THE BAKU REVIEW

Deutsches Requiem

Jorge Luis Borges

02 noyabr 2024
Deutsches Requiem

 

Məni öldürsə də, ona etibar edəcəyəm.

Əyyub 13:15

 

Adım Otto Ditrix sur Lindedir. Əcdadlarımdan biri Kristof sur Linde Sorndorf zəfərinin müqəddəratını həll edən süvari hücumu zamanı öldü. Anamın babası Ulrix Forkel 1870-ci ilin son günlərində Marşenor meşəsində fransız snayperləri tərəfindən vurularaq öldürüldü; atam kapitan Ditrix sur Linde 1914-cü ildə Namur mühasirəsində, iki il sonra da Dunayın keçilməsi zamanı xidmətlərinə görə fərqləndi1. Mənə gəldikdə isə, işgəncəçi və qatil kimi öldürüləcəyəm. Məhkəmə haqlı qərar verdi; lap əvvəlindən təqsirimi boynuma almışdım. Sabah həbsxananın saatı doqquzu vuranda artıq ölüm diyarına qədəm basmış olacağam; madam ki, onların kölgələrinə bu qədər yaxınam, madam ki, hansısa formada mən də artıq onlaram, ata-babalarımı düşünməyim çox təbiidir indi. 

Məhkəmə ərzində (xoşbəxtlikdən, qısa çəkdi) heç danışmadım; özümü haqlı çıxarmağa çalışmağım hökmün verilməsini çətinləşdirəcəkdi və qorxaqlığım kimi qəbul ediləcəkdi. İndi isə vəziyyət dəyişib; edamım ərəfəsində qorxmadan danışa bilərəm. Əfv edilməyi arzulamıram, çünki günahkar deyiləm, amma anlaşılmaq istəyirəm. Məni diqqətlə dinləyənlər Almaniya tarixini və dünyanın gələcək tarixini anlayacaqlar. İndi müstəsna və sarsıdıcı olan mənimki kimi hadisələrin qısa müddətdə adiləşəcəyini bilirəm. Sabah öləcəyəm, fəqət mən gələcək nəsillərin simvoluyam. 

1908-ci ildə Marienburqda anadan olmuşam. İndi az qala unudulmuş iki şeyə – musiqiyə və metafizikaya olan ehtirasım bədbəxt illərə cəsarətlə, hətta sevinclə sinə gərməyimə imkan verdi. Bütün hamilərimi sadalaya bilmərəm, amma üzərindən ötüb keçə bilməyəcəyim iki ad var: Brams və Şopenhauer. Tez-tez poeziyaya da üz tutdum; yuxarıda söylədiyim iki adın sırasına möhtəşəm almanvari bir ad da əlavə etmək istərdim - Uilyam Şekspir. Əvvəllər teologiya marağımı cəlb edirdi, lakin sonradan Şopenhauer öz sərrast arqumentləri, Şekspir və Brams öz dünyalarının intəhasız müxtəliflikləri ilə məni təxəyyül məhsulu olan bu elm sahəsindən (həm də xristianlıqdan) birdəfəlik ayırdılar. Bu mübarək insanların əsərlərinin hər hansı parçası qarşısında pərəstiş və təəccüb hissini duyan, minnət və şövkətlə titrəyərək donub qalan, riqqətə gələn hər kəs bilsin ki, mən də donub qaldım onlar kimi, iyrənc insan olan mən. 

Nitşe və Şpenqler həyatıma 1927-ci ildə daxil oldular. On səkkizinci əsrdə yaşayan bir yazıçı deyir ki, heç kəs öz çağdaşlarına borclu olmaq istəmir. Mən də məni əzən bir yükdən xilas olmaq üçün “Abrechnung mit Spengler” (alm.“Şpenqlerlə hesablaşma” – tərc. qey.) adlı bir məqalə yazdım və bu məqalədə yazarın Faustvari dediyi xarakterik xüsusiyyətlərə qoyulan ən bənzərsiz abidənin Götenin qarmaqarışıq dramı deyil2, iki əsr öncə qələmə alınmış “De rerum natura” adlı şeir olduğu fikrini irəli sürdüm. Yenə də bu tarix filosofunun səmimiyyətini, onun kəskin alman (kerndeutsch) və hərbpərəst ruhunu layiqincə qiymətləndirdim. 1929-cu ildə partiyaya qoşuldum. 

