THE BAKU REVIEW

Banan balığı üçün gözəl gün

Jerome D. Sallinger

10 i̇yun 2025
Banan balığı üçün gözəl gün

Mehmanxanada doxsan yeddi nyuyorklu reklam agenti qalırdı və onlar şəhərlərarası xətləri elə məşğul etmişdilər ki, 507. otaqdakı qız öz növbəsini günortadan az qala saat üçün yarısınadək gözləməli oldu. Bu vaxt ərzində o xeyli iş gördü. Kiçik formatlı qadın jurnalında “Seks – əyləncə, yoxsa cəhənnəm” adlı məqalə oxudu. Darağını və fırçasını yudu. Süd rəngli kostyumunun ətəyinə düşmüş ləkəni təmizlədi. Saks köynəyində düymənin yerini dəyişdi. Xalının üstündə təzəcə çıxmış iki tükü aldı. Nəhayət, otaqda operatorun zəngi eşidiləndə o, pəncərənin qarşısındakı divanda oturmuş, sol əlinin dırnaqlarını boyamağı bitirirdi.

O, telefon zənginə görə əlindəki işi atan qızlardan deyildi. Ona baxan elə düşünərdi ki, yetkinlik yaşına çatdığından bəri bu zəng dayanmadan çalıb. 

O, kiçik boya fırçasını dırnağının çıxdığı yerə ehtiyatla toxunduraraq, bu zaman telefon zəng çalmaqda davam edirdi, kiçik barmağının dırnağını boyadı. Sonra boyanın ağzını bağladı və ayağa qalxaraq sol -boyası qurumamış- əlini havada önə-arxaya yellədi. Boyası qurumuş əli ilə ağzına qədər dolu külqabını pəncərə altından götürüb özü ilə çarpayının yanında telefonun olduğu kiçik masaya apardı. Səliqə ilə yığılmış ikinəfərlik çarpayıya oturdu və -bu artıq beşinci, ya altıncı zəng idi- dəstəyi qaldırdı. 

Sol əlinin barmaqlarını bir-birindən aralayıb ağ ipək penüarından -tərlikləri nəzərə alınmasa bu əynində olan yeganə geyim idi, üzükləri vanna otağında qalmışdı- aralı tutaraq cavab verdi, “Alo”.

“Xanım Glass, Nyu-Yorka zəng sifarişiniz hazırdır”, operator dedi. 

“Çox sağ olun”, qız dedi və kiçik masanın üzərində külqabıya yer tapdı. 

Dəstəkdə qadın səsi eşidildi, “Muriel, sənsən?”

Qız dəstəyi qulağından azca araladı. “Hə, ana. Necəsən?” soruşdu. 

“Narahatlıqdan ürəyim partladı. Niyə zəng etmirdin? Hər şey yaxşıdır?”

“Dünən də, o biri gün də sizə zəng etməyə çalışdım. Amma burada telefon…”

“Muriel, hər şey yaxşıdır?”

Qız dəstəklə qulağı arasındakı bucağı artırdı. “Yaxşıyam, ana. Çox istidir. Bu gün Floridada ən isti…”

“Niyə zəng etmirdin? Narahatlıqdan az qala…”

“Ay ana, bir az asta danış. Səni çox yaxşı eşidirəm”, qız dedi. “Dünən axşam sizə iki dəfə zəng etmişəm. Bir dəfə elə…”

“Dünən atana dedim ki, yəqin zəng edəcəksən. Amma yox, o gərək… Hər şey yaxşıdır, Muriel? Mənə düzünü de”. 

“Ay ana, yaxşıyam. Bəsdir bu sualı verdin”.

“Nə vaxt çatmısınız?”

“Bilmirəm. Çərşənbə günü səhər tezdən”.

“Maşını kim sürürdü?”

“O”, qız dedi. “Narahat olma. Çox yaxşı sürürdü. Özüm də təəccübləndim”.

