Saflıq (romandan parça)
Cümə axşamı günorta saat dördün yarısı bel çantasına bir parça çörək, bir cüt əlcək, piano simi və ehtiyat üçün şalvar qoydu. Özünü bütün gecəni heç yatmamış kimi hiss edirdi, bəlkə də yatmışdı, bəlkə bir az. Keşiş evinin zirzəmisindən arxa pilləkənlərlə həyətə çıxdı. Narın yağış yağırdı. Birinci mərtəbədəki iclas otağında səmimi xəcalət çəkənlər siqaret çəkirdilər, işıqlar artıq yandırılmışdı.
Qatara minib pəncərə yanında oturdu və gödəkçəsinin papağını üzünə çəkib özünü yuxululuğa vurdu. Rahnsdorf`da düşdükdə gözlərini yerə dikərək erkən sərnişinlərdən daha yavaş addımlayaraq onların dağılışmasını gözlədi. Səma demək olar ki, qaranlıq idi. Tək qalar-qalmaz sürətini artırdı, sanki məşq etmək üçün bayıra çıxmışdı. Yanından iki, qeyri-polis avtomobili şütüyərək keçdi. Narın yağış altında o sanki heç kim idi. Evə doğru son döngəni burulduqda küçədə heç kəsi görməyib addımlarını daha da sürətləndirdi. Burada yer qum idi və suyu yaxşı keçirirdi. Ən azı həyətə aparan çınqıllı avtomobil yolunda ayaq izləri buraxmırdı.
Planı beynində dəfələrlə təkrarlamasına baxmayaraq necə həyata keçirəcəyini tam təsəvvür edə bilmirdi: eyni zamanda həm gizlənib, həm də zərbə endirə biləcək məsafədə necə qalacaqdı? Annaqreti bütün bunlardan uzaq tutmağı, qızı içindəki mərhəmət hissindən ayırmamağı nə qədər çox istəsə də bunu edə bilməyəcəyindən qorxurdu. Ötən gecə keçirdiyi təlaş üç nəfərin boğuşması və qızın ona olan etibarının sarsılması mənzərəsi ətrafında dolanırdı.
O, evin arxa eyvanına çıxan taxta pilləkənlərin ikinci pilləsi boyu piano simini dartıb hər iki tərəfdən məhəccərin sütunlarına bağladı. Simi elə hündürlükdə tarıma çəkdi ki, qızın onun üzərindən atlayacağı hiss olunmasın. Taxta sütunlara simi bağlayarkən üzərindəki boya bir az ovulub töküldü, lakin artıq olan olmuşdu. Təlaş keçirdiyi ilk gecənin ortasında yerindən qalxıb ikinci pillədə büdrəməyi məşq etmək üçün keşiş evinin zirzəmisinə aparan pilləkənlərə doğru getmişdi. Büdrəyəcəyini qabaqcadan bilməsinə baxmayaraq özünü saxlaya bilməyib yıxılmasından təəccüblənmiş, az qala biləyini zədələmişdi. Lakin o, ögey ata qədər atletik deyildi, o, bodibilder deyildi…
Bağ evinin önünə getdi və çəkmələrini çıxardı. Ötən qış qarşılaşdığı iki xalq polisinin bu gecə də növbədə olub-olmadığı fikri keçdi ağlından. Rütbəsi daha yüksək olan polisin yenə görüşəcəklərinə ümid etdiyini xatırladı. “Baxarıq”, o ucadan dedi. Öz səsini eşidərkən təlaşının dindiyini hiss etdi. İşi görmək işi görmək haqda düşünməkdən daha yaxşıdır. Evə daxil oldu və anbarın açarını uşaqlığından bəri asıldığı yerdən götürdü.