Şagirdlik illərim haqqında az danışacağam. Mənim üçün digərlərinə baxanda daha ağır keçdi o illər, çünki cəsarətsiz olmasam da, zorakılığa meylim heç yoxdu. Lakin, şübhəsiz, yeni dövrün astanasında olduğumuzu, bu yeni dövrünsə islamın və xristianlığın ilk illərində olduğu kimi yeni insan tələb etdiyini anlayırdım. Fərd olaraq mübarizə yoldaşlarım mənə iyrənc gəlirdilər; bizi bir yerə yığan ali məqsəd üçün fərdiyyətimizi basdırmalı olduğumuza özümü inandırmağa çalışdım əbəs yerə.

İlahiyyatçılar Tanrının diqqətinin indi yazmaqda olan sağ əlimdən bir anlıq çəkildiyi təqdirdə həmin əlin sanki şöləsiz alova tutuşmuş kimi, heçliyə qərq olacağını iddia edirlər. Məncə, hərəkətinə bəraət olmadan kimsə nə mövcud ola, nə bir stəkan su qurtumlaya, nə də bir parça çörək qopara bilər. Bu bəraət hər kəs üçün fərqlidir; mən inancımızı haqlı çıxaracaq qəddar müharibəni gözləməkdə idim. Bu müharibənin döyüşlərində adi əsgər olduğumu bilmək mənimçün kifayətdi. Bəzən İngiltərənin və Rusiyanın qorxaqlığının bizi məyus edəcəyindən qorxurdum. Amma təsadüf və ya tale gələcəyimə fərqli istiqamət verdi - 1 mart 1939-cu ildə, gecə düşməkdə ikən Tilzitdə qəzetlərin xəbər vermədiyi hadisələr baş verdi; sinaqoqun arxasındakı küçədə ayağıma iki güllə saplandı və ayağım kəsilmək məcburiyyətində qaldı3. Bir neçə gün sonra qoşunlarımız Bohemiyaya daxil oldu; sirenalar bu xəbəri elan edəndə mən sakit bir xəstəxanada yataraq özümü Şopenhauerin kitablarında itirməyə, özümü unutmağa çalışırdım. Pəncərənin altında iri, kök bir pişik – hədər taleyimin simvolu uzanmışdı. 

“Parerga və Paralipomena”nın birinci cildində insanların başına gələn hər şeyin doğum anından ölümünə qədər özü tərəfindən təyin edildiyini bir daha oxudum. Bu minvalla, hər ehtiyatsızlıq qəsdən edilən hərəkət, hər təsadüfi qarşılaşma öncədən təyin edilmiş görüş, hər rəzillik bir tövbə, hər uğursuzluq əsrarəngiz bir qələbə, hər ölüm bir intihardır. Öz uğursuzluqlarımızın özümüz tərəfindən seçilməsi fikri hiyləgərcəsinə təsəllidir; bu fərdi teleologiya gizli nizamı aşkara çıxarır və bizi heyrətamiz şəkildə ilahiliklə yükləyir. Hansı bilinməz məqsəd (deyə baş sındırırdım) məni həmin axşam o güllələri, o şikəstliyi axtarıb-tapmağa məcbur etdi? Müharibə qorxusu deyildi, bunu bilirdim; daha dərin bir şeydi. Nəhayət, anladığıma inandım. Bir din uğrunda ölmək bu dini bütünlüklə yaşamaqdan daha asandır; Efesdə vəhşi heyvanlarla boğuşmaq o qədər də çətin deyil (adı-sanı olmayan minlərlə din şəhidi bunu bacarmışdı), İsa Məsihin xidmətçisi Pavel olmaq bundan daha çətindir; bir hərəkət bir insan həyatından daha qısadır. Müharibə və zəfər bir imtiyazdır; Raskolnikovun girişdiyi iş Napoleonunkundan daha çətindir. 7 fevral 1941-ci ildə Tarnovits toplama düşərgəsinə müdir müavini təyin edildim. 

