Külək gülü (romandan parça)
Yanıq qalmış televizordan otağa yayılan işıq zaman-zaman rəngini dəyişir, bu yolla həyatın bütün gözlənilməzliklərə və kədərlərə baxmayaraq davam etdiyini isbatlamağa çalışırdı. Fərhad yeni bir xəbər ümidi ilə -yenilikdən tək gözləntisi eşitdiklərinin təkzibi idi- yerli kanalları bir-bir çevirir, kanallar bitincə yenə əvvələ qayıdırdı. Nizami haqda, sözügedən qətl haqda heç bir xəbər, zərrə məlumat yox idi. Gözünü ekrandan çəkmirdi, bəlkə bütün bu yemək proqramlarının, günorta söhbətlərinin, həkim məsləhətlərinin, bayağılıqda və zövqsüzlükdə bir-biri ilə yarışa çıxmış təsiri bağışlayan müğənnilərin ifaları arasından qəfil alt yazısı keçər, oradan da hər şey aydın olardı; bütün dünya Nizaminin günahsız olduğunu öyrənər, baş vermiş bu naxoş anlaşılmazlıq da beləcə unudulardı. Amma heç nə yox idi. Fikirlərinin, həyəcanının çoxdan hər tərəfi bürüdüyünü, artıq otağa sığmayaraq həmişə küləyin və soyuğun içəriyə yol tapdığı pəncərə aralarından şəhərə dağıldığını hiss edirdi. Nə edə bilərdi? Nə etməliydi? Ramiz müəllim də heç nə bilmirdisə, daha zəng etməli heç kim qalmayıb demək. Kamal. Necə unuda bilərdim Kamalı, lap huşum gedib. Yadına qardaşı düşdü, polkovnik rütbəli polis qardaşı. Yerindən necə sıçradısa, həmən özünü yazı masasının önündə tapdı. Qardaşına zəng etdi, tərs kimi Kamalın da telefonu sönük idi. Fərhada elə gəldi ki, bütün həyatı boyu heç bir sönmüş telefon -hətta Şirinin onu cavabsız buraxdığı anlar da- ona özünü bu qədər köməksiz hiss etdirməyib.
Baxışları masa üzərindəki reklam flayerinə sataşdı. Bir neçə gün əvvəl Əhmədlidə, küçənin ortasında, yeni açılmış kafeni reklam edən məktəbli qızın ona uzatdığı flayeri nəzakət xətrinə alıb cibinə qoymuş Fərhad evdə onu çıxarıb tullamaq istəyəndə Şirinə bənzətdiyi qadının rəsmiylə qarşılaşmışdı. "Cənnət kafesi" yazılmışdı qalın parlaq kağızda. Yazı masası üzərindəki keçmiş zamana aparan qapı onu Şirinli günlərinə gətirib çıxarmışdı.
Filarmoniya binası önündə Şirini itirən Fərhad dostu Tahir axşam yeddidə işdən çıxana qədər şəhəri tək-tənha dolaşmış, eşitdiyi hər söhbətdə, gördüyü hər üzdə, kafelərdən, mağazalardan, yolla ötən avtomobillərdən səslənən hər musiqidə, divar yazılarında, böyük reklam lövhələrində və divarlara yapışdırılmış kiçik, solğun elanlarda, avtomobillərin nömrə nişanlarında, adlarında, rənglərində, binaların üzlərində, xatirə lövhələrində, şəhərə boylanan pəncərələrində həyatına necə davam etməli olduğunu anlamaq üçün işarə axtarmışdı gecə gördüyü yuxunu gün boyu xatırlamağa çalışan birinin macəra ruhu və hüznü ilə.