“O sürürdü? Muriel, axı söz vermişdin ki…”

“Ana,” qızı onun sözünü kəsdi, “axı dedim, çox yaxşı sürürdü. Hətta bütün yolu 50 ilə”. 

“Yenə ağaclarla o cür hoqqa çıxarırdı?”

“Ana, deyirəm ki, çox yaxşı sürürdü. Odur ki, bəsdir. Ondan ağ xəttə yaxın sürməsini xahiş etdim, nə dediyimi başa düşdü və elə də etdi. Hətta ağaclara baxmamağa çalışırdı. Ata təsadüfən maşını düzəltdirməyib ki?”

“Hələ yox. Dörd yüz dollar istəyirlər təkcə…”

“Ana, Seymour ataya deyib ki, pulunu özü verəcək. Gecikdirməyə heç bir səbəb…”

“Yaxşı, baxarıq. Maşında, ümumiyyətlə özünü necə aparırdı?”

“Yaxşı”, qız dedi. 

“Yenə səni o pis adla çağırır?”

“Yox. İndi də yeni ad tapıb”.

“Nə?”
“Ay ana, axı nə fərqi var?”

“Muriel, mən bilmək istəyirəm. Atan…”

“Yaxşı, yaxşı. O, məni “Miss Ruhani Yelbeyin 1948” çağırır, qız dedi və güldü.

“Bu gülməli deyil, Muriel. Heç gülməli deyil. Bu dəhşətdir. Hətta kədərlidir. Fikirləşəndə ki…”

“Ana,” qız qadının sözünü kəsdi, “Qulaq as. Yadında, onun mənə Almaniyadan gətirdiyi kitab? Alman dilində şeirlər olan. Onu hara qoymuşam? Nə qədər fikirləşdim…”

“Səndədir”. 

“Əminsən?” qız soruşdu.

“Əlbəttə. Yəni bizdədir. Freddy`nin otağında. Burada unutmuşdun, mən də qoymağa yer… Niyə soruşursan? Kitabı istəyir?”

“Yox. Sadəcə maşında gedəndə soruşdu. Bilmək istəyirdi ki, kitabı oxumuşam, ya yox”. 

“Axı kitab almancadır!” 

“Hə, amma onun vecinə deyil”, qız dedi və ayağını o biri ayağının üstünə aşırdı. “Deyir ki, o şeirlər əsrimizin yeganə görkəmli şairi tərəfindən yazılıb. Deyir, gərək tərcüməsini alaydım. Ya da dili öyrənəydim. Bax belə”. 

“Dəhşətdir, dəhşət. Hətta kədərlidir. Dünən gecə atan dedi ki…”

“Ana, bir dəqiqə gözlə”, qız dedi. O, siqaret götürmək üçün pəncərənin yanındakı divana doğru getdi, birini yandırdı və çarpayıya qayıtdı. “Ana?” dedi və siqaret tüstüsünü havaya buraxdı. 

“Muriel. Qulaq as mənə”. 

“Asıram”.

“Atan doktor Sivetski ilə söhbət edib”. 

“Hə?” qız soruşdu.

“Ona hər şeyi danışıb. Yəni özünün dediyinə görə hər şeyi. Atanı tanıyırsan. Ağaclar. O pəncərə məsələsi. Nənənə ölüm planları ilə bağlı danışdığı dəhşətli şeylər. Bermuddan olan o gözəl şəkillərə etdikləri – bir sözlə hər şeyi”. 

“Və?” qız soruşdu.

“Və birincisi, dedi ki, ordunun onu xəstəxanadan buraxması əsl cinayətdir, doğru sözümdür. Açıq-aydın atana dedi ki, ehtimal var ki, çox böyük ehtimal var ki, dedi, Seymour tamamilə özünə nəzarəti itirsin. Ciddi sözümdür”.

“Burada, mehmanxanada psixiatr qalır”, qız dedi. 

“Kimdir? Adı nədir?”

“Bilmirəm. Rieser, ya da elə bir şey. Deyirlər yaxşı həkimdir”.

“Adını eşitməmişəm”. 