Bu vəzifənin tələb etdiklərini yerinə yetirmək mənə xoş deyildi, amma heç vaxt işimi axsatmadım. Qorxaq özünü qılınclar arasında təsdiq edər; mərhəmətli, ürəyiyumşaq insan özünü həbslərdə və başqalarının çəkdiyi iztirablarda imtahana çəkər. Nasizm əsas etibarı ilə əxlaqi hərəkatdır, yaralarını yenidən sarımaq üçün insanlığın çürümüş hissələrini kəsib atmaqdır. Döyüşdə, komandirlərin bağırışmaları və çığırtıları arasında bu cür mutasiya təbiidir; xain mərhəmətin bizi ürəyiyumşaqlığın qədim üsulları ilə yoldan çıxarmağa çalışdığı mənfur zindan hücrəsində isə belə deyil. Bu sözləri təsadüfən yazmıram: mərhəmət Zərdüşt üstinsanı üçün günahların ən böyüyüdür. Məşhur şair David Yerusəlim Breslaudan bizə göndəriləndə az qala bu günahı törədəcəkdim (etiraf edirəm).

Yerusəlim əlli yaşlarında bir adamdı; dünya nemətlərindən yoxsul, təqib olunmuş, rədd edilmiş, həqarətə uğramış biri idi, dühasını xoşbəxtliyin tərənnümünə həsr etmişdi. Albert Zörgelin “Dichtung der Zeit” (Albert Zörgelin “Çağdaş poeziya və şairlər: Alman ədəbiyyatı son onilliklərdə” əsəri nəzərdə tutulur – tərc. qey.) adlı əsərində onu Uitmenlə (Amerikan şairi Walt Whitman – tərc.qey.) müqayisə etdiyini xatırlayıram. Müqayisə elə də uğurlu deyildi: Uitmen kainatı hər şeyi qabaqlayan, mücərrəd və demək olar, etinasız forma kimi mədh edir; Yerusəlim isə hər xırda şeydən sevinər, zərgər ehtirası ilə sevər onları. Heç vaxt sadalamaq, kataloqlaşdırmaq səviyyəsinə tənəzzül etməz. Hələ də yaddaşımda o möhtəşəm “Pələnglər Rəssamı Tse Yang” adlı şeirindən altılıq misralar var - sanki pələnglərlə zolaqlanmış, şeiri köndələn keçən səssiz pələnglərlə ağzına kimi dolu, pələnglərə bürünmüş o müdhiş şeirdən. “Rozenkrantz mələklə söhbət edir” adlı monoloqunu heç zaman unutmayacağam; bu monoloqda on altıncı əsrdə Londonda yaşayan bir sələmçi ölüm ayağında günahlarını yumaq üçün özünü əbəs yerə haqlı çıxarmağa çalışır, amma bilmir ki, həyatının gizli bəraəti onun müştərilərindən birini (bircə dəfə gördüyü və heç xatırlamadığı) Şeylok obrazını yaratmaq üçün ilhamlandırmasıdır. Unudulmaz gözləri, saralmış bənizi və qara saqqalı ilə David Yerusəlim səfarad yəhudisinin prototipi idi, halbuki yolunu azmış və nifrət edilən aşkenazilərdəndi. Onunla çox sərt davrandım; nə mərhəmətimin, nə də onun şöhrətinin məni yumşaltmağına icazə verdim. David Yerusəlimlə görüşməmişdən illər əvvəl anlamışdım ki, yer üzündə hər şey mümkün cəhənnəmin toxumu ola bilər; bir üz, bir söz, bir kompas, bir siqaret reklamı – hər hansı bir şey onu yaddaşından çıxara bilməyən insanı dəli edə bilər. Gecə-gündüz Macarıstanın xəritəsini ağlından çıxara bilməyən insan dəli olmazmı? Bu prinsipi düşərgəmizin intizam rejiminə tətbiq etmək qərarına gəldim və ....41942-ci ilin sonunda Yerusəlim artıq ağlını itirmişdi; nəhayət, 1 mart 1943-cü ildə özünü öldürməyi bacardı5.