Gecə Tahirdən ayırılıb Mərkəzi univermağın qarşısındakı sonuncu avtobusa qaça-qaça çatdığında Fərhada elə gəlmişdi ki, axtardığı o işarə məhz budur, tapıb onu, bundan sonra hər şey yaxşı olacaq. Necə ki, bu yerindən tərpənən avtobusa çata bilib, ondan aralanıb dayanmadan -çünki zaman elə bu dayanmamağa, dayana bilməməyə, dayanmağın mümkünsüzlüyünə verilmiş ad idi- irəli axan, yoxa çıxan zamanına da yenidən sahib çıxa biləcəkdi. Heç cür davam edə bilmədiyi, yarımçıq saxladığı romanını yazacaqdı; məşq etməyə başlayacaq, yeni münasibət quracaq, bu dəfə hər şey alınacaqdı; Avropanı gəzməyə gedəcək, mütləq Fransa və İtaliyada olacaq, görmək istədiyi hər yerə tənbəllik etməyib baş çəkəcək, arzuladığı bütün muzeylərə girəcəkdi.
Tahirin həyatında yeni səhifə açmaq üçün onu keçmişə bağlayan hər şeydən qurtulmaq məsləhətini Fərhad avtobusda, mənzilinə çatanadək götür-qoy etmiş və sonda ona Şirini xatırladacaq nə vardısa hamısından azad olmaq qərarı vermişdi. "Əvvəl keçmişdən azad olmaq lazımdır", dua kimi içində, öz-özünə təkrar edə-edə mənzili ələk-vələk edərək tapdığı böyük qara plastik paketə, hansını ki, otağın düz ortasına açmışdı, lap əvvəl rəfdən Şirinin ona hədiyyə etdiyi kitabları seçib tullamaqla başladı. Ovidius'un Çevrilmə'sinin ardınca Mahmud Zamansızın Qiyamətin dayanmış saatı, Kobo Abe'nin Məhv edilmiş xəritə romanları, Aydın Əfəndinin şeirlər kitabı, Teymur Səidin gündəlikləri, James Joyce'un Dublinlilər'i, Fərhadın ən çox tərəddüd etdiyi, tullamağa qıymadığı Yusif Səmədoğlunun Qətl günü romanının ilk nəşri qara paketin ən dibinə tullandılar. Sonra bir neçə musiqi diski, Johann Bach'ın klavesin üçün əsərlərinin toplandığı iki kasset -Fərhad heç vaxt onları oxutmağa maqnitofon tapmamışdı- yollandı kitabların ardınca. Sonra telefonunu əlinə aldı, Şirinlə bütün yazışmalarını sildi, şəkillərini açdı, hamısını birdən silmək istədi, amma bacarmadı -bunu bir neçə dəfəyə, hissə-hissə etdi- döşəməyə, qara paketin yanına əyləşdi, ağladı və Tahirlə şəhərdə başlayıb mənzilində tək davam etdiyi içməyin təsirilə onu yuxu tutdu.
