi ilə ilıq yay gecəsinin fərqidir. Montevideonun yay gecələri gözəl olur. 

 

Vidalaşma

Uruqvayı tərk etməyimə bir neçə gün qalıb. Dünən İsakla vidalaşdıq. Hava isti olsa da, günortadan görüşdük, gecə yarısına qədər gəzişdik, söhbətləşdik. Sanki iki illik söhbətlərimizin mündəricatına yenidən nəzər saldıq. Bütün başlıqların üzərindən sürətlə keçdik. Ona doğma olan mövzuların üzərində daha çox dayandıq həmişəki kimi. İndiyə qədər çox az danışdığımız ailəsi haqqında bu dəfə bir az geniş danışdı. İsraildə yaşayan övladları, nəvələri və həyat yoldaşı haqqında. Şəkillərini göstərdi. Dedi, İsrailə yolun düşsə, mütləq xəbər elə, oğluma deyim, səni qarşılasın. Bir anlıq yaşını xatırladı yəqin, saniyələr sonra, əgər o vaxta qədər sağ qalsam, dedi. 

İspanca xatırlamaq mənasını verən “recordar” sözü latıncada “re-cordis” sözündən gəlir. “Re” yenidən, “cordis” ürək deməkdir. İspan dilinin etimoloji lüğətində də xatırlamaq sözü (recordar) “ürəyin içindən yenidən keçmək” kimi qeyd edilir. İsakla ayrılanda “Qoca dostunu xatırlamağı unutma,” dedi. “Mənim dostlarımın çoxu indi ya ölüb, ya da əlaqəm kəsilib, amma onların hamısı ürəyimdədir. Bir də atam. Son vaxtlar ürəyimdə nəyi düşünsəm, sonda atamı xatırlayıram. Nə isə, mövzumuz atam deyil. Mütləq əlaqə saxlayarıq.” Evinin önündə son dəfə sağollaşdıq. 

2020-2021, Montevideo