Başqaları
Saatlardır şəhərdə veyillənirəm. Hava gözəldir. Evdən çıxmamışdan Handkenin gündəliklərini oxuyurdum. Başımı qaldırıb səmaya baxanda gündəlikdən oxuduğum bir fikir yadıma düşdü: “Səmada üzən buludlara baxıb düşündüm: xeyr, heç vaxt özümü öldürməyəcəyəm!”
*
İşıqforda gözləyərkən iki adam eyni anda ucadan danışa-danışa yanımda dayanır. Mübahisə etdikləri aydındır. Onlardan biri sol biləyindəki xəyali saata baxıb barmağı ilə işarə edərək təlaşla danışır, gecikmədiyini, danışdıqları vaxtda çatdığını sübut etməyə çalışır. Digəri isə qarşısındakı adamın biləyindəki xəyali saata baxaraq barmağını yelləyir, onunla razılaşmadığını bildirir.
*
Qarşıma çıxan skamyaya oturub fikirlərimi qeyd dəftərçəsinə yazıram. Kimə lazımdır yazdıqlarım? Nə etmək olar, əlimdən başqa iş gəlmir. Bu vaxta kimi bircə söz belə əziyyət çəkib yazmışamsa, bunu içimdəki hirs və nifrətə borcluyam. Yazıçı olmasaydım, yəqin ki, cinayətkar olardım.
*
Atdığım hər addımla dünya bir daha ölür və geriyə baxmağa ehtiyac belə duymuram; qırmızı-narıncı qürublar kimi aydındır, keçmiş saysız-hesabsız ölü dünyalardan başqa bir şey deyil.
Yazmaq isə əzabı yüngülləşdirmir, əksinə təkrarladır: yazmaq özünü unudulmuş dünyaların küt bıçaqları ilə təkrar-təkrar bıçaqlamaqdır.
*
Saat neçədir? Bilmirəm. Telefonum çoxdan sönüb. İzdihamın ortasında yoluma davam edirəm. Yad simaların arasında ləkəyə çevrilmişəm. Küçələr adamlarla qaynaşır. Ətrafda düşüncələri keyidən bir küy var. Adamlar küçələr və meydan boyunca harasa tələsir, dayanır, susur, danışırlar. Hər şey müntəzəmdir, hadisələr növbələnir. Bu, şəhərin ritmidir, halbuki mən bu ritmdən kənardayam. Birmüddətlik.
Gəzdikcə arabir qeyri-ixtiyari əlim cibimdə telefonumu axtarır. Telefonu cibimdən çıxaran kimi özünü simamda qətiyyən büruzə verməyən bir gülümsəmə keçir içimdən: axı telefonum sönüb. Düşünürəm: telefonumu bir də heç vaxt yandırmasam (yandıra bilməsəm), nə olar? Telefonum qapalı qalsa və bir müddət evə getməsəm. Heç kim məni axtarıb tapa bilməsə. Mən buradayam, hər şeyin ortasında, amma ola bilsin ki, nəsə vacib bir şey baş versin və heç kim məni bundan xəbərdar edə bilməsin. Bəlkə də, olub artıq. Bəlkə, dəhşətli bir şey baş verib? Məsələn, valideynlərimin ikisi də yol qəzasında ölmüş ola bilərlər. Magistral yolda zəncirvari bir qəza və onlar artıq yoxdurlar. Qardaşım vahimə içində dəfələrlə zəng vurub, amma telefonuma zəng çatmayıb.
Bəlkə, yanğın baş verib? Evim – hər şeyimi rahatca əmanət etdiyim, mənim həyatım və qoxumla dolu olan o yer, bəlkə, yanıb kül olub? Bəlkə də, geri qayıdacaq heç bir yerim yoxdur və mən burada şirin cəhalət içində oturarkən bunu mənə heç kim çatdıra bilmir. Elektrik xətlərində nasazlıq olub, qısaqapanma yaranıb. Yaxud gecə növbəsində işləyən, gündüzlər yarıyuxulu yaşayan yuxarı qonşum yatağında siqaret çəkərkən yuxuya dalıb və hər şey alova qərq olub. Yaxud qaz açıq qalıb və kiçik bir qığılcım kifayət edib. Sakinlər binanı tələsik tərk ediblər, amma mən... bilmirəm. Bilə bilmərəm.