Yenidən bayıra çıxdı və çəkmələrini geyindi və ehtiyatla, ayaq izi buraxmadan arxa həyətin kənarı ilə addımladı. Pəncərəsiz anbarın təhlükəsizliyinə daxil olan kimi əli ilə fənər axtardı və rəfdə həmişəki yerdə birini tapdı. Fənər işığında alətləri gözdən keçirdi. Araba - var. Bel - var. Qol saatında artıq altı olduğunu görüb dəhşətə gəldi. Fənəri söndürdü və bel ilə birlikdə narın yağış altına çıxardı.
Nəzərdə tutduğu yer anbarın arxasında idi, atası həmişə həyətin zibilini burada toplayırdı. Zibilin arxasında şam ağacları seyrək idi, onların tökülmüş iynə yarpaqları ötən qışların şaxtası ilə şırımlanmış torpağın üstündə qalaqlanmışdı. Burada demək olar zil qaranlıq idi, yeganə işıq mənbəyi Qərbin daha nəhəng aydınlığı istiqamətində ətrafdakı ağacların arasında yerləşən bir neçə bozumtul panel idi. Başı o qədər yaxşı işləyirdi ki, qazarkən zədələməmək üçün saatını çıxarıb cibinə qoymağı düşündü. Fənəri yandırdı və yerə qoyub iynə yarpaqları təmizlədi, ən yeni düşən yarpaqları ayırıb kənara yığdı. Sonra işığı söndürdü və qazmağa başladı.
Ən pisi kökləri yarmaq idi – ağır iş idi, səsli iş idi. Lakin qonşu evlərdə işıq yanmırdı və o, bir neçə dəqiqədən bir dayanaraq qulaq asırdı. Eşitdiyi yalnız yağışın xışıltısı və göldə əks səda verən həyatın solğun səsləri idi. Bir daha yerin qum olduğuna sevindi. Bir azdan çınqıllı qata çatdı. Qazılması daha səs-küylü, amma üstündə sürüşmək daha çətin. O dayanmadan işləyir, kökləri qırır, iri daşları qazıb çıxarırdı ki, birdən vaxt hissini itirdiyini təlaşla dərk etdi. Fənəri götürmək üçün dırmaşıb quyudan çıxdı. Doqquza on beş dəqiqə qalıb. Quyu yarım metrdən dərindi. Kifayət etməsə də başlanğıc üçün yaxşıdır.
O özünü qazmağa davam etməyə məcbur etdi, amma indi də təlaşı qayıtmış, onu saatın neçə olduğunu düşünməyə sövq edirdi. Bacardığı qədər dözməli və işi görməyə davam etməli, düşünməməli olduğunu bilirdi, amma tezliklə o qədər təlaşlanmağa başladı ki, beli itələməyə azacıq da olsa gücü qalmadı. Saat hələ heç onun yarısı deyildi, hələ Annaqret şəhərdə ögey atası ilə görüşməyib, amma o, quyudan çıxıb özünü bir az çörək yeməyə məcbur etdi. Dişlə, çeynə, ud, dişlə, çeynə, ud. Məsələ onda idi ki, o, susuzluqdan yanırdı, lakin özü ilə su götürməmişdi.
Tamamilə ağlını itirmiş halda çörəyi yerə atıb beli götürüb anbara tərəf getdi. Demək olar harada olduğunu xatırlamırdı. Əlcəkli əllərini islaq ota sürtərək təmizləməyə başladı, amma bu işi də bitirəcək qədər özündə deyildi. Həyətin kənarı ilə gəzməyə başladı, səhv addım atdı və güllükdə dərin ayaq izi buraxdı, dizləri üstə çöküb həyəcanla onu doldurmağa başladı və bu dəfə daha dərin ayaq izi buraxdı. Artıq dəqiqələrin ondan xəbərsiz saniyə sürəti ilə keçdiyini düşünürdü. Kənardan gülünc göründüyünü hələ dərk etmək iqtidarında idi. Gecənin qalan hissəsini əllərini təmizləyərkən buraxdığı ayaq izlərini doldurduqdan sonra əllərini təmizləyərkən ayaq izləri buraxacağını təsəvvür etdi, lakin bunu təsəvvür etməyin təhlükəliliyini də hiss etdi. Sanki ağlı uşaq kimi təlaşdan yayınmaq üçün özünə axmaqlıqda sığınacaq axtarırdı. Axmaqlığın ona doğma olan bu qətiyyətə üstün gəlməsinə bir az da icazə versəydi beli yerə qoyub şəhərə qayıdacaq və qatil ola bilməsi ehtimalına güləcəkdi. Əvvəlki Andreas olacaqdı, indi olmaq istədiyi kişi yox. İndi məsələyə yalnız bu bucaqdan baxırdı. Başqa birini öldürərək hər zaman olduğu adamı öldürməli idi.