Ayrılmağa qərar verdikdən az sonra Şirin bütün əşyalarını yığıb getmişdi. Fərhad ayıldığında birlikdə olduqları zamanın dağıntılarından geriyə qalan bütün nişanələri bir yerə toplamağa davam etmişdi. Yerindən qoparılan hər əşya -rəfdən çıxardığı kitab, yazı masası üzərindəki kiçik dovşan fiquru və ya Şirinin həmişə ev telefonunun yanında saxladığı kiçik qeyd dəftərçəsi- yaddaşından da həmişəlik silinib atılacaqdı, düşünürdü, amma tərsi yaşanırdı. O dovşan fiquru əvvəl Şirinin onu Fərhadın masası üzərinə qoyduğu günortanı xatırlatdı, sonra Fərhadın hər dəfə dovşanın ailə hekayələrini uydurub Şirini əyləndirməyini. Anası o doğularkən ölmüşdü, atası həkim idi, güllərə maraq göstərirdi, kəpənək ovlayırdı. Təbiəti də oğluna o sevdirmişdi, balaca dovşan cənnəti xatırladan parkda nəzarətçi işləyirdi. Sonra masa üzərinə çay dağıdarkən Şirinin Fərhadın tərcümə etdiyi sənədlərdən əvvəl həmin dovşanı cəld qaldırıb xilas etməsi yadına düşdü. Hirslənmişdi o gün ona, Şirin isə masa üzərindəki çay dağınıqlığını dünyanı su basmasına oxşatmışdı. "Dənizlə qurunu bir-birindən ayıran bircə xətt belə qalmayıb. Bax ətrafa, hər yan dənizdir. Sən istəyirsən ki, mən dovşanımızı bu sahilsiz dənizdə tək buraxım? Nə qəddar adamsan, axı yazıq üzməyi bilmir", Şirinin müdafiəsi qarşısında Fərhadın tək cavabı gülmək olmuşdu. İki böyük torbaya yığdığı və tulladığı Şirinli günlərindən qalan əşyalardan daha çox xatirələr idi. Düşünürdü ki, o əşyalarla birlikdə o xatirələrə çıxan ağrılı yollar da beləcə silinib gedəcək, unudulacaqdılar, xoşbəxt olmaq ehtimallarını hər dəfə ona göstərib ayrılığın əzabını daha da artırmayacaqdılar. Sonra əlbəttə buna peşman olacaq, zibilliyə qayıdıb qutuların içində günorta ötənlərin heyrət və ikrah dolu baxışları altında onları axtaracaqdı; gecikəcəkdi, zibilləri artıq aparmışdılar.
Fərhada böyük eşqindən geriyə qalan bircə bu şəkil idi – o da Şirinin özü yox, nə qədər çox oxşasa da bənzəri, bir başqası idi. Şirindən daha yaşlı görünürdü qadın. Fərhadın yaddaşında qalmış Şirinin üzərinə zaman əlavə olunmuşdu. Ancaq zaman əlavə olunmuşdu, bir-birindən ayrı keçmiş, içi boş bir neçə il. İki il, düşündü Fərhad, iki ildir ayrılmışıq. İki ildir görmürəm Şirini, təxminən yeddi yüz səhər – bütün gözəl şeylərin geridə qaldığını dərk etməklə başlayan yeddi yüz səhər. Ancaq xatirələr qalmışdı Şirindən, bir də çoxdan bitmiş zamana aid olan məişətlərindən ortaq əşyalar. Onlar da yavaş-yavaş köhnəlib sıradan çıxırdılar, onların ölümlərində zaman unudulmaq ehtimalı varmış kimi hər şeyin yavaş-yavaş yaddan çıxıb getməkdə olduğunu, bu sonsuz siliniş hekayəsinin qarşısıalınmazlığını təkrar-təkrar xatırladırdı. Fincanlar, boşqablar sınırdı, bəyaz hamam dəsmalları saralırdı, süzülürdü, məişət texnikaları köhnəlirdi, bir-bir sıradan çıxır, dəyişdirilirdilər, daraqlar, çəngəllər, qaşıqlar, qələmlər günbəgün azalır, yoxa çıxırdılar.