Bəlkə də, yaxın olduğum birinin – həyatında hər şeyin qaydasında olduğunu düşündüyüm birinin qəfildən halı pisləşib. Bu vaxta kimi arabir özünü büruzə verən xəstəliyə heç fikir verməyib, ancaq bu gün, məhz bir neçə saat əvvəl, özünü gözlənilmədən pis hiss etməyə başlayıb. Rəngi ağarıb, başı gicəllənib və huşunu itirib. Hal-hazırda o, təcili tibbi yardımla xəstəxanaya gətirilib və palatada uzadılıb. Ağ, eybəcər aparatlara qoşulub, venasına iynə batırılmış qolu yatağın kənarından sallanıb. Nəbzi zəif vurur. Həkimlər əllərindən gələni etsələr də, vəziyyəti ağırdır. Huşsuz yatır, gözləri yumuludur. Palatada səssizlikdir.
Həkimlər isə... Məni gözləyirlər. Qərar verməli olduğum bir an var, bəlkə təcili əməliyyat, riskli müdaxilə... amma mən orada deyiləm. Ən dəhşətlisi isə bəlkə o, artıq sonunun gəldiyini anlayıb və məni axırıncı dəfə görmək istəyir, ancaq məni tapmaq, bunlardan agah etmək indi qeyri-mümkündür.
Ehtimallar. Hamımız bilirik ki, həyat bir anın içində dəyişə bilər. Hər şey qaydasındadır, bir an sonra isə qəza, xəstəlik, səhv – və hər şey tamamilə alt-üstdür. Kim zəmanət verə bilər ki, telefonum qapalı olduğu müddət ərzində heç nə dəyişməyib?
*
Körpünün altında təsadüfi bir kafedə otururam. Dünya ilə əlaqəm kəsilib. Telefonum qapalı olduğu müddətcə hər şey qaydasındadır. Anam və atam sağdır. Evim yerindədir. Yaxınlarım və dostlarım sap-sağlamdırlar. Hamı və hər şey bir neçə saat əvvəl tərk etdiyim kimi necə var elə də qalıb. Heç nə dəyişməyib.
*
Yağış yağmağa başlayır. Kafedə oturanlardan bəziləri səki boyunca səpələnmiş oval masalardan qalxıb içəri keçirlər, bəziləri yerindən tərpənmir. Yağış çox çəkmir, bir-iki dəqiqə sonra dayanır.
*
Hələ də buradayam, körpünün altındakı kafedə. Körpünün beton dayaqları boz və soyuqdur, üstündəki maşınlar fırtına kimi əsib keçir. Mühərrik səsləri əvvəlcə yüngül bir uğultu kimi hiss edilir, sonra sürətlə daha yaxından eşidilməyə başlayır və növbəti an asfaltı yalayan təkərlərin səsi ani bir qışqırıq kimi partlayıb yox olur. Maşınların arasında az qala məsafə yoxdur, sanki daimi yarışdadırlar. Qısa yağışın izləri hələ də körpünün metal məhəccərlərində parlayır. Kafeyə yeni müştərilər gəlir, bayaqkı yağışın islatdığı plastik stulları silib otururlar. Mənə elə gəlir ki, maşınların ağırlığı altında titrəyən körpü dalğa kimi enib-qalxır. Həmin andaca gördüyümün həqiqiliyindən şübhəyə düşürəm, yenidən diqqət kəsilirəm: yox, körpünün möhkəm beton səthi dalğalanmır, sabitdir. Bayaq körpünü keçərkən yerin ayaqlarımın altında necə titrədiyini xatırlamağa çalışıram.