“Eşitməsən də, deyirlər ki, çox yaxşıdır”.

“Muriel, mənə söz qaytarma. Sənə görə çox narahatıq. Hətta dünən axşam atan istəyirdi sənə zəng edib evə…”

“Ana, indi evə gələn deyiləm. Odur ki, sakitləş”. 

“Muriel. Doğru sözümdür. Doktor Sivetski dedi ki, Seymour tamamilə nəzarəti itirə…”

“Ana, bura hələ təzə çatmışam. Neçə ildən sonra ilk istirahətimdir və yığışıb geri qayıtmaq fikrində deyiləm”, qız dedi. “Onsuz da indi heç yerə gedə bilmərəm. Günəş məni elə yandırıb ki, güclə hərəkət edirəm”. 

“Günəş səni yandırıb? Çantana qoyduğum Bronze kremindən istifadə etməmisən? Kremi çantanın…”

“İstifadə etmişəm. Amma yenə də yanmışam”. 

“Nə pis. Haran yanıb?”

“Hər yerim, əzizim, hər yerim”.

“Nə pis”.

“Heç nə olmaz”. 

“De görüm, o psixiatrla danışdın?”

“Bir az”, qız dedi.

“Nə deyir? Sən onunla danışanda Seymour harada idi?”

“Okean otağında idi, piano çalırdı. Burada olduğumuz hər iki axşam piano çalıb”. 

“Yaxşı, bəs həkim nə dedi?”

“Elə də çox şey demədi. Birinci o mənimlə danışdı. Dünən axşam binqo oynayanda yanımda oturmuşdu. Soruşdu ki, o biri otaqda piano çalan mənim ərimdir, yoxsa yox. Dedim bəli, o da Seymour`un xəstə olub-olmadığını soruşdu. Dedim ki…”

“Niyə soruşdu ki?”

“Bilmirəm, ana. Yəqin solğundur ona görə”, qız dedi. “Nə isə, binqodan sonra o və arvadı məni içkiyə dəvət etdilər. Mən də qəbul etdim. Arvadı bərbad idi. Yadında Bonwit vitrinində gördüyümüz o eybəcər ziyafət paltarı? Sən də demişdin ki, onu geyinmək üçün gərək çox balaca…“

“Yaşıl?”

“Bax o paltarı geyinmişdi. Hələ iri budları! Neçə dəfə Seymour`un Madison Avenue`dakı yerin, o şlyapa mağazasının sahibi Suzanne Glass`ın qohumu olub-olmadığını soruşdu”.

“Yaxşı bəs nə dedi? Həkimi deyirəm”.

“Hə, elə də çox şey demədi. Yəni barda idik, içirdik. Dəhşət səs-küy var idi”.
“Ona dedin, dedin nənənin stulu ilə nə etmək istədiyini?”

“Yox, ana. O qədər xırdalıqlara getmədim”, qız dedi. “Çox güman onunla bir də söhbət etmək imkanım olacaq. Bütün gününü barda keçirir”. 

“Bəs demədi ki, qəribə, nə bilim, başqa hala düşmək ehtimalı var? Sənə bir şey etmək ehtimalı! 

“Yox”, qız dedi. “Gərək əlində daha çox fakt olsun, ay ana. Gərək uşaqlığın haqqında daha çox şey bilsinlər. Dedim axı, güclə söhbət edirdik, çox səs-küylü yer idi”. 

“Yaxşı. Mavi gödəkcən necədir?”

“Yaxşıdır. İçliyini bir az çıxartdırdım”. 

“Bu ilki paltarlar necədir?”

“Dəhşət. Amma qeyri-adidirlər. Muncuq var… hər şey var”, qız dedi. 

“Otağınız necədir?”

“Yaxşıdır. Əla demək olmaz. Müharibədən əvvəlki otağı götürə bilmədik” qız dedi. “Bu il gələnlər bərbaddır. Bizimlə bir yemək otağında oturanları görəydin. Düz yanımızdakı masada. Elə bil bütün yolu yük maşınında gəliblər”.  