Bircə şəkil, Fərhadı ona, onlu zamanlara bağlayacaq görüntü mövcud deyildi. Ən çox buna pərişan olurdu, o vaxt Tahiri dinləyib bütün şəkilləri sildiyi, tulladığı üçün özünü bağışlaya bilmirdi. Zaman-zaman ona elə gəlirdi ki, bütün bu eşq, bu zaman heç vaxt yaşanmayıb, heç vaxt olmayıb, hər şeyi uydurub. Bitmiş münasibətdən ona qalan bircə yaddaşındakı izlər, bir də anasının, qardaşının, bacısının, bir neçə dostunun yadında qalanlar idi – onlarla da bu haqda heç nə danışa bilməzdi, niyəsini bilmirdi, amma bu Fərhad üçün mümkünsüz idi, neçə dəfə cəhd etmişdi, heç birində söhbətə başlaya bilməmişdi. Başqalarının xatirələrindəki Şirinli keçmişi – ayaq basılması qadağan torpaqlar idi. Hətta sayları üç-dörd nəfəri keçməyən ortaq dostlarından Şirinin şəklini istəməyi belə düşünmüşdü, amma onların gözündə aciz görünəcəyindən qorxduğu üçün bunu heç zaman etməmişdi. Düşünürdü ki, bəlkə də Şirin heç vaxt olmayıb, çünki mümkün deyildi yaşamış birindən – hələ də yaşayan, həyatında da illərlə var olmuş birindən bircə şəklin qalmaması. Necə ola bilərdi bu? Tək cavab onu uydurduğu idi: əvvəl qızın varlığına özünü inandırıb, sonra başqalarını. Bunun belə olmadığını bilirdi, amma gerçəklik o qədər qeyri-adi və anlaşılmaz idi ki, onu qəbul etmək başqa hər şeyə inanmaqdan daha çətin idi. Sonra şübhə etməyə başladı xatirələrinin həqiqiliyinə. Bilirdi, hiss edirdi ki, xatirələrə güvənmək olmaz, bu gün yaşıl deyə təsəvvür etdiyi o jilet, Şirinin ikinci görüşlərində geyindiyi, əslində sarı-mavi damalı ola bilərdi. Bəs otuz il, qırx il sonra hər şey necə görünəcəkdi, xatırlanacaqdı? Azneft meydanına doğru yol alan yenə Şirin olacaqdı? Yoxsa bu dəfə onun özü gedəcəkdi? Bəlkə doğrudan Fərhad getmişdi? Bəlkə o son görüş heç olmamışdı? Bəlkə telefonda, ya da quruca ismarışla ayrılmışdı qadın ondan? Bəlkə heç Bakının özü yoxdur? Bəlkə hər şey Şirinin hədiyyə etdiyi, Fərhadın tulladığı o kitabda yazıldığı kimi "oyanmağa çalışarkən dalğalarında boğulduğu yuxulu dəniz idi".
Telefon zəng çaldı. Onu ağrılı düşüncələrin qoynundan qoparıb başqa ağrılı düşüncələrin ağuşuna tullayan Rəna idi; xəbər tutmuşdu baş verənlərdən, Fərhadın şübhəsi yox idi. O da narahat idi, qorxu içində idi; bəlkə daha çox. Özü heç nə bilmirdi, qıza nə deyəcəkdi. Narahat olma, hər şey yaxşı olacaq. Sonra? Rəna bununla qane olmayacaq, Fərhad başa düşürdü. Ağlamağa başlayacaq, xilaskar kimi ondan ümid gözləyəcəkdi. Bunun da nə demək olduğunu Fərhad yaxşı başa düşürdü. Hər yarım saatdan, bir saatdan bir zəng edəcək, yeniliyin olub-olmadığı ilə maraqlanacaq, hər şeyin əvvəlki kimi olduğunu öyrəndikdə isə yenə bir az əvvəlki sözlərini təkrar edəcəkdi: Fərhad, tək ümidim sənsən. Zəngə cavab vermədi. Rəna iyirmi dəqiqə ərzində fasiləsiz dəfələrlə zəng etdi. Fərhada elə gəlirdi ki, telefonunun səsini alsa da otaqda həyəcan siqnalı kimi susmadan, əbədi çalan bu zəng heç vaxt dayanmayacaq.
Rənanın zəngləri dayanan kimi Fərhad qardaşına bir də zəng etdi. Kamalın telefonu açılmamışdı. İndi mən nə edim? Nə edim? Özümü şəhərə atıb küçəbəküçə gəzişsəm Bakıda, Nizamini axtarsam, sabaha heç nə dəyişməsə bəs? Sabah nə edəcəm? Bütün qalan günlərdə nə edəcəm? Heç cür özünü ələ ala bilməyəcəyini və bir az da evdə qalsa düşünməkdən başının partlayacağını hiss edən Fərhad yataq otağına keçdi, əynini geyindi və bayıra çıxdı.