*
Ofisiant qız saqqızını uşaq kimi həvəslə çeynəyə-çeynəyə boş masaları səliqəyə salır, müştərilərə gülümsəyir. Gözləri daim hərəkətdədir. Ona baxdığımı hiss edir, əlimi qaldırıb hesabı istəyirəm. Hesabı gözlədiyim əsnada kafedən gələn tanış musiqini müəyyənləşdirməyə çalışsam da, bacarmıram, musiqi çətinliklə eşidilir, şəhərin küyü hər şeyi boğub.
*
Təsadüfən M.-lə rastlaşdıq. Küçənin ortasında dayanıb biraz söhbətləşdik. M.-lə əvvəllər tez-tez ünsiyətdə olurduq, kafedrada işdənkənar münasibətim olan tək-tük adamlardan idi. Universitetdə tez-tez qəhvə içib söhbətləşirdik. Təkcə universitetdə qəhvə üçün deyil, arabir işdən sonra pivə içməyə gedirdik. Çox içən deyildi. Son dəfə nə vaxt sərxoş olduğunu xatırlamırdı. Tez-tez köhnə sevgilisi haqda danışır, üç il boyunca yaşadıqlarını, qızın ondan gözlənilmədən ayrılmasını, onu hələ də unuda bilmədiyini gözləri yol çəkə-çəkə nağıl edirdi. Hiss edirdim ki, tənhadır, ürəyini boşaltmağa adam axtarır. Ətrafında heç kəs yox idi, ünsiyyətdə olduğu yeganə adamlar universitetdəki kolleqaları idi, onlarla da münasibəti çox səthi idi. M. tək yaşaya bilən adam deyildi, daim yanında gərək kimsə olaydı. Bir müddət sonra özünə təzə sevgili tapdı və ortalıqdan buxarlandı.
Tək yaşamağı bacarmayan, özü ilə baş-başa qalanda ürəyi partlayan, daim yanında kiminsə olmasını arzulayan, başqalarından asılı olan adamları başa düşə bilmirəm. Bir tərəfdən onlara yazığım gəlir, digər tərəfdən məndə, kobud desəm, ikrah hissi oyadırlar. M.-də gördüyüm isə yalnızlığa dözümsüzlüyün başqa bir forması idi: onun üçün ətrafında dostunun olub-olmaması elə də əhəmiyyətli deyildi, dostsuzluqdan qətiyyən narahat olmurdu, şikayətlənmirdi. Ətrafında çoxlu dostları olsa belə, bundan məmnunluq duymayacaqdı, onun kədərini, tənhalığını azaltmayacaqdı. Ona sevgili lazım idi. O, sevgilisi olmadan yaşaya bilmirdi. Kim olursa olsun, yetər ki, həmişə yanında bir qadın olsun. Xasiyyətinin elə də fərqi yoxdur, M. ona uyğunlaşardı, ona hər şeyini verərdi.
*
Heç özüm də bilmirəm, necə, niyə və haradan, illər öncə baxdığım bir filmdən fraqment xatırladım. “Sənət şəxsi təcrübənin becərilməsidir” – Kiarüstəminin “Yaxın Plan”ında Səbziyan Tolstoydan sitat gətirir (məhkəmə səhnəsindəki çıxışında gözlərim necə dolmuşdu!). Bu fikir o vaxtdan bəri beynimdə əbədi olaraq həkk olunub. Sənətin bundan dəqiq təsviri varmı? Fikrimdən çıxmayan başqa bir cümlə də var. Kiarüstəmi Səbziyanı dustaqxanada ziyarət edir. Səbziyan çiyinlərini yığıb, dizlərini büzərək Kiarüstəminin qarşısında oturub. Kamera barmaqlıqların arxasından çəkir. Rejissor Səbziyana onun üçün nə edə biləcəyini soruşur və çəkingən, məzlum bir arzu eşidir: “Mənim əzablarım haqda film çəkə bilərsən?”