“İndi hər yerdə elədir. Ətəyin necədir?”

“Çox uzundur. Sənə demişdim uzun olacaq”. 

“Muriel, bir də səndən soruşuram – doğrudan hər şey yaxşıdır?”

“Hə, ana”, qız dedi. “Doxsanıncı dəfə deyirəm”. 

“Evə də qayıtmaq istəmirsən?”

“Yox”. 

“Dünən axşam atan dedi ki, baş verənlər haqqında düşünmək üçün özün tək harasa getmək istəsən xərcini çəkməyə hazırdır. Gözəl bir gəmi səyahətinə çıxa bilərdin. Biz fikirləşdik ki…”

“Yox, çox sağ olun”, qız dedi və ayağını o biri ayağının üstündən götürdü. “Ana bu zəng çox baha…”

“Bütün müharibə boyu o oğlanı necə səbrsizliklə gözlədiyini düşünəndə, yəni bütün gözləməkdən dəli olmuş yazıq qadınları düşünəndə…”

“Ana”, qız dedi, “gəl artıq sağollaşaq. Seymour hər an gələ bilər”.

“İndi haradadır ki?”

“Çimərlikdə”. 

“Çimərlikdə? Təkbaşına? Çimərlikdə özünü yaxşı aparır?”

“Ana”, qız dedi, “elə danışırsan, elə bil azğın manyakdır…”

“Mən elə şey demədim, Muriel”.

“Amma sözündən elə çıxır. Çimərlikdə sadəcə uzanır. Heç xalatını da soyunmur”.

“Xalatını soyunmur? Niyə?”

“Bilmirəm. Yəqin çox solğundur ona görə”.

“Onun günəşə ehtiyacı var. Heç cür yola gətirə bilməzsən?”

“Seymour`u tanıyırsan”, qız dedi və yenidən ayağını o biri ayağının üstünə aşırdı. “Deyir ki, istəmir bir yığın axmaq onun döymələrinə baxsın”.

“Axı onun döyməsi yoxdur! Yoxsa orduda vurdurub?”

“Yox, ay ana. Yox əzizim”, qız dedi və ayağa qalxdı. “Yaxşı, mən bəlkə sabah da sənə zəng etdim”. 

“Muriel, qulaq as mənə”.

“Hə, ana”, qız dedi və bütün ağırlığını sağ ayağı üstünə saldı. 

“Bircə dəfə də olsun qəribə hərəkət edərsə və ya nəsə deyərsə o an mənə zəng et. Eşidirsən?”

“Ana, mən Seymour`dan qorxmuram”.

“Muriel, söz ver mənə”. 

“Yaxşı, söz verirəm. Sağ ol, ana”, qız dedi. “Ataya salam de”. Dəstəyi asdı. 

 

***

 

“Si-murq-laş”, anası ilə mehmanxanada qalan Sybil Carpenter dedi. “Simur-qlaş”.

“Pişiyim, bəsdir bu sözü təkrarladın. Ananı dəli edəcəksən. Sakit dur”. 

Xanım Carpenter günəş üçün yağı Sybil`in çiyinlərindən incə, qanadabənzər kürək sümüklərinə doğru yayırdı. Sybil iri, şişirdilmiş çimərlik topunun üstündə üzü okeana tərəf oturub ora-bura yellənirdi. Əynində açıq sarı rəngdə ikihissəli çimərlik paltarı var idi. Bu hissələrdən biri hələ növbəti doqquz, ya da on il ərzində ona lazım olmayacaqdı.

“Ən adi ipək əl dəsmalı idi – yaxından baxanda bilinirdi”, xanım Carpenter`in yanında çimərlik stuluna əyləşmiş qadın dedi. “Onu necə bağladığını bilmək istərdim. Çox gözəl idi”.  

“Gözəl səslənir”, xanım Carpenter razılaşdı. “Sybil, sakit otur, pişiyim”. 

“Simur-qlaş” Sybil dedi.

Xanım Carpenter köks ötürdü.