Yağış yağırdı. Güclü külək var idi. Soyuq hava uzun müddət dirənən şəhərin müqavimətini qırmış düşmən qoşunu kimi bütün qəzəbi ilə şəhərə daxil olmuşdu. Hələ isti geyimlərini dolablardan, çamadanlardan, torbaların içindən, saxlanclarından çıxarmamış, soyuqlara hələ alışmamış, soyuqdan qamətləri əyilmiş, çənələrini sinələrinə sıxaraq gəzən insanlar da bu məğlubiyyətin, bu düçarolmuşluğun canlı şahidləri, həm də qurbanları idilər. Başına çırpılan yağış damcıları onu qəzəbləndirirdi. Mənzilindən bayıra çıxmışdı, çünki daha dayana bilmirdi, divarlar, səssizlik üstünə gəlir, onu əzirdi. Şəhər isə səssiz və biganə idi. Ancaq yağış yağırdı və adamlar, avtomobillər keçirdi. Heç bir suala cavab düşünmək gücündə və həvəsində olmayan şəhər – bu böyük səssizlik və biganəlik yumağı indi ancaq rəng ləkələri şəklində mövcud idi. Yağışın daha da tündləşdirdiyi, daha da ümidsiz görkəm verdiyi mənzərə Fərhada həmişəkindən eybəcər görünməkdəydi. Geriyə, mənzilinə qayıtmaq istədi, amma olmaz, başa düşürdü. O qorxunc duyğunu hələ unutmamışdı. Özünü Şirinin təsvir etdiyi dənizlə qurunu bir-birindən ayıran xəttin yoxa çıxdığı, sahilsiz dənizin ortasında hiss edirdi, getməyə heç yeri qalmadığını, dayanacağı istənilən nöqtənin ona düşmən kəsiləcəyini düşünürdü. Telefonunu çıxardı, saata baxdı, qardaşına zəng etmək istəsə də fikrindən daşındı – Kamal onun zəngini görsəydi, mütləq geri yığardı. Metro stansiyasına doğru yoluna davam etdi. Hara getmək istədiyini bilmirdi. Vacib olan bir yerdə dayanmamaq idi, yoxsa dünyanın sıxılıb-sıxılıb onu boğacağına əmin idi. Nizami heç yerdə yoxdur. Mən hara gedirəm? Mənim getdiyim yerdə də Nizami yoxdursa, oraya niyə gedirəm?
Yol kənarında, bordür boyu ağ köpüklü su axırdı. Asfalt üstündəki ağ izlər xalça yuyularkən şəhərə axan, hər gördüyündə ovsunlanmış kimi tamaşa etdiyi köpüklü sulara oxşayırdı. Səma Bakını xalça kimi yuyur, təmizləməyə çalışırdı. Yağış qarşısından keçdiyi mağazanın metal dam örtüyünü təcrübəsiz nağaraçalan kimi döyəcləyirdi. On dəqiqəlik yol boyu gözünü mağazaların, kafelərin yanıq televizorlarından, qulağını eşidilən səslərdən çəkmədi. Həyat hərflərindən, işarələrindən baş aça bilmədiyi müəmmalı kitaba çevrilmişdi. Hamı Tənəbrizdə yaşanmış -yaşanmamış, ya da başqa cür yaşanmış- hadisəni müzakirə etməli, Nizamidən danışmalı idi, amma heç kim bu mövzuya maraq göstərmirdi. Əllərində plastik paketlər daşıyan, bir-biri ilə söhbət edən, telefonla danışan, uşaq arabasını itələyən, avtobus gözləyən adamlar öz işlərində idilər. Bunda qəribəlik yox idi. O işlərdə Nizami haqda, Tənəbriz haqda, cinayət haqda heç nə yox idi – Fərhadın anlaya bilmədiyi bu idi. Yağış hamını isladırdı, bu islaqlıq altında şəhər və içindəki hamı, hər şey birləşib tək bədənə çevrilirdi, amma inadla Nizamini, onun başına gələnləri öz içinə almaq istəmirdi. Nizaminin aqibətindən, baş verənlərdən elə bil kimsənin xəbəri yox idi, ya da heç kimin vecinə deyildi.