*
Narahatlıqlarımı, əzablarımı, travmalarımı kiməsə danışmaq marağında olmamışam. Başqalarını şiddətli katarsislərə sövq edən ümidsizliyin, çarəsizliyin qapılarını içimdə həmişə qıfıllamışam, onları söhbət marafonlarında xərcləmək ağlımdan belə keçməyib. Onları üzə çıxarmamışam, yazı xammalı kimi qaranlıqda bəsləmişəm. Təbiətimdə mazoxist elementlərin olmağını da belə başa düşmüşdüm. Fərqinə varmışdım ki, mən travmalarıma görə gizli minnətdarlıq hissi duyuram, hətta daha böyük fəlakətlərə, müsibətlərə susamışam. Qəddar və zalım atam, onun törətdiyi dəhşətlərin qurbanı anam, boğucu qorxu və emosional çaşqınlıqla keçən uşaqlıq, kasıblıq indi məndə şikayət və bədbəxtlik hissi deyil, minnətdarlıq hissi oyadır. Nə qədər çirkin səslənsə də, həmişə inanmşam ki, uşaqlığımın keçdiyi bu fon ruh üçün əvəzolunmaz qida olub. Həmişə inanmışam, ya da mifikləşdirmişəm ki, keçirdiyim uşaqlıq mənim yazıçı olaraq genezisim idi. Bu qənaətə baş yelləyib istehza ilə gülmək də olar. Ağlımı hələ itirməmişəm. Yaxşı, gəl mənim üçün alternativ bir həyat uyduraq. Deyək ki, mən Finlandiyada bir-birini çox sevən valideynlərə doğulmuşam, xoşbəxt uşaqlıq və yeniyetməlik keçirmişəm. Bu hipotetik həyatda hər şey mükəmməldir, çarəsizliyə, əzablara yer yoxdur. Belə bir alternativ dünyada yəqin ki, mən ortabab bir bank işçisi olardım və güman edirəm, təxminən otuz yaşında xoş bir həftəsonu, ifrat xoşbəxtlikdən intihar edərdim.
*
İkinci əl kitabların satıldığı əntiqçilərə baş çəkəcəyimi xatırlayıram. Qarşıma çıxan ilk əntiqçiyə girirəm. Rəfə yaxınlaşıb əlifba sırası ilə düzülmüş adlara göz gəzdirməyə başlayıram. Kitabxanaçı qadın kassanın arxasında telefonla danışır. Asta-asta danışır, elə bil hər dediyi sözün altından xəyali xətlər çəkir. Mehriban siması, mülayim, səbirli səsi adamda xoş təəssürat yaradır. Qalın qaşları, gümüşü saçları var. Mənə anamı xatırladır. Birdən-birə anam üçün dəhşətli dərəcədə darıxıram. Anamı xatırlayanda məni bürüyən kədərin səbəbi təkcə darıxmaq deyil. Onu xatırlayarkən beynimin içində səhifələnən epizodların heç birində gülmür, xoşbəxt görünmür, xatirimdəki bu xəyali albomda onun bütün şəkilləri kədərli və yorğundur.
Kitabların arasından diqqətimi cəlb edən nəsə tapa bilmirəm. Sağollaşıb küçəyə çıxıram.
*
Bu gün səhər yerimdə cəsəd kimi uzanaraq düşünürdüm. Mənə elə gəldi ki, bu vaxta qədər yaşadığım bütün hadisələrin, anların, təcrübələrin içində icraçı, baş rol kimi deyil, yalnız kənarında bir tamaşaçı kimi mövcud olmuşam. Nələrisə dəyişmək, öz həyatıma müdaxilə etməkdən qorxmuşam, əvəzində gizlincə nələrinsə baş verəcəyini umub, həmişə qorxu qarışıq həyəcanla növbəti səhnədə baş verəcəklərin intizarında olan tamaşaçı kimi gözləmişəm. Həyatımın ən gözəl çağlarını gözləməklə keçirmişəm. Ən dəhşətlisi də odur ki, illər sonra təkrar-təkrar çevrilib arxaya baxsam da, o vaxtlar nəyi gözlədiyimi hələ də anlaya bilməmişəm.