“Bitdi” o dedi. Yağ şüşəsinin ağzını bağladı. “Qaç oyna, pişiyim. Mən xanım Hubbel ilə martini içmək üçün mehmanxanaya gedirəm. Zeytununu sənə gətirəcəm”.

Azad buraxılan kimi Sybil çimərliyin sərt səthinə tərəf qaçıb Balıqçı Pavilyonuna doğru üz tutdu. Yalnız bir dəfə ayağı ilə dağılmış palçıq qəsri eşmək üçün dayandı və çox keçməmiş çimərliyin mehmanxana qonaqları üçün ayrılan hissəsini tərk etdi. 

Dörddə bir mil getmişdi ki, birdən çimərliyin qumluq hissəsinə doğru kəsə yolla qaçmağa başladı. Cavan oğlanın kürəyi üstə uzandığı yerə çatdıqda qəfil dayandı. 

“Suya girirsən, simurqlaş?” o dedi. 

Cavan oğlan diksinərək sağ əlini xovlu xalatının yaxasına apardı. Qarnı üstə çevriləndə burulmuş dəsmal gözlərinin üstündən düşdü və o, gözlərini qıyıb Sybil`ə baxdı. 

“Hey. Salam, Sybil”. 

“Suya girirsən?”

“Mən də səni gözləyirdim” cavan oğlan dedi. “Nə yenilik var?”

“Nə?” Sybil soruşdu.

“Nə yenilik var? Proqramda nə var?”

“Sabah atam tərrayə ilə gələcək”, Sybil qumu təpikləyərək dedi.

“Üzümə yox, balaca”, cavan oğlan əli ilə Sybil`in baldırını tutdu. “Hə, sənin atanın gəlməyinin vaxtı çoxdan çatıb. Mən onu saatlarla gözləmişəm. Saatlarla”. 

“Bəs o xala haradadır?” Sybil soruşdu.

“Xala?” cavan oğlan seyrək saçlarından qumu çırpdı. “Kim bilir, Sybil. Onun ola biləcəyi minlərlə yer var. Gözəllik salonunda. Saçlarını samur rənginə boyayır. Ya da otağında kasıb uşaqlar üçün gəlincik düzəldir.” Daha rahat uzanıb yumruqlarının birini digərinin üstünə qoydu, çənəsini isə ən üstdəki yumruğa dirədi. “Başqa bir şey soruş, Sybil”, dedi. “Bu çimərlik paltarın qəşəngdir. Əgər sevdiyim bir şey varsa, o da mavi çimərlik paltarıdır”. 

Sybil gözlərini ona zillədi, sonra önə çıxmış qarnına baxdı. “Bu sarıdır”, dedi. “Bu sarı rəngdir”. 

“Doğrudan? Yaxın gəl görüm”. 

Sybil önə doğru bir addım atdı. 

“Tamamilə haqlısan. Necə də axmağam”. 

“Suya girirsən?” Sybil soruşdu.

“Bu haqda ciddi düşünürəm. Bunu bilməyə şad olacaqsan, Sybil, bu haqda düşüncələrə çoxlu vaxt sərf edirəm.” 

Sybil cavan oğlanın hərdən yastıq kimi istifadə etdiyi rezin döşəkcəyə barmağı ilə toxundu. “Bunu doldurmaq lazımdır”, dedi. 

“Düz deyirsən. Onun düşündüyümdən daha çox havaya ehtiyacı var”, yumruqlarını yığışdırdı və çənəsini qumun üstünə qoydu. “Sybil”, dedi, “yaxşı görünürsən. Səni görməyə şadam. Mənə özün haqda danış”. Əllərini qabağa uzadıb Sybil`in baldırlarından tutdu. “Mən oğlaq bürcündənəm”, dedi, “Bəs sən?”

“Sharon Lipschutz dedi ki, sən ona piano stulunda yanında əyləşməyə icazə vermisən”, Sybil dedi. 

“Sharon Lipschutz belə də dedi?”