İtaliyada təhsil alıb qayıtdıqdan sonra şəhərin mərkəzində Selva oscura gecə klubu açan Ağaqədir Fərhadın litseydən sinif yoldaşı və ən yaxın dostu Vaqifin məhəllədən tanışı idi. Bir çox bakılı gənc kimi italyanlara bənzədiyini düşünən Ağaqədir hələ on beş yaşları tamam olmamış bu iki məktəblini gördükdə heç yerə tərpənməmələrini, uzağı on beş dəqiqəyə onları çox gözəl iki qızla tanış edəcəyini demişdi. Fərhad və Vaqif gecə klubuna məhz bu niyyətlə gəlmişdilər – həyatlarında ilk dəfə fahişəylə birlikdə olmaq üçün. Lakin o axşam dinlədikləri birinci nəğmə başa çatmamış gözlənilməyən polis hücumu ilə bu arzuları ürəklərində qalmışdı. Polislər musiqini dayandırıb gecə klubunun işıqlarını yandırmış, Bakının qaranlıq bağrında yaşanan gizli, qadağan işləri üzə çıxarmışdılar.
Hamını yan-yana divara düzüb kimliklərini yoxlayırdılar. Üstəlik, bütün bunlar videokamera ilə lentə alınırdı. Daha da pisi -bunu Fərhad və Vaqif bir azdan anlayacaqdılar- çəkiliş telekanallardan biri üçün edilirdi və çox güman sabah -həmin gün artıq gec idi- xəbərlər proqramında nümayiş olunacaqdı. Polislər yetkinlik yaşına çatmayanları sıradan ayırır, uzun-uzadı danladıqdan və bəzilərinə bir-iki şillə vurduqdan sonra üzbəüz divardakı digər sıraya keçirir, sonra da valideynlərinin əlaqə nömrələrini öyrənib evlərinə zəng edirdilər. Fərhad başa düşürdü ki, atası evdən dostlarıyla Neftçi'nin oyununu izləmək adı ilə çıxmış oğlunun gecə klubunda polis tərəfindən saxlanıldığını öyrəndiyində çox qəzəblənəcəkdi. İşin qəzəb və cəza tərəfindən başqa, bir də utancverici yanı var idi. Həm valideynlərini aldatmış, həm də gecə klubunda, fahişə axtararkən tutulmuşdu.
"Rəis, bu bizim uşaqdır", deyib orta yaşlarında biri Fərhadın qolundan tutub onu özüylə birlikdə bayıra çıxardı. "Tanımadın?" Tanımışdım. Siqaret tüstüsündən göz-gözü görməyən Selva oscura'ya enən pilləkənlərdə köhnə qonşum Nizami ilə yan-yana dayanmışdıq. İçəridə bütün səslər bir-birinə qarışmışdı. Gecə klubunun gur işıqları üzünə vuran Nizami eyni anda həm insana, həm də ruha oxşayırdı. Boynuna sarılıb onu qucaqladım. Bu təşəkkürdən daha çox itirdiyim xoş günlərə heç gözləmədiyin yerdə, heç gözləmədiyin vaxt qovuşmağın xoşbəxtliyi idi. "Vəfasız çıxdın, heç axtarmadın məni", dedi. "Bağışla", deyə bildim utana-utana ancaq. Sonra Vaqif yadıma düşdü. Nizamidən onu çıxara bilib-bilməyəcəyini soruşdum. Mənə burada gözləməyimi tapşırıb içəri girdi, bir az keçmişdi ki, Vaqif qapının qarşısında peyda oldu. Gülə-gülə "Əlimizdə qaldı", dedi. Mən illərdir görmədiyim, haqqında heç nə eşitmədiyim Nizaminin o gün polis olduğunu düşünmüşdüm, deyəndə ki, çəkilişə gələn jurnalist heyətinin içindədir, təəccüb etmədim. Taksiyə əyləşdik, əvvəl Vaqifi evinə yola saldıq, sonra Nizamiylə bizə getdik. O gün mənzilimizə daxil olmasa da Nizami düşüncələrimin evinə həmişəlik köçmüşdü.