*
Hərdən içimdə qəribə, ancaq şiddətli bir istək baş qaldırır: Hər şeydən uzaqlaşıb dağlarda çoban olmaq istəyirəm. Bəsit, ancaq qaneedici bir həyat. Maraqlıdır, görəsən, bu hamıda olur?
*
Təbiətdəki başqa canlıların yaşayışı daha primitivdir. Bu canlılar üçün həyat əslində üç mərhələdən ibarətdir: sağ qalmaq, çoxalmaq və ölmək. Təbiətin əhəmiyyətli bir parçası kimi bizim mövcudluğumuzun məramı da bundan qətiyyən fərqli deyil. Bizim bəlamız ondadır ki, biz bu üç mərhələ ilə məmnun ola bilmirik. Heyvanlar üçün ölüm anlayışı yoxdur. Biz isə ətrafımızdakı dünyanı dərk etməyə başladığımız andan bəri öləcəyimizi bilirik. Bu həqiqət bizə hər şeyin bu qədər sadə olduğuna – missiyamızın sadəcə olaraq genlərimizi gələcək nəslə ötürmək olduğuna inanmağa və qəbul etməyə imkan vermir. Və mövcudluqdan, həyatdan daha çox şey gözləməyə başlayırıq, elə bilirik ki, burada bizim üçün nəsil artırmaq və ölməkdən daha artığı var. Beləliklə, şüurumuz bizi tələyə salır, təbiətin bizim üçün proqramlaşdırdığı vəzifədən – həqiqi mahiyyətimizdən kənara çıxaraq özümüzü ziddiyətli bir vəziyyətin içində tapırıq.
*
Ürəyimdən pivə içmək keçdi. Yolda qarşıma çıxan pabda oturdum. Bəxtimdən terrasda bircə boş masa vardı. Ofisiant pivəni masama qoyar-qoymaz bakaldan iri, acgöz bir qurtum aldım. Sərin və acıtəhər maye boğazımdan aşağı sürüşüb gicgahlarımı və kürəyimi tərlətdi. Nazik köpük təbəqəsindəki hava qabarcıqlarının səssizcə partlayıb yox olmağına tamaşa edə-edə astadan gəyirdim.
*
Qarşımdakı masada bir cütlük oturub. Qız ətraf dünyanı tamamilə unudub uzun dırnaqları ilə telefonunun ekranını dayanmadan taqqıldadır, arabir saçlarını qulağının arxasına yığır. Oğlan isə ətrafı müşahidə edərək fikirli-fikirli siqaret çəkir, bakalından aram-aram qurtum alır. Aralarında sükut və laqeydlik var, elə bil indicə bərk dalaşıblar. Halbuki, heç biri incik görünmür. Oğlan siqaretin kötüyünü külqabıya basır, pivəsini bitirib boş bakalı masanın ortasına itələyir. Bir anlığa boş qalmış əlləri ilə sanki nə edəcəyini bilmir, başı telefona qarışmış sevgilisinin belini sığallamağa başlayır. Bu jest, sevgi nümayişindən daha çox vərdiş təəssüratı oyadır.
*
Yüngül külək əsdi və birdən burnuma tanış qoxu doldu. Beynimdə sanki bir qapı açıldı. Həmişə qoxuların nələrə qadir olduğuna heyran olmuşam. Bir anlıq burnuna dolur və sən istəsən də, istəməsən də, indiki andan tamamilə qopmusan. Bəli, bu A-nın ətridir.
Nəfəs aldıqca qapı aralanır. Unudulmuş melodiyanın ilk notu yavaş-yavaş tanış musiqiyə çevrilir. Gülüşlər, vədlər və məyusluq...
A. ilə əvvəlcə yuxularımızda ayrılmışdıq. Bir-birimizə deyərdik: bu gün çox pis bir yuxu görmüşəm. Nə görmüsən? Yuxuda görürdüm ki, artıq bir yerdə deyilik.