Yerusəlim onu öz mərhəmətimi məhv etmək üçün məhv etdiyimi anladımı, yoxsa yox, bilmirəm. Mənim gözümdə o, bir insan deyildi, hətta yəhudi də deyildi; o, ruhumun nifrət ediləsi bölgəsinə çevrilmişdi. Mən onunla birlikdə əzab çəkdim, onunla öldüm və hansısa formada onunla bərabər məhv oldum; buna görə də qəddarlığımın həddi yox idi. 

Bu arada, uğurlu müharibənin möhtəşəm günlərini və gecələrini qeyd etməkdə idik. Nəfəs aldığımız havada sevgini andıran duyğu vardı. Qəlblərimiz həyəcan və coşqu ilə döyünürdü, sanki okean düz yanımızda idi. O illərdə hər şey fərqli idi, hətta yuxularımızın dadı belə (Mən, bəlkə də, heç vaxt xoşbəxt olmadım, amma, məlum olduğu kimi, bədbəxtlik itirilmiş cənnətlər tələb edir). Elə insan yoxdur ki, həyatın tamlığını – insanın bacara bildiyi həyat təcrübələrinin tamamını yaşamaq arzusunda olmasın, elə insan yoxdur ki, bu sonsuz mirasın bir hissəsinin aldadılaraq əlindən alınacağından qorxmasın. Lakin mənim mənsub olduğum nəsil hamısını yaşadı, çünki əvvəl zəfərin dadını duydu, sonra da məğlubiyyətin. 

1942-ci ilin oktyabr, ya da noyabr ayında qardaşım Fridrix İkinci Əl Alameyn döyüşündə, Misir qumları üzərində həlak oldu. Aylar sonra hava bombardmanı doğulduğumuz evi yerlə-yeksan etdi; 1943-cü ilin sonlarında başqa bir hava hücumu isə laboratoriyamı dağıtdı. Nəhəng qitələr tərəfindən sıxışdırılan Üçüncü Reyx ölmək üzrə idi; o hər kəsə qarşı, hər kəs də ona qarşı idi. Birdən qəribə hadisə baş verdi; həmin hadisənin mahiyyətini indi anladığımı düşünürəm. Qəzəb badəsini qurtumlayıb sonuna qədər içdiyimi zənn edirdim, amma dibindəki xıltına çatanda gözlənilməz dadla qarşılaşınca dayandım – xoşbəxtliyin sirli və demək olar, dəhşətli dadı ilə. Müxtəlif izahlar gətirməyə çalışdım, amma heç biri kifayət etmədi. Məğlubiyyətdən məmnunam, deyə fikirləşdim, çünki gizlidən-gizliyə günahkar olduğumu bilirəm, yalnız cəza məni xilas edə bilər. Sonra, məğlubiyyətdən məmnunam, deyə düşündüm, çünki sadəcə son artıq gəlib çatıb və mən çox yorğunam, çünki bu, olan, olmuş və olacaq bütün hadisələrlə mütləq formada bağlıdır, çünki tək bir faktı bəyənməyib yox saymaq və ya onu lənətləmək kainatın əleyhinə küfr etməkdir. Dediyim kimi, doğru izahı tapana qədər bu arqumentləri götür-qoy etdim.