Sovet hökuməti Cahangir bəyə iki dəfə mənzil hədiyyə etmişdi. İlkini şəhərin mərkəzində, sakinlərinin əksəriyyəti alimlər, universitet müəllimləri, ziyalılar təşkil edən binada, ikincisini isə şəhərin kənarında, bir neçə il əvvəl salınmış Səkkizinci kilometr qəsəbəsində, hansı ki, ucsuz-bucaqsız Sovet zamanının hər tərəfindəki bir-birinin təkrarı minlərlə qəsəbədən idi. Bunu özünə qarşı çox böyük hörmətsizlik hesab etsə də qaynatasının məsləhətinə qulaq asıb etiraz etməmişdi.
Cahangir bəy əmin idi ki, bu hörmətsizlikdə düşmənləri təqsirkardır. Əsas şübhələndiyi Yazıçılar İttifaqında poeziya şöbəsinə rəhbərlik edən şair Əhriman Hüseynov idi. Cahangir bəy əmisi oğlunun sakit və gəlirli dağ rayonlarından birinə prokuror köməkçisi təyin olunmasına kömək etmişdi. Baxmayaraq ki, həmin vəzifəyə əsas namizəd Əhriman Hüseynovun qardaşı idi. Bunun qisasını Əhriman Hüseynov Yazıçılar İttifaqının sədr müavini Eldar Qarayevlə əlbir olaraq almışdı. Eldar Qarayevin Cahangir bəylə düşmənçiliyi yox idi, amma Əhriman Hüseynovun prokuror qardaşı onun narkoman oğlunu bir neçə dəfə həbsdən xilas etdiyi üçün özünü borclu sayırdı. Eldar Qarayevin həyat yoldaşının atası mənzillərin paylanılması ilə məşğul olan komitənin üzvü idi və Cahangir bəyin şübhəsi yox idi ki, ona "yataq rayonları" adlandırılan, şəhər mərkəzindən uzaqda yerləşən Səkkizinci kilometrdə mənzil bağışlanılmasında son qərarı o vermişdi.
"Yuxu rayonları" adlandırırdı Cahangir bəy yataq rayonlarını və hamısının bir-birinin oxşarı olduğu, hər şeyin bir-birinə bənzədiyi o rayonlarda ünvan axtararkən həmişə azdığını, dəfələrlə qonaq olduğu halda hər şeyi qarışdırıb başqa mənzillərin qapılarını döydüyünü, hətta buna görə bir dəfə böyük davaya düşdüyünü danışırdı. "Yuxu rayonları", yazırdı, "içlərində azmaq, itmək üçün inşa edilib. Bu yolla insanları həyat haqda narahat düşüncələrdən xilas etmək istəyirdilər, bu sonsuz eyniliklərdə guya onlar rahatlıq tapacaqdılar, amma alınmadı, hətta tərsi oldu. Hər gün bu təkrarlarla qarşılaşan insan axır-əvvəl həyatın əsl üzünü görməyə başlayır. Görür ki, içində yaşadığı bu çıxılmazlıq böyük çıxılmazlığın – həyatın özünün birəbir nüsxəsidir. Bundan sonra ona nə qalır? Ancaq gözlərini yumub yatmaq".