Ətrafa boylandım, simalara diqqətlə göz gəzdirdim. Burada deyildi.
*
Artıq hiss etdiklərimin həqiqiliyinə şübhə ilə yanaşmağa başlamışam. Əslində bu təzə xəbər deyil, duyğuların aldadıcılığından, təəssüratların kövrəkliyindən, davamsızlığından indi agah olmamışam. Bu elə bir faktdır ki, özünü uzunmüddətli olaraq şüurda qoruyub saxlamır – yaxşı ki, saxlamır, yoxsa hər an xatırlanan bu şübhələrlə yaşamaq mümkün olmazdı – hərdənbir suyun üzündə görünüb tez də gözdən itir. Bütün hiss etdiklərim və hiss etdiklərimə əsasən verdiyim qərarlar, gəldiyim nəticələr içimdəki duyğu istehsal edən biokimyəvi laboratoriyaların məhsullarıdır. Bu laboratoriyalarda istehsal olunanlar isə təbiət etibarilə təsadüfidir, qeyri-dəqiqdir, yəni bizim həyatımız, qənaətlərimiz, təəssüratlarımız əslində bu təsadüfi zəncirvari reaksiyalar tərəfindən yönləndirilir, bizim onlara sonradan yüklədiyimiz mənalar olmasa, onda onlar mahiyyət etibarilə əhəmiyyətsiz və mənasızdır. Ancaq başqa necə yaşamaq olar? Fasiləsiz, xaotik, məntiqdənkənar ölçülərdə qaynayıb-pıqqıldayan bu duyğu qazanı mövcud olmasa necə olardı?
*
Hava hələ qaralmasa da, düşüncələrimdə artıq gecə düşüb. Küçələr hələ də adamlarla doludur. Pabın yerləşdiyi meydanda səssiz bir təlaş var. Dikdabanlarının əks-sədası meydana yayılmış bir qadın sürətlə addımlayaraq telefonla danışır. “Niyə də yox?” Qadın qımışaraq bir neçə dəfə eyni ritorik sualı təkrarlayır. Arıq bir oğlan fit çala-çala velosipedlə düz masamın qarşısından keçir, terrasın uzaq küncündə oturmuş bir qrup kefli turist ucadan gülüşür. Özümü asta-asta havaya sovrulan, divarları şəffaf bir şarın içində hiss edirəm, ətrafı müşahidə etdikcə dünya sanki məndən uzaqlaşır. Şəhərin uğultusu, addım səsləri, qəhqəhələr eşidilməz olur, yalnız öz nəfəsimi eşidirəm. Dünya bir anın içində hənirtiyə çevrilir.
*
Üzlər… Başqalarının üzləri. Meydandakı adamların sayının birdən-birə artdığını sezirəm. Mənə elə gəlir ki, onlar heç yerə getmirlər, eləcə meydan boyunca boş-boş var-gəl edirlər. Meydanın künc-bucağından peyda olan təsadüfi üzlərə bircə-bircə baxıram. Bu yad, anlaşılmaz simalara ötəri deyil, bütün diqqətimi yönəldərək baxıram. Tədqiq etdiyim yad üzlər – qırpılan gözlər, göz qapaqları, kirpiklər, qaşlar, burun deşikləri, yanaqlar, qulaqlar, dodaqlar məndə əvvəllər heç vaxt hiss etmədiyim qəribə, xoşagəlməz bir təəssürat yaradır. Bu hissi özümə izah etməkdə, anlamaqda çətinlik çəkirəm. Müşahidə etdiyim bu qırpılan gözlər, burun deşikləri, qulaqlar, dodaqlar necə də əcaib imiş! – düşünürəm. Üzləri nə qədər diqqətlə nəzərdən keçirsəm, onlar mənim üçün bir o qədər çox yadlaşır. Hər təfərrüat bir maneəyə çevilir.