Sybil cəld başını yellədi.

O, qızın baldırlarını buraxdı, əllərini geri çəkdi və üzünün bir tərəfini sağ dirsəyinin üstünə qoydu. “Hə”, dedi, “bilirsən də hərdən belə şeylər baş verir, Sybil. Mən orada oturub piano çalırdım. Sən ətrafda gözə dəymirdin. Sharon Lipschutz da gəldi və yanımda əyləşdi. Onu itələyə bilməzdim ki, düzdür?”

“Yox”.

“Yox, yox. Mən bunu edə bilməzdim”, cavan oğlan dedi. “Amma əvəzində bilirsən mən nə etdim?”

“Nə?”

“Elə təsəvvür etdim ki, o sənsən”.

Sybil dərhal çömbəldi və qumu qazmağa başladı. “Gəl gedək çimək”, o dedi. 

“Yaxşı”, cavan oğlan dedi. “Məncə, mən bunun öhdəsindən gələ bilərəm”. 

“Gələn dəfə onu itələ”, Sybil dedi.

“Kimi itələyim?”

“Sharon Lipschutz`u”.

“Ah, Sharon Lipschutz`u”, cavan oğlan dedi. “Bu ad necə də qəribədir. Xatirə və arzuları bir-birinə qatır”. Birdən ayağa qalxdı. Okeana baxdı. “Sybil” dedi, “Mən bilirəm biz nə edəcəyik. Biz banan balığı tutacağıq”. 

“Nə?”

“Banan balığı”, o dedi və xalatının kəmərini açdı. Xalatı əynindən çıxardı. Çiyinləri ağ və ensiz, çimərlik şortu tünd mavi rəngdə idi. Xalatı əvvəlcə uzununa, sonra isə eninə qatladı. Gözlərinə örtdüyü dəsmalı açdı, qumun üsünə sərdi və xalatını dəsmalın üstünə qoydu. Əyildi, rezin döşəkcəni götürdü və sağ qoltuğuna saldı. Sol əli ilə isə Sybil`in əlindən tutdu. 

İkisi birlikdə okeana doğru getməyə başladılar. 

“Yəqin sən vaxtilə xeyli banan balığı görmüsən”, cavan oğlan dedi. 

Sybil başını buladı.  

“Görməmisən? Sən harada yaşayırsan ki?”

“Bilmirəm”, Sybil dedi.

“Əlbəttə bilirsən. Bilməlisən. Sharon Lipschutz harada yaşadığını bilir, o isə cəmi üç yaş yarımdır”. 

Sybil dayandı və əlini dartıb onun əlindən çıxardı. Yerdən adi bir balıqqulağı götürüb ona diqqətlə baxmağa başladı. Sonra onu atdı. “Narkük meşəsi, Konnektikut”, dedi və qarnını qabağa verib yoluna davam etdi. 

“Narkük meşəsi, Konnektikut”, cavan oğlan dedi, “Bu təsadüfən Narkük meşəsi, Konnektikut tərəflərdə deyil ki?”

Sybil ona baxdı. “Mən elə orada yaşayıram”, hövsələsiz dedi. “Mən Narkük meşəsi, Konnektikutda yaşayıram”. Bir neçə addım önə qaçıb sol ayağını sol əli ilə tutdu və iki-üç dəfə hoppandı. 

“Təsəvvür etməzsən bu hər şeyə nə qədər aydınlıq gətirir”, cavan oğlan dedi. 

Sybil ayağını buraxdı. “Sən Balaca Qara Sambo`nu oxumusan?”

“Bu sualı verməyin qəribə oldu”, o dedi. “İş ondadır ki, dünən axşam onu oxuyub bitirmişəm”. O, əlini aşağıya doğru uzadıb Sybilin əlini yenidən tutdu. “Səncə necə kitabdır?” ondan soruşdu. 

“Pələnglər doğrudan o ağacın ətrafında qaçırdılar?”

“Mənə elə gəlirdi ki, onlar heç vaxt dayanmayacaqlar. Heç vaxt o qədər pələngi bir yerdə görməmişdim”. 