Bircə dəfə də olsun gedib üzünü görmədiyi həmin mənzilə Cahangir bəy illər sonra, həyatın nərd taxtasında zərləri pis gətirəndə köçəcək, gözlərini də həyata həmin mənzildə yumacaqdı. Amma o günlərə hələ çox vardı. Hələlik Cahangir bəy Xalq Cəbhəsinin sıralarına qatılmış, xalqın ona bəslədiyi sevgi də dəfələrlə artmışdı. Məhz o zamanlarda Fərhad ilk dəfə özündən iyirmi yaş böyük olan Nizami ilə tanış olacaqdı. Nizaminin atası, Bakı Universitetinin professoru Bünyad Zahidov – Nizami Gəncəvi yaradıcılığının qızğın tədqiqatçısı, oğluna sevimli şairinin adını vermişdi. Leninqradda aspiranturada oxuduğu vaxt tanış olub tezliklə ailə qurduğu həyat yoldaşı ilə ayrıldıqlarında Nizaminin yeddi yaşı hələ tamam olmamışdı. Qadın Bünyad müəllim də etiraz etməyincə oğlunu özü ilə Leninqrada aparmışdı. Bu gedişin üstündən heç iki il keçməmişdi ki, anasını bədbəxt hadisə nəticəsində itirən Nizami Bakıya qayıdacaq, fəqət atası ona sahib çıxmaq istəməyəcəkdi. Bünyad müəllim ikinci dəfə ailə qurmuşdu və düşünürdü ki, ilk həyat yoldaşından olan uşaq evdə istər-istəməz söz-söhbət yaradacaq. Beləliklə, Nizami əvvəl nənəsi ilə babasının, onlar ölüncə də bibisinin himayəsində böyüyür. Bünyad müəllim ikinci həyat yoldaşı vəfat etdiyində universitetin son kursunda təhsil alan oğlunu yanına çağırır və Nizami atasının mənzilinə köçür. Meydan hərəkatının fəal iştirakçısı, Xalq Cəbhəsinin mətbu orqanlarında məqalələrlə çıxış edən Nizami Cahangir bəyi durmadan tənqid edir, onun Lenin meydanındakı məşhur çıxışına toxunaraq yazır ki, məşhur yazıçı deyəsən nəhayət ki, küləyin hansı tərəfdən əsdiyini başa düşüb və gələcəyini düşünməyə başlayıb.
Nizami Cahangir bəyi nə qədər qəbul etmirdisə, onun azyaşlı oğlunu, Fərhadı bir o qədər çox sevir, həyətdə hər gördüyündə ona konfet, şokolad verir, dərsləri ilə maraqlanır, əzbərdən şeir söylədirdi. Fərhad da onu sevirdi, dərslərinə kömək etməsi üçün anasından, qardaşından və ya bacısından yox, vaxtı var idisə Nizamidən xahiş edirdi. İlk zamanlar Cahangir bəy düşünürdü ki, Nizaminin yazdıqları keçici həvəsdir, gənclik alovudur, tezliklə ötəcək. Lakin gənc tələbənin münasibəti dəyişmir, əksinə zamanla ona qarşı daha da qətiyyətli və kəskin şəkil alırdı. Xalq Cəbhəsi lideri Əbülfəz Elçibəyin Cahangir bəylə qəzetdə çap olunmuş fotosuna növbəti yazısında toxunan Nizami soruşurdu: "Görəsən, özünə gün ağlamaq üçün Cahangir bəyin qucaqlaşıb öpüşməyəcəyi, tərifləməyəcəyi hansı rəhbər, hökmdar var?" Bu yazı Cahangir bəyi necə qəzəbləndirmişdisə, axşam vaxtı qonşularına zəng edib az qala qışqıra-qışqıra Bünyad müəllimdən oğluna qulaqburması verməsini tələb etmişdi.