“Rədd olsun”, deyib ayaq izini olduğu kimi buraxmağa qərar verdi. Ot üzərində diz çöküb yersiz və sonraya saxlanıla bilən düşüncələrə qapıldığından nə qədər vaxt keçdiyini bilmirdi, düşündüyündən daha çox vaxt keçdiyindən qorxurdu. Bir daha kənardan fikirlərinin dəliliyə bənzədiyini gördü. Və bəlkə dəlilik elə bu idi: dözülməz həyəcanı azaldan ehtiyat düymə.
Maraqlı fikirdir, amma indi heç yeri deyil. İndi düzgün ardıcıllıqla etməyi xatırlamalı olduğu çoxlu xırda iş var idi, amma xatırlamırdı. Özünü yenə evin qabaq eyvanında tapdı, lakin bura necə gəldiyini xatırlamırdı. Bu heç yaxşı əlamət deyildi. Palçıqlı çəkmələrini və yaş corablarını çıxardı və içəri keçdi. Daha nə etməli, nə etməli, nə etməli? Əlcəklərini və beli qabaq eyvanda unutmuşdu. Onları götürmək üçün bayıra çıxıb içəri qayıtdı. Daha nə? Qapını ört və qıfılla. Arxa qapını aç. Qapını açmağı məşq et.
Yersiz pis fikir: görən ayaq barmaqlarının izləri də əl barmaqlarındakı kimi unikaldır? Ona gətirib çıxarabiləcək ayaq izləri buraxıb?
Daha pis fikir: bəs birdən oğraş özü ilə fənər götürsə və ya velosipedində saxladığı fənəri olsa?
Ondan da pis fikir: çox güman oğraş gecə vaxtı velosipedin qırıla biləcəyini nəzərə alıb doğrudan da üstündə fənər gəzdirir.
Andreasın beynində bundan da pis fikir dolaşırdı: fənərə görə vaxtı uzatmaq üçün Annaqret yalandan şəhvət hissinə qapıldığını göstərib bədənindən istifadə etməli olar. Lakin Andreas baş qaldırmış yeni təlaşını sakitləşdirmək üçün belə bu fikirlərə çox dalmamaqda qərarlı idi. Çünki bu aydın olan daha bir həqiqətin fərqində olmağa gətirib çıxaracaqdı: Annaqret oğraşı bura gətirmək üçün artıq öz bədənini istifadə edib və yalandan şəhvət göstərməli olub. Andreasın qətl törətməyi təsəvvür edə bilməsinə yalnız bir şey kömək edirdi: Annaqreti bundan tamamilə uzaq tutmaq. Əgər onu bu işə qarışdırsa - işin baş tutması üçün qızın öz bədənindən istifadə etdiyini qəbul etməyi özünə icazə versə - öldürmək istədiyi adam artıq ögey ata deyil, onun özü olacaqdı. Qızı belə bir işə saldığı üçün; öz planı naminə qızı ləkələdiyi üçün. Əgər ögey atanı qızı ləkələdiyinə görə öldürmək istəyirdisə, həmin məntiqlə eyni şeyə görə özünü də öldürməli idi. Odur ki, o, fənəri olsa da ögey atanın simi görməyəcəyini düşünməyi üstün tuturdu.
İngilis dilindən tərcümə: Nərmin Mirzəyeva