“Orada cəmi altı pələng var idi”, Sybil dedi. 

“Cəmi altı!”, cavan oğlan dedi. “Sən buna “cəmi” deyirsən?”

“Sənin mumdan xoşun gəlir?” Sybil soruşdu.

“Nədən xoşum gəlir?” cavan oğlan soruşdu.

“Mumdan”.

“Çox xoşum gəlir. Sənin də?”

Sybil təsdiq üçün başını yellədi. “Zeytundan xoşun gəlir?” o soruşdu.

“Zeytundan – hə. Zeytun və mum. Mən onlarsız heç yerə getmirəm”. 

“Sharon Lipschutz`dan xoşun gəlir?” Sybil soruşdu.

“Hə. Hə, xoşum gəlir”, cavan oğlan dedi. “Xüsusən onda xoşuma gələn şey heç vaxt mehmanxana dəhlizindəki balaca itləri incitməməsidir. Məsələn, kanadalı qadına məxsus olan o karlik buldoq. İnanmazsan, amma bəzi balaca qızlar o balaca iti hava şarı çubuqları ilə dürtmələməyi sevir. Sharon isə yox. O, heç kəsi incitmir və nəzakətsiz davranmır. Ona görə ondan çox xoşum gəlir”. 

Sybil susurdu.

“Mən şam çeynəməyi sevirəm”, nəhayət o dedi.

“Kim sevmir ki?” cavan oğlan ayaqlarını suya salaraq dedi. “Ah! Soyuqdur”. O, rezin döşəkcəni arxası üstə suya atdı. “Yox, gözlə, Sybil. Gəl bir az da qabağa gedək”. 

Onlar su Sybil`in belinə çatana qədər irəlilədilər. Sonra cavan oğlan Sybil`i qaldırdı və qarnı üstə rezin döşəkcənin üstünə uzandırdı. 

“Sən heç üzgüçülük papağı taxmırsan?” o soruşdu.

“Buraxma”, Sybil əmr etdi, “Möhkəm tut məni”. 

“Xətrimə dəyirsiniz, xanım Carpenter. Mən işimi yaxşı bilirəm”, cavan oğlan dedi. “Sən isə diqqətlə bax birdən banan balığı görərsən. Bu gün banan balığı üçün gözəl gündür”. 

“Mən görmürəm”, Sybil dedi. 

“Əlbəttə görmürsən. Onların çox özünəməxsus vərdişləri var”. O, döşəkcəni itələməyə davam edirdi. Su hələ onun sinəsinə çatmamışdı. “Onların taleyi çox kədərlidir”, o dedi. “Heç bilirsən onlar nə edir, Sybil?”

O, başını buladı.

“Onlar çoxlu banan olan dəliyə üzürlər. O dəliyə girənə qədər onlar ən adi balıqlar olurlar. Lakin dəliyə girər-girməz onlar donuz kimi davranırlar. Mən banan balığı tanıyıram ki, banan dəliyinə üzüb orada nə az, nə çox düz yetmiş səkkiz banan yeyib”. O, döşəkcəni sərnişini ilə birlikdə bir az da üfüqə doğru itələdi. “Təbii ki, bundan sonra onlar elə kökəlirlər ki, həmin dəlikdən bir daha çölə çıxa bilmirlər. Onlar qapıya yerləşmirlər”.

“Çox uzağa getmə”, Sybil dedi. “Bəs sonra nə olur?”

“Kimə nə olur?”

“Banan balığına”.

“Hə, çoxlu banan yeyib banan dəliyindən çıxa bilməyəndən sonra nə olduğunu soruşursan?”

“Hə”, Sybil dedi. 

“Bunu demək çox kədərlidir, Sybil, amma onlar ölürlər”. 

“Niyə?” Sybil soruşdu.

“Çünki onlar banan xəstəliyinə tutulurlar. Bu dəhşətli xəstəlikdir”. 