Bir müddət sonra üzlər eyniləşməyə başlayır. Meydan boyunca qaynaşan eyni simalar. Ürəyim daralır. İndi əminəm ki, onlar heç yerə getmirlər, sırf mənim nəfəsimi daraltmaq üçün eləcə meydan boyunca boş-boş var-gəl edirlər. Bəsdir daha. Gözlərimi onlardan çəkirəm. Yüngül başgicəllənmə dərhal yoxa çıxır. İçimdə şiddətli bir istək baş qaldırır: dəhşətli dərəcədə güzgüyə baxmaq ehtiyacı duyuram. Mənə elə gəlir ki, öz simamı unutmuşam.
*
Hər şey əriməyə başlayıb. Ətrafa baxdıqca vahimələnirəm, amma gözümü çəkə də bilmirəm... hər şey sürətlə əriyib bir-birinə qarışır. Ofisiant masama yaxınlaşıb nəsə demək üçün ağzını açır, elə bu an üz cizgizləri əriyib axmağa başlayır. Sifəti əriyib boynuna birləşir, sonra bütün bədəni axıb yerə tökülür. Qabağımda gölməçə yaratmış naməlum məhlulda bir cüt nəm göz alması mənə baxır. Baxışlarımı cəld oradan uzaqlaşdırıram.
Pabın uzaq küncündəki dayanmadan gülüşən şən turistlərə sataşır gözüm. Üzlərində donmuş iri təbəssümlə eyni anda əriyərək stullarından aşağı sürüşürlər. Dəriləri, paltarları, qolları, ayaqları... mum kimi yerə axır. Ancaq səsləri yoxa çıxmır, çevrildikləri sürüşkən horradan gülüş səsləri gəlməyə davam edir. Əcaib, tünd mayenin içində sıxışan qəhqəhələri pıqqıldayıb ətrafa sıçrayır.
Hər şey əriyir, yoldan keçənlər, binalar, ağaclar, küçə, səma...sanki gözəgörünməz bir əl hər şeyi yoğurub rəngarəng, həlməşik bir saqqıza çevirir.
Rənglərin içində itirəm; qollarım, ayaqlarım bu rəngarəng çayda ərimək üzrədir. Beynim uğuldayır, bədənim gizildəyir. Rəngli çayda mavi bir stul əriyib çəhrayı masaya qarışır və bənövşəyi köpüyə çevrilib havalanır. Artıq nə əşyalar, nə də onların konturu var, sadəcə axan və bir-birinə qarışan rənglərin dispersiyası var...
*
Sonra nəsə oldu...elə bil bir anlığa zaman dayandı və bu an başlanğıc və sonsuzluq arasında ip kimi dartıldı. Zamanın axışını hiss etmədim, donmuş anın ağırlığı başımı gicəlləndirdi.
Zorla sezilən bir qımıltı duydum və bu qımıltı donmuş zamanda bir çat açdı. Əbədi anın kövrək sükutu titrədi, çat sürətlə böyüdü və hər şey yenidən öz axarında getməyə başladı. Görüntülər və səslər yenidən aydınlaşdı. Hər şey daha real, daha kəskin göründü.
Stul cırıldadı, kimsə bərkdən güldü, bir başqası öskürdü, uzaqda motorlar tırıldadı, bakallar cingildədi, yarpaqlar xışıldadı. Masa yenidən masa oldu. Barmaqlar bakalları qamarladı. Səma yerində idi. Toxunulmaz.
*
Hava yavaş-yavaş qaralmağa başlayır. Küçədəki kölgələr uzanır.
Pivəni başıma çəkirəm. Bakalın şehi əlimi isladır. Əlimi şalvarıma silirəm.
Gecə tam düşməzdən azca əvvəl, hər şey bir az daha sakit, bir az daha ağır görünür. Səmanın yumşaq mavi pərdəsi yavaş-yavaş tutqunlaşıb tünd mürəkkəbə çevrildikcə düşünürəm: Tezliklə gecə düşəcək və hər şey qaranlığa bürünüb tamamilə başqa məna ifadə edəcək.