Hardasa, olardı 13-14 yaşım (romandan parça)
Vüqar Vanın yaxın vaxtlarda nəşr olunacaq Hardasa, olardı 13-14 yaşım adlı romanından parça
***
– Bura Nəmindir. Nəminin o tərəfi Lerikdir, az qalıb, Ərdəbilə, çatırıq, – təxminən yarım saatlıq yoldan sonra Şakir əmi əliylə yuxarını göstərib dedi.
Nəhayət, Ərdəbilə çatdıq. Ərdəbilin adına tarix kitabında tez-tez rast gəlirdim. Xalçaları ilə məşhur, tarixi şəhər idi. Kitabdan öyrəndiklərimə əsasən Ərdəbili qədimi, köhnə bir yer kimi təsəvvür edirdim. Bura isə harasa tələsən insan seli ilə, göydələnlərlə, üç təkərli motosikletlərlə, prospekt boyu düzülən cürbəcür restoran və mehmanxanalarla, nəhəng körpülərlə, geniş bağ və parklarla, hündür minarəli məscidlərlə, addımbaşı qabağımıza çıxan marketlərlə, hay-küylü küçələrlə, avtobuslarla, maşınlarla dolu böyük, müasir bir şəhər idi. Bu mənzərəni görəndən sonra məyusluğum çəkilib getdi; Ərdəbil Lerikə oxşamırdı. Yolların kənarlarında qəşəng, düppədüz şam ağacları əkilmişdi. Şəhərin mərkəzindən qıraqda dar küçələr boyunca köhnəliyindən qaralmış evlər, balaca mehmanxanalar sıralanmışdı.
Yekə bir fəvvarənin yanından sola dönüb maşından düşdük. Burda səyyar satışla məşğul olan aşxanalar, dönərxanalar çox olduğu üçün insanlar açıq havada oturub yemək yeyə-yeyə qızğın söhbət edirdilər. Havadan qəribə yağ qoxusu gəlirdi. İndiyə qədər belə böyük şəhərdə olmamışdım. Çaşqın, karıxmış nəzərlərlə ətrafa göz gəzdirir, nə edəcəyimi bilmirdim. Günorta günəşi adamı yandırırdı. İsti olduğuna görə əynimdəki cins pencəyimi çıxarıb bir az rahatlaşdım. Xeyli yol gəldiyimiz üçün ayaqlarım keyimişdi. Şakir əmi tələsmədən taksinin pulunu verib onu yola saldı, əlində tutduğu rəngli sellofan torbanı qoltuğuna vurub kəmərini düzəltdi.
Əvvəlcə, masalarının üstünə qırmızı süfrə sərilmiş “İranian restaurant” adlı balaca bir restorana gedib nahar elədik. Restoranın divarları güzgülü idi. Adamlar yemək yeyə-yeyə özlərinə baxırdılar. İçəridə bizdən başqa on-on beş adam oturmuşdu. Stollar dolu olduğu üçün ofisiantlar sifarişləri çatdıra bilmirdilər. Yeməkləri gecikdiyinə görə müştərilər narazılığını bildirir, ofisiantlarla mübahisə edirdilər. Şakir əmi ikimizə də zəfəranlı plov və müxtəlif ədviyyatlar vurulmuş qiymə sifariş verdi, yanında da balaca şüşə bankada, üstündə farsca nəsə yazılmış iki ayran, pomidor-xiyar, kefin istəyən göy-göyərti, turp, reyhan, tərxun.
İçəridə çoxlu saqqallı kişilər və hicablı qadınlar oturmuşdular. Onların danışığını başa düşmürdüm. Deyəsən, burdakı adamlar həm öz dillərini, həm də bizim dilimizi bilirdilər. Şakir əmi sifariş götürən ofisiantdan tutmuş taksi sürücüsünə qədər qabağımıza çıxan hər kəslə Azərbaycan dilində danışırdı. Buna görə özümü xarici ölkədə hiss eləmirdim.
Yeməklər gələnə qədər Şakir əmi mənə dedi ki, günortadan sonra həkimə getməliyik. Elə bilirdim, həkimə sabah gedəcəyik. Bunu eşidəndə qanım qaraldı, həkimə bu gün gedəcəyiksə, yəqin, sabah da Lerikə qayıdacağıq. Burda, heç olmasa, iki-üç gün qalmaq, İranda gəzmək, gördüyüm yerlər barədə dostlarıma danışmaq istəyirdim.
Yeməkdən sonra paxlava ilə bir çaynik çay içdik. Şakir əmi çay içə-içə mənə İranın edam sistemindən danışırdı. O bu edamlardan, heç olmasa, birinə baxmağı çox istəyirdi:
– Bir dəfə mən burda olanda eşitdim ki, Məşhəddə İsrailə işləyən bir casusu asacaqlar. Deyəsən, haranısa bombalamaq istəyirmiş. Vaxtım olmadı, təcili rayona qayıtmalı idim, gedib baxa bilmədim. Burda əxlaq polisi var. Hansı arvad əxlaqsızlıq eləyirsə, onu tutub asırlar. Maşının arxasına bağlayıb sürüyürlər. Sənə bir şey deyim, bu iranlı arvadlar sərhədi keçən kimi hicablarını çıxarırlar, başqa yerlərdə min hoqqadan çıxırlar. Heç nə bunlara təsir eləmir. Amma bu əxlaq polisi yaxşı şeydir. Kaş bizdə də belə şey ola, – bayaqdan qaşıqla kəsib hazır saxladığı paxlavasını ağzına apardı. Çaydan bir qurtum içib stula yayxandı. Mən isə bu söhbəti eşidib İrandan qorxdum.
Yeməyimizi yedik. Həkimə getməmişdən əvvəl Şakir əmi ilə bir parça dükanına getdik. Şakir əmi Lerikdəki mağazasında burdan aldığı parçalardan da satırdı. Satıcı Şakir əmi ilə mehriban görüşdü, salamlaşıb bir az söhbət etdilər. Kişinin zəhmli görkəmi, qırmızılaşmış saqqalı vardı, qəribə, xoşagəlməz ləhcəylə bizim dilimizdə danışır, sözləri uzadırdı. Şakir əmiyə “ağa, ağa” deyirdi. Şakir əmi də birdən-birə ləhcəsini dəyişib onun kimi danışmağa başladı. O, mağazada gəzə-gəzə mallara maraqla göz gəzdirdi. Parçaların materialı, qiyməti barədə satıcıdan bir-iki şey soruşdu. Satıcı bizi dükanın arxa tərəfindəki otağında çay içməyə dəvət etsə də, Şakir əmi məni göstərib dedi:
– Uşağı həkimə gətirmişəm.
Qırmızısaqqal kişi mənə baxıb bic-bic gülümsədi. Bu gülümsəmədən qorxdum. Çünki İranda kişilərin oğlan uşaqlarına meyl etmələri barədə çox söhbətlər eşitmişdim. Hətta düşündüm ki, birdən Şakir əmi məni bu kişiyə satar.