“Bax, dalğa gəlir”, Sybil həyəcanla dedi.

“Biz onu saymarıq. Vecimizə də almarıq”, cavan oğlan dedi. “İki ədabaz”. O, Sybil`in baldırlarından tutub aşağı və qabağa itələdi. Rezin döşəkcə dalğanın üstünə qalxdı. Su Sybil`in sarı saçlarını islatdı, lakin onun çığırtısı sevinc dolu idi. 

Döşəkcə suyun üzərində sakitləşdikdə o, əli ilə alnına yapışmış islaq saçlarını gözlərinin üstündən çəkdi və dedi, “Elə indicə birini gördüm”. 

“Nəyi gördün, əzizim?”

“Banan balığını”.

“Ola bilməz!” cavan oğlan dedi. “Ağzında banan var idi?”

“Hə”, Sybil dedi. “Altı banan”.

Cavan oğlan Sybil`in döşəkcədən sallanmış yaş ayaqlarından birini qəfil qaldırıb pəncəsini öpdü. 

“Hey!” ayağın sahibi arxaya dönərək dedi.

“Sənsən hey! İndi isə çıxırıq. Daha bəsindir”. 

“Yox”.

“Təəssüf”, o dedi və rezin döşəkcəni sahilə tərəf Sybil üstündən enənədək itələdi. Qalan yolu isə döşəkcəni əlində daşıdı. 

“Hələlik”, Sybil dedi və kefini pozmadan mehmanxanaya tərəf qaçdı. 

 

***

 

Cavan oğlan xalatını geyinib yaxasını kip örtdü və dəsmalını cibinə basdı. Ağırlaşmış iri, sürüşkən rezin döşəkcəni yerdən götürüb qoltuğuna saldı. İsti, yumşaq qum ilə təkbaşına ağır-ağır mehmanxanaya doğru getdi. 

Mehmanxananın zirzəmi qatında -rəhbərlik çimərlikdən gələnləri bu girişə yönləndirirdi- burnunun üstündə gümüşü rəngdə krem olan qadın cavan oğlanla birlikdə liftə mindi. 

“Ayaqlarıma baxdığınızı görürəm”, lift hərəkətə gəldikdə o, qadına dedi. 

“Necə?” qadın dedi. 

“Deyirəm ki, ayaqlarıma baxdığınızı görürəm”.

“Bağışlayın. Mən sadəcə döşəməyə baxırdım”, qadın dedi və üzünü liftin qapılarına doğru çevirdi.

“Əgər ayaqlarıma baxmaq istəyirsinizsə elə də deyin”, cavan oğlan dedi. “Bunu oğrun-oğrun etmək lazım deyil”. 

“Mən çıxmaq istərdim, zəhmət olmasa”, qadın dərhal lifti idarə edən qıza dedi. 

Liftin qapıları açıldı və qadın arxaya baxmadan liftdən çıxdı. 

“Mənim iki ən adi ayağım var və kiminsə onlara zillənməsinə lənətə gəlmiş bircə səbəb də görmürəm”, cavan oğlan dedi. “Beşinci mərtəbə, zəhmət olmasa”. Cibindən otağının açarını çıxardı. 

Beşinci mərtəbədə çıxdı, dəhliz boyu getdi və 507. otağa girdi. Otaqdan təzə dəri çamadan və dırnaq boyası təmizləyicisinin iyi gəlirdi. 

İkinəfərlik çarpayının bir tərəfində yuxuya getmiş qıza baxdı. Sonra çamadanlardan birinə yaxınlaşdı, onu açdı və bir qalaq şort və alt paltarının altından 7.65 kalibr Orgies tapançasını çıxardı. Darağı çıxardı, baxdı, sonra yerinə taxdı. Tapançanı atəşə hazır vəziyyətə gətirdi. Geri qayıdıb çarpayının boş hissəsində oturdu, qıza baxdı, tapançanı qaldırdı və sağ gicgahına atəş açdı. 

 

İngilis dilindən tərcümə etdi: Nərmin Mirzəyeva