Hər insanın aristotelçi, ya da platonçu doğulduğunu deyirlər. Bu, hər mücərrəd müzakirənin Aristotelin, ya da Platonun polemikalarında bir qarşılığı olduğunu söyləməkdir. Əsrlər və coğrafi enliklər boyunca adlar, surətlər və ləhcələr dəyişir, lakin əbədi antaqonistlər dəyişməz. Xalqların tarixi də gizli ardıcıllıq qeydə alır. Armini bataqlıqda Varın legionunu qırarkən, onların xirtdəklərini üzərkən Alman imperiyasının müjdəçisi olduğunu bilmirdi; Bibliyanın tərcüməçisi Lüter öz qismətinin Bibliyanı əbədi yox edəcək bir xalqı formalaşdırmaq olacağını ehtimal etmirdi; 1758-ci ildə rus gülləsi ilə ölən Kristof sur Linde, hansısa mənada, 1914-cü ilin zəfərlərini hazırlayırdı; Hitler bir millət uğrunda savaşdığını düşünürdü, əslində isə bütün millətlər üçün savaşırdı, hətta nifrət və hücum etdikləri uğrunda belə. Öz eqosunun bundan xəbərsiz olması əhəmiyyətli deyil; onun qanı, onun iradəsi bundan xəbərdar idi. Dünya yəhudilikdən və yəhudiliyin bir xəstəliyi olan İsa inancından ölməkdə idi; biz ona zorakılığı və qılınca etiqadı öyrətdik. O qılınc bizi qətlə yetirdi və biz özünə labirint düzəldib ömrünün son günlərinə qədər həmin labirintdə gəzib-dolaşmağa vadar olan cadugər kimiyik; ya da Davud kimi, naməlum bir adamı mühakimə edərək ölümə məhkum etmiş və sonra da belə bir vəhy eşitmişdi: O adam sənsən. Yeni Nizam yaratmaq üçün çox şey məhv edilmək məcburiyyətində idi; indi artıq bilirik ki, Almaniya da bunlardan biri imiş. Biz həyatımızdan artığını verdik, əziz ölkəmizin taleyini fəda etdik. Qoy, başqaları qarğış etsin, başqaları göz yaşı töksün; mən töhfəmizin öz dövrəsini tamamladığına və mükəmməlliyinə görə sevinirəm.

İndi dünya üzərində amansız bir dövr başlamaqdadır. Bu dövrün qurbanı olan bizlər onun qurucularıyıq. İngiltərənin çəkic, bizimsə zindan olmağımızın nə əhəmiyyəti var? Vacib olan, köləcəsinə xristian qorxaqlığının yerinə indi zorakılığın hakim olmasıdır. Qələbə, ədalətsizlik və xoşbəxtlik Almaniyaya qismət deyilsə, qoy onlar başqa xalqların olsun. Yetər ki, cənnət var olsun, bizim məkanımız cəhənnəmdə olsa da. 

Kim olduğumu bilmək üçün güzgüdə öz surətimə baxıram, bir neçə saatdan sonra öz sonumla üz-üzə gələndə necə davranacağımı bilmək istəyirəm. Cismim qorxa bilər, özümsə yox.    

 

1 Sur Lindenin babalarından ən məşhuru olan, tarixçi və yəhudi dini tədqiqatçısı İohan Forkeldən (1799-1846) bəhs etməməsi diqqətəlayiqdir. Forkel Hegel dialektikasını xristian teologiyasına uyğunlaşdırmış, xeyli Apokrifal kitablardan etdiyi hərfi tərcümələr Henqstenberqin tənqidini, Tilo və Gezeniusun isə tərifini qazanmışdı – red.

2 Digər xalqlar sadəlövhlüklə, öz içlərində və özləri üçün yaşayırlar, minerallar və göy cisimləri kimi; Almaniya isə hər şeyi əks etdirən güzgü kimidir – dünyanın şüurudur (das Weltbewusstsein). Göte bu ümumdünyəvi fikrin prototipidir. Mən onu tənqid etmirəm, amma onda Şpenqlerin tezisindəki Faustvari insanı da görə bilmirəm.

3 Bu yaranın çox ciddi fəsadlara səbəb olduğu haqqında söz-söhbət yayılmışdı – red.

4 Burada bir neçə cümlə çıxarılmalı olmuşdur – red.

5 Yerusəlim adına heç bir yerdə, hətta Zörgelin əsərində belə rast gəlmədim. Alman ədəbiyyatı tarixində də belə bir ad yoxdur. Bununla belə, onun uydurma olmadığına inanıram. Tarnovits düşərgəsində Otto Ditrix sur Lindenin əmri ilə çoxlu yəhudi intellektualı işgəncə görmüşdür, bunların arasında pianoçu Emma Rozensvayq da var. “David Yerusəlim”, bəlkə də, bir neçə insanın birgə obrazıdır. 1 mart 1943-cü ildə öldüyü söylənilir; təhkiyəçinin Tilzitdə yaralandığı tarix də 1 mart 1939-cü ildir  – red.

 

İspan dilindən tərcümə: Rəşad